Məhkəmə qərarları › İş №2(012)-2588/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2588/2021

14.06.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2588/2021 14.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı cərimənin silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X1rşı cərimənin silinməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Azəriqaz İB-nin əməkdaşları tərəfindən qanunsuz və əsassız olaraq hesablanmış 486 manat cərimə pulunun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia ərizəsinə dəqiqləşmə barədə ərizə təqdim edərək Azəriqaz İB-nin əməkdaşları tərəfindən 29.11.2019-cu il tarixli ******* saylı akta əsasən qanunsuz və əsassız olaraq hesablanmış 486 manat cərimə pulunun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, ünvan 1ində yerləşən evdə o, ailəsi ilə birlikdə yaşayır. Həmin evdə olan sayğac 01 noyabr 2019-cu ilin aprel ayında dəyişdirilmiş, sayğac dəyişdirilən zaman ona 486 manat məbləğində cərimə borcu yazılmışdır, onun isə bu hadisədən uzun müddət xəbəri olmamışdır. Daha sonra o, sayğaca pul yükləyən zaman ödənilən puldan tutulmalar olduğunu görmüş, ona görə də qaz idarəsinə yaxınlaşmışdır. Ona məlum olmuşdur ki, 29 noyabr 2019-cu il tarixdə sayğacın plombu zədələndiyinə görə ona akt tərtib edilmiş və 486 manat məbləğində cərimə borcu hesablanmışdır. Azəriqaz İB əməkdaşları tərəfindən 29.11.2019-cu il tarixli ******* saylı akta əsasən yazılmış 486 manat cərimə borcu qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən nümayəndəsinin iştirakını təmin etməmişdir. Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh nümayəndəsi X4 məhkəməyə ünvanladığı etiraz ərizəsində iddia tələbini qəbul etməyərək göstərmişdir ki, İddiaçı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək akt əsasında hesablanmış 486 manat dəymiş ziyan məbləğinin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Aşağıda göstərilən dəlillərdən irəli gələrək hesab edir ki, iddiaçının məhkəmə qarşısında qaldırdığı iddiası tam əsassızdır və bu səbəbdən də, təmin edilməməlidir. Belə ki, İddiaçı uzun müddət təbii qazdan sayğaca müdaxilə edərək istifadə etməklə Cavabdeh İsatehsalat Birliyinə ziyan vurmuşdur. Bununla əlaqədar Azəriqaz İB-nin əməkdaşları tərəfindən qanuna müvafiq qaydada akt tərtib edilmiş, dəymiş ziyan hesabatı hazırlanmışdır, həmçinin müdaxilə faktını təsdiq edən sayğaca müdaxilə edilməsi haqqında rəy verilmişdir. İddiaçı təbii qazdan sayğaca müdaxilə edərək istifadə etdiyinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3 bəndinə uyğun olaraq bağlanılmış qazın alqı-satqısı barədə müqavilənin 2.2.6-cı bəndinin (İstehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini İstehlakçıdan tələb etmək) tələblərinə əsasən itirilmiş qazın dəyəri müəyyən edilərək ümumilikdə 486 manat məbləğində dəymiş ziyan hesablanmış və iddiaçının **********00530 saylı kod hesabına qeyd edilmişdir. Faktla bağlı əməkdaşlar tərəfindən “qazdan istifadə qaydalarının pozulması haqqında” 29.11.2019-cu il tarixli ******* saylı akt, akt əsasında 29.11.2019-cu il tarixli dəymiş ziyan hesabatı tərtib edilmiş, həmçinin sayğac dövlət yoxlamasına göndərildikdən sonra MSK-29/1710-03295 saylı akt əsasında sayğacın qoruyucu örtüyünün üzərinə vurulan metrologiya plombunun rəngi fərqlidir rəyi verilmişdir. Dəymiş ziyan hesabatına görə istehlakçının qaz işlədiçilərindən PQ-4 (dörd gözlü qaz plitəsi)-ün maksimal saatlıq sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün, Kombinin maksimal saatlıq qaz sərfi 2.8 m3/saat orta günlük iş rejimi 18 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır: 1.2x6x90=648 m3, 2.6x18x90=4212 m3, 648 m3 + 4212 m3 = 4860 m3 4860 m3 x 0.10 manat = 486 manat. X2 əməkdaşları tərəfindən sayğaca baxış keçirilən zaman qaz sayğacının metrologiya plombunun rənginin dəyişildiyi müəyyən edilmişdir. Bununla da sayğaca müdaxilə faktı öz təsdiqini tapmışdır. Yuxarıda sadalanan və əldə olan əsaslı sənədlər İddiaçı təbii qazdan qeyri-qanuni olaraq sayğaca müdaxilə edərək təbii qazı taladığını təsdiq edir. Bununla bağlı dəymiş ziyan hesablanaraq ümumilikdə 486 manat həcmində qazın talandığı müəyyən edilmişdir. Bazar iqtisadiyyatı şəraitində göstərilən xidmətlərdən qeyri-qanuni istifadə nəticəsində dəymiş ziyanın ödənilməsi üzrə müvafiq qərarın qəbul edilməsi üçün müəyyənedici meyar - faydalanan və zərərçəkən tərəflərin olmasıdır ki, bu da aşkar surətdə bəllidir. Təsadüfi deyil ki, “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair X5”nin Tədbirlər Planının 4.1.4.-cü bəndində “Yığım səviyyəsinin maksimuma çatdırılması və təbii qazdan qanunsuz istifadəyə qarşı cərimələrin tətbiqinin nəzərdən keçirilməsi” təsbit olunmuşdur. Bu tədbirlər enerji resurslarından səmərəli istifadənin təmin edilməsinə və itkilərin qarşısının alınmasına, azaldılmasına yönəlmişdir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitutsiyasının 60-cı maddəsinin İ bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. AR Konstitutsiyasının 60-cı maddəsinin İİ. bəndinə əsasən hər kəs dövlət orqanlarının, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 4.1.maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Eyni zamanda MPM-nin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş; -Azəriqaz İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş 29.11.2019-cu il tarixli ******* saylı aktın surətindən görünür ki, MSK-nın 29/1710-03295 saylı rəyə əsasən 1102AQ**********8 nömrəli sayğacın qoruyucu örtüyünün üzərinə vurulan metrologiya plombunun rəngi fərqli olduğundan dəymiş ziyanın hesablanması qərara alınmış, akt istehlakçı tərəfindən imza edilməkdən imtina edilmişdir. -Azəriqaz İB-nin 28.11.2019-cu il tarixli MSK-29/1710-03295 saylı aktdan görünür ki, 1102AQ**********8 nömrəli sayğac dövlət yoxlamasına aparılmış, sayğaca ümumi baxış keçirilmiş, deformasiya nəticəsində çıxış yivli birləşmə gövdədən aralanmış, sayğacın çıxış plastmas borusu deşilmiş, qayka plombu üçün nəzərdə tutulmuş qulaqcıq qırıqdır, sayğacın qoruyucu örtüyünün üzərinə vurulan metrologiya plombunun rəngi fərqlidir, sayğacın yaddaş arxivi oxunmuş, sayğacda istismar müddətində Alarm1 rejimi aşkar olunmamış, xətalar təyin edilə bilməmiş, deformasiya nəticəsində çıxış yivli birləşmə gövdədən aralanmış və sayğacın çıxış plastmas borusu deşilmişdir. -29.11.2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz işlədicilərindən PQ4-ün maksimal qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün, Kombinin maksimal qaz sərfi 2.6 m3/saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabatın aparılması və hesablanmış məbləğin cəmi 4860 m3 ödənilməsi qərara alınmışdır. - Abonent saldosundan görünür ki, abonent kodu **********00530 olan, ailə tərkibi 5 nəfər olan İddiaçı - ünvan 1i ünvanında 01.11.2019-cu il tarixdə Smart G-4 İtron Gallus pay tipli, **********4 nömrəli sayğac quraşdırılmışdır. Cihazlar: 4 gözlü qaz plitələri (PQ- 4)(0/1), Samovar (0/1), Qızdırıcı raditor peçi (0/1), dəmir peçi (0/1), abonentin borcu isə 486 manat hesablanmışdır. - Azəriqaz İB-nin İddiaçı ünvanladığı 21.12.2020-ci il tarixli müraciətə baxılması haqqında məktubdan görünür ki, Bakı Regional Qazın Satışı Departamentinə ünvanlanmış istehlakçı hesabında (**********00530) yaranmış borcun araşdırılması barədə 10.12.2020ci il tarixli müraciətə baxılmışdır. Müraciət əsasında aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, abonentə məxsus mənzilin qaz xəttinin üzərində quraşdırılmış G-4 markalı, smart itron tipli 1102AQ**********8 zavod nömrəli qaz sayğacı 01.11.2019-cu il tarixli Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* saylı akt əsasında dəyişdirilərək yeni G-4 markalı, smart itron tipli **********4 saylı qaz sayğacı ilə əvəzlənmiş və yoxlamaya göndərilmişdir. Metrologiya Departamentinin 28.11.2019-cu il tarixli MSK 29/1710-03295 saylı aktında “sayğaca baxış keçirildi, deformasiya nəticəsində çıxış yivli birləşmə gövdədən aralanıb, sayğacın çıxış plastmas borusu deşilib, qayka plombu üçün nəzərdə tutulmuş qulaqcıq qırıqdır” qeyd olunmuşdur. Laboratoriyanın rəyinə əsasən 29.11.2019-cu il tarixli ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib olunaraq 486 manat məbləğində dəymiş ziyan hesablanmışdır. - 10.11.2011-ci il tarixli AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Bakı şəhəri Nizami rayonu A.Manafov küçəsi 16 saylı evin 45 saylı mənzilində qeydiyyatdadır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6cı bəndinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş Qazdan istifadə Qaydalarına (bundan sonra – Qaydalar) müvafiq olaraq qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir (4.2). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). Zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir (4.9). Sayğacın smart tipli olduğunu, onun mərkəzdən idarə olunduğunu, ona nəzarət edilməli olduğunu, borc yarandıqda kartı bloklamak mümkün olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, vəziyyətin bu hala gəlib çıxmasına səbəb birbaşa qaz idarəsidir və qaza, həmçinin qaz qurğularına nəzarət edən işçilərdir. Belə ki, qaz paylayıcı şəbəkə öz vəzifə borclarını dürüst yerinə yetirməyərək Azərbaycan Respublikasının Nazirlər Kabineti Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında 12 may 2011-ci il 80 saylı Qərarının aşağıdakı bəndlərini kobud şəkildə pozmuşdur:- 2.1.3. İstehlakçının istismarda olan qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq, texniki baxış keçirilməsini təmin etmək və nəticələrini 2 (iki) nüsxədən ibarət aktla rəsmiləşdirmək və aktın bir nüsxəsini mütləq İstehlakçıya təqdim etmək; 2.1.5. İstehlakçıya verilən qazın həcminin və dəyərinin, həmçinin istismarda olan qaz qurğıılarınm tam və dəqiq uçotunu aparmaq; 2.1.10. İstehlakçının qaz sayğacını, onun texniki pasportunda göstərilmiş müddətdə ödənişsiz qaydada növbəti dövlət yoxlanılmasından keçirmək; 2.1.12. İstehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, Paylayıcının İstehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı İstehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və Paylayıcı ilə müvafiq müqavilə bağlanmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə İstehlakçıya yazılı bildiriş göndərmək; Məhkəmə belə qənaətə gəlir ki, qaz paylayıcı şəbəkə istismarda olan qaz sayğacını qanunun tələb etdiyi müddətdə yoxlasaydı bu hal ortaya çıxmazdı. Yoxlanmadığı və vəzifə səlahiyyətlərinə soyuq yanaşıldığı üçün sayğacda yaranan nasazlıq vaxtında aşkar edilməmişdir. İş materiallarından və tərəflərin izahatından müəyyən edilir ki, iddiaçının mənzilində quraşdırılmış sayğac onun mənzilindən kənarda quraşdırılmışdır. Göründüyü kimi, sayğacın abonentə aid mənzilin bayır hissəsində quraşdırılması həmin sayğacın abonent tərəfindən mühafizə edilərək qorunmasını qeyri-mümkün edir. Bundan əlavə Azəriqaz İB ilə abonent arasında bağlanmış müqavilədə abonentin həmin qaz sayğacına edilmiş müdaxiləyə görə məsuliyyəti barədə heç bir müddəa nəzərdə tutulmamış onun üzərinə öhdəlik qoyulmamışdır. Məhkəmə iclasında akt tədqiq edilərkən aktın iki nəfər Azəriqaz əməkdaşları tərəfindən tərtib edildiyi və aktda hal şahidlərinin iştirakının təmin olunmadığı müəyyən olundu ki, bu isə aktın qüsurlu tərtib edilməsinin göstəricisidir. Göründüyü kimi iddiaçının sübut kimi göstərdiyi akt qüsurlu olduğundan sübut kimi qəbul edilməməlidir. Bundan başqa həmin aktla qeydiyyatsız təbii qazdan istifadə edildiyi müəyyən edilsə belə, bunun iddiaçının qəsdən törətdiyi qanunsuz hərəkətləri nəticəsində səbəb olduğu sübut edilməmişdir. Belə ki, sayğacın iddiaçının mənzilindən kənarda quraşdırılması həmin sayğacın onun tərəfindən mühafizə olunmasını, yaxud qeyri-qanuni istifadə etməsini istisna edir. Göründüyü kimi, bütün bunlar iddiaçının sayğacdan qeyri-qanuni təbii qazdan istifadə olunmasını tamamilə inkar edir. Yaranmış vəziyyətdə fiziki şəxs olan iddiaçının yaşadığı ünvanda quraşdırılmış qaz sayğacına iddiaçı tərəfindən sayğacdan qeyri-qanuni istifadə edildiyini sübut etmək vəzifəsi cavabdehin üzərinə düşmüş, lakin cavabdeh bununla bağlı mötəbər sübutlar təqdim edə bilməmişdir. Halbuki MPM-in 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. MPM-in 77-ci maddəsinin tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikasının MPM-in 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, iddia ərizəsi əsaslı olduğundan təmin edilməli, cavabdeh tərəfindən iddiaçıya hesablanmış 486 manat borc silinməlidir. Аzərbаycаn Rеspublikаsının Mülki Prоsеssuаl Məcəlləsinin; 217.4. mаddəsinə əsаsən məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. 218.3. mаddəsinə əsаsən hаkim işdə iştirаk еdən şəхslərin vеrdiyi tələblər üzrə qətnаmə çıхаrır. Lаkin hаkim qаnundа göstərilən müstəsnа hаllаrdа iddiа tələblərindən kənаrа çıха bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı yaşadığı ünvan 1ində yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********00530) 29.11.2019-cu il tarixli ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən hesablanmış 486 (dörd yüz səksən altı) manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar