Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2598/2021 07.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Abaszadə Sevda Nizami qızının katibliyi, İddiaçılar İddiaçı3, İddiaçı1, İddiaçı2, Cavabdeh X3 iştirakı ilə, İddiaçılar İddiaçı3, İddiaçı1, İddiaçı2 cavabdeh X5 qarşı «heyvandarlıq fermasının sökülməsi tələbinə» dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı3, İddiaçı1, İddiaçı2 cavabdeh X5 qarşı «heyvandarlıq fermasının sökülməsi tələbinə» dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, mülkiyyət hüququ ilə ona məxsus olan Abşeron rayonu Məhəmmədli kəndində yaşayış sahəsində qeyri-qanuni tikilmiş fermanın antisanitar vəziyyətə görə sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı3 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, digər iddiaçılar İddiaçı1, İddiaçı2 və cavabdeh qonşu kimi uzun illərdir ki, Abşeron rayonu Məhəmmədli kəndində yaşayırlar. 2012-ci ildə onların qonşuluğunda fərdi sahibkar X7 tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq yaşayış sahəsində ferma tikilmişdir. Həmin zamandan iddiaçılar nə qədər şikayət etsələr də kimsə onların şikayətlərinə baxmamışdır. Fermanı da sırf yaşayış sahəsində, fərdi həyət evlərinə bitişik tikərək sakinlərin hüquqlarını kobud şəkildə pozmuşdur. Ferma yaşayış sahəsində tikildiyi üçün orada saxlanılan heyvanların iyləri ətraf evlərə çox pis təsir edir. Ətrafda da antisanitar vəziyyət yaranmışdır. Uşaqlar iydən və antisanitar vəziyyətdən həyətə düşə bilmirlər. Pis qoxu birbaşa evin içinə vurur. Buna görə də sakinlərin, xüsusilə körpə uşaqların səhhətinə kifayət qədər zərər dəyir. Qeyd olunan çətinliklə bağlı dəfələrlə həm qonşu kimi həm də bir insan kimi X5 fermanın yaşayış sahəsində tikilməsinin qanunvericiliyin tələblərinə zidd olduğunu, dözülməz antisanitar vəziyyətə görə bu ərazidə yaşayan xeyli sayda sakinlərin sağlamlığına ciddi ziyan vurduğunu və bu səbəbdən fermanın fəaliyətinin təcili dayandırılması üçün haqlı iradlarını və xahişlərini bildirməklərinə baxmayaraq bugünədək fermanın fəaliyyətini dayandırmamışdır. Dəfələrlə də bununla bağlı dövlət orqanlarına da şikayət etmişlər. Həm insanlığa görə, həm də Azərbaycan Respublikasının qanunvericiliyinə görə fermanın yaşayış sahəsində tikilməsi qanunsuzdur. Həmin ərazidə ya onlara, ya da fermer olan Güləhməd Məmmədova ev tikməyə icazə verilməməli idi. Belə ki, həm onlara, həm də illər sonra bir fermerə icazə verilmişdir. Fərdi sahibkarın yaşayış sahəsində fermanı necə tikməsi isə məlum deyildir. Dəfələrlə fermer Güləhməd Məmmədovla görüşüb bu haqda danışmışlar. Amma cavabdeh yenə də qonşuluqdan fermasını söküb digər yerə aparmaq haqqında belə düşünməmişdir, aralarında fiziki olaraq əziyyət çəkməsi onları bir valideyn olaraq mənəvi sıxmışdır. Odur ki, qeyd olunanlara əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iddiaçılar İddiaçı1, İddiaçı2 İddiaçı3 izahatı ilə eyni məzmunlu izahat verərək iddia ərizəsini müdafiə etmiş və təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X7 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 13.08.2012-ci il tarixli 1318 saylı sərəncamına əsasən ona Abşeron rayon Məmmədli kəndi ərazisində mülkiyyətində olan 0.10 ha torpaq sahəsində razılaşdırılmış eskiz əsasında iki mərtəbəli fərdi yaşayış evinin və təsərrüfat damının tikintisinə icazə verilmiş və sərəncam əsasında da Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 15.08.2012-ci il tarixli RX seriyalı ******* saylı çıxarış verilmişdir. Qeyd olunan torpaq sahəsini, eyni zamanda 05.06.2013-cü il tarixli RX seriyalı ******* saylı çıxarışa əsasən mülkiyyətində olan 0.12 ha torpaq sahəsini o, 13.05.2020-ci il tarixdə icarəçi X2 icarəyə vermişdir. İcarə haqqı isə 400 manat təşkil edir. Həmin torpaq sahəsində o, ferma tikdirmiş və qeyd olunan fermada 20 baş mal-qara saxlanılır. Hər ay ferma dezinfeksiya olunur və mal-qaranın peyinləri kamaz tərəfindən yığılaraq ferma təmizlənir. Belə ki, bir maşın malqara peyini yığılan kimi kamaz maşınları həmin peyinləri yığılır, beləliklə də fermanın təmizliyinə də ciddi riayət olunmuş olur. Onun torpaq sahəsi iddiaçıların torpaq sahəsindən yuxarıda, baş hissədə yerləşir və iddiaçılarla uzun illər qonşudur. Ola bilsin ki, fermada saxlanılan mal-qaranın qoxusu iddiaçıların evinə yayılmış olur ki, məhz bu da iddiaçıların narazılığına səbəb olur. O, iddiaçılarla narazılığın aradan qaldırılması üçün razılığa gələrək qeyri-yaşayış obyektinin təyinatının dəyişdirilməsi ilə bağlı yardım edilməsini xahiş etsə də iddiaçılar razılığa gəlməmişdir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia ərizəsinin dəlillərini nəzərə alaraq hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən rədd olunmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Abşeron rayon İcra Hakimiyyəti Başçısının 13.08.2012-ci il tarixli 1318 nömrəli Sərəncamımım surətindən görünür ki, X5 Daşınmaz Əmlakın 24 iyul 2012-ci il tarixli 4Ə/1818 reyestr nömrəli Alqı-Satqı müqaviləsi ilə Məmmədli kəndi ərazisində mülkiyyətində olan 0,10 ha torpaq sahəsində razılaşdırılmış eskiz əsasında iki mərtəbəli fərdi yaşayış evinin və təsərrüfat damının tikintisinə icazə verilmişdir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 0.12 ha torpaq sahəsi və üzərində olan 234.7 kv.m olan daşınmaz əmlak X11 adına ********** qeydiyyat nömrəsi ilə 15.05.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 207 nömrəli reyestr kitabının 57 nömrəli vərəqində qeydiyyata alınmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş MA seriyalı ******* nömrəli Çıxarışa əsasən Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.0298 ha torpaq sahəsi İddiaçı1 oğlunun adına ********** qeydiyyat nömrəsi ilə 19.06.2010-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 133 nömrəli reyestr kitabının 80 nömrəli vərəqində qeydiyyata alınmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş MA seriyalı ******* nömrəli Çıxarışa əsasən Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.04 ha torpaq sahəsi İddiaçı3 adına ********** qeydiyyat nömrəsi ilə 03.06.2010-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 133 nömrəli reyestr kitabının 79 nömrəli vərəqində qeydiyyata alınmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş RX seriyalı ******* nömrəli Çıxarışa əsasən Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.10 ha torpaq sahəsi X3 adına ********** qeydiyyat nömrəsi ilə 15.08.2012-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 33 nömrəli reyestr kitabının 172 nömrəli vərəqində qeydiyyata alınmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş RX seriyalı ******* nömrəli Çıxarışa əsasən Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.12 ha torpaq sahəsi X3 adına ********** qeydiyyat nömrəsi ilə 05.06.2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 89 nömrəli reyestr kitabının 189 nömrəli vərəqində qeydiyyata alınmışdır. -X7 ilə X6 arasında bağlanmış 13.05.2020-ci il tarixli İcarə Müqaviləsindən görünür ki, X1 rayonu, Məmmədli kəndi ünvanında yerləşən ümumi sahəsi 0.22 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsindən X4 13.05.2023-cü il tarixədək 400 (dörd yüz) manat icarə haqqı ödənilməklə icarəyə verir. -İş materiallarına əlavə olunmuş fotoşəkillərdə iddiaçının qonşuluğunda hasardan o biri tərəfdə tövlə tikintisi və iri buynuzlu heyvanlar görünür. -Məhkəmə tərəfindən mübahisəli əraziyə yerli baxış keçirilərkən müəyyən edilmişdir ki, Abşeron rayonu, Məhəmmədli kəndində yerləşən iddiaçılara torpaq sahələrində inşa edilmiş evlərin və cavabdehə məxsus torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış sahəsinin hasarları arasında boş sahə yerləşir. İddiaçı3 məxsus evin hasarının künc tərəfi cavabdeh X5 məxsus qeyri-yaşayış sahəsinin hasarı ilə qonşudur. Cavabdeh X5 məxsus qeyri-yaşayış sahəsində 5 baş iribuynuzlu heyvan saxlanılır. Həmin qeyri-yaşayış sahəsi və torpaqlar arasında yerləşən boş sahə təmizlənmişdir. -Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi barədə çıxarışdan görünür ki, X8 ********** VÖEN ilə İqtisadiyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X18 üzə Baş İdarəsi tərəfindən vergi uçotuna alınmışdır. -Babək RPŞ tərəfindən 07.03.2014-cü il türixdə verilmiş AZE № ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 Nax MR, Babək ray, Cəhri kəndində qeydiyyatdadır. -Füzuli RPŞ tərəfindən 02.08.2012-ci il türixdə verilmiş AZE № 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı3 Füzuli rayonu, Bala Bəhmənli kəndində qeydiyyatdadır. -ASAN 1 tərəfindən 14.05.2013-cü il türixdə verilmiş AZE № ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 Füzuli rayonu, Alıxanlı kəndində qeydiyyatdadır. İşin araşdırılan hallarından müəyyən edildi ki, iddiaçılar və cavabdeh qonşu kimi uzun illərdir ki, Abşeron rayonu Məhəmmədli kəndində yaşayırlar. Cavabdeh X7 iddiaçıların qonşuluğunda ferma tikdirmişdir. Fermada iri buynuzlu mal-qara saxlandığından və oradan gələn pis qoxu qonşuluqda yaşayan iddiaçıları narahat etdiyindən və səhətlərinə ziyan vurduğundan cavabdehə mal-qaranın oradan çıxarılmasını bildirmələrinə baxmayaraq heç bir nəticəsi olmamışdır. İddiaçılar əlaqəli orqanlara şikayətləri də nəticə verməmişdir. Ona görə də iddiaçılar İddiaçı3, İddiaçı1, İddiaçı2 cavabdeh X5 qarşı «heyvandarlıq fermasının sökülməsi tələbinə» dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüququ ilə ona məxsus olan Abşeron rayonu, Məhəmmədli kəndində yaşayış sahəsində qeyri-qanuni tikilmiş fermanın antisanitar vəziyyətə görə sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia tələbinin cavabdehlər tərəfindən qeyri-qanuni inşa edilmiş tövlələrin sökülməsi hissəsinə dair qeyd edir ki, qonşunun qonşuya hər hansı maneənin yəni işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün olması həmin ərazidə inşa edilmiş tövlə ilə əlaqələndirilərək tikilinin sökülməsi barədə iddia tələbi əsaslı deyildir. Belə ki, iddiaçı qonşu tərəfindən maneələrin, tikilmiş qeyri qanuni tövlədən baş verdiyini bildirsə də, həmin tövlənin qeyri-qanuni olduğunu və oradan onlara maneələrin olması barədə yetərli sübutları məhkəməyə təqdim etməmişdir. Sübut olaraq fotoşəkillərə istinad olunmuşdur ki, bu isə yalnız həmin tikilinin mövcudluğunu göstərir. Cavabdeh isə əksinə özünə məxsus torpaq sahəsində fərdi yaşayış evinin və təsərrüfat damının tikilməsi barədə Abşeron rayon İcra Hakimiyyəti Başçısının Sərəncamını məhkəməyə təqdim etmiş, qanuni sənədlə ferma tikdirdyini bildirmişdir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Eyni zamanda qeyri-qanuni tikintinin sökülməsi barədə iddianın verilməsi üçün iddiaçının subyektiv hüququ olmalıdır. Belə ki, tikililərin qanuni və qanunsuz olması və istismara yararlı olub-olmaması ilə bağlı iddiaların verilməsi müvafiq icra hakimiyyətlərinin səlahiyyətlərinə aiddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq öz elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 170.1. maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2. maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Qanunun müvafiq normasından göründüyü kimi qonşunun qonşuya yaratdığı maneə qadağan edilə bilər. Eyni zamanda həmin məcəllənin 171.1. maddəsinə əsasən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. 171.2. maddəsinə əsasən təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur. 171.3. maddəsinə əsasən əgər mülkiyyətçi bu cür təsirə dözməyə borcludursa, o, təsiri əmələ gətirən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisindən, təsirin həmin ərazi üçün təsdiq edilən adi istifadədən və iqtisadi cəhətdən yol verilən hədlərdən yüksək olduğu hallarda pul formasında müvafiq kompensasiya tələb edə bilər. Qanunun qeyd edilən normasından göründüyü kimi qonşunun qonşuya yaratdığı maneə əhəmiyyətli dərəcədə olmalıdır. Həmin maneə əhəmiyyətli dərəcədə olmadıqda qonşu bu cür təsirə dözməyə borcludur. İddiaçılar iddia tələbini əsaslandırsalar da qonşunun onlara yaratdığı maneə əhəmiyyətli dərəcədə olması barədə sübutları məhkəməyə təqdim edə bilməmişlər. Bundan əlavə işin araşdırılan hallarından görünür ki, iddiaçılar qonşunun ona maneə yaratması ilə bağlı müvafiq qurumlara şikayətlə müraciət etmişdir. Həmin şikayətlərə aidiyyəti olan qurumlar baxmalı qərar qəbul etməlidirlər. Tikintinin sökülməsi ilə bağlı qərarların qəbul edilməsi, müvafiq orqanların səlahiyyətinə aid olduğundan və bu qərarların qəbul edilməsi iddiaçını qane etmədikdə iddiaçının onların qərarlarından müvafiq məhkəməyə müraciət etmək hüququ vardır. Beləliklə göstərilənlərə və qanunun qeyd edilən normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olmadığından rədd edilməlidir. Mülki Prosessual Məcəllənin; 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd edilən maddəsinə əsasən iddia təmin edildiyindən və eyni zamanda iddiada digər tərəfdən tələb edilmədiyindən dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2-ci və 238-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı3, İddiaçı1, İddiaçı2 cavabdeh X5 qarşı Abşeron rayonu, Məhəmmədli kəndində yaşayış sahəsində qeyri-qanuni tikilmiş fermanın antisanitar vəziyyətə görə sökülməsinə dair iddia ərizəsi rədd edilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-2598/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2598/2021
07.06.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver