Məhkəmə qərarları › İş №2(012)-2599/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2599/2021

05.05.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2599/2021 05.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı Məhiyəddin oğlu və Cavabdeh İB-in nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Məhiyəddin oğlunun Cavabdeh İB-yə qarşı qanunsuz hesablanmış qaz borcunun silinməsi tələbinə dair mülki işə 05 may 2021-ci il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Məhiyəddin oğlu Cavabdeh İB-yə qarşı qanunsuz hesablanmış qaz borcunun silinməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanındakı istifadədə olan qaz sayğacına görə hesablanmış 235,88 manat borcun və 29.11.2019-cu il tarixli ******* saylı akt əsasında hesablanmış 486 manat borc məbləğinin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Məhiyəddin oğlunın yaşadığı ünvan 1 ünvanına Cavabdeh İB tərəfindən sayğac vasitəsilə qaz verilir. Həmin evə aid qaz sayğacına laboratoriya yoxlanması keçirilmişdir. İdarənin verdiyi rəyə əsasən “yivli birləşmələrin korreziyaya uğraması, sayğacın hesablama mexanizminin keçən qazın həcmini qeyd etməməsi, hesablama mexanizminin 1 ədəd dişli çarxının aşkar olunmaması” müəyyən edilmiş və “sayğacın yaddaş arxivi oxunmuş, sayğacın istismar müddətində ALARM-1 rejiminin aşkar olunmaması” qeyd edilmişdir. Qeyd edilən qaz sayğacı həmin evin çölündə yerləşdirilmişdir. Belə olan halda da sayğacın hər hansı bir müdaxilədən qorunmasının iddiaçı tərəfindən təmin edilməsi qeyri-mümkündür. Qurumun əməkdaşları tərəfindən 29.11.2019-cu il tarixdə ******* saylı akt tərtib edilmiş və həmin akt iddiaçı tərəfindən imzalanmamışdır. Akta əsasən ilkin olaraq sayğacın dəyəri 235,88 manat, sonra isə 486 manat məbləğində borc hesablanmışdır. Sözügedən akt tamamilə qanunsuz və əsassızdır. İddiaçı tərəfindən sayğaca müdaxilə olunmamışdır. Sayğaca müdaxilə olunsa belə bu müdaxilənin iddiaçı tərəfindən qarşısının alınması mümkün deyil və bu barədə o, heç bir məsuliyyət daşımır. Qeyd edilənlərə əsasən iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı Məhiyəddin oğlu iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, 2019-cu ilin noyabr ayında sayğaca müdaxilə olunması müəyyən edilib. 18 sentyabrda sayğacın vaxtı bitib və dəyişməyə aparıblar. 2019-cu ilin 26 senyabrda o, evi alıb. 1 il yaşayandan sonra borcla bağlı ona məlumat verildiyi zaman xəbər olub. Həmin evdə yaşadığı müddətdə adına olan sayğacın heç bir borcu yoxdur və ödənişlər vaxtında həyata keçirilir. Məhkəmə iclasında Cavabdeh İB-in nümayəndəsi X2 iddia tələbini qəbul etmədiyini bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Mülki iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, 26.09.2019-cu il tarixli çıxarışa əsasən ünvan 1 ünvanındakı fərdi yaşayış evi İddiaçı Məhiyəddin oğlunun mülkiyyətindədir. Mülki işin materiallarından olan 29.11.2019-cu il tarixli ******* saylı aktdan müəyyən edilir ki, İddiaçı Məhiyəddin oğlunın yaşadığı ünvan 1 ünvanında yerləşən evə aid qaz sayğacına (abonent kodu: **********14130) baxış keçirilən zaman yivli birləşmələrin korreziyaya uğraması və sayğacın hesablama mexanizminin keçən qazın həcmini qeyd etməməsi aşkar edilmişdir. İddiaçı Məhiyəddin oğlu həmin aktı imzalamaqdan imtina etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 4.2-ci maddəsinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin qaydaların Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından görünür ki, iddiaçı barəsində tərtib olunan aktlar birtərəfli tərtib olunmuş, istehlakçının iştirakı təmin edilməmişdir. Tərtib olunan aktların həqiqiliyini iddiaçı mübahisələndirir. Cavabdeh isə aktın mötəbərliyini təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdi. Ona görə də, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və qismən təmin edilməlidir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı Məhiyəddin oğlunın yaşadığı ünvan 1 ünvanında yerləşən evə (abonent kodu: **********14130) dair hesablanmış 486 manat borc silinməlidir. Məhkəmə iddia tələbinin digər hissəsinə münasibətdə isə qeyd edir ki, həmin hissə ilə bağlı iddiaçı tərəfindən məhkəməyə mötəbər sübutlar təqdim edilməmiş, yəni qeyd edilən sayğacın dəyərinə görə 235,88 manat pulun cavabdeh tərəfindən iddiaçıdan tələb edilməsi barədə hər hansı sübut işdə yoxdur. Eyni zamanda məhkəmə qeyd edir ki, həmin sayğac iddiaçıya yox əvvəlki mülkiyyətçiyə məxsus olmuşdur. Bu səbəbdən də məhkəmə hesab edir ki, həmin hissədə iddia tələbi təmin edilməməlidir. İddia təmin edildiyindən iddiaçının ödəməkdən azad edildiyi 30 manat məbləğində dövlət rüsumuna görə pul Cavabdeh İB-dən dövlət büdcəsinin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı Məhiyəddin oğlunın yaşadığı ünvan 1 ünvanında yerləşən evə (abonent kodu: **********14130) dair 29.11.2019-cu il tarixli ******* saylı akta əsasən hesablanmış 486 manat cərimə borcu silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh İB –dən dövlət rüsumuna görə 30 manat tutulub dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar