Məhkəmə qərarları › İş №2(012)-2609/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2609/2025

05.06.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2609/2025 05.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı Abşeron Su X1 İdarəsinin nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İddiaçı Abşeron Su X1 İdarəsinin Cavabdeh qarşı «borcun tutulması» tələbi barədə iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Abşeron Su X1 İdarəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 600,7 manat borcun (abonent kodu: **********130) Abşeron Su X1 İdarəsinin hesabına ödənilməsinə və 30 manat dövlət rüsumunun dövlət büdcəsinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Abşeron Su X1 İdarəsinin nümayəndəsi X3 məhkəmə iclasında bildirdi ki, iddiaçı “Abşeron Su X1 İdarəsi tərəfindən Cavabdeh (abonent kodu: **********130) su təchizatı sistemindən su buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilir. Cavabdeh əhali qrupu abonentinə aid olmaqla ötən dövr ərzində istifadə etdiyi xidmətlərin dəyərini tam ödəməmiş, nəticədə xx.xx.2025-ci il tarixə 600,7 manat borcu yaranmışdır. İstehlakçının istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinin dəyəri ünvan 1 ünvanında ailə tərkibi 4 nəfər olmaqla, şəxslərin say tərkibinə uyğun olaraq normativ qaydada hesablama yolu ilə müəyyən edilmişdir. Abşeron Su X1 İdarəsi tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay bildiriş, sonuncu dəfə isə xx.xx.2024-ci il tarixdə xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh borcun ödənilməsini təmin etməmişdir. Qeyd edir ki, Cavabdeh 2023-cü il üzrə yaranmış borca görə 15 manat ödəmiş, 2024-cü il üzrə isə ümumiyyətlə, ödəniş etməmişdir. Bundan əlavə cavabdehin 2016-cı il üzrə 105 manat, 2017-ci il üzrə 72 manat və 2018-ci il üzrə 39 manat borcu vardır, bir təşkilat olaraq onlar qeyd edilən borc məbləğlərini silə bilmirlər. Əlavə olaraq bildirir ki, əvvəllər kanalizasiya xidmətləri göstərən idarə ilə su xidmətləri göstərən idarələr ayrı olmuşdur. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, ona 2015-ci il üzrə 116,50 manat borc yazılmış, bu barədə iddiaçı təşkilatdan soruşduqda ona qeyd edilən məbləğdə borcun silindiyi bildirilmişdir. Onun iddiaçı təşkilat tərəfindən tələb edilən borcu ödəməyə imkanı yoxdur. Belə ki, ailədə tək əmək qabiliyyətli şəxs odur və müharibə veteranıdır. Bundan əlavə oğlunun gözü görmür, həyat yoldaşının ali təhsili yoxdur, özü isə ürək xəstəsidir. Bildirir ki, tələb olunan 600,7 manat borcdan 105,06 manatı 2016-cı ilə qədər ona ayrılmış limitə görə Qaçqınların və X4 üzrə Dövlət Komitəsi tərəfindən ödənilməli məbləğdir. Həmin məbləğ ilə bağlı iddia müddəti keçdiyinə görə iddia müddəti tətbiq edilməklə iddia məbləğinin 105,06 manatına aid hissədə iddianın rədd edilməsini xahiş etdi və bununla bağlı məhkəməyə ərizə təqdim etdi. İş materiallarında olan xx.xx.2024-cü il tarixli abonent kartından görünür ki, Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə Abşeron Su X1 İdarəsinə 2016-cı il üzrə 105,06 manat; 2017-ci il üzrə 72,5 manat; 2018-ci il üzrə 39 manat; 2019-cu il üzrə 44 manat; 2020-ci il üzrə 100 manat; 2021-ci il üzrə 39,14 manat; 2022-ci il üzrə 30 manat; 2023-cü il üzrə 113 manat və 2024-cü il üzrə 58 manat olmaqla, cəmi 600,7 manat borcu vardır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək belə hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iddiaçı Abşeron Su X1 İdarəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 600,7 manat borcun (abonent kodu: **********130) Abşeron Su X1 İdarəsinin hesabına ödənilməsinə və 30 manat dövlət rüsumunun dövlət büdcəsinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırda Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə iddiaçı Abşeron Su X1 İdarəsinə 600,7 manat borcunun olması iş materiallarında olan xx.xx.2024-cü il tarixli abonent kartı ilə sübuta yetirilmişdir. Lakin hazırki iş üzrə Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, 2016-cı ilə qədər ona hesablanmış borc məbləği ilə bağlı iddia müddəti keçdiyinə görə iddia müddəti tətbiq edilməklə iddia məbləğinin 105,6 manatına aid hissədə iddianın rədd edilməsini xahiş etmişdir. İddia müddətinin tətbiq edilməsi barədə Cavabdeh ərizəsi barədə məhkəmə qeyd edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli abonent kartından göründüyü kimi Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə Abşeron Su X1 İdarəsinə 2016-cı il üzrə 105,06 manat; 2017-ci il üzrə 72,5 manat; 2018-ci il üzrə 39 manat; 2019-cu il üzrə 44 manat; 2020-ci il üzrə 100 manat; 2021-ci il üzrə 39,14 manat; 2022-ci il üzrə 30 manat; 2023-cü il üzrə 113 manat və 2024-cü il üzrə 58 manat olmaqla, cəmi 600,7 manat borcu vardır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinin tələbinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.3-cü maddəsinin tələbinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir, lakin iddiaçı müqavilə tələbləri və vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə olan 3 illik iddia müddətini ötürmüş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə 2016-cı il üzrə yaranmış 105,06 manat məbləğində borca görə cavabdehə qarşı tələb irəli sürməmiş və bu hal da məhkəməyə iddia müddəti tətbiq edilməklə iddia tələbinin 105,06 manata aid hissədə rədd edilməsinə əsas verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1-ci maddəsinin tələbinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinin tələbinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinin tələbinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 373.3-cü maddəsinin tələbinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh (abonent kodu: **********130) su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 495,64 manat borc tutularaq iddiaçı Abşeron Su X1 İdarəsinin hesabına ödənilməlidir. “Su təchizatı və tullantı suları haqqında” Qanunun 61-ci maddəsinin 1-ci bəndinə əsasən “Su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır”. “Su təchizatı və tullantı suları haqqında” Qanunun 62-ci maddəsinə əsasən Qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydalarının” 7.4-cü bəndinə əsasən əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qaydaların 4.1.3-cü bəndinə əsasən bu Qaydaların tələblərinə əsasən verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçının vəzifəsidir. Azərbaycan Respublikası Tarif Şurasının "xxxx" ASC-nin sudan istifadə və tullantı sularının axıdılması xidmətləri üzrə istehlakçı qruplarının tariflərinin və təsnifatının təsdiq edilməsi barədə xx.xx.2011-ci il tarixli Qərarına əsasən sayğac quraşdırılmamış mənzillərdə adambaşına su istehlakı norması 5 m3 müəyyən edilmişdir. Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının xx.xx.2011 -ci il tarixli Qərarına əsasən əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 m3 suyun qiyməti 0,30 manat, həmin miqdarda tullantı sularının axıdılmasına görə xidmətin qiyməti isə 0,06 manat, Tarif Şurasının xx.xx.2016-cı il tarixli Qərarına əsasən əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 m3 suyun qiyməti 0,35 manat, həmin miqdarda tullantı sularının axıdılmasına görə xidmətin qiyməti isə 0,15 manat və Tarif Şurasının xx.xx.2021 -cı il tarixli Qərarına əsasən əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 m3 suyun qiyməti 0,70 manat, həmin miqdarda tullantı sularının axıdılmasına görə xidmətin qiyməti isə 0,30 manat müəyyən edilmişdir. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu, gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticəsi üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətisizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə görə pozulmuş hüquqlarının bərpası barədə iddia tələbi üzrə Abşeron Su X1 İdarəsi dövlət rüsumunu ödəməkdən azad edildiyindən, Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə əsasən 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə görə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh (abonent kodu:**********130) su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 600,7 manat borcdan 105,06 manat silinsin,qalan 495,64 manat borc cavabdehdən tutularaq iddiaçı Abşeron Su X1 İdarəsinin hesabına və 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar