Məhkəmə qərarları › İş №2(012)-2610/2020

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2610/2020

22.09.2020 · Müqavilələrin ləğv edilməsi - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2610/2020 22.09.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh1 iştirakları ilə, İddiaçı Bank «xxx» ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsinin ləğv edilməsi və borc tələbinə dair mülki işə xx xxxxxxxx 2020-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Bank «xxx» ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bank «xxx» ASC-nin Həzi Aslanov filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli,RH-00043-16/18A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn xx.xx.2020-ci il tarixinə ödənilməmiş 1809,56 manat əsas borc, 427,94 manat faiz borcu, ümumilikdə 2237,5 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat bank xidməti haqqının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçının xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Bank «xxx» ASC ilə Cavabdeh1 arasında xx.xx.2018-ci il tarixli, RH-00043-16/18A saylı kredit müqaviləsinə əsasən, illik 18 % dərəcəsi olmaqla 48 ay müddətinə 4590 manat məbləğində kredit cavabdehə verilmişdir. Cavabdeh2 xx.xx.2018-ci ildə iddiaçıyla RHZ-00043-16/18A saylı zaminlik müqaviləsi bağlayaraq Cavabdeh1 həmin kredit müqavilə üzrə kreditinə zamin durmuşdur. Cavabdeh1 kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerınə yetirməmişdir. Bunlara əsasən o, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında izahatında bildirdi ki, o, borcdan bir miqdar ödəmişdir lakin sonradan dolların məzənnəsi qalxdığından ödəniş etməkdə çətinlik çəkmişdir. Həmçinin səhhətində problem olmuş və işsiz qalmışdır. Bu səbəbdən ödəniş edə bilməmişdir. Borcu qəbul edir, artıq ödənişlər etməyə başlamışdır. Qalan borcunu hissə-hissə ödəyə biləcəkdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə digər Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, RH-00043-16/18A saylı kredit müqaviləsindən görünür ki, Bank «xxx» ASC ilə Cavabdeh1 Vüqar Əzizbala oğlu arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən Cavabdeh1 Vüqar Əzizbala oğlu illik 18 % dərəcəsi olmaqla 48 ay müddətinə 4590 manat məbləğində kredit götürmüşdür. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, RHZ-00043-16/18A saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 Bank «xxx» ASC-nin Həzi Aslanov filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli,RH-00043-16/18A saylı kredit müqaviləsi üzrə Cavabdeh1 bütün öhdəliklərinin tam yerinə yetirilməsinə görə məsuliyyət daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. İş materiallarında olan xx xxx 2020-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, xx.xx.2018-ci il tarixli, RH-00043-16/18A saylı saylı kredit müqaviləsi üzrə xx xxx 2020-ci il tarixə Cavabdeh1 1809,56 manat əsas borc, 427,94 manat faiz borcu, 0,00 manat cərimə pulu olmaqla ümumilikdə 2237,5 manat borcu vardır. Məhkəmə iddiaçının nümayəndəsini və cavabdehi dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, tərəflər arasında xx.xx.2018-ci il tarixli, RH-00043-16/18A saylı saylı kredit müqaviləsi və xx.xx.2018-ci il tarixli, RHZ-00043-16/18A saylı zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilələr Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmış və onların etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. xx.xx.2018-ci il tarixli, RH-00043- 16/18A saylı kredit müqavilə üzrə Cavabdeh1 Vüqar Əzizbala oğlu üzərinə götürdüyü öhdəliyi, yəni borc məbləğini alqı-satqı müqaviləsinə və ödəmə cədvəlinə uyğun olaraq tam ödəməmiş və öhdəliklərini pozmuşdur. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyini icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən, icra geçikdirmiş borclu geçikdirmə nəticəsində vurduğu zərər üçün və geçikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı geçikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyət və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 421.1 və 421.2-ci maddələrinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Məhkəmə qeyd olunan qanunvericilik normalarından və işin faktiki hallarından çıxış edərək belə nəticəyə gəlir ki, Cavabdeh1 üzərinə düşən öhdəlikləri icra etməməklə kredit müqaviləsini əhəmiyyətli dərəcədə pozublar. Ona görə də xx.xx.2018-ci il tarixli, RH-00043-16/18A saylı kredit müqaviləsinin ləğv edilməsi barədə iddia tələbi də təmin olunmalıdır. Məhkəmə borcun müştərək qaydada tutulması ilə bağlı belə qənaətə gəlir ki, Cavabdeh1 (borcalan) kredit müqaviləsindən irəli gələn öhdəliyini lazımınca yerinə yetirmədiyi üçün iddiaçının həmin müqavilənin icrasına zaminlik etmiş digər cavabdeh olan Cavabdeh2 öz öhdəliyinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 30 (otuz) manat da cavabdehlərdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı Bank «xxx» ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, RH- 00043-16/18A saylı i kredit müqaviləsi ləğv edilsin. Həmin kredit müqaviləsindən irəli gələn ödənilməmiş 1809,56 manat əsas borc, 427,94 manat faiz borcu, ümumilikdə 2237,5 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat bank xidməti haqqı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq Bank «xxx» ASC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar