Məhkəmə qərarları › İş №2(012)-2643/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2643/2024

15.08.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2643/2024 15.08.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə və üçüncü şəxs X5 qarşı «borcun silinməsi» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən ona məxsus Xırdalan şəhəri, 22-ci məhəllə, Ş.Qurbanov küçəsində yerləşən 49A saylı fərdi yaşayış evinə aid **********06574 saylı sayğaca qanunsuz yazılmış 822,89 manat işıq borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, Abşeron rayonu, Xırdalan şəhəri, 22-ci məhəllə, Ş.Qurbanov küçəsində yerləşən 49A saylı fərdi yaşayış evi onun şəxsi mülkiyyətindədir. O, sözügedən fərdi yaşayış evini illər öncə X2 alqı-satqı müqaviləsi əsasında satın almışdır. Lakin bu günki günə qədər istifadə etdiyi sayğaclar evin keçmiş mülkiyyətçisinin, yəni X3 adında qalmışdır. Hazırda o, həmin sayğaclardan istifadə edir və ona məxsus fərdi yaşayış evinə quraşdırılmış işıq sayğacının kodu **********06574-dür. Cavabdeh "xxxx" ASC onun istifadə etdiyi sayğaca qanunsuz və əsassız olaraq işıq borcu hesablamışdır. "xxxx" ASC tərəfindən qanunsuz olaraq xx.xx.2023-cü il tarixdə 288358 saylı akt tərtib edilmiş və 822,89 manat cərimə borcu hesablanmışdır. O, sözügedən akt ilə razılaşmır, belə ki, xx.xx.2023-cü il tarixli, 288358 saylı akta əsasən sayğaca baxış keçirilən zaman sayğaca giriş xəttinin yarılaraq birbaşa mənzilə kənar xətt çəkilməsinin aşkar edildiyi qeyd edilmişdir. O, cavabdehdən xətti zədələdiyini təsdiq edən sübut (görüntü, video-çəkiliş) təqdim edilməsini tələb etsə də ona hər hansı bir sübut təqdim edilməmiş və yazılmış cərimənin silinməsi ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Qeyd edir ki, ona məxsus fərdi yaşayış evinə quraşdırılmış sayğaca aid kabelin üstü açıq olduğu üçün o, bu problemin həll olunması məqsədilə "xxxx" ASC-yə dəfələrlə müraciət etmiş, "xxxx" ASC tərəfindən ona kabelin üstünü öz hesabına bağlamalı olduğu bildirilmişdir. Sonradan "xxxx" ASCnin əməkdaşları sayğacı dəyişdirmək üçün gəldikdə o, əməkdaşlardan kabeli də dəyişmələrini xahiş etmiş, kabeli öz vəsaiti hesabına almış, cavabdeh şirkətin əməkdaşları isə kabeli düzəltmişdirlər. Bildirir ki, sözügedən akt "xxxx" ASC tərəfindən ona təqdim edilməmişdir. Qanunvericiliyin tələbinə görə mənzildən kənarda quraşdırılan işıq sayğaclarının salamatlığına görə vətəndaşlar məsuliyyət daşımır və bu məsuliyyət "xxxx" ASC-nin üzərinə düşür. Bildirir ki, bu praktika "xxxx" ASC-də geniş yayılmışdır. Belə ki, cavabdeh orqan əhal inin hüquqi məlumatsızlığından istifadə edir və hesab edir ki, artıq bu özbaşınalığa son qoyulmalıdır. Qeyd edir ki, ona məxsus fərdi yaşayış evində aylıq işıq sərfiyyatı 10-15 manat məbləğində olmuşdur. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin olumasını məhkəmədən xahiş etdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 məhkəmə iclasında izahatında Abşeron rayonu, Xırdalan şəhəri, 22-ci məhəllə, Ş.Qurbanov küçəsində yerləşən 49A saylı fərdi yaşayış evinin əvvəllər onun mülkiyyətində olduğunu, daha sonra həmin evi İddiaçı satdığını və sözügedən evi iddiaçıya satanda onun işıq sərfiyyatı üzrə heç bir borcunun olmadığını bildirdi. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X4 məhkəmə iclasında izahatında bildirdi ki, İddiaçı ona məxsus fərdi yaşayış evinə aid sayğaca yazılmış 822,89 manat işıq borcunun silinməsini xahiş etsə də iddiaçının evinə quraşdırılmış sayğacın kodu evin köhnə mülkiyyətçisi olan X3 adınadır. Bundan əlavə "xxxx" ASC ilə İddiaçı arasında hər hansı bir müqavilə bağlanmamışdır, bu da o deməkdir ki, İddiaçı hazırki iddia tələbini irəli sürmək üçün subyektiv hüquqa malik deyildir. İddiaçı tərəfindən silinməsi tələb olunan borc məbləği X3 dövründə deyil, iddiaçının dövründə yazılmışdır. Belə ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən İddiaçı məxsus evə quraşdırılmış sayğaca baxış keçirilmiş və iddiaçının özbaşına kabel çəkdiyi, həmçinin sayğacın kənardan təsirə məruz qaldığı aşkar edilmişdir. Odur ki, o, iddia tələbinin təmin edilməməsini xahiş etdi. İş materiallarında olan 08 may 2014-cü il tarixli, AN-İ № ******* seriya nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X6 ilə İddiaçı arasında alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə görə X6 (satıcı) özünə məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 22ci məhəllədə yerləşən, ümumi sahəsi 23,9 kv.m, yaşayış sahəsi 19,3 kv.m olan 1 otaqlı 49A nömrəli fərdi yaşayış evini İddiaçı (alıcıya) satmışdır. İş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib edilmiş 23 yanvar 2023-cü il tarixli, R 288358 nömrəli aktdan görünür ki, sayğaca baxış keçirilən zaman abonentin sayğaca giriş xəttini yararaq birbaşa mənzilə kənar xətt çəkdiyi aşkar edilmiş, akta əsasən sayğaca girən giriş xəttinin və elektrik sayğacının yenisi ilə əvəz olunması tələb edilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş abunə haqqında cədvəldən görünür ki, abonent kodu **********06574 olan sayğac üzrə abonentin xx.xx.2023-cü il tarixinə borcu cəmi 822,89 manat təşkil edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Beləliklə məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, İddiaçı məxsus, abonent kodu **********06574 olan fərdi yaşayış evindəki sayğaca baxış keçirilərkən sayğaca giriş xəttinin yarılaraq birbaşa fərdi yaşayış evinə kənar xəttin çəkildiyi aşkar edilmiş, iddiaçıya 822,89 manat cərimə hesablanmış və fərdi yaşayış evinə kənar xəttin çəkilməsini inkar edən hər hansı bir mötəbər sübut müəyyən olunmmışdır. Lakin, məhkəmədə həmin borcun hesablanma qaydası və miqdarı haqqında cavabdeh şirkət tərəfindən hər hansı bir mötəbər hala istinad olunmadığını nəzərə alaraq hesab edir ki, abonent kodu **********06574 olan İddiaçı 3 ay ərzində sayğacdan kənar xəttdən istifadə edildiyinə görə hesablanmış 547,89 manat silinməli və 1 aylıq dövr üçün abonentin 275 manat borcunun qalması tərəflərin balanslaşdırılmış mənafeyinə uyğun gəlir. Belə ki, Azərbaycan Respublikasınını Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın 8.17-1-ci bəndinə əsasən yaşayış istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Azərbaycan Respublikasınını Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın 8.17-2-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur.”; Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə görə istehlakçı kimi pozulmuş hüquqlarının bərpası barədə iddia tələbi üzrə İddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə əsasən 30 (otuz) manat dövlət rüsumu cavabdeh "xxxx" İstehsalat Birliyindən tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında“ Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə görə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. "xxxx" ASC tərəfindən İddiaçı məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 22-ci məhəllə, Ş.Qurbanov küçəsində yerləşən 49A saylı fərdi yaşayış evinə quraşdırılmış abonent kodu **********06574 olan sayğac üzrə hesablanmış 547,89 manat silinsin və abonentin 275 manat borcunun qalması müəyyən edilsin. Cavabdeh "xxxx" İstehsalat Birliyindən 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar