Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2654/2023 17.07.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi ilə, Əliyev Fərid Ələmşah oğlunun katibliyi , İddiaçı vəkili-nümayəndəsi Vəkil və Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və 1 saylı Sumqayıt Regional ASAN Xidmət Mərkəzində Notariat Ofisinə qarşı bağışlama müqaviləsinin etibarsız sayılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və 1 saylı Sumqayıt Regional ASAN Xidmət Mərkəzində Notariat Ofisinə qarşı bağışlama müqaviləsinin etibarsız sayılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Abşeron rayon, Saray qəsəbəsində yerləşən 0.123 ha torpaq sahəsinin Cavabdeh1 hədiyyə edilməsinə dair 1 saylı Sumqayıt Regional Asan Xidmət Mərkəzində Notariat Ofisi tərəfindən tərtib edilmiş xx.xx.2016-cı il tarixli bağışlama müqaviləsi etibarsız hesab edilməsi və pozulmuş mülkiyyət hüquqlarının bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1955-ci ildə X12 ilə rəsmi nikaha daxil olmuşdur. Həmin nikahdan 7 övladı dünyaya gəlmişdir. Qız övladları ailə həyatı qurmuş, həyat yoldaşlarının yaşadığı ünvanlara köçmüşlər. 2 oğul övladı üçün yaşadıqları həyətyanı sahədə hər birinə ayrılıqda fərdi yaşayış evi tikib, minimum yaşayışla təmin etmişlər. xx.xx.2000-ci ildə həyat yoldaşı vəfat etmişdir. Abşeron Rayon 1 saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli, 2V-21 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, həyat yoldaşının vərəsəsi kimi tanınmışdır. Ondan Abşeron rayon, Saray qəsəbəsində yerləşən 1.230632 ha torpaq sahəsindən 0.123 ha torpaq sahəsi ona irs qalmışdır. Həmin torpağın mülkiyyət sənədi qismində çıxış edən sənəd isə torpağa mülkiyyət hüququna dair JN 1116, kod 30300036 saylı dövlət aktıdır. 2022-ci ilin iyul ayında iddiaçıya məlum olmuşdur ki, cavabdeh qismində çıxış edən oğlu Gülağa onu aldatmış, üstündə ev olan həmin torpağın ona bağışlanılması müqaviləsinə imza etdirmişdir. 1 saylı Sumqayıt Regional Asan Xidmət Mərkəzində Notariat Ofisi tərəfindən tərtib edilmiş xx.xx.2016-cı il tarixli həmin bağışlama müqaviləsində göstərilmişdir ki, guya o Abşeron rayon, Saray qəsəbəsində yerləşən 0.12 ha torpaq sahəsini cavabdehə bağışlamışdır. Halbuki, Gülağa yalandan ona demişdir ki, torpaqlarının sənədinə çıxarış alınması üçün imza etmək üçün notariusa gedək. O latınca yazıb-oxumağı bacarmasa da, notariusda imza edən zaman Notariat haqqında qanunun və Notariat hərəkətlərinin aparılması haqqında təlimatın tələblərinə zidd olaraq, heç bir şahid olmadan və ona müqavilə ucadan oxunmadan imza etdirilmişdir. Abşeron Rayon İcra Hakimiyyətinin Saray qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023cü il tarixli, 5-29-2/2-27/2023 saylı məktubundan və həmin məktuba əlavə edilmiş xx.xx.2023-cü il tarixli aktdan da görünür ki, latın qrafikalı əlifbada yazıb-oxumağı bacarmır. Sonradan Gülağa ondan ələ keçirtdiyi torpaqdan müəyyən hissəni 17000 manata öz kürəkəninə satmışdır. Halbuki, həmin torpağın hazırki bazar dəyəri 60000 manat təşkil edir. Eyni zamanda, müəyyən hissəni də nəvəsinə, yəni X2 oğluna bağışlamışdır. Torpaq ona 1972-ci ildə verilmişdir, hazırda ona övladı X7 baxır. Göründüyü kimi, əmlakı dələduzluq yolu ilə ələ keçirilmiş, ona qarşı mülkiyyət əleyhinə hüquqpozma törətmişdir. Odur ki, həmin bağışlama müqaviləsi etibarsız hesab edilməli, pozulmuş mülkiyyət hüquqları bərpa edilməlidir. Cavabdeh1 iddia tələbinə etiraz verərək, İddiaçı Cavabdeh1 qarşı xx.xx.2016-cı il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və pozulmuş mülkiyyət hüquqlarının bərpa edilməsinə dair iddianın rədd edilməsini xahiş etmişdir. Etirazı onunla əsaslandırmışdır ki, iddiaçının iddia tələbi əsassızdır və rədd edilməlidir. Belə ki, iddiaçı öz iddia ərizəsində qeyd edir ki, xx.xx.2016-cı il tarixində notariat ofisində özünün birbaşa iştirakı ilə bağlanılmış Daşınmaz Əmlakın bağışlanılması müqaviləsindən 2022-ci ilin iyul ayında xəbəri olmuşdur. Cavabdeh yazıb-oxumağı bacarmadığını bildirmiş və hamin tarixdə Notariat ofisində imzalanmış müqavilənin mahiyyətindən xəbəri olmadığını vurğulayır: xx.xx.2016-cı il tarixli müqavilənin özündən də görünür ki, iddiaçı prosesdə birbaşa olaraq iştirak etmişdir. Yəni, onun şəkili çəkilmiş, əl imzası alınmış və hamısı müqaviləyə əlavə olunmuşdur. Eyni zamanda, Müqavilənin 5-ci bəndinə əsasən Notarius tərəfindən müqavilənin bütün şərtləri ilə əlaqədar hüquq və vəzifələrin izah edilmiş olduğu görünür. Tələbin absurdluğu özünü bir daha orda göstərir ki, Müqavilənin imzalanmasında ondan başqa 6 nəfər özünün yaxın qohumu qismində çıxış edən şəxslər iştirak etmişdir. Onlar da İddiaçı kimi müqaviləyə öz şəkil, imzaları ilə əlavə olunmuşdur. Bu qədər qohumun iştirakı ilə aparılan bir prosesdən iddiaçının xəbərinin olmaması sadəcə olaraq absurd və əsassızdır. Bu halda iddianın hansı dərəcə qanunsuz olmasına dəlalət edir. İddiaçı müqavilənin xx.xx.2016-cı il tarixində özünün iştirakı ilə bağlanılmasından sonra düz 6 il 3 ay keçdikdən sonra yəni 2022-ci ilin iyul ayında xəbər tutduğunu bildirir: Bir daha qeyd edirik ki, qarşı tərəfin bu formada bildirməsi sadəcə olaraq, ötürülmüş iddia müddətindən fikirləri yayındırmaq məqsədi daşıyır. Yuxarıdakı normalardan da göründüyü kimi əqdin bağlandığı forma qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Yəni əqd notarial bağlanılmışdır. Eyni zamanda, əqdin yəni bağışlamanın nolarial qaydada təsdiqləndiyi andan hər iki tərəf üçün məcburi xarakter daşıyır. Bağışlama müqaviləsi öz hüquqi təbiətinə görə bu hal üzrə birtərəfli xarakter daşıyır və hədiyyə alan qismində cavabdehin ofertanı müqavilədə qəbul elədiyi andan hüquqi qüvvəyə minmiş hesab edilir. Bu hal üzrə əqdin etibarsızlığına səbəb olacaq hər hansı hal mövcud deyildir. Eyni zamanda, müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Bu hal üzrə iddiaçı özünün iradə ifadəsini cavabdehə heç bir vasitə ilə (pretenziya və s.) 7 il ərzində bildirməmişdir. Bu halda iddiaçının əqdin mahiyyətindən xəbərdar olduğu qənaətinə gəlmək üçün əsasdır. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı vəkili-nümayəndəsi Vəkil iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 məhkəmənin əvvəlki iclasında iddianın təmin edilməməsini xahiş etmiş, sonrakı iclas zamanı isə elektron sistemin ərizə ilə müraciət edərək, digər məhkəmədə iclas salınması və əlavə olaraq tərəfdaşlarla görüş salınması səbəbindən, eyni zamanda hal-hazırkı hava şəraitini nəzərə alaraq, məhkəmə iclasına gələ bilmir. Eyni zamanda diqqətdə saxlamaq lazımdır ki, iddia müddətinin keçməsinə dair tərəfindən ərizə verilmişdir. İddia müddətinin buraxıldığını və iddianın əsassızlığını nəzərə alaraq iddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə 3-cü şəxslər məhkəmə iclasında iştirak etməmişlər. Cavabdeh 1 saylı Sumqayıt Regional ASAN Xidmət Mərkəzində Notariat Ofisi məhkəməyə müraciət edərək, məhkəmə iclasını iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Mülki iş materiallarında olan 12 iyul 2010-cu il Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin surətindən görünür ki, 15 iyul 2000-ci ildə vəfat etmiş Abşeron rayon, Saray qəsəbəsi, A.Mənsimov küçəsi, ev 6-da yaşamış X4 vərəsələri bunlardır: Abşeron rayon, Saray qəsəbəsi, A.Mənsimov küçəsi, ev 6-da qeydiyyatda olan İddiaçı – Abşeron rayon, Saray qəsəbəsində yerləşən 1,230632 ha torpaq sahəsindən 0,123 ha torpaq sahəsi irs almalıdır. Şəhadətnamə verilən əmlak Azərbaycan Respublikası Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı JN-116 KOD 30800086 əsasında Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 1,230632 ha torpaq sahəsindən mərhum X5 düşən paydan 0,12 ha torpaq sahəsindən ibarətdir. Mülki iş materiallarında olan 02 may 2016-cı il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsinin surətindən görünür ki, X8, İddiaçı, X18, X13, X6, X7, X14, X3, X9, X1 rayon, Saray qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsinin birgə mülkiyyət üzrə onlara düşən payları Cavabdeh1 bağışlamışlar. Mülki iş materiallarında olan Abşeron rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş məlumatdan görünür ki, xx.xx.1936-cı il təvəllüdlü İddiaçı Saray qəsəbəsi, Adil Mənsimov küçəsində 06 saylı evdə yaşayır. O, latın əlifbasında yazmağı bacarmır. Mülki iş materiallarında olan xx.xx.2023-cü il tarixdə tərtib edilmiş aktdan görünür ki, xx.xx.1936-cı il təvəllüdlü İddiaçı həqiqətən də latın qrafikasında yazıb oxuya bilmir. Mülki iş materiallarında olan ƏMDK yanında DƏDRX-nın Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmışdır. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, 12 iyul 2010-cu il Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməyə əsasən 15 iyul 2000-ci ildə vəfat etmiş X4 vərəsəsi İddiaçı Abşeron rayon, Saray qəsəbəsində yerləşən 1,230632 ha torpaq sahəsindən 0,123 ha torpaq sahəsi irs almışdır. 02 may 2016-cı il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsinə əsasən X8, İddiaçı, X18, X13, X6, X7, X14, X3, X9, X1 rayon, Saray qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsinin birgə mülkiyyət üzrə onlara düşən payları Cavabdeh1 bağışlamışlar. Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsi Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmışdır. Hazırda iddiaçı cavabdehlər Cavabdeh1 və 1 saylı Sumqayıt Regional ASAN Xidmət Mərkəzində Notariat Ofisinə qarşı bağışlama müqaviləsinin etibarsız sayılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Abşeron rayon, Saray qəsəbəsində yerləşən 0.123 ha torpaq sahəsinin Cavabdeh1 hədiyyə edilməsinə dair 1 saylı Sumqayıt Regional Asan Xidmət Mərkəzində Notariat Ofisi tərəfindən tərtib edilmiş xx.xx.2016-cı il tarixli bağışlama müqaviləsi etibarsız hesab edilməsi və pozulmuş mülkiyyət hüquqlarının bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbində qeyd etmişdir ki, torpaq sahəsini cavabdeh onu aldadaraq bağışlama müqaviləsi əsasında əldə etmişdir. lakin o, latın qrafikasında yazıb oxuya bilmir, bu barədə iddia ərizəsinə sübutlar da əlavə etmişdir.Cavabdeh tərəf iddia tələbinə etiraz verərək bildirmişdir ki, bağışlanma müqaviləsi bağlanan zaman iddiaçının şəkili çəkilmiş, əl imzası alınmış və hamısı müqaviləyə əlavə olunmuşdur. Eyni zamanda Müqavilənin 5ci bəndinə əsasən Notarius tərəfindən müqavilənin bütün şərtləri ilə əlaqədar hüquq və vəzifələrin izah edilmişdir. odur ki, iddia tələbi əsassız olduğundan rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 666.1-ci maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Mülki Məcəllənin 405.2-ci maddəsinə əsasən, müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Həmin Məcəllənin 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair 18 mart 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarı). Hazırki işdə iddiaçı əqdin bağlanması üçün iradə ifadəsi ilə bağlı şərtlərin pozulduğuna istinad etmişdir. Məhkəmə qeyd edir ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Lakin hazırki işdə məhkəmə araşdırması zamanı mübahisələndirilən müqavilə bağlanarkən iradə ifadəsinin bildirilməsi ilə bağlı şərtlərə riayət edilməməməsi müəyyən edilməmişdir. Beləliklə iddiaçı sözügedən müqavilənin qanunvericiliklə müəyyənləşdirilmiş etibarlılıq şərtlərinə riayət edilməməsini sübut edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının müqaviləsinin etibarsız hesab edilməsinə dair əsas kimi göstərdiyi dəlillər əsassız olduğundan və müqavilənin etibarlılıq şərtlərinin pozulduğu müəyyən edilmədiyindən iddia təmin edilməməlidir. Həmçinin iş materiallarından göründüyü kimi iddia tələbi üzrə iddia müddəti də keçmiş, cavabdeh isə bu barədə vəsatətlə məhkəməyə müraciət etmişdir. İşin araşdırılan hallarından göründüyü kimi müqavilənin bağlanmasından altı ildən artıq müddət keçmişdir.Ötən müddət ərzində iddiaçı müqaviləni mübahisələndirməmiş,yalnız indi torpaq sahəsinin qiymətinin artması ilə əlaqədar belə bir iddianı qaldırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır; 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir; 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir; 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir; 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri- sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. İddia müddətinin tətbiq edilməsi və bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi həmin Məhkəmənin Dacia S.R.L. v. Moldovaya qarşı (ərizə № 3052/04, 18 mart 2008-ci il tarixli qərar) qərarında Məhkəmə qeyd etmişdir ki, iddia müddəti heç bir ayrı-seçkilik olmadan tətbiq edilməlidir. Əks təqdirdə, yekunlaşmalı olan hüquq münasibətlərinin dəyişdirilməsi hüquqi müəyyənlik prinsipi ilə ziddiyyət təşkil edərdi (see, mutatis mutandis, Popov v. Moldova (no. 2), no. 19960/04, § 53, 6 December 2005). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 89.3-cü maddəsində göstərildiyi kimi tərəflər məhkəməyə lazımi sübutların əslini və ya lazımi qaydada təsdiq olunmuş surətlərini təqdim etməlidirlər. İşin müəyyən edilən faktiki hallarına hüquqi qiymət verərək məhkəmə qeyd edir ki, xx.xx.2016-cı il tarixli Daşınmaz Əmlakın Bağışlama müqaviləsinin surətindən görünür ki, Abşeron rayon, Saray qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsi Cavabdeh1 mülkiyyətinə vermişdir. Müqavilə şəxsən tərəflərin özləri tərəfindən imzalanmış, orada onların fotoşəkilləri əks olunmuşdur. Yəni, göründüyü kimi iddiaçının belə bir müqavilə bağlamaması barədə dəlili iş materialları ilə təkzib olunur. Bu əsasda müəyyən edilir ki, iddiaçı özünə məxsus mübahisəli əmlakı öz istəyi ilə, öz iradəsi ilə cavabdehə bağışlamışdır. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanan müqavilənin etibarsızlığı üçün əsaslar mövcud deyildir, iddia tələbi əsassızdır və təmin edilə bilməz. İddia təmin edilmədiyindən dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3 və 217.4-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 358-360/ 362-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və 1 saylı Sumqayıt Regional ASAN Xidmət Mərkəzində Notariat Ofisinə qarşı bağışlama müqaviləsinin etibarsız sayılması tələbinə dair iddiası təmin edilməsin. İddia təmin edilmədiyindən dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-2654/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2654/2023
17.07.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver