Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2699/2022 06.07.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh Azəriqaz İB-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh X1rşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X1rşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında istifadə olunan qaz sayğacına görə hesablanmış 235.88 manat borcun və xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında hesablanmış 518 manat borcun silinməsi və dəymiş 3000 manat maddi və mənəvi zərərin cavabdeh tərəfindən ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yaşadığı evə Azəriqaz İB-nin sifarişi əsasında evin qaz sayğacı laboratoriyada yoxlamadan keçmiş və verilmiş rəyə görə sayğac istismara yararsız olaraq qiymətləndirilmişdir. İstifadə olunan qaz xəttinə quraşdırılmış qaz sayğacı cavabdeh tərəfindən mənzil daxilinə deyil, evin çölündə, küçədə yerləşdirilmişdir. Bu səbəbdən də, həmin sayğacın hər hansı müdaxilədən qorunmasının onun tərəfindən təmin edilməsi heç bir məntiqə sığmır. Eyni zamanda, tərtib edilmiş aktdan görünür ki, sayğacın plombu yoxlamaya götürülən zaman laboratoriyada açılmış, plomba müdaxilə olunması aşkarlanmamışdır. Buna baxmayaraq, cavabdeh təşkilat tərəfindən xx.xx.2022-ci il tarixdə qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilmişdir. Həmin akt onun tərəfindən imzalanmamışdır. Qeyd olunan akt əsasında əsassız olaraq sayğacın dəyəri 235.88 manat, sonradan isə 581 manat borc hesablanmışdır. Hesab edir ki, o, əsassız olaraq cavabdeh tərəfindən qaz sayğacına müdaxilə ilə günahlandırılmış və əsassız olaraq da borc hesablanmışdır. Bildirir ki, cavabdeh ona borc yazmaqla yanaşı, heç bir rəsmi və ya qeyri-rəsmi məlumat vermədən ondan xəbərsiz tərtib etdiyi borcun demək olar ki, yarısı aylıq işlədilmiş, qaz pulu adı ilə almışdır ki, bununla bağlı dəfələrlə cavabdehə bildirsə də, hər hansı bir nəticə olmamışdır. Əksinə, ona qarşı qərəzli mövqe saxlayan cavabdeh dəfələrlə qış mövsümündə evə qazın verilişini dayandırmış, nəticədə, ailə üzvləri, azyaşlı nəvələri soyuqlamış və uzun müddət təhsildən geri qalmaqla yanaşı, müalicə olunmaq məcburiyyətində qalmışlar ki, nəticədə, ona maddi və mənəvi ziyan vurulmuşdur. Dəfələrlə cavabdehin hüquqi ünvanına gedərək şikayətini bildirsə də, ona cərimə edilməsi barədə heç bir sənəd təqdim edilməmiş, arqumentlərinə əhəmiyyət verməmişlər. Hər dəfə o, cavabdehə müraciət etdikdə xx.xx.2022-ci il tarixdən bu günədək 864 manat pul ödətdirmişlər ki, sonradan ona məlum olmuşdur ki, onun xəbəri olmadan cavabdeh tərəfindən ona əsassız olaraq cərimə tətbiq edilmiş və qanunlar cavabdeh tərəfindən kobud şəkildə pozulmuş, onu aldadaraq qanunsuz tətbiq etdikləri cərimə pulunu faktiki işlətdiyi qazın dəyəri adı ilə müəyyən hissəsini ödətdirmişlər. Dəfələrlə müraciətinə baxmayaraq, ona cərimə edilməyi ilə bağlı heç bir sənəd təqdim edilməmiş, hansı əsasla, hansı qanunvericilik müddəasına görə qaz sayğacına olan müdaxiləyə görə onun məsuliyyət daşımalı olduğunu izah edə bilməmişlər. Belə ki, qazdan istifadəyə dair münasibətləri nizamlayan cavabdeh ilə onun arasında bağlanmış müqavilənin müddəalarına əsasən, qaz sayğacının kənar müdaxilələrdən qorunması vəzifəsi qaz istehlakçısının vəzifələri sırasına daxil edilməmişdir. Ailəsi keçmiş məcburi köçkün ailəsi, özü isə müharibə veteranıdır. Tərəfindən qaz sayğacına hər hansı bir müdaxilə olmamış, digər tərəfdən, belə müdaxilənin qarşısının alınmasını təmin etmək iqtidarında olması qeyri-mümkündür. Belə olan halda onun hər hansı bir şəkildə ehtimal olunan müdaxiləyə görə məsuliyyət daşıması absurtdur. Sayğaca hər hansı müdaxilə varsa belə müdaxilə hər hansı bir kənar şəxslər tərəfindən oluna bilər. Qaz sayğacı kənar müdaxilələrdən qorumaq üçün xüsusi qutuya heç yerləşdirilməmişdir. Digər tərəfdən, həmin qaz sayğacı cavabdeh təşkilatın mütəxəssisləri tərəfindən götürülərkən onun iştirakı olmadan texniki baxışdan keçirilmiş və ancaq bundan sonra ona həmin sayğaca guya ki, müdaxilə olunması barədə məlumat verilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, 2021-ci ilin dekabr ayında sayğacların dəyişilməsi ilə bağlı elanlar verilmişdir. Dekabr ayının 10-u onun sayğacı dəyişilmişdir. Fevral ayının 1-nə kimi gözləmiş, belə ki, istifadə olunan qazın dəyərinin necə ödənilməsi bəlli deyildir. Fevral ayının 1-də Azəriqaz İB-yə müraciət etmiş və ona 518 manat cərimənin hesablandığı və həmin cərimənin sayğacdan keçməyən qaza görə yazılması bildirilmişdir. O, bir ay ərzində cəriməyə görə 884 manat pul vəsaiti ödəmişdir. Azəriqaz İB-nin nümayəndələri tərəfindən onun iştirakı olmadan akt tərtib olunmuşdur. Sayğac evindən kənarda, küçədə hasarın çöl hissəsində, başqa sözlə, küçəyə baxan tərəfdə quraşdırılmışdır. Sayğacda hər hansı bir şübhəli hal müşahidə etməmişdir. Onun sayğacı smart sayğac olmaqla pul yüklənən zaman işlənən sayğac növüdür. Sayğaca o, hər ay, hətta on gündən bir olmaqla pul yükləmiş və sayğac davamlı olaraq işləmişdir. Eyni zamanda, qeyd edir ki, sayğacın quraşdırıldığı ünvanda mütəmadi yaşamamış, keçən ildən bəri isə davamlı yaşamışdır. Ona zəng edilərək sayğacın dəyişdirilməsi bildirilmiş, Azəriqaz İB-nin nümayəndələri tərəfindən sayğaca baxış keçirilmiş, lakin o, buna əhəmiyyət verməmişdir. Tərtib olunmuş akt onun iştirakı ilə tərtib olunmaqla onun tərəfindən də imza olunmuşdur. Lakin ona sayğaca müdaxilənin olunması bildirilmiş və sayğacda qırmızı boya ilə işarələr çəkilmişdir. Birinci akt onun iştirakı ilə tərtib edilsə də, cərimənin hesablandığı akt onun iştirakı olmadan tərtib edilmişdir. Silinməsini tələb etdiyi 235.88 manat pul vəsaiti sayğacın qiymətidir. Sayğaca onun tərəfindən müdaxilə olunması sübuta yetirilsə, həmin pul vəsaiti də ondan tələb olunmalıdır. Bu hal isə onun ehtimalına əsaslanır. O, həmin pul vəsaiti hesabına sayğacı quraşdırmış, lakin sözügedən məbləğ ondan tələb olunmamışdır. Mənəvi təzminata görə də 3000 manat pul tələb edir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Azəriqaz İB-nin nümayəndəsi Nümayəndə iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı cərimənin silinməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İB tərəfindən ona hesablanmış 518 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi tamamilə əsassızdır və rədd edilməlidir. Belə ki, **********01660 saylı abonent kodu verilmiş ünvana Cavabdeh İB-nin səlahiyyətli əməkdaşları tərəfindən baxış keçirilən zaman sayğacın keçən qazın həcmini qeyd etmədiyi aşkar edildiyindən dəymiş ziyanın hesablanması qərara alınmışdır. Daha sonra Azəriqaz İB-nin nümayəndələri tərəfindən yeni sayğac quraşdırılmışdır. Bu səbəbdən də iddiaçıya tərtib olunmuş akt əsasında 518 manat cərimə hesablanmış və həmin cərimə ödənişi də iddiaçı tərəfindən ödənilməlidir. Azəriqaz İB-nin nümayəndələri tərəfindən 30 gündən bir, yəni ayda bir dəfə sayğaclara nəzarət edilməli olduğu halda, iş yükünün həddən ziyadə çox olması səbəbindən göstərilən vəzifənin icra edilməsi bəzən mümkünsüz olur. Eyni zamanda, tərtib olunmuş akt əsasında müdaxilənin abonent tərəfindən edilməsi ehtimal edilir. Abonentin sayğaca müdaxilə edilməsinə dair gizli kameranın aparılmasına dair sübutlar yoxdur, hətta abonent tərəfindən birbaşa müdaxilə edilməsinə dair sübutlar belə mövcud deyildir. İddiaçı tərəfindən tələb olunan dəymiş ziyan hissəsinə münasibət bildirir, lakin sayğaca görə hesablanmış 235.88 manat borcun silinməsi hissəsində isə hesab edir ki, həmin pul vəsaiti ödənişlərdir. 3000 manat maddi və mənəvi zərər hissəsində isə qeyd edir ki, iddiaçı tərəfindən buna dair daha ciddi əsaslar irəli sürülməlidir. Bu səbəbdən də hesab edir ki, təzminat tələbi də təmin edilməməlidir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ. bəndinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İİ. bəndinə əsasən, hər kəs dövlət orqanlarının, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq): 4.1 maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.1 maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -xx.xx.2021-ci il tarixli, ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktdan görünür ki, İddiaçı yaşadığı ünvanda quraşdırılmış İtron markalı G-4 tipli 1502AZ**********26 saylı sayğaca baxış keçirilmiş, sayğac növbəti dövlət yoxlamasından keçirildiyindən Zenner G4 tipli **********9 nömrəli sayğacla əvəz olunmuşdur. -Azəriqaz İB-nin xx.xx.2022-ci il tarixli MSK-29/1710-05517-2 saylı aktından görünür ki, 1502AZ**********26 saylı sayğacın 20355323 nömrəli plombu kəsilərək G-4/SM/0375 saylı qutu açılmış, sayğaca baxış keçirilmiş, sayğacın klapanı işlək deyil, yivli birləşmələrdə korroziya izi mövcuddur, kart yuvasının qapağı sınıqdır, sayğacın çıxış plastmas borusu deşilmiş, xətalar normadan artıqdır, sayğac nominal və minimal sərfiyyatda -100% nisbi xətayla işləyir, hesablama mexanizmi nominal və minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmir, nəticədə, sayğac yararsız hesab olunmuşdur. -Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci tarixli ******* saylı aktdan görünür ki, İddiaçı məxsus evin yerləşdiyi əraziyə baxış keçirilən zaman MSK- 29/1710-05517 saylı rəyə əsasən 1502AZ**********26 saylı sayğacın sərfiyyatı qeyd etmədiyi müəyyən edilmişdir. -Azəriqaz İB-nin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Qaz sayğacının nominal qaz sərfi 4 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabatın aparılması və hesablanmış məbləğin cəmi 4320 m3 ödənilməsi qərara alınmışdır. Əsas olaraq xx.xx.2022-ci tarixli ******* saylı akt olmuşdur. -Abonent kodu **********01660 olan, İddiaçı adına olan abonent saldosundan görünür ki, Abşeron rayonu Saray qəsəbəsi ünvanına xx.xx.2021-ci il tarixdə Zenner G-4 Mexaniki tipli **********9 nömrəli sayğac quraşdırılmış, cihazlar: Kombi (su qızdırıcı) (1/1), 4 gözlü qaz plitələri (PQ-4)(1/1). Aktlara əsasən hesablanmış abonentin 2022-ci ilə aid olan borcu 518.40 manat göstərilmişdir. -Gasrep smart sayğaclı abonentə məxsus çıxarışdan görünür ki, İddiaçı məxsus Abşeron rayonu Saray qəsəbəsi ünvanında yerləşən evə quraşdırılmış sayğaca xx.xx.2016-cı il tarixdən karta yükləmələr olmuş və borca görə tutulma halları baş verməmişdir. -xx.xx.2003-cü il tarixli vəsiqənin surətindən görünür ki, İddiaçı 1993-cü ildən Qubadlı rayonundan məcburi köçkündür. -Sumqayıt ŞPİ tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Əhmədov X6 rayonu Qubadlı şəhərində qeydiyyatdadır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6cı bəndinə əsasən, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»na (bundan sonra – Qaydalar) müvafiq olaraq qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir (4.2). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). Zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir (4.9). Sayğacın mexaniki tipli olduğunu, ona nəzarət edilməsi qaz idarəsinin vəzifəsi olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, vəziyyətin bu hala gəlib çıxmasma səbəb birbaşa qaz idarəsidir və qaza və qaz qurğularına nəzarət edən işçilərdir. Belə ki, qaz paylayıcı şəbəkə öz vəzifə borclarını dürüst yerinə yetirməyərək Azərbaycan Respublikasının Nazirlər Kabineti «Qazdan istifadə Qaydaları»nın təsdiq edilməsi haqqında 12 may 2011-ci il 80 saylı Qərarının aşağıdakı bəndlərini kobud şəkildə pozmuşdur:- 2.1.3. İstehlakçının istismarda olan qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq, texniki baxış keçirilməsini təmin etmək və nəticələrini 2 (iki) nüsxədən ibarət aktla rəsmiləşdirmək və aktın bir nüsxəsini mütləq İstehlakçıya təqdim etmək; 2.1.5. İstehlakçıya verilən qazın həcminin və dəyərinin, həmçinin istismarda olan qaz qurğularının tam və dəqiq uçotunu aparmaq; 2.1.10. İstehlakçının qaz sayğacını, onun texniki pasportunda göstərilmiş müddətdə ödənişsiz qaydada növbəti dövlət yoxlanılmasından keçirmək; 2.1.12. İstehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, Paylayıcının İstehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı İstehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və Paylayıcı ilə müvafiq müqavilə bağlanmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə İstehlakçıya yazılı bildiriş göndərmək; Məhkəmə belə qənaətə gəlir ki, qaz paylayıcı şəbəkə istismarda olan qaz sayğacını qanunun tələb etdiyi müddətdə yoxlasaydı bu hal ortaya çıxmazdı. Yoxlanmadığı və vəzifə səlahiyyətlərinə soyuq yanaşıldığı üçün sayğacda yaranan nasazlıq vaxtında aşkar edilməmişdir. Mülki iş üzrə tədqiq edilmiş materiallardan və iddiaçının izahatından müəyyən edilir ki, iddiaçıya məxsus sayğac onun mənzilindən kənarda quraşdırılmışdır. Göründüyü kimi, sayğacın abonentə aid mənzilin bayır hissəsində quraşdırılması həmin sayğacın abonent tərəfindən mühafizə edilərək qorunmasını qeyri-mümkün edir. Məhkəmə xx.xx.2022-ci tarixli ******* saylı akt ilə bağlı qeyd edir ki, iddiaçıdan ödənilməsi tələb olunan 518.40 manat borc məbləği yuxarıda qeyd olunan akt əsasında təbii qazdan istifadə qaydalarının pozulması nəticəsi kimi hesablansa da, məhkəmə iddiaçı tərəfindən təqdim olunmuş xx.xx.2022-ci tarixli ******* saylı aktı sübut növü kimi qiymətləndirərək nəzərə almışdır. Belə ki, xx.xx.2022-ci tarixli ******* saylı akt hüquqmüəyyənedici sənəd olmadığından prosessual sənəd kimi qəbul edilir, həmin akt tərəflər üçün hər hansı bir hüquq və vəzifələr yaratmamaqla, yalnız abonentə məxsus qaz sayğacında olan qüsurun mövcud olmasını təsdiqləyən sənəddir. Mülki Prosessual Məcəllənin 13.4. maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 39.1. maddəsinə əsasən, hal şahidi iştirak etdiyi icra hərəkətləri faktını, bu hərəkətlərin məzmun və nəticələrini müvafiq icra hərəkəti aktında öz imzası ilə təsdiq etməlidir. Hal şahidinin hansı icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək üçün dəvət olunduğunu, bu hərəkətlərin hansı icra sənədi əsasında həyata keçirildiyini bilmək, habelə həyata keçirilən icra hərəkətlərinə dair iradlarını bildirmək hüququ vardır. Hal şahidinin iradları onun özü və ya icra məmuru tərəfindən müvafiq icra hərəkətləri aktında qeyd olunur. İddia tələbindən göründüyü kimi, X2 nümayəndələri tərəfindən istehlakçı barəsində xx.xx.2022-ci tarixli ******* saylı akt tərtib edilərək həmin akt əsasında sonuncuya cərimə hesablanmışdır. Məhkəmə, həmin akta hüquqi qiymət verib belə qənaətə gəlir ki, tədqiq olunmuş akt tərəflər üçün hər hansı bir hüquq və vəzifələr yaratmamaqla, yalnız abonentə məxsus qaz sayğacına dair tərtib olunmuş sənəddir. Lakin göründüyü kimi, xx.xx.2022-ci tarixli ******* saylı aktın tərtib olunması zamanı qanunvericiliyin tələblərinə riayət edilməyərək istehlakçının və hal şahidlərinin iştirakı təmin edilmədən tərtib olunmuş, xx.xx.2022-ci tarixli ******* saylı aktda istehlakçı tərəfindən “İmtina etdi” barədə qeyd aparılmış, lakin həqiqətən də həmin aktın istehlakçının iştirakı təmin olunmaqla sonuncunun aktı qəbul etməkdən imtina etməsinin nəticəsi kimi tərtib olunması sübuta yetirilməmiş, nə də Azəriqaz İB-nin nümayəndəsi tərəfindən imtina etməsi barədə səbəblər həmin akta əlavə olunmamışdır. Göründüyü kimi, tərtib olunmuş akt natamam olmaqla doğruluğu şübhə doğurur. Bu isə həmin aktın qüsurlu tərtib edilməsinin göstəricisidir. Həmin sənədin bitərəf olan hal şahidlərinin iştirakı ilə imzalanması isə aktın doğruluğuna şübhə olunmaması üçün nəzərdə tutulmuşdur. Göründüyü kimi, mülki iş materiallarına əlavə olunmuş Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci tarixli ******* saylı akt qüsurlu olduğundan sübut kimi qəbul edilməməlidir. Məhkəmə eyni zamanda, qeyd edir ki, Azəriqaz İB-nin nümayəndələri tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli MSK-29/1710-05517-2 saylı akta əsasən, sayğac yararsız hesab olunmuş və yararsız hesab olunma səbəbi klapanın işlək olmadığı, plastmas borunun deşilməsi qeyd olunmuşdur. Məhkəmə bununla bağlı qeyd edir ki, sayğacın içərisində yerləşən plastmas boruya müdaxilə edilməsi üçün onun plombunun qırılması zəruridir. Aktda membranın deşik olduğu qeyd olunmuşdur ki, abonent tərəfindən sayğaca müdaxilə edilməsi, abonent maraqlı olsa belə, plomb açılmamış daxilinə nüfuz edilməsi mümkün deyildir. Beləliklə də, sayğac quraşdırılanda plastmas borunun deşik vəziyyətdə quraşdırılması istisna deyildir. Bu səbəbdən də, bu halda da tərtib olunmuş aktın qüsurlu olmasının göstəricisidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§ 93). Mülki Prosessual Məcəllənin: 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında həmçinin müəyyən olunmuşdur ki, xx.xx.2022-ci tarixli ******* saylı akt əsasında iddiaçı barəsində hesablanmış 518.40 manat pul vəsaiti dəymiş ziyan olaraq hesablanmışdır. Lakin iddiaçı iddia ərizəsində 518 manat pul vəsaitinin silinməsini tələb etdiyindən və məhkəmə işə irəli sürülən tələblər həddində mahiyyəti üzrə baxdığından iddia ərizəsi qismən təmin edilərək 518 manat borcun silinməsi qənaətinə gəlir. Belə ki, Mülki Prosessual Məcəllənin 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Bundan savayı, iddiaçı iddia ərizəsində sayğacın quraşdırılmasına dair 235.88 manat pul vəsaitinin silinməsini tələb etsə də, məhkəmə araşdırması zamanı iddiaçının izahatı əsasında həmin pul vəsaitinin iddiaçının özü tərəfindən könüllü olmaqla ödənilməsi müəyyən edilməklə yanaşı, iddiaçın həmin məbləğdə ödənişin edilməsinə dair mötəbər sübut məhkəməyə təqdim etməmişdir, bu səbəbdən də iddia ərizəsi bu hissədə də təmin edilə bilməz. İddiaçı iddia tələbində 3000 manat maddi və mənəvi zərərin tutulmasını tələb etsə də, maddi zərər olaraq hansı miqdarda ziyan dəyməsini sübuta yetirə bilməmişdir. Belə ki, sübutetmə vəzifəsi iddiaçının üzərinə düşdüyü halda, iddiaçı həmin hallara dair mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə iddianın mənəvi zərərin ödənilməsi ilə bağlı hissədə isə aşağıdakıları qeyd etməyi zəruri bilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında deyilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir. Eyni zamanda, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 №-li qərarında Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan qərarından görünür ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Lakin Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Göstərilənə əsasən məhkəmə hesab edir ki, iddia tələbi mənəvi ziyanın ödənilməsi hissəsində Mülki Prosessual Məcəllənin 77.1. maddəsinə müvafiq olaraq, iddiaçı tərəfindən məhkəməyə əsaslandırıcı sübut və dəlillər təqdim olunmadığından iddia tələbi həmin hissədə də əsassız hesab edilərək rədd edilməlidir. Bu səbəbdən də məhkəmə qeyd olunanlara əsasən iddia ərizəsinin əsaslı olduğu qənaətinə gələrək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, X5 tərəfindən əsassız olaraq hesablanmış 518 manat borc məbləği abonent kodu **********01660 olan İddiaçı məxsus abunə hesabından silinməli, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4 maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.5 maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 238-252-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. X5 tərəfindən əsassız olaraq hesablanmış 518 (beş yüz on səkkiz) manat borc abonent kodu **********01660 olan İddiaçı məxsus abunə hesabından silinsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-2699/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2699/2022
06.07.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver