Məhkəmə qərarları › İş №2(012)-2701/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2701/2021

15.12.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maneənin aradan qaldırılması - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2701/2021 15.12.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi İddiaçı nümayəndəsi-Vəkil, Cavabdeh1, Cavabdeh1 nümayəndəsi və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 qarşı “torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin boşaldılması, torpaq sahəsindəki bütün texnika, qurğu və avadanlıqların çıxarılması, torpaq sahəsinin iddiaçıya təhvil verilməsi, həmin torpaq sahəsindən iddiaçının sərbəst şəkildə istifdə etməsinə mane olmaq hərəkətlərinin cavabdehə qadağan edilməsi və maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 Abşeron rayonunun Dövlət X4 saxlanılan torpaqlardan ona ayrılan 5,5 ha torpaq sahəsinin şimal tərəfdən 1,0 ha hissəsindən çıxarılması, zəbt edilmiş sahənin boşaldılması, ona vurduğu zərərə görə cavabdehdən 56000 manat məbləğində zərərin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, Cavabdeh1 Abşeron Rayonunun Dövlət X4 saxlanılan torpaqlardan ona ayrılan 5,5 ha torpaq sahəsindən çıxarılması, zəbt edilmiş 5,5 ha torpaq sahəsinin boşaldılması, 5,5 ha torpaq sahədəki bütün texnika, qurğu və avadanlıqların çıxarılması, 5,5 ha torpaq sahəsinin ona təhvil verilməsi, həmin torpaq sahəsindən onun sərbəst şəkildə istifadə etməsinə mane olmaq hərəkətlərinin cavabdehlərə qadağan edilməsi, cavabdehlərdən onun xeyrinə 56000 manat zərərin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi-Vəkil məhkəmə iclasında izahatında bildirdi ki, Abşeron rayon İcra Hakimiyyəti Başçısının 108 saylı 04.02.2013-ci il tarixli Sərəncamı ilə Abşeron rayonunun Dövlət X4 saxlanılan torpaqlardan 5,5 ha torpaq sahəsi mişar daşının istehsalı məqsədilə 15 il müddətinə İddiaçı ayrılmışdır. Torpaq sahəsinin ayrılmasına dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Şöbəsinin 16 saylı 04.02.2013-cü il tarixli müsbət rəyi verilmişdir. Həmin torpaq sahəsinin ilkin torpaqayırma sənədləri tərtib edilmiş, torpağa dair müvafiq müqavilə bağlanılmışdır. Torpaq sahəsindən təyinatı üzrə istifadə edilmiş və heç bir qanun pozuntusuna yol verilməmişdir. Cavabdeh1 bir neçə ay bundan əvvəl iddiaçıya məxsus torpaq sahəsinin şimal hissəsindən əraziyə daxil olaraq özbaşına şəkildə həmin hissədə mişar daşı istehsalı ilə məşğul olmağa başlamışdır. İddiaçı tərəfindən cavabdehə xəbərdarlıq edilmiş, sahəni tərk etməsi tələb edilmişdir. Lakin cavabdeh özbaşına hərəkətləri davam etdirərək tədricən torpaq sahəsinin içərilərinə qədər irəliləmiş, torpaq sahəsinin şimal tərəfdən təxminən 1 ha hissəsini qanunsuz olaraq zəbt etmişdir. Cavabdehə dəfələrlə edilən şifahi xəbərdarlıqlar heç bir nəticə vermir. Hazırda cavabdeh həmin ərazidə qanunsuz fəaliyyətini davam etdirir. Onun bu cür qanunsuz fəaliyyəti nəticəsində iddiaçıya gündəlik zərər vurulur, iddiaçı öz əmlak istifadə hüquqlarından məhrum olur. Cavabdeh uzun müddətdir ki, iddiaçıya məxsus torpaq sahəsində qanunsuz mişar daşı istiehsalı ilə məşğul olur. Bu müddət ərzində cavabdeh iddiaçıya 56000 manat zərər vurmuşdur. Bundan əlavə, cavabdeh qanunsuz fəaliyyət göstərdiyi üçün işçilərinin əməyinin təhlükəsizliyi də təmin edilmir. Cavabdehin qanunsuz və nəzarətsiz fəaliyyəti hər an texniki qəzaya səbəb ola bilər. Cavabdehin qanunsuz fəaliyyəti ekoloji tələblərə də ziddir.Cavabdeh1 məhkəmə iclasında izahatında bildirmişdir ki,mübahisəli torpaq sahəsində qardaşı Cavabdeh2 məxsus texnika həmin ərazidədir və Samir həmin ərazidə yerləışən texnikalardan istifadə edir. Ona görə də cavabdehlərin həmin ərazidə qanunuz fəaliyyətinin qarşısı alınmalı, cavabdehlər sahədən çıxarılmalıdır. Bundan əlavə cavabdehlər tərəfindən qanunsuz zəbt edilən həmin ərazi mişar daşının istehsalı məqsədilə ayrılmış daş karxanasıdır. Cavabdeh1 və Cavabdeh2 həmin ərazini məhz qanunsuz daş istehsal etmək məqsədilə zəbt etmişdir. Hazırda cavabdehlər sahənin hər yerini zəbt etmişdir. Bu səbəbdən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Abşeron Rayonunun Dövlət X4 saxlanılan torpaqlardan iddiaçıya ayrılan 5,5 ha torpaq sahəsindən çıxarılması, zəbt edilmiş 5,5 ha torpaq sahəsinin boşaldılması, 5,5 ha torpaq sahədəki bütün texnika, qurğu və avadanlıqların çıxarılması, 5,5 ha torpaq sahəsinin iddiaçıya təhvil verilməsi, həmin torpaq sahəsindən iddiaçının sərbəst şəkildə istifadə etməsinə mane olmaq hərəkətlərinin cavabdehlərə qadağan edilməsi, cavabdehlərdən iddiaçının xeyrinə 56000 manat zərərin tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh1 məhkəmə iclasında izahatında bildirdi ki, iddia tələbini qəbul etmir. O, iddiaçıya məxsus torpaq sahəsini zəbt etməmişdir. Belə ki, 15 aprel 2009-cu il tarixdə X1 2 ha torpaq sahəsi ayrılmış və Əmrahlı Vasif ilə Abşeron icra hakimiyyəti arasında torpağın 15 il müddətin icarəyə verilməsinə dair icarə müqaviləsi bağlanmışdır. X2 qardaşı Cavabdeh2 torpaqdan istifadəyə dair müxtəlif vaxtlarda etibarnamələr vermişdir. Torpaq sahəsinə dair sənədləri də mövcuddur. İddiaçının iddia etdiyi torpaq sahəsi başqa yerdə yerləşir və onların torpaq sahələrinə heç bir aidiyyəti yoxdur. Belə ki, İddiaçı müxtəlif şəxslər barəsində analoji tipli iddia tələbləri ilə məhkəməyə müraciət etmişdir və hazırda iddiaçının adına heç bir torpaq sahəsi yoxdur. Belə ki, iddiaçı, torpaq sahələrini etibarnamə ilə 3 müxtəlif şəxsə satmışdır. Eyni zamanda, qardaşına məxsus ərazi Qaradağ rayonunda yerləşir və Abşeron rayonu ilə heç bir əlaqəsi yoxdur. Odur ki, o, iddianın rədd edilməsini xahiş edir. Cavabdeh1 nümayəndəsi və Cavabdeh2 məhkəmə iclasında izahatında bildirdi ki, o, iddianı qəbul etmir. 15 aprel 2009-cu il tarixdə X1 2 ha torpaq sahəsi ayrılmış və Əmrahlı Vasif ilə Abşeron icra hakimiyyəti arasında torpağın 15 il müddətin icarəyə verilməsinə dair icarə müqaviləsi bağlanmışdır. X2 ona torpaqdan istifadəyə dair etibarnamə vermişdir. İddiaçı özünə məxsus ola 5 ha torpaq sahəsini 315000 manata etibarnamə ilə satmışdır. İddiaçıya ayrılan torpağın heç bir koordinatı yoxdur. İddiaçının torpağı onun torpağından 800 metr məsafədə yerləşir və o, öz torpağında fəaliyyət göstərir. İddiaçı ona bildirmişdir ki, 30000 manat pul ödədiyi təqdirdə torpaq sahəsindən çıxmaya bilər. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan Abşeron rayon İcra Hakimiyyəti Başçısının 04.02.2013-ci il tarixli, 108 saylı Sərəncamı ilə Abşeron rayonunun Dövlət X4 saxlanılan torpaqlardan 5,5 ha torpaq sahəsi mişar daşının istehsalı məqsədilə 15 il müddətinə İddiaçı ayrılmışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarının araşdırılması nəticəsində müəyyən edilmişdir ki, Abşeron rayon İcra Hakimiyyəti Başçısının 04.02.2013-ci il tarixli, 108 saylı Sərəncamı ilə Abşeron rayonunun Dövlət X4 saxlanılan torpaqlardan 5,5 ha torpaq sahəsi mişar daşının istehsalı məqsədilə 15 il müddətinə İddiaçı ayrılmış, torpaq sahəsinin ayrılmasına dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Şöbəsinin 16 saylı 04.02.2013-cü il tarixli müsbət rəyi verilmiş, həmin torpaq sahəsinin ilkin torpaqayırma sənədləri tərtib edilərək torpağa dair icarə müqaviləsi bağlanılmışdır.Lakin,məhkəmədə sübutların tədqiqatı zamanı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçıya ayrılan 5,5 ha torpaq sahəsindən istifadə etmələrinin hüquqi əsasları ilə bağlı heç bir rəsmi sənəd müəyyən edilməmişdir.Ona görə də məhkəmə qeyd olunan faktiki halları əsas götürərək hesab edir ki, heç bir hüquqi əsas olmadan cavbdehlərin mübahisəli ərazidən istifadə edərək torpaq sahəsindən könüllü çıxmamaları İddiaçı qanunla qorunan əmlak hüququnun pozulması ilə nəticələnir. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Abşeron Rayonunun Dövlət X4 saxlanılan torpaqlardan İddiaçı ayrılan, iş materiallarında olan dövlət torpaq və xəritəçəkmə komitəsinin Abşeron rayon şöbəsiniun müdiri tərəfindən təstiq edilmiş, torpaqların yerquruluşu planından çıxarışda göstərilən 5,5 ha torpaq sahəsinin hüdudları daxilindən çıxarılmalı, 5,5 ha torpaq sahəsindəki bütün texnika, qurğu və avadanlıqlar çıxarılmaqla, torpaq sahəsi boşaldılmalı, 5,5 ha torpaq sahəsi İddiaçı təhvil verilməli və həmin torpaq sahəsindən İddiaçı sərbəst şəkildə istifdə etməsinə mane olmaq hərəkətləri cavabdehlərə qadağan edilməlidir.Cavabdehlərin İddiaçı ayrılmış torpaq sahəsindən deyil, başqa torpaq sahəsindən istifadə etmələri barədə verdikləri izahatlarla bağlı cavabdehlərin iddia etdikləri torpaq görə sonunculara məxsus hüquqi sənəd müəyyən edilmədiyindən məhkəmə həmin izahatlara tənqidi yanaşmış və torpaqla bağlı cavabdehlərə məxsus hüquqi sənəd müəyyən edilmədiyindən mülki işin lüzumsuz uzadılmaması üçün ekspertiza keçirilməsini də məqsədə müvafiq hesab etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən istifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 158.2-ci maddəsinə görəəmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 158.4-cü maddəsinə görə mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 164-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericiliklə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Məhkəmə iddia tələbinin cavabdehlər tərəfindən İddiaçı 56000 manat zərər vurulmasına dair hissəsi ilə bağlı qeyd edir ki, bu hissə ilə bağlı idiaçının vəkili-nümayəndəsi izahatından başqa məhkəməyə hər hansı bir digər sübut təqdim etmədiyindən iddia tələbi həmin hissədə rədd edilməlidir Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Abşeron Rayonunun Dövlət X4 saxlanılan torpaqlardan İddiaçı ayrılan 5,5 ha torpaq sahəsindən çıxarılsın, 5,5 ha torpaq sahəsindəki bütün texnika, qurğu və avadanlıqlar çıxarılmaqla, torpaq sahəsi boşaldılsın, 5,5 ha torpaq sahəsi İddiaçı təhvil verilsin və həmin torpaq sahəsindən İddiaçı sərbəst şəkildə istifdə etməsinə mane olmaq hərəkətləri cavabdehlərə qadağan edilsin. İddia tələbi 56000 manat zərərin tutulması hissəsində rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar