Məhkəmə qərarları › İş №2(105)-83/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-83/2024

11.06.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maneənin aradan qaldırılması - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-83/2024 11.06.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X7 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdeh2, onun vəkili və nümayəndəsi Nümayəndə, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin boşaldılması, torpaq sahəsindəki bütün texnika, qurğu və avadanlıqların çıxarılması, torpaq sahəsinin iddiaçıya təhvil verilməsi, həmin torpaq sahəsindən iddiaçının sərbəst şəkildə istifdə etməsinə mane olmaq hərəkətlərinin cavabdehlərə qadağan edilməsi və maddi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-2701/2021 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Abşeron rayon İcra Hakimiyyəti Başçısının 04 fevral 2013-ci il tarixli sərəncamı ilə Abşeron rayonunun Dövlət X6 saxlanılan torpaqlardan 5,5 ha torpaq sahəsi mişar daşının istehsalı məqsədilə 15 il müddətinə icarə qaydasında İddiaçı ayrılması haqqında tərtib edilmiş icarə müqaviləsi və digər torpaqayırma sənədləri təsdiq edilmişdir.

2. İşdə olan Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 15 aprel 2009-cu il tarixli, 264 saylı sərəncamının surətindən görünür ki, Abşeron rayonunun Dövlət X6 saxlanılan torpaqlardan 2,0 ha torpaq sahəsi mişar daşının istehsalı məqsədilə 15 il müddətinə icarə qaydasında X3 ayrılması haqqında tərtib edilmiş icarə müqaviləsi və digər torpaqayırma sənədləri təsdiq edilmişdir.

3. İşdə olan xx.xx.2021-ci il tarixli etibarnamədən görünür ki, X1 Rayon İcra Hakimiyyəti Başçısının 15 aprel 2009-cu il il tarixli, 264 saylı sərəncamı ilə onun icarəsinə verilmiş Abşeron rayonu, Güzdək Bələdiyyəsinin hüdudları daxilində 2,0 ha torpaq sahəsinə dair icarə hüququna sərəncam verməyi və s. hüquqlarını 10 il müddətinə Cavabdeh2 etibar etmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 Abşeron rayonunun Dövlət X6 saxlanılan torpaqlardan ona ayrılan 5,5 ha torpaq sahəsinin şimal tərəfdən 1,0 ha hissəsindən çıxarılması, zəbt edilmiş sahənin boşaldılması, ona vurduğu zərərə görə cavabdehdən 56.000 manat məbləğində zərərin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Bundan sonra, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərərək Cavabdeh1 Abşeron Rayonunun Dövlət X6 saxlanılan torpaqlardan ona ayrılan 5,5 ha torpaq sahəsindən çıxarılması, zəbt edilmiş 5,5 ha torpaq sahəsinin boşaldılması, 5,5 ha torpaq sahədəki bütün texnika, qurğu və avadanlıqların çıxarılması, 5,5 ha torpaq sahəsinin ona təhvil verilməsi, həmin torpaq sahəsindən onun sərbəst şəkildə istifadə etməsinə mane olmaq hərəkətlərinin cavabdehlərə qadağan edilməsi, cavabdehlərdən onun xeyrinə 56.000 manat zərərin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Daha sonra, iddiaçının vəkili və nümayəndəsi ərizə verərək Cavabdeh2 da iş üzrə cavabdeh qismində, X2 isə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayon İcra Hakimiyyəti Başçısının 108 saylı xx.xx.2013-ci il tarixli Sərəncamı ilə Abşeron rayonunun Dövlət X6 saxlanılan torpaqlardan 5,5 ha torpaq sahəsi mişar daşının istehsalı məqsədilə 15 il müddətinə İddiaçı ayrılmışdır. Torpaq sahəsinin ayrılmasına dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin 16 saylı xx.xx.2013-cü il tarixli müsbət rəyi verilmişdir. Həmin torpaq sahəsinin ilkin torpaqayırma sənədləri tərtib edilmiş, torpağa dair müvafiq müqavilə bağlanılmışdır. Torpaq sahəsindən təyinatı üzrə istifadə edilmiş və heç bir qanun pozuntusuna yol verilməmişdir. Cavabdeh1 bir neçə ay bundan əvvəl iddiaçıya məxsus torpaq sahəsinin şimal hissəsindən əraziyə daxil olaraq özbaşına şəkildə həmin hissədə mişar daşı istehsalı ilə məşğul olmağa başlamışdır. İddiaçı tərəfindən cavabdehə xəbərdarlıq edilmiş, sahəni tərk etməsi tələb edilmişdir. Lakin cavabdeh özbaşına hərəkətləri davam etdirərək tədricən torpaq sahəsinin içərilərinə qədər irəliləmiş, torpaq sahəsinin şimal tərəfdən təxminən 1 ha hissəsini qanunsuz olaraq zəbt etmişdir. Cavabdehə dəfələrlə edilən şifahi xəbərdarlıqlar heç bir nəticə vermir. Hazırda cavabdeh həmin ərazidə qanunsuz fəaliyyətini davam etdirir. Onun bu cür qanunsuz fəaliyyəti nəticəsində iddiaçıya gündəlik zərər vurulur, iddiaçı öz əmlak istifadə hüquqlarından məhrum olur. Cavabdeh uzun müddətdir ki, iddiaçıya məxsus torpaq sahəsində qanunsuz mişar daşı istehsalı ilə məşğul olur. Bu müddət ərzində cavabdeh iddiaçıya 56.000 manat zərər vurmuşdur. Bundan əlavə, cavabdeh qanunsuz fəaliyyət göstərdiyi üçün işçilərinin əməyinin təhlükəsizliyi də təmin edilmir. Cavabdehin qanunsuz və nəzarətsiz fəaliyyəti hər an texniki qəzaya səbəb ola bilər. Cavabdehin qanunsuz fəaliyyəti ekoloji tələblərə də ziddir. Cavabdeh1 bildirmişdir ki, mübahisəli torpaq sahəsində qardaşı Cavabdeh2 məxsus texnika həmin ərazidədir və Samir həmin ərazidə yerləşən texnikalardan istifadə edir. Ona görə də, cavabdehlərin həmin ərazidə qanunsuz fəaliyyətinin qarşısı alınmalı, cavabdehlər sahədən çıxarılmalıdır. Bundan əlavə cavabdehlər tərəfindən qanunsuz zəbt edilən həmin ərazi mişar daşının istehsalı məqsədilə ayrılmış daş karxanasıdır. Cavabdeh1 və Cavabdeh2 həmin ərazini məhz qanunsuz daş istehsal etmək məqsədilə zəbt etmişdir.

8. Məhkəmə iclasında Cavabdeh1 izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. O, iddiaçıya məxsus torpaq sahəsini zəbt etməmişdir. Belə ki, 15 aprel 2009-cu il tarixdə X3 2 ha torpaq sahəsi ayrılmış və Əmrahlı Vasif ilə Abşeron Rayon İcra Hakimiyyəti arasında torpağın 15 il müddətin icarəyə verilməsinə dair icarə müqaviləsi bağlanmışdır. X5 qardaşı Cavabdeh2 torpaqdan istifadəyə dair müxtəlif vaxtlarda etibarnamələr vermişdir. Torpaq sahəsinə dair sənədləri də mövcuddur. İddiaçının iddia etdiyi torpaq sahəsi başqa yerdə yerləşir və onların torpaq sahələrinə heç bir aidiyyəti yoxdur. Belə ki, İddiaçı müxtəlif şəxslər barəsində analoji tipli iddia tələbləri ilə məhkəməyə müraciət etmişdir və hazırda iddiaçının adına heç bir torpaq sahəsi yoxdur. Belə ki, iddiaçı, torpaq sahələrini etibarnamə ilə 3 müxtəlif şəxsə satmışdır. Eyni zamanda, qardaşına məxsus ərazi Qaradağ rayonunda yerləşir və Abşeron rayonu ilə heç bir əlaqəsi yoxdur.

9. İşdə olan Abşeron Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2013-ci il tarixli, 108 saylı Sərəncamının surətindən görünür ki, Abşeron rayonunun Dövlət X6 saxlanılan torpaqlardan 5,5 ha torpaq sahəsi mişar daşının istehsalı məqsədilə 15 il müddətinə icarə qaydasında İddiaçı ayrılması haqqında tərtib edilmiş icarə müqaviləsi və digər torpaqayırma sənədləri təsdiq edilmişdir.

10. İşdə olan Abşeron Rayon İcra Hakimiyyəti ilə İddiaçı arasında 2013-cü ildə bağlanmış icarə müqaviləsindən görünür ki, Abşeron rayonunun Dövlət X6 saxlanılan torpaqlardan 5,5 ha torpaq sahəsi 15 il müddətinə İddiaçı icarəyə verilmişdir. Müqavilənin 6-cı bəndində müəyyən edilmişdir ki, bu müqavilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı gündən etibarlı sayılır.

11. İşdə olan Abşeron Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2009-cu il tarixli, 264 saylı Sərəncamının surətindən görünür ki, Abşeron rayonunun Dövlət X6 saxlanılan torpaqlardan 2,0 ha torpaq sahəsi mişar daşının istehsalı məqsədilə 15 il müddətinə icarə qaydasında X3 ayrılması haqqında tərtib edilmiş icarə müqaviləsi və digər torpaqayırma sənədləri təsdiq edilmişdir.

12. İşdə olan Abşeron Rayon İcra Hakimiyyəti ilə X5 arasında 2009-cu ildə bağlanmış icarə müqaviləsindən görünür ki, Abşeron rayonunun Dövlət X6 saxlanılan torpaqlardan 2,0 ha torpaq sahəsi 15 il müddətinə X3 icarəyə verilmişdir.

13. İşdə olan xx.xx.2021-ci il tarixli etibarnamədən məlum olur ki, X1 Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2009-cu il il tarixli, 264 saylı sərəncamı ilə onun icarəsinə verilmiş Abşeron rayonu, Güzdək Bələdiyyəsinin hüdudları daxilində 2,0 ha torpaq sahəsinə dair icarə hüququna sərəncam verməyi və s. hüquqlarını 10 il müddətinə Cavabdeh2 etibar etmişdir.

14. İşdə olan Abşeron Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-2701/2021 nömrəli xx.xx.2021-ci il tarixli icra sənədi məhkəməyə qaytarılmışdır. Həmin qərardan məlum olur ki, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubunda İddiaçı ayrılan 5.5 ha torpaq sahəsinə dair hüquqmüəyyənedici və texniki kadastr sənədləri (torpaq sahəsinin çıxarışı, torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinantları) təqdim olunmadığından naturada 5.5 ha torpaq sahəsinin tanıdılması mümkün olmamışdır.

15. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-2701/2021 nömrəli qətnaməsi ilə (hakim E.Məmmədov) iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Abşeron Rayonunun Dövlət X6 saxlanılan torpaqlardan İddiaçı ayrılan 5,5 ha torpaq sahəsindən çıxarılmaları, 5,5 ha torpaq sahəsindəki bütün texnika, qurğu və avadanlıqlar çıxarılmaqla, torpaq sahəsinin boşaldılması, 5,5 ha torpaq sahəsinin İddiaçı təhvil verilməsi və həmin torpaq sahəsindən İddiaçı sərbəst şəkildə istifadə etməsinə mane olmaq hərəkətlərin cavabdehlərə qadağan edilməsi, iddia tələbinin 56.000 manat zərərin tutulması hissəsində rədd edilməsi qət edilmişdir.

16. Məhkəmə qətnaməsi onunla əsaslnadırılmışdır ki, heç bir hüquqi əsas olmadan cavabdehlərin mübahisəli ərazidən istifadə edərək torpaq sahəsindən könüllü çıxmamaları İddiaçı qanunla qorunan əmlak hüququnun pozulması ilə nəticələnir.

17. Məhkəmə iddia tələbinin cavabdehlər tərəfindən İddiaçı 56.000 manat zərər vurulmasına dair hissəsi ilə bağlı qeyd etmişdir ki, bu hissə ilə bağlı iddiaçının vəkili izahatından başqa məhkəməyə hər hansı sübut təqdim etmədiyindən iddia tələbi həmin hissədə rədd edilməlidir.

18. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Mülki Məcəllənin 152, 158, 164, 165ci, Torpaq Məcəlləsinin 84-cü, Mülki Prosessual Məcəllənin 14, 77 və 217-ci maddələrinə istinad etmişdir.

a) apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

19. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 eyni məzmunlu apellyasiya şikayətləri verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.

20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə bir sıra maddi və prosessual hüquq normaları pozulmaqla və düzgün tətbiq olunmamaqla çıxarıldığından qanunsuzdur. Qeyd edilən qətnamə işin faktiki hallarının tam hərtərəfli və obyektiv araşdırılması və tərəflərin sübutlarının qiymətləndirilməsi ilə bağlı məhkəmənin üzərinə düşən vəzifələr yerinə yetirilməməklə qəbul edilmişdir. İddiaçının torpaq sahəsindən çıxarılması ilə bağlı tələbin təmin edilməsi işin həqiqi hallarına uyğun deyildir. Bu halın müəyyən edilməsi MPM-in tələblərinə uyğun olaraq məhkəmə-mühəndis və məhkəmə texniki ekspertizalar təyin edilməli və iddiaçıya məxsus torpaq sahəsinin koordinatları, sərhədləri konturları müəyyən edilməklə zəbt olunma faktının olub olmaması aydınlaşdırılmalı idi. Yalnız bundan sonra iş üzrə düzgün hüquqi qiymətləndirilmə aparıla bilərdi. Lakin məhkəmə qərəzli mövqe tutaraq iddiaçının tələbini tam obyektiv, hərtərəfli araşdırmadan sübut kimi qiymətləndirilmişdir. İddiaçının torpaq sahəsi üzrə hüquqları dövlət torpaq kadastrında qeydiyyata alınmamış və daşınmaz əmlakın dövlət reyestr çıxarışı yoxdur. Odur ki, iddiaçı torpaq sahəsinə dair hər hansı hüquqa malik deyildir. İddiaçı ilə Abşeron icra hakimiyyəti arasında 14 fevral 2013-cü ildə bağlanan torpaq sahəsi ilə bağlı icarə müqaviləsinin 6-cı bəndində müqavilənin qüvvəyə minməsi həmin müqavilənin etibarlı olması torpaq sahəsinin dövlət qeydiyyatına alındıqdan sonra yarandığı birmənalı göstərilmişdir. Qeyd edilən müqavilənin şərtləri pozulduğuna görə hazırda heç bir hüquqi qüvvəsi yoxdur. İddiaçının torpaq sahəsinə dair hüquqlarının qeydə alınması və torpaq sahəsinin ona qanuni əsaslarla verilməsi müəyyən edilmədiyindən iş materiallarındakı sənədlərlə onun mübahisəli torpaq sahəsinə hüququ olan şəxs hesab etmək olmaz.

21. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(105)-779/2022 nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilərək qətnamə ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin edilməmişdir.

22. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə bağlı mövqeyi ondan ibarət olmuşdur ki, işin obyektiv və hərtərəfli araşdırılıb əsaslı nəticəyə gəlmək üçün mübahisəli torpaq sahəsinin düzgün hüquqi rejimi müəyyən olunmalıdır. İşin tədqiq olunan faktiki hallarından məlum olur ki, mübahisəli ərazidə yerləşən torpaq sahələri Abşeron rayonunun Dövlət X6 saxlanılan torpaq sahələri kimi Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya və X3 icarəyə verilsə də, həmin torpaq sahələrinə dair torpaqayırma sənədləri hazırlanıb başa çatdırılmadığından, ayrılmış torpaq sahələrinin döngə nöqtələrinin kordinatları müəyyən edilmədiyindən dəqiq ərazi aidiyyətini müəyyən etmək mümkün deyildir. Belə ki, işdə olan (2-ci cild, səh 116126) sənədlərdən belə məlum olur ki, torpağı Abşeron RİH ayırsa da, həmin torpaq sahələrinin tam, yaxud bir hissəsi Qaradağ rayonunun inzibati ərazisinə düşür. Qeyd olunan səbəblərdən Abşeron rayonu İcra və probasiya şöbəsi tərəfindən iddianı təmin tədbirinə dair məhkəmə qərarının icrası da mümkün olmamışdır. Ən başlıcası isə hər iki müqavilədə xüsusi şərt kimi müqavilənin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı gündən etibarlı sayılması, başqa sözlə qüvvəyə minməsi qeyd edilmişdir. İşin tədqiq olunan faktiki hallarından göründüyü kimi hər iki müqavilə üzrə hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, torpaq sahələrini plan və ölçüləri tərtib edilib təsdiq edilməmişdir.

23. Mübahisə predmeti olan torpaq sahəsi üzərində iddiaçının hüquqları dövlət qeydiyyatına alınmadığı üçün, başqa sözlə həmin torpaq sahəsinə dair hüquqmüəyyənedici və texniki kadastr sənədləri o cümlədən, torpaq sahəsinin çıxarışı, torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları mövcud olmadığından hazırkı mübahisənin məhkəmə müstəvisində obyektiv həllinə nail olmaq qeyri-mümkündür.

24. Hazırki iş üzrə iddiaçı iddia etdiyi torpaq sahəsindən, onun istifadə və sahiblik hüquqlarına yaradılan maneələrin aradan qaldırılmasını tələb etməkdə haqlı olmadığı kimi subyektiv hüquqa da malik olmamışdır.

25. İddiaçı tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir.

26. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Mülki Məcəllənin 139, Torpaq Məcəlləsinin 67, 68, “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 iyul 2008-ci il tarixli Qərarına istinad etmişdir.

a) kassasiya instansiyası məhkəməsindəki icraat

27. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilib iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

28. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(102)- 216/2023 nömrəli qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş və Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(105)-779/2022 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.

29. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, Abşeron Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2009-cu il tarixli sərəncamı ilə Abşeron rayonu, Güzdək Bələdiyyəsinin hüdudları daxilində, Dövlət X6 saxlanılan torpaqlardan 2,0 ha torpaq sahəsi mişar daşının istehsalı məqsədilə 15 il müddətinə X3 ayrılmış, sonuncu həmin torpaq sahəsini cavabdehlərin istifadəsinə vermişdir. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, X2 faktiki istifadəsində olan torpaq sahəsi 3,83 ha təşkil edir. Apellyasiya məhkəməsi mübahisəni həll edərkən həmin xüsusata da diqqət yetirməmişdir.

30. Apellyasiya məhkəməsi iş üzrə gəldiyi nəticəni həm də onunla əsaslandırmışdır ki, tərəflər, həm iddiaçı, həm də cavabdehlər qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olurlar. Onlar icarə müqaviləsinə istinad edərək torpaq sahələrinə istifadə və sahiblik hüquqlarının mövcudluğunu iddia etsələr də və faktiki olaraq həmin torpaq sahələrində fəaliyyət göstərsələr də, heç biri onlara icarəyə verilmiş torpaq sahələri üçün icarə haqlarının ödənilməsinə dair məhkəməyə heç bir sənəd təqdim edə bilməmişlər.

31. Məhkəmə kollegiyası apellyasiya məhkəməsi tərəfindən ifadə edilmiş həmin yanaşmaya münasibət bildirməyi zəruri hesab edərək qeyd edir ki, dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi qanunsuz sahibkarlıq hesab edilir ki, bu da vurulmuş ziyanın həcminə görə müvafiq olaraq inzibati və ya cinayət məsuliyyəti yaradan əməldir.

32. Apellyasiya məhkəməsi bununla bağlı mübahisə olmadığı halda iddiaçı və cavabdehlərin icarə haqlarını ödəməməsi məsələsinə qiymət vermişdir ki, torpağın icarə haqqı torpaqdan müddətli istifadəyə görə icarəçinin icarəyəverənə ödədiyi vəsait olmaqla, onu ödəmək icarəçinin vəzifəsi, həmin ödənişin icrasını tələb etmək isə icarəyəverənin hüququdur.

33. İcarəçinin bu vəzifəsinə əməl etməməsi isə, icarəyəverənin müvafiq tələbi əsasında müqavilə üzrə öhdəliyin pozulması və ya lazımınca icra edilməməsi kimi qiymətləndirilə, bununla da qanunvericiliklə və ya müqavilə ilə müəyyənləşdirilmiş nəticəyə səbəb ola bilər.

34. Beləliklə, apellyasiya məhkəməsi hazırki mübahisəyə mülki qanunvericiliyin sadalanan normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verməməklə, iş üzrə qanuni və əsaslı olmayan qətnamə qəbul etmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

35. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2, onun vəkili və nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdilər.

36. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdi.

37. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətlərinə etiraz edərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

38. Məhkəmə iclasının yeri və vaxtı barədə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslərə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

39. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

40. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.

41. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.

42. Maddə 158.4 Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.

43. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir.

44. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin.

Torpaq Məcəlləsi

45. Maddə 67. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir.

46. Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

47. Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericiliklə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

48. Maddə 8. Qanun və məhkəmə qarşısında bərabərlik 8.1. Mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. 8.2. Məhkəmə irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən, hüquqi şəxsin olduğu yerdən, tabeliyindən, mülkiyyət formasından və qanunda nəzərdə tutulmayan başqa fərqlərdən asılı olmayaraq işdə iştirak edən bütün şəxslərə eyni cür yanaşır. 8.3. Bu Məcəllənin 8.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə işdə iştirak edən şəxslərə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz.

49. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

50. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

51. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

52. Maddə 89. Yazılı sübutlar 89.1. Yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. (...)

53. Maddə 101. Ekspert rəyi 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

54. Maddə 103. Ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

55. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı (...) 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (...)

56. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

57. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. (...)

58. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

59. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

60. Maddə 420. Kassasiya məhkəməsinin göstərişlərinin məcburiliyi Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

61. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(102)- 216/2023 nömrəli qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş və Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(105)-779/2022 nömrəli qətnaməsi ləğv edilərək iş apellyasiya instansiyası məhkəməsinə göndərildiyindən hazırda birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi cavabdehlərin apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq qətnamə tam şəkildə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

62. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia rədd edilməlidir.

63. Baxılan mübahisə torpaq sahəsinə sahibliyin müdafiəsi ilə bağlıdır, belə ki, iddiaçı onun qanuni sahibliyində olan torpaq sahəsinin bir hissəsinin cavabdehlər tərəfindən heç bir qanuni əsas olmadan tutulduğuna və dəfələrlə edilmiş xəbərdarlıqlara məhəl qoymayaraq, qanunsuz sahibliyin davam etdirilməsinə istinad edərək hazırki iddia tələbini irəli sürmüşdür.

64. İddiaçı tələbini həmin torpaq sahəsinə icarəçi kimi istifadə və sahiblik hüququnun olması ilə əsaslandırır.

65. İşin mübahisələndirilməyən hallarına görə, iddiaçıya Abşeron rayon İcra Hakimiyyəti Başçısının 04 fevral 2013-ci il tarixli sərəncamı ilə mişar daşının istehsalı məqsədilə 5,5 ha torpaq sahəsi 15 il müddətinə icarə qaydasında ayrılmış, torpaq sahəsinin ayrılmasına dair müvafiq orqanın razılığını əks etdirən rəy alınmış, bundan sonra Abşeron rayon İcra Hakimiyyəti ilə iddiaçı arasında icarə müqaviləsi bağlanılmışdır.

66. Mülki prosessual qanunvericiliyin tələblərinə, o cümlədən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra qərarlarında ifadə edilmiş hüquqi mövqeyə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edən şəxs ilk növbədə hər hansı qanunla qorunan hüquq və azadlıqlarının və yaxud maraqlarının pozulmasını, eləcə də bununla bağlı tələb etmək hüququnun olmasını sübut etməlidir.

67. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsində göstərilir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

68. Prinsip etibarilə, qanunverici tərəfindən iddiaçının yalnız qanuni hüquq və mənafelərinin məhkəmə müdafiəsinə təminat verilir, iddiaçının hüququ olduğunu ehtimal etdiyi və pozulduğuna istinad etdiyi, lakin qanuni əsası olmayan tələblərin məhkəmə tərəfindən təmin edilməsi istisna edilir.

69. Məhkəmə kollegiyasının araşdırması zamanı işin mübahisə edilməyən digər halına əsasən Abşeron Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2009-cu il tarixli, 264 saylı sərəncamı ilə Abşeron rayonu Güzdək Bələdiyyəsinin hüdudları daxilində, Dövlət X6 saxlanılan torpaqlardan 2,0 ha torpaq sahəsi mişar daşının istehsalı məqsədilə 15 il müddətinə X3 ayrılmışdır.

70. Mülki Məcəllənin daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasları müəyyən edən 139-1-ci maddəsində qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti tərəfindən dövlətə məxsus olan daşınmaz əmlakın icarəsinə dair qəbul olunmuş aktlar həmin əsaslardan biri kimi təsbit edilmişdir.

71. İşin hallarından göründüyü kimi mübahisə edilən torpaq sahəsinin icra hakimiyyəti tərəfindən iddiaçıya icarəyə verilməsinə dair aktı və bunun əsasında iddiaçı ilə müvafiq icra hakimiyyəti arasında bağlanmış icarə müqaviləsi mövcuddur.

72. Mülki Məcəllənin icarə müqaviləsinin əsaslarını müəyyən edən 700-cü maddəsinin tələblərinə görə, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

73. Həmin maddənin məzmunundan da görünür ki, icarə müqaviləsi ilə bir tərəf (icarəyə verən) icarə predmetindən istifadəni qarşı tərəfə vermək öhdəliyi daşıyır, qarşı tərəf isə (icarəçi) bunun müqabilində ona əvəz ödəməyi öhdəsinə götürür. İcarə müqaviləsi bağlandığı andan etibarən onların bu müqavilə üzrə hüquq və öhdəlikləri yaranmış olur.

74. Hazırda İddiaçı iddia edir ki, cavabdehlər ona məxsus torpaq sahəsinin şimal hissəsindən əraziyə daxil olaraq özbaşına şəkildə həmin hissədə mişar daşı istehsalı ilə məşğul olmağa başlamışdır. Onun torpaq sahəsinin şimal tərəfdən təxminən 1 ha hissəsini qanunsuz olaraq zəbt etmişlər.

75. Birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisə üzrə obyektiv nəticəyə gəlinməsini təmin etmək üçün iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsini təmin etməməmiş və gəldiyi bu nəticəni onunla əsaslandırmışdır ki, cavabdehlərə məxsus hüquqi sənəd müəyyən edilmədiyindən mülki işin lüzumsuz uzadılmaması üçün ekspertiza keçirilməsinə də ehtiyac yoxdur.

76. Sadalanan işin faktiki hallarından göründüyü kimi hər iki tərəf torpaq sahəsindən istifadə etmək üçün müvafiq sənədlərə malik olmuşdurlar. Odur ki, birinci instansiya məhkəməsinin cavabdehlərə məxsus hüquqi sənədin müəyyən edilməməsi barədə gəldiyi qənaəti məhkəmə kollegiyası əsassız hesab edir.

77. Hazırkı apellyasiya icraatı zamanı məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(105)-978/2023 nömrəli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspert qarşısına cavablandırılması üçün qeyd olunan suallar qoyulmuşdur: 1. Abşeron Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2013-ci il tarixli, 108 saylı sərəncamına əsasən Abşeron rayonunun Dövlət X6 saxlanılan torpaqlardan mişar daşının istehsalı məqsədilə 15 il müddətinə İddiaçı ayrılmış 5,5 ha torpaq sahəsinin sənəd üzrə sərhədləri müəyyən edilsin. 2. Abşeron Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2009-cu il il tarixli, 264 saylı sərəncamına əsasən Abşeron rayonu, Güzdək bələdiyyəsinin hüdudları daxilində, Dövlət X6 saxlanılan torpaqlardan mişar daşının istehsalı məqsədilə 15 il müddətinə X3 ayrılmış 2,0 ha torpaq sahəsinin sənəd üzrə sərhədləri müəyyən edilsin. 3. Əgər həmin torpaq sahələrinin sənəd üzrə üst-üstə düşən hissələri mövcuddursa həmin hissələri və ölçüləri müəyyən edilsin. 4. Əgər torpaq sahələrinin sənəd üzrə yerləşdiyi yerin sərhədlərini müəyyən etmək mümkün deyildirsə, iddia edilən mübahisəli 5.5 ha torpaq sahəsinin ölçüləri və faktiki yerləşdiyi yer yuxarıda göstərilən xx.xx.2013-ci il tarixli sərəncama uyğundurmu ? 5. İddia edilən sahəsi 5.5 ha olan mübahisəli torpaq sahəsi Abşeron rayonunun Dövlət X6 saxlanılan torpaq sahəsinə aiddirmi (və ya ayrılan vaxt aid olmuşdurmu)? 6. Əgər aid deyildirsə hansı rayonun inzibati ərazisinə və hansı növ torpaq sahələrinə aiddir ? 7. Cavabdeh tərəfin istifadəsində olan torpaq sahəsi Abşeron rayonu, Güzdək bələdiyyəsinin hüdudları daxilində Dövlət X6 saxlanılan torpaq sahəsinə aiddirmi (və ya ayrılan vaxt aid olmuşdurmu)? 8. Əgər aid deyildirsə hansı rayonun inzibati ərazisinə və hansı növ torpaq sahələrinə aiddir ? 9. İş materiallarında olan xx.xx.2021-ci il tarixli məktubda və xx.xx.2021-ci il tarixli arayışda (İ cild, iş v. 84 və 124) göstərilən cavabdeh tərəfin faktiki olaraq istifadəsində olan torpaq sahəsi iddiaçıya Abşeron Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2013-ci il tarixli, 108 saylı sərəncamı ilə ayrılmış 5.5 ha torpaq sahəsi ilə üst-üstə düşürmü? 10.Əgər düşürsə üst-üstə düşən hissələr və ölçüləri müəyyən edilsin.

78. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubu ilə bildirilmişdir ki, aparılan araşdırma zamanı elektron kadastr baza və arxiv məlumatlarına əsasən qeyd olunan ünvanda yerləşən torpaq sahəsinin Abşron rayonunun inzibati ərazi vahidliyinə aid ərazidə yerləşmədiyi müəyyən edilmişdir. Qeyd edilənləri nəzərə alaraq aidiyyəti üzrə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilməsi tövsiyyə edilmişdir.

79. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyi və Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/2572 nömrəli ekspert rəyindən görünür ki, qərardadın birinci, ikinci, üçüncü, dördüncü, beşinci, altıncı, yeddinci səkkizinci, doqquzuncu və onuncu sualları üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-30/2-8554/2024 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, İddiaçı nümayəndəsi iddia olunan sahənin sərhədlərini naturada göstərə bilmədi (sahə iddiaçı tərəfindən istifadə edilmir). Digər tərəf olan cavabdeh X2 nümayəndəsinin şərti sərhədlərlə göstərilən və faktiki istifadəsində olan sahənin döngə nöqtələrinin koordinatları yerində müəyyən edildi. Şərti sərhədlərlə göstərilən sahə faktiki olaraq 0.6927 ha təşkil edir. Faktiki olaraq göstərilən 0.6927 ha torpaq sahəsinin koordinatları əlavə olunur. X= 384921.00, Y= 4470358.00, X= 384893.00, Y= 4470450.00, X= 384963.00, Y= 4470480.00, X= 384989.00, Y= 4470399.00.

80. İddiaçının iddia etdiyi və cavabdeh tərəfindən göstərilən sahəyə dair sənəd təqdim edilmədiyindən müqayisəli araşdırılması və qərardadda qeyd olunan sualları cavablandırmaq mümkün olmamışdır.

81. Vahid elektron kadastr baza məlumatlarına əsasən şərti sərhədlərlə göstərilən sahə Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsinin ərazi hüdudları daxilində yerləşir. Sahə “Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar” kateqoriyasına aid olmaqla Dövlət mülkiyyəti torpağıdır. Sahənin qeydiyyatı barədə məlumat yoxdur.

82. İş üzrə təkrar ekspertizanın keçirilməsi üçün iddiaçı tərəf mövcud ekspert rəyinin əsassızlığına dair məhkəməyə sübut təqdim etmədiyindən, məhkəmə kollegiyası yuxarıda adı çəkilən ekspert rəyini MPM-in 103-cü maddəsinə əsasən hazırkı iş üzrə mötəbər sübut kimi qiymətləndirir.

83. Belə ki, MPM-in 102.2-ci maddəsinə əsasən, məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.

84. Bundan başqa, işin tədqiq olunan faktiki hallarından məlum olur ki, mübahisəli ərazidə yerləşən torpaq sahələri Abşeron rayonunun Dövlət X6 saxlanılan torpaq sahələri kimi Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya və X3 icarəyə verilsə də, həmin torpaq sahələrinə dair torpaqayırma sənədləri hazırlanıb başa çatdırılmadığından, ayrılmış torpaq sahələrinin döngə nöqtələrinin kordinatları müəyyən edilmədiyindən dəqiq ərazi aidiyyatını müəyyən etmək mümkün deyildir. Belə ki, işdə olan (2-ci cild, səh 116-126) sənədlərdən belə məlum olur ki, torpağı Abşeron RİH ayırsa da, həmin torpaq sahələrinin tam, yaxud bir hissəsi Qaradağ rayonunun inzibati ərazisinə düşür. Qeyd olunan səbəblərdən Abşeron rayonu İcra və Probasiya şöbəsi tərəfindən iddianı təmin tədbirinə dair məhkəmə qərarının icrası da mümkün olmamışdır.

85. Belə ki, işdə olan Abşeron Rayon İcra və probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-2701/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi məhkəməyə qaytarılmışdır. Həmin qərardan məlum olur ki, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubunda İddiaçı ayrılan 5.5 ha torpaq sahəsinə dair hüquqmüəyyənedici və texniki kadastr sənədləri (torpaq sahəsinin çıxarışı, torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinantları) təqdim olunmadığından naturada 5.5 ha torpaq sahəsinin tanıdılması mümkün olmamışdır.

86. Göründüyü kimi cavabdeh tərəfin etibarnamə əsasında istifadə etdiyi Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2009-cu il tarixli, 264 saylı sərəncamına əsasən mişar daşının istehsalı məqsədilə icarə qaydasında X3 ayrılmış torpaq sahəsi 2,0 ha olduğu halda, cavabdeh tərəfin istifadə etdiyi torpaq sahəsinin şərti sərhədlərlə ekspert rəyinə əsasən faktiki olaraq 0.6927 ha təşkil etdiyi müəyyən olunmuş, cavabdehlər tərəfindən iddiaçının icarə hüququ əsasında istifadəsinə verilmiş 5.5 ha torpaq sahəsinin hər hansı hissəsinin zəbt edilməsi halı müəyyən olunmamışdır. Odur ki, mövcud mübahisə üzrə cavabdehlər tərəfindən iddiaçının torpaq sahəsindən istifadə etmələri barədə dəlillər əsaslı hesab oluna bilməz.

87. Cavabdehlər tərəfindən iddiaçının torpaq sahəsindən istifadə etmələri sadalanan xüsusatlara görə müəyyən edilmədiyindən, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının cavabdehlərə qarşı torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin boşaldılması, torpaq sahəsindəki bütün texnika, qurğu və avadanlıqların çıxarılması, torpaq sahəsinin təhvil verilməsi, həmin torpaq sahəsindən sərbəst şəkildə istifadə etməsinə mane olmaq hərəkətlərinin cavabdehlərə qadağan edilməsi və maddi zərərin ödənilməsi barədə tələbi təmin edilməməlidir.

88. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür.

89. Nəzərə almaq lazımdır ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

90. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.

91. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəmə işin bütün faktiki hallarını araşdırmayaraq iddianın qismən təmin edilməsi barədə düzgün olmayan nəticəyə gəlmişdir.

92. Azərbaycan Respublikası MPM-in 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinə görə, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

93. Məhkəmə kollegiyası MPM-in yuxarıda qeyd olunan 119.1-ci maddəsinə əsasən həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan - 50 manat iddiaçıdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayətləri təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-2701/2021 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin boşaldılması, torpaq sahəsindəki bütün texnika, qurğu və avadanlıqların çıxarılması, torpaq sahəsinin iddiaçıya təhvil verilməsi, həmin torpaq sahəsindən iddiaçının sərbəst şəkildə istifadə etməsinə mane olmaq hərəkətlərinin cavabdehə qadağan edilməsi və maddi zərərin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyəri - 50 (əlli) manat İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar