Məhkəmə qərarları › İş №2(012)-2745/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2745/2024

11.06.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2745/2024 11.06.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh, Bakı Regional Qazın Satışı Departamentinin xx.xx.2018-ci il tarixli, ******* saylı aktının ləğv edilməsini və ödədiyi artıq vəsaitin onun dövriyyə hesabına əlavə olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında hesablanmış 972 manat cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, o, Masazır qəsəbəsi, Yolüstü küçəsi 2 ünvanında həyət evi olsa da həmin ünvanda yaşamır. Ev köhnə tikilidir, çıxarışı olmasa da bütün kommunallar mövcuddur (işıq, su, qaz). Bildirir ki, bir neçə il bundan əvvəl həmin ünvanda, evindən kənarda, küçədə Smart tipli qaz sayğacı quraşdırılarkən onun iştirakı təmin edilməmişdir. Təəssüf ki, təhlükəsizlik baxımından qaz xəttinə nizamlayıcı vintil əlavə olunmamış, qurğu yağış sularından mühafizəsi üçün əlavə tədbirlər görülməmişdir. Həmin ünvanda yaşamadığı üçün qaz sayğacının düzgün işləyib-işləməməsi haqqında anlayışı yoxdur və bu, onun istehlakçı kimi vəzifə borcu da deyildir, Cavabdeh müvafiq strukturları ilə bağlanmış müqavilədə göstərildiyi kimi istifadəsində bir ədəd qaz peçi və qazla işləyən su qızdırıcısı olmuşdur. İstifadəsində olmuş G-4 markalı, 1102AQ**********3 nömrəli qaz sayğacı çox güman ki, istismar müddəti bitdiyinə görə dövlət yoxlanılmasına göndərilməsi üçün çıxarılmış və xx.xx.2018-ci ildə yeni qaz sayğacı ilə əvəzlənmişdir. “Çıxarılan qaz sayğacı ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 12.3-cü maddəsinə əsasən dövlət yoxlayıcısının (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Antiinsar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Metreologiya İnstitutunun nümayəndəsi) nəzarəti altında dövlət yoxlamasından keçirilmiş və SOCAR İnformasiyaları və Rabitə İdarəsinin Sənaye və Məişət qaz sayğaclarının kalibrləmə laboratoriyasının xx.xx.2018-ci il tarixli MSK 29/1710-01342 saylı aktından da göründüyü kimi yoxlama zamanı sayğacda xətalar təyin edilməmiş, plombu qırılmamış, sayğacın membranı fasilələrlə işlədiyindən sayğacı sınaq qurğusunda yoxlamaq mümkün olmamış, yivli birləşmələri korroziyaya uğramışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 4.9-cu bəndinə əsasən əgər zədələnmə istehlakçının təqsiri üzündən baş verərsə, zədələnmiş qaz sayğacının təmiri, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi və quraşdırılması istehlakçının vəsaiti hesabına həyata keçirilir. Lakin yuxarıda dövlət yoxlayıcısının müvafiq aktından da görünür ki, sayğac istehlakçı tərəfindən zədələnməmiş, sayğaca heç bir müdaxilə edilməmiş, plombu qırılmamış və ondan sayğacın təmiri, dəyişdirilməsi üçün heç bir vəsait, haqq-hesab tələb edilməmişdir. Təəssüf ki, Cavabdeh, Bakı Regional Qazın Satışı Deportamentinin xx.xx.2018-ci il qərarında sayğacda aşkar olunan nöqsanlar onun üzərinə qoyulmuş və ona cərimə yazılmışdır. Bildirir ki, “Qazın istifadə qaydaları” haqqında Nazirlər Kabinetinin qərarına müvafiq olaraq qaz sayğacı çıxarılarkən onun iştirakı təmin edilməmiş, ona akt təqdim olunmamışdır. Həmin ünvanda yaşamadığı üçün ona itirilmiş qaz sərfiyyatının dəyərinin ödənilməsinə görə yazılmış cərimədən çox sonralar xəbər tutmuşdur. Bundan əlavə bildirir ki, Masazır qəsəbəsi, Yolüstü küçəsi 2 ünvanda ona məxsus həyət evinə 2011-ci il aprel ayının 11-də istismar müddəti 5 il olan Smart tipli sayğac quraşdırılmış, 2018ci ilin avqust ayında həmin sayğac mexanik sayğac ilə əvəz edilmişdir. “Qaz paylayıcısı ilə məişət qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”dən də görünür ki, istifadəmdə yalnız 4 gözlü qaz plitəsi olmuşdur. 2018-ci ilin oktyabr ayında keçirilmiş monitorinq zamanı məlum olmuşdur ki, yoxlamaya göndərilmiş köhnə sayğacın əsas detalları korroziyaya uğramış və istismara yararlı vəziyyətdə deyildir. Lakin Cavabdeh X4 X1 xx.xx.2018-ci il tarixli, 018604 saylı aktına əsasən itirilmiş qazın bərpası hesabatı aparılmış və ona əlavə olaraq və heç bir qaydaya uyğun olmayaraq 9720 m3 qazın dəyərinin ödənilməsi tələbi qoyulmuşdur, yəni istifadəsində kombi sistemi olmamasına baxmayaraq itirilmiş qazın sərfiyatı hesablanarkən 4 gözlü qaz plitəsinin sərfiyyatından başqa kombi qurğusu üçün də nəzərdə tutulan sərfiyyat əlavə olunaraq hesablanmışdır. Bu, onunla Cavabdeh İB arasında bağlanmış müqavilədən də aydın görünür. O, təbii qazdan istifadəyə görə hər ay vaxtı-vaxtında ödəniş edir. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh nümayəndəsi X3 məhkəmə iclasında izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmirlər. Belə ki, İddiaçı məxsus evə quraşdırılmış sayğaca müdaxilə edilmiş, bu səbəbdən Cavabdeh əməkdaşları tərəfindən 31 oktyabr 2018-ci il tarixdə akt tərtib edilmişdir. Sayğaca müdaxilə edilməsi ilə bağlı sözügedən akt tərtib edilənə qədər qış ayı olmasına baxmayaraq 2017ci ilin noyabr ayında təbii qazdan istifadəyə görə 7 manat məbləğində borc hesablanmış, 2017-ci ilin noyabr ayından 2018-ci ilin mart ayına qədər ödəniş edilməmiş, 2018-ci ilin mart ayı üzrə 5 manat, aprel ayı üzrə 1 manat, avqust ayı üzrə 9 manat, sentyabr ayı üzrə isə 7 manat məbləğində borc hesablanmışdır. Bütün bunlara baxmayaraq İddiaçı təbii qaz sərfiyyatına görə yaranmış borcunu vaxtı-vaxtında ödəmişdir. Odur ki, o, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 31 oktyabr 2018-ci il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus (abonent kodu: **********94360) Abşeron rayonu, Masazır kəndində yerləşən fərdi yaşayış evinə quraşdırılmış sayğaca baxış keçirilən zaman 29/1710-01342 saylı rəyə əsasən 1102AQ**********3 nömrəli sayğacda xətaların təyin edilə bilmədiyi, sayğacın klapanının işlək vəziyyətdə olmadığı, yivli birləşmələrin korroziyaya uğradığını və sayğacın çıxış plastmas borusunun deşildiyi aşkar edilmişdir. İş materiallarında olan abonentin saldosundan görünür ki, İddiaçı məxsus Abşeron rayonu, Masazır kəndində yerləşən evə (abonent kodu: **********94360) 31 oktyabr 2018-ci il tarixli, ******* saylı akta əsasən 972 manat məbləğində borc hesablanmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddiası təmin edilməlidir. Belə ki, iş materiallarında olan abonentin saldosundan göründüyü kimi İddiaçı məxsus Abşeron rayonu, Masazır kəndində yerləşən evə (abonent kodu: **********94360) 972 manat məbləğində borc hesablanmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, qanunla və qaz istismarı qaydalarına uyğun olaraq İddiaçı istifadə etdiyi qazın sərfiyyatını hesablayan sayğacın mühafizəsini həyata keçirmək öhdəliyi daşımadığından, həmin sayğacın kənar müdaxilələrdən qorunması, həmçinin sayğacın işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni iş üzrə cavabdeh olan Cavabdeh İB X5 Sahəsi daşıdığından mübahisələndirilən akt üzrə müdaxilə olunması, həmçinin iddia olunan qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə iddiaçı məsuliyyət daşıya və buna görə hər hansı zərər əvəzinin ödənilməsi ondan tələb edilə bilməz. Bundan əlavə məhkəmədə cavabdeh şirkətin nümayəndəsi iddia tələbinin əsassız olduğunu sübut etməmiş və sayğaca İddiaçı tərəfindən müdaxilə edilməsini təsdiq edə biləcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalıdır. "Qazdan istifadə Qaydaları"nın 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. "Qazdan istifadə Qaydaları"nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Ona görə də məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarına istinad edərək hesab edir ki, İddiaçı (abonent kodu: **********94360) Abşeron rayonu, Masazır kəndində yerləşən fərdi yaşayış evinə quraşdırılmış təbii qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə heç bir məsuliyyət daşımağından 972 manat məbləğində hesablanmış cərimə silinməlidir. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə görə istehlakçı kimi pozulmuş hüquqlarının bərpası barədə iddia tələbi üzrə İddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə əsasən 30 (otuz) manat dövlət rüsumu Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə görə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı məxsus Abşeron rayonu, Masazır kəndində yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********94360) 31 oktyabr 2018-ci il tarixli, ******* saylı akt üzrə hesablanmış 972 manat məbləğində cərimə silinsin. Cavabdehndən 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar