Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2753/2024 01.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs Abşeron Rayon İcra Hakimiyyəti Başçısı Aparatının yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Abşeron Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun qızı - xx.xx.2006-cı il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında izahat verərək bildirdi ki, onun qızı - xx.xx.2006-ci il təvəllüdlü X7 ümumi xəstəlik səbəbindən əmək qabiliyyətsizdir, 1-ci dərəcəli əlildir və qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, ağır dərəcəli əqli gerilik (İQ-21), daima ciddi qulluq və müalicə tələb olunan davranış pozuntuları və nitq qüsuru kimi xəstəliklərdən əziyyət çəkir. Qeyd edilən xəstəliklər səbəbindən qızı öz hərəkətlərini anlaya və idarə edə bilmir, ona görə də qızını nəzarətsiz qoymaq mümkün deyildir. Belə ki, qızının kənar şəxsin qulluğuna ehtiyacı vardır, daima onun yanında olmaq və ona qulluq etmək lazımdır. O, özünü idarə edə bilməyən övladına baxmaq məcburiyyətindədir və övladının bütün əziyyətlərini o, çəkir. Qeyd edir ki, övladı X7 nevroloji klinikada qeydiyyatda olmuşdur. Hazırda övladı X3 məhkəmə qaydası ilə fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi zərurəti yaranmışdır. Bu səbəbdən də o, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Odur ki, qeyd edilənlərə əsasən o, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Abşeron Rayon İcra Hakimiyyəti Başçısı Aparatının yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X6 məhkəmədə izahatında bildirdi ki, iş üzrə təyin edilmiş ekspert rəyinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə etiraz etmir. İş materiallarında olan AA5571188 saylı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X7 xx.xx.2006-cı il tarixdə doğulmuşdur. İş materiallarında olan Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ № 198058 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X7 25 avqust 2006-cı ildə Abşeron rayonu, Mehdiabad qəsəbəsində doğulmuşdur. X5, anası isə Nəzərova (Şəkərəliyeva) Ruhiyyə Şəkərəli qızıdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik Hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli, 2215 saylı rəyindən görünür ki, X4 Ağır dərəcəli əqli gerilik müəyyən edilir. Bunu anamnestik məlumatlar, təqdim edilmiş tibbi sənəd və hal-hazırki psixiatrik müayinənin nəticələri (anamnestik məlumatlara görə valideynləri qohum olmaqla əmioğlu-əmiqızı olması, yoxlanılan şəxsin asfiksiya ilə anadan olması, erkən psixofiziki inkişafda yaşıdlarına nəzərə geri qalması, nitqi zəif inkişaf etməməsi, əqli geriliklə əlaqədar məktəbdə oxumaması, xəstəliyi ilə əlaqədar Bakı şəhər X2 müalicədə olması, əqli geriliyi, fizioloji ifrazatları ilə natəmiz olması, narahatlığı, qeyri-müəyyən səslər çıxarması, qışqırması, AR ƏƏSMN TSEK tərəfindən xx.xx.2024-cü il tarixdə müayinə edilərək “Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. Ağır dərəcəli əqli gerilik (İQ-21), daima ciddi qulluq və müalicə tələb olunan davranış pozuntuları və nitq qüsuru ilə” diaqnozu ilə ona müddətsiz İ qrup əlillik təyin edilməsi, göstərilənlərlə əlaqədar hal-hazırda yaşayış yeri üzrə poliklinikanın psixiatrik kabinetində qeydiyyatda olmaqla evdə sakitləşdirici müalicəni qəbul etməsi, həmçinin hazırki müayinə zamanı yoxlanılan şəxsdə ağır dərəcəli əqli geriliyin müəyyən edilməsi və s.) sübut edir. İİ. Yekun hissəsi: Mülki iş materiallarını və ambulator məhkəmə-psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sual: xx.xx.2006-cı il təvəllüdlü X7 öz hərəkətlərinin mənasını anlaya bilirmi və ya öz hərəkətlərinə rəhbərlik edə bilirmi?; 2-ci sual: xx.xx.2006-cı il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan hesab oluna bilərmi?; 1-ci və 2-ci suallara cavab: X4 Ağır dərəcəli əqli gerilik müəyyən edilir. X7 öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Buna görə də X7 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. X4 müəyyən edilən Ağır dərəcəli əqli gerilik ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını tədqiq edib, bütün sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, 25 avqust 2006-cı il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Belə ki, X7 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmür və onun öz hərəkətlərinə rəhbərlik etmək iqtidarına malik olmadığı iş materialları və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik Hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli, 2215 saylı rəyi ilə tamamilə öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 35.7-ci maddəsinə əsasən qəyyumlar və himayəçilər öz qəyyumluğunda və ya himayəsində olan uşaqların, o cümlədən Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 118.12-ci və 118.13-cü maddələrinə uyğun olaraq övladlığa götürmək istəyən şəxsin ailəsində sınaq müddəti ilə yerləşdirilən uşaqların saxlanması, onlara baxılmasının və onların müalicəsinin təmin edilməsi, onların təhsil alması və tərbiyələnməsi qayğısına qalmağa, onların hüquq və mənafelərini qorumağa borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinə əsasən məhkəmə şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə görə məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.3-cü maddəsinə görə şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 320.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 305, 317-321 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. 25 avqust 2006-cı il tarixdə doğulmuş X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-2753/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2753/2024
01.10.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver