Məhkəmə qərarları › İş №2(012)-2777/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2777/2022

12.10.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2777/2022 12.10.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Abiyev Elvin Elman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı qanunsuz hesablanmış cərimə məbləğinin silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı qanunsuz hesablanmış cərimə məbləğinin silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən elektrik enerjisindən istifadə qaydalarına riayət olunmasının vəziyyəti yoxlanılarkən tərtib edilmiş 19 noyabr 2021-ci il tarixli, 240828 saylı aktın ləğv edilməsi, həmin akta görə adına hesablanmış 463 manat cərimə pulunun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 19 noyabr 2021-ci il tarixli, 240828 nömrəli aktına əsasən onun adına 463 manat cərimə tətbiq edilmişdir. Həmin cərimənin yazılmasına səbəb aktda sayğacın axan yükü hiss etmədiyi qeyd edilmişdir. Bununla bağlı bildirir ki, o, ailəsilə birlikdə Ukraynada yaşayır və orada işləyirlər. Ukraynada baş vermiş məlum hadisələr ilə bağlı ailəsilə birlikdə Azərbaycan Respublikasına gəlmişdir. Qeyd edilən evdə 2021-ci ilin noyabr ayına kimi yaşayış olmamışdır. Belə ki, 2021-ci ilin oktyabr ayında anası vəfat etmişdir. 2021-ci ilin oktyabr ayından 2021-ci ilin noyabr ayının 7-nə kimi Azərbaycan Respublikasında olmuşdur. Evində yaşayış olmadığı və nəticədə nəm, rütubət hiss olunduğu üçün yaxın qohumundan noyabr ayının 8-dən həmin evdə müvəqqəti qalmasını xahiş etmişdir. 2021ci ilin noyabr ayının 10-da evində yaşayan şəxs onunla mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq, sayğaca 3 nəfərin baxış keçirmək üçün gədiyini və şifahi olaraq sayğacın işləmədiyini, narahat olmamalarını, qısa zamanda yenisi ilə əvəz olunacağını bildirmişdir. Daha sonra onlara heç bir məlumat verilmədən guya uzun müddətdir ki, evdə yaşayış olaola sayğac işləmədiyi bildirilmişdir. Halbuki, bu belə deyildir. Hətta o, lazım gələrsə, onların həmin evdə yaşamamalarını sübut etmək üçün qonşuları şahid qismində məhkəməyə dəvət edə bilər. Bundan əlavə onun xarici ölkədə yaşamasını sübut etmək üçün pasportunu gətirə, pasportda isə onun Azərbaycan Respublikasına giriş-çıxışını sübut etmək üçün möhürlər yoxlana bilər. O, hazırda ailəsilə birlikdə həmin evdə yaşayır və sərf etdiyi elektrik enerjisinə görə vaxtı-vaxtında pulunu ödəyir. Lakin hər dəfə ona hədə-qorxu gələrək işığı kəsəcəyini bildirirlər. O, günahsız olduğu halda, nə üçün həmin pulu ödəməlidir. Bu məsələnin həllindən ötrü o, məcbur olub hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək, ona əsassız və qanunsuz şəkildə tətbiq edilmiş cərimə pulunun silinməsini xahiş edir. Həmçinin qısa müddətə 463 manat məbləğində cərimə yazılması qeyri-mümkündür. Hətta o, həmin evdə yaşamasa da, Azərbaycan Respublikasına gələn zaman sayğaca əlavə pul ödəmişdir ki, həmişə işlək vəziyyətdə olsun və üstəlik qonşularından evin havasının dəyişildirilməsini və qış aylarında evdə nəmişlik, rütubət olmaması üçün istilik sistemini arada aktivləşdirmələrini xahiş etmişdir. Bunun üçün həmişə əlavə pul ödəmişdir ki, borcu yaranmasın. Bu səbəbdən də hesab edir ki, "xxxx" ASC tərəfindən müəyyən edilmiş ümumillikdə 463 manat cərimə pulu əsassız olduğu üçün silinməlidir. Göstərilənlərə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş 19 noyabr 2021-ci il tarixli, 240828 nömrəli aktın ləğv edilməsi, həmin akta görə adına hesablanmış 463 manat cərimə pulunun silinməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə nümayəndəsini göndərməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Şərh olunan hüquq normasına əsasən məhkəmə işə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının izahatını dinləyib və məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna hüquqi qiymət verib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: xx.xx.2021-ci il tarixli, R 240828 saylı aktdan görünür ki, həmin tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən iddiaçıya məxsus ünvanda elektrik enerjisindən istifadə qaydalarına riayət edilməsi vəziyyəti yoxlanılmış, sayğacın axan yükü his etmədiyi aşkar edilmiş, bununla əlaqədar xx.xx.2021-ci il tarixli, R 240828 saylı akt tərtib edilmişdir; Abunə haqqında sənəddən görünür ki, xx.xx.2021-ci il tarixli, R 240828 saylı akta əsasən iddiaçıya 463,94 manat əlavə ödəniş hesablanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 iyul 2022-ci il tarixli, 10/4433 nömrəli məhkəmə ekspertizasının rəyindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydalan”nın 8.33-cü bəndinin tələblərinə görə, məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Həmin qaydalara elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi təqdirdə tərtib edilən aktların tərtib edilmə formasına dair məlumat olmadığına görə, qərardadda qoyulmuş sualın həlli mümkün deyildir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə qaydaları»nın (Bundan sonra - Qaydalar) 1.2-ci bəndinə əsasən bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Qaydaların 5.3.2-ci bəndinə əsasən cərəyan kabellə daxil olduqda enerjitəchizatı müəssisəsi ilə abonent arasında gərginliyi 1000 V-a qədər olan elektrik qurğularının texniki vəziyyətinə və onlara xidmətə görə məsuliyyət sərhədi kabellə daxil olduqda-binanın, xüsusi yaşayış evinin və ya mənzilin girişindəki qidalandırıcı kabelin uclarında müəyyən edilib. Yaşayış binalarının, yaxud xüsusi yaşayış evlərinin mülkiyyətçilərinə, idarələr və başqa qeyri-istehsalat istehlakçılarına məxsus olan binalarda, həmçinin məişət abonentlərinin mənzillərində balans mənsubiyyəti sərhədindəki birləşmələrin texniki vəziyyətinə görə məsuliyyət enerji təchizatı müəssisəsinin üzərinə düşür. Qaydaların 7.1-ci bəndində əsasən dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır. Qaydaların 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. Qaydaların 7.10-cu bəndinə əsasən yeni yaşayış binalarında mənzillər üzrə məişət abonentlərilə hesablaşma elektrik sayğacları yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmalıdır. Bu hesablaşma elektrik sayğacları kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. Qaydaların 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə enerji təchizatı müəssisəsi məsuliyyət daşıyır. Qaydaların 7.13-cü bəndinə əsasən məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar quraşdırıldığı yerdən asılı olmayaraq, hesablaşma yalnız elektrik sayğacının göstərişinə və bu istehlakçı qrupu üçün müəyyən edilmiş tarifə əsasən aparılır. Qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Məhkəmə tərəfindən işin araşdırılan hallarından görünür ki, İddiaçı adına olan köhnə sayğacın yoxlanılması zamanı iddiaçının iştirakı təmin edilməmişdir və birtərəfli akt tərtib edilmiş, aktda iddiaçının imzası yoxdur. Sayğacın yenilənməsinin iddiaçının təqsiri ucbatından olması isə cavabdeh tərəfindən sübut edilməmişdir. Bu halda sayğacın yenilənməsi cavabdehin şəxsi vəsaiti hesabına həyata keçirilməlidir. Eləcə də bu və ya digər səbəblərdən iddiaçının adına hesablanmış hər hansı bir cərimə qanunsuzdur. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 19 noyabr 2021-ci il tarixli, R 240828 saylı akta əsasən hesablanmış 463 manat borc **********00225 nömrəli abunə hesabından silinməli, iddia bu hissədə təmin edilməlidir. İddia tələbinin “aktın ləğv edilməsi” hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, akt sübut növlərindən biridir. Məhkəmə qərar qəbul edərkən sübut növü kimi ona hüquqi qiymət verir. Bu səbəbdən iddia tələbi bu hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının ödəməkdən azad edildiyi 30 manat məbləğində dövlət rüsumuna görə pul cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən dövlət büdcəsinin xeyrinə tutulmalıdır. Həmçinin məhkəmə hesab edir ki, məhkəmə inşaat-texniki ekspertizası tədqiqatının dəyəri olan 100 manat pul vəsaiti "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda gösrərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 19 noyabr 2021-ci il tarixli, R 240828 saylı aktına əsasən hesablanmış 463 manat borc əsassız hesab edilərək İddiaçı **********00225 nömrəli abunə hesabından silinsin. İddia digər hissədə təmin edilməsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən dövlət rüsumuna görə 30 (otuz) manat tutulub dövlət büdcəsinə ödənilsin. Məhkəmə inşaat-texniki ekspertizası tədqiqatının dəyəri olan 100 (bir yüz) manat pul vəsaiti cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: E.Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar