Məhkəmə qərarları › İş №2(012)-2781/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2781/2024

06.11.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2781/2024 06.11.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi, İddiaçının vəkili-nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Abşeron rayonu 1 saylı Notariat Ofisinə qarşı mirasın qəbulu müddətinin ötürülməsinin üzrlü sayılması və uzadılması, habelə miras əmlakda payın müəyyən edilməsi tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Abşeron rayonu 1 saylı Notariat Ofisinə qarşı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, X3 qalmış Abşeron rayonu, Saray qəsəbəsi, X33 küçəsi, ev 37 ünvanında yerləşən fərdi evin miras əmlak kimi qəbul edilməsi müddətinin ötürülməsinin üzrlü sayılması və uzadılması, habelə xx.xx.1997-ci il tarixdə Abşeron 1 saylı Notariat Ofisində 2V-59 reyestr nömrəsilə Cavabdeh2 verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, göstərilən miras əmlaklar üzərində onun miras payının 1/2 hissəsi həcmində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X23 onun doğma atasıdır. O, xx.xx.1982-ci ildə Abşeron rayonu, Saray qəsəbəsində vəfat etmişdir. O, vəfat edərkən adına dövlət qeydiyyatından keçmiş əmlak olmadığından rəsmi qaydada vərəsəliyi qəbul edə bilməmişdir. Lakin sonradan məlum olmuşdur ki, doğulub boya başa çatdığı Abşeron rayonu, Saray qəsəbəsi, X33 küçəsi, ev 37 ünvanında yerləşən fərdi ev atası X9 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat, **********29-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır və hazırda atasının mülkiyyətindədir. O, vərəsəliyi qəbul etmək üçün Abşeron 1 saylı Notariat Ofisinə müraciət etsə də, bundan imtina edilmişdir. İmtinada qeyd olunmuşdur ki, qanunda nəzərdə tutulduğu müddətdə ərizə vermədiyi üçün və xx.xx.1997-ci il tarixdə Abşeron 1 saylı Notariat Ofisində 2V-59 reyestrində Cavabdeh2 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verildiyinə görə ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə notariat hərəkətinin aparılmasından imitina edilir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə gedişatında iddiaçı MPM-nin 53-cü maddəsinə istinad edərək, məhkəmədən X3 qalmış Abşeron rayonu, Saray qəsəbəsi, X33 küçəsi, ev 37 ünvanında yerləşən fərdi evin miras əmlak kimi qəbul edilməsi müddətinin ötürülməsinin üzürlü sayılması və uzadılması, habelə ona vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili-nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. O qeyd etdi ki, miras əmlakı iddiaçı faktiki qəbul etmişdir və bu əmlakın bütün vərəsələr arasında bərabər qaydada bölüşdürülməsini məhkəmənin mülahizəsinə buraxır. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etmədi və onun rədd olunmasını xahiş etdi. O göstərdi ki, iddiaçının ailəsi miras əmlakı 6-7 ildir ki, zəbt etmişlər. Onlar ailədə 8 uşaq olmuşlar: o, iddiaçı, Rəna Cabbarova, Qəhraman İbrahimov, Cabbar İbrahimov, İbrahim Cabarov, Saməddin İbrahimov, Cəmil Cabbarov. Qardaşı Cəmil artıq vəfat etmiş, onun həyat yoldaşı Səmayə, qızları Həcər və Ləman qalmışlar. Digər cavabdeh Abşeron rayonu 1 saylı Notariat Ofisinin nümayəndəsi, habelə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X30, X10, X24, X25, X11, X21, X26 və X27 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, mülki iş materiallarını və ona əlavə edilmiş sübutları nəzərdən keçirərək, iş üzrə toplanılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - doğum haqqında AZ-T 103648 saylı şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1966-cı il tarixdə doğulmuşdur və atası X16r. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi, X33 küçəsi, ev 37 ünvanında yerləşən fərdi yaşayış evi üzərində X4 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixində ********** qeydiyyat, **********29-10301 reyestr nömrəsi ilə qeydiyyata (X4 adına verilmiş 9933 reyestr nömrəli qeydiyyat vəsiqəsi və xx.xx.2016-cı il tarixli ********** qeydiyyat, **********29 reyestr nömrəli çıxarış əsasında) alınmışdır və hazırda mülkiyyətindədir. - 2 saylı Sumqayıt “Asan Xidmət” X20 xx.xx.2024-cü il tarixli arayışından görünür ki, X23 xx.xx.1982-ci il tarixdə ölmüşdür. - Notariat hərəkətinin aparmaqdan imtina edilməsi haqqında Abşeron rayonu 1 saylı notariat ofisinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Dzhabarov Novruzun qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə ərizəsi üzrə notariat hərəkətini aparmaqdan imtina edilmişdir. Buna əsas kimi göstərilmişdir ki, Dzhabarov Novruz vəfat etmiş atası X12 mirasının qəbul edilməsi barədə notariat ofisinə qanunda nəzərdə tutulduğu müddətdə ərizə verməmiş, bundan əlavə olaraq xx.xx.1997-ci il tarixdə Abşeron rayon 1 saylı notariat ofisində 2V-59 reyesterdə X22 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. - Nikah haqqında AZ-İİ 148952 saylı şəhadətnamənin surətindən görünür ki, Novruz Cabbarov ilə X17 xx.xx.2016-cı ildə nikah girmişlər. Nikahdan sonra arvada Cabbarova soyadı verilmişdir. - Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə xx.xx.2017-ci il tarixli müqavilənin surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən fərdi evin təbii qazla təchiz edilməsi məqsədilə X5 ilə “Azəriqaz” İB arasında razılıq əldə edilmişdir. - "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli bildirişindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən fərdi evin elektrik enerjisi üzrə abonenti Azadə Cabbarovadır. -doğum haqqında 299906 saylı şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 xx.xx.1973-cü il tarixdə doğulmuşdur və atası X16r. - Abşeron Rayon Məhkəməsinin 2(012)-307/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsindən görünür ki, X6 iddiası təmin edilmiş, Abşeron rayon 1 saylı Notariat Kontoru tərəfindən verilmiş 2B-59 reyestr nömrəli miras haqqında şəhadətnamə və X18 adına olan xx.xx.1997-ci il tarixli qeydiyyat vəsiqəsi etibarsız hesab edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Dövlət vərəsəlik hüququna təminat verir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hazırki iş üzrə tərəflərin atası X9 adına Abşeron rayonu, Saray qəsəbəsi, X33 küçəsi, ev 37 ünvanında yerləşən fərdi ev qeydə alınmışdır. O, xx.xx.1982-ci il tarixdə ölmüşdür. İş materiallarından görünür ki, Cavabdeh2 əvvəllər miras əmlakla bağlı qanun üzrə vərəsəlik şəhadətnaməsi almış və miras əmlak olan evi öz adına qeydiyyata aldırmışdır. Lakin sonradan vərəsələrdən X6 tələbinə əsasən Abşeron Rayon Məhkəməsinin 2(012)- 307/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə Abşeron rayon 1 saylı Notariat Kontoru tərəfindən verilmiş 2B-59 reyestr nömrəli miras haqqında şəhadətnamə və X18 adına olan xx.xx.1997-ci il tarixli qeydiyyat vəsiqəsi etibarsız hesab edilmişdir. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 qalmış Abşeron rayonu, Saray qəsəbəsi, X33 küçəsi, ev 37 ünvanında yerləşən fərdi evin miras əmlak kimi qəbul edilməsi müddətinin ötürülməsinin üzürlü sayılması və uzadılmasını, habelə ona vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş edir. Mülki Məcəllənin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1245-ci maddəsinə əsasən vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsi ilə qəbul edə bilər. 1252-ci maddəsinə əsasən əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. 1274-cü madfdəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiçdir. Qərarda göstərilmişdir ki, mülkiyyət hüququ fərdin əşya üzərindəki hakimiyyət səlahiyyətini təminat altına almaqla, bir tərəfdən fərd üçün heç kəsin müdaxilə edə bilməyəcəyi xüsusi sahə yaradır, digər tərəfdən fərdin əməyinin qarşılığı olan əşyasını təminat altına almaqla ona həyatını yönləndirmək və gələcəyini istədiyi kimi şəkilləndirmək imkanı verir. Ona görə də fərdin azadlığı ilə mülkiyyət hüququ arasında sıx əlaqə vardır. Şəxsi mülkiyyətin davamlılığı isə vərəsəlik institutunun varlığına bağlıdır. Belə ki, vərəsəlik hüququ əsas əmlak hüququ olaraq mülkiyyətin müvəqqəti deyil, davamlı olmasını və bu nöqteyi-nəzərdən miras qoyanın maraqları baxımından əmlakının özündən sonra vərəsələrinə keçməsini, qanun və ya vəsiyyət üzrə vərəsələr üçün isə vərəsəlik yolu ilə miras qoyanın miras əmlakını əldə edə bilmək imkanını ifadə edir. Bu iki element birbirini tamamladıqda və yalnız birlikdə vərəsəlik konstitusion hüququn tərkib əlamətlərini yaradar. Konstitusiya vərəsəlik hüququnu mülkiyyət hüququnun davamı olaraq, onun xüsusi forması kimi gördüyündən mülkiyyət və vərəsəlik hüquqlarını eyni maddədə konstitusiya təminatı altına almışdır. İstər mülkiyyət hüququ, istərsə də onun davamı olan vərəsəlik hüququ cəmiyyətin inkişafında əsas elementlərdən biridir. Əsas hüquq və azadlıqların böyük bir hissəsi, o cümlədən vərəsəlik hüququnun realizəsi də sahəvi qanunvericilik normaları ilə tənzimlənir. Konstitusiya vərəsəlik hüququnu təsbit edərkən yalnız bu hüququn mövcudluğuna deyil, miras qoyanın mirasının vərəsələrinə keçməsini təmin edən qanuni mexanizmin mövcudluğuna da dövlət təminatı yaradır. Çünki belə bir hüquqi mexanizmin mövcud olmaması vərəsəlik hüququnun konstitusiya təminatını formal etmiş olar. Mülki Məcəllədə vərəsəlik hüququnun xüsusi qəbul müddətinə bağlı tutulması mülkiyyət hüququna müdaxilənin qanuni əsasını təşkil etsə də, bu müdaxilə fərdi azadlığın və bazar iqtisadiyyatının ən əsas elementlərindən olan mülkiyyət hüququnun konstitusiya təminatına, mülki dövriyyə iştirakçılarının maraqlarına zidd olmaqla, hər hansı ictimai maraqlara cavab verməməklə yanaşı, mirasın açılması ilə mülkiyyət hüququna malik olan vərəsənin bu hüququnu qeyri-mütənasib şəkildə, hər hansı qanuni məqsədə xidmət etmədən məhdudlaşdırır. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğun hesab edilə bilməz. İş materiallarından görünür ki, mərhum X28 xx.xx.1982-ci il tarixdə ölmüş və ondan Abşeron rayonu, Saray qəsəbəsi, X33 küçəsi, ev 37 ünvanında yerləşən fərdi ev miras qalmışdır. Onun qanun üzrə 8 vərəsəsi olmuş, onlardan Cəmil Cabbarov artıq vəfat etmişdir. Cəmil Cabbarovun isə qanun üzrə 3 vərəsəsi qalmışdır. Miras əmlakın qəbul edilməsilə bağlı vərəsələr tərəfindən vaxtında müvafiq quruma müraciət edilməmişdir, bununla belə məhkəmə Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd edilmiş hüquqi mövqeyinə əsasən belə nəticəyə gəlir ki, mirasla bağlı ötürülmüş müddət bütün vərəsələrə münasibətdə ötürülməmiş hesab edilməli, miras əmlak onlar (mərhum Cəmil Cabbarovun vərəsələrinin irsi transmissiyası da nəzərə alınmaqla) arasında bölüşdürülməlidir. Bu qətnamə müvafiq notariat orqanında mübahisəli əmlaka dair bütün vərəsələrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün əsas hesab edildiyindən, məhkəmə hesab edir ki, iddia faktiki olaraq tamamilə təmin olunur. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, iddia təmin edilməli, X7 qalmış ünvan 2 ünvanında yerləşən fərdi evin bütün vərəsələr tərəfindən miras əmlak kimi qəbul edilməsi müddətinin ötürülməsi üzrlü sayılmalı və uzadılmalı, habelə miras əmlak bütün vərəsələr arasında bərabər payla bölünməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. X7 qalmış ünvan 2 ünvanında yerləşən fərdi evin miras əmlak kimi qəbul edilməsi müddətinin ötürülməsi üzrlü sayılsın və həmin müddət uzadılsın. X7 miras qalmış ünvan 2 ünvanında yerləşən fərdi evə dair İddiaçı (Dzhabarov Novruz) 1/8, Cavabdeh2 1/8, X19 1/8, X1 1/8, X6 1/8, X13 1/8, X2 1/8, X8 1/24, X14 1/24 və X15 1/24 hissədə payları müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar