Məhkəmə qərarları › İş №2(012)-2836/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2836/2025

08.08.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2836/2025 08.08.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Rzayev Fariz Gündüz oğlunun katibliyi, İddiaçı, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, cavabdeh təşkilat tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 7-ci km, “ünvan 1 ünvanında elektrik enerjisindən istifadəyə görə əsassız olaraq hesablanmış 638,59 manat borcun silinməsi barədə məhkəmə aktının çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Abşeron Rayon Məhkəməsinin 2(012)- 3668/2024-012 saylı xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən 14 mart 2025-ci il tarixində Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 7-ci km, Abşeron Gənclər şəhərciyi y/kompleksi, ev 24, mən.176-ya köçürülmüşdür. Köçürüldüyü vaxtdan ünvanda istifadə etdiyi elektrik elektrik enerjisinə görə ödənişlər vaxtlı-vaxtında tərəfindən ödənilmişdir. Hal-hazırda onun "xxxx" ASC-nə heç bir borcu yoxdur. Əlavə olaraq bildirir ki, Abşeron rayonu Xırdalan şəhəri, Bakı- Sumqayıt şossesi 7-ci km, Abşeron Gənclər şəhərciyi y/kompleksi, ev 24, mənzil 176 ƏMDX DƏDKRPHŞ Reyestri nömrəsi **********18-05324-093133 olan çıxarışa əsasən (Qeydiyyat № ********** xx.xx.2023) ona məxsusdur. Yaşadığı müddətdə heç bir borcunun olmamasına baxmayaraq cavabdeh təşkilat həmin ünvan üzrə ona əsassız səbəbdən 638,59 manat borcun ödənilməsini ondan tələb edir. Mütəmadi olaraq mənzilinə verilən elektrik enerjisinin dayandırılması ilə əlaqədar xəbərdarlıq edirlər. O, hesab edir ki, qanunsuz və ədalətsizdir. Belə ki, o, yaşadığı vaxtdan istifadə etdiyi elektrik enerjisinə görə borcu vaxtında ödəyir. Azərbaycan Respublikası Nazirlər kabinetinin xx.xx.2005-ci il tarixli,18 nömrəli qərarı ilə təsdiq edilmiş EEİQ-nin 8.2-ci hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Həmin qanunun 8.13-cü bəndinə əsasən Elektrik enerjisinə görə hesablaşmalar enerji təchizatı müəssiəsinin abonetə təqdim etdiyi ödəniş sənədlərinə əsasən aparılır. Bununla əlaqədar cavabdeh təşkilata dəfələrlə müraciət etməyimə baxmayaraq həmin borcun necə yarandığını sübüt edə bilməmiş həmçinin heç bir ödəniş sənədi təqdim etməmişdir. EEİQnin 8.4-cü maddəsinə əsasən Enerji təchizatı müəssiəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır. Cavabdeh təşkilat isə ondan istifadə etmədiyi elektrik enerjisinə görə ödəniş tələb edir. Göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, o, iddianı qəbul etmir. Belə ki, iddiaçının iddia ərizəsində göstərdiyi 638,59 manat məbləği elektrik enerjisindən istifadəyə görə hesablanmış məbləğdir. Bu borc məbləği iddiaçının evi rəsmi qaydada aldığı tarixdən sonraya təsadüf edir. İddiaçının çıxarış əldə etdiyi tarixdən, yəni 2023-cü ilin may ayından sonra sonra elektrik enerjisindən istifadəyə görə 506,73 manat borcu yaranmışdır. Belə ki, xx.xx.2023-cü ildən xx.xx.2025-ci ilədək borcu 795,74 manat borcu yaranmışdır. Həmin borcdan 289 manat ödənilmişdir. Odur ki, həmin ünvan rəsmi olaraq iddiaçının adına olmuşdur və həmin vaxt mənzildən, elektrik enerjisindən kimin istifadə etdiyi əhəmiyyətsizdir. Odur ki, hesablanmış borc qanunidir. Bu səbəbdən o, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Belə ki, mülki iş materiallarında оlаn və məhkəmə iclasındа tədqiq оlunmuş: -Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 7-ci km, “Abşeron Gənclər şəhərciyi” yaşayış/kompleksi, 24 saylı evin 176 nömrəli mənzil İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi, **********18-05324-093133 reyestr nömrəsi ilə xx.xx.2023-cü il tarixində qeydiyyata alınmışdır. -Abşeron Rayon Məhkəməsinin 2(012)-3668/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsidən görünür ki, iddia təmin edilmiş, X4 və X8 onlara məxsus əmlakları ilə birgə Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 7-ci km, “Abşeron Gənclər şəhərciyi” yaşayış/kompleksi, 24 saylı evin 176 nömrəli mənzilindən çıxarılmaları qət edilmişdir. -Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6, polis sahə rəisi X15, polis kapitanı, hal şahidi X9, hal şahidi X10, hal şahidi X11, hal şahidi X7 iştirakı ilə tərtib edilmiş və imzalanmış xx.xx.2025-ci il tarixli aktdan görünür ki, İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 7-ci km, “Abşeron Gənclər şəhərciyi” yaşayış/kompleksi, 24 saylı evin 176 nömrəli mənzilə köçürülmüşdür. -"xxxx" ASC-nin nümayəndələri tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, R 334292 nömrəli aktdan görünür ki, İddiaçı məxsus olan evə quraşdırılmış elektrik sayğacına baxış keçirilən zaman sayğacın çıxış xəttindən ayrıldığı və blokun havalandırmasını qoşaraq elektrik enerjisindən istifadə etdiyi aşkar edilmişdir. -"xxxx" ASC tərfindən verilmiş abunə haqqında cədvəldn görünür ki, iddiaçının anası X3r və "xxxx" ASC-yə borcu 641,02 manat təşkil edir. İşin araşdırılan hallarından məlum olunmuşdur ki, Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 7-ci km, “Abşeron Gənclər şəhərciyi” yaşayış/kompleksi, 24 saylı evin 176 nömrəli mənzil iddiaçının anası X1 adına olmuşdur, həmin mənzil ananın adından qızı-hazırda İddiaçı adına mülkiyyətə dair qeydə alınmışdır. Həmin evin iddiaçının mülkiyyətində olmasına baxmayaraq, iddiaçının bacısı X4 mülkiyyətçinin iradəsi əleyhinə mənzilə daxil olaraq orada yaşamış və elektrik enerjisindən istifadə etmişdir. Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli aktdan göründüyü kimi X4 ailəsi ilı birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, Bakı- Sumqayıt şossesi 7-ci km, “Abşeron Gənclər şəhərciyi” yaşayış/kompleksi, 24 saylı evin 176 nömrəli mənzildən çıxarılmışdır. Hazırda isə iddiaçı elektrik enerjisindən istifadə etmədiyinə görə, bacısı istifadə etdiyi elektrik enerjisinə görə yaranmış 638,59 manat pulun silinməsi barədə iddia ərizəsi verərək, həmin borcun silinməsini "xxxx" ASC-dən tələb etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın: 1.2-ci bəndinə əsasən, bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. 8.1. bəndinə əsasən, dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Elektrik enerjisinin qiymətləri (tariflər) “Elektroenergetika haqqında”, “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər normativ sənədlərə uyğun olaraq dövlət tərəfindən tənzimlənir. 8.2. bəndinə əsasən, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 8.4. bəndinə əsasən, enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. 8.5. bəndinə əsasən, abonent elektrik enerjisi sərfinə görə subabonentdən aldığı ödənişi elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyən olunmuş müddətdə enerjitəchizatı müəssisəsinin hesabına köçürməlidir və abonent tərəfindən bu ödənişin başqa məqsədlər üçün istifadə edilməsinə icazə verilmir. 8.14. bəndinə əsasən, istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 135.1 maddəsinə əsasən, fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludur. 136.4-cü maddəsinə əsasən, kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. 139.1-ci maddəsinə əsasən, kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 425.1 və 425.2-ci maddələrinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 430.1-ci maddəsinə əsasən, əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Məhkəmə tələblə bağlı qeyd edir ki, iddiaçı anasından ona qalmış və vərəsə olaraq istifadə olunmuş enerji pulunun silinməsi barədə iddia ərizəsinin verilməsinə görə subyektiv hüquqa malikdir. Eyni zamanda, iddiaçının bacısının iddiaçıya məxsus mənzildə yaşaması və elektrik enerjisindən istifadə etməsi işin mübahisəsiz halıdır. Bu Abşeron Rayon Məhkəməsinin 2(012)-3668/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə təsdiq olunmuşdur. Lakin məhkəmə qeyd edir ki, iddiaçının cavabdehdən elektrik enerjisinə dair borcun silinməsi tələbi əsaslı deyildir. Belə ki, o, öz mülkiyyətində olan mənzilə hüququ olduğu vaxtdan, onun "xxxx" ASC-dən başqa şəxsin qanunsuz olaraq elektrik enerjidən istifadə etməsi hallarının qarşısını almaq üçün müqavilənin ləğv edilməsi və elektrik enerjisinin dayandırmaq hüququ olmuş, lakin bu hüququndan istifadə etməmişdir. Hazırda müqavilə tərəfi özü olduğundan, "xxxx" ASC-yə olan borcu ödəmək onun müqavilə üzrə öhdəlityidir. Onun həmin öhdəliyi yerinə yetirib, reqress qaydada ödədiyi borc məbləğini bacısı X2 tələb etmək hüququ vardır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan, təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin:

107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar