Məhkəmə qərarları › İş №2(012)-2854/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2854/2025

03.07.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2854/2025 03.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «borcun silinməsi» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 8252 saylı mənzilə (abonent kodu: **********18252) yazılmış 1728,03 manat məbləğində qaçqın borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, o, qızı və azyaşlı nəvəsi ilə birlikdə Zəngilan rayonundan məcburi köçkün kimi Abşeron rayonu, Xırdalan şəhəri, 47 saylı Təmir-tikinti İdarəsində məskunlaşmışdır. Belə ki, xx.xx.2016-cı il tarixdə qaçqın borcu olaraq onun adına 1728,03 manat məbləğində borc yazılmışdır. Həmin borc barədə onun evinə 2016-cı ildə bildiriş gəlmiş və o, həmin bildiriş vərəqəsi ilə "xxxx" ASC-nin Xırdalan filialına yaxınlaşmışdır. Ona texniki səhv olduğu və həmin borcun silinəcəyi bildirilmiş, əlavə olaraq da qeyd etmişdirlər ki, o, səhvən məcburi köçkün statusundan çıxarılmış, ona görə də belə bir borc məbləği yaranmışdır. O, sözügedən qurumun dediklərinə etibar edib, inanıb artıq borcun silinib-silinməməsi ilə bağlı müraciət etməmişdir. Həmçinin o, buna görə də müraciət etməmişdir ki, evinə gələn bildirişdə həmin borc barədə artıq heç bir məlumat yazılmamışdır. O, yenicə öyrənmişdir ki, 1728,03 manat məbləğində borc silinməmiş, sadəcə dondurulmuşdur, xx.xx.2016-cı il tarixdə yazılmış borc məbləği ondan tələb olunmuş və ödəmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. O, məcburi köçkün ailəsi kimi ona verilən limitdən istifadə edir. 1728,03 manat məbləğində borcun necə və hansı əsasla yazılması barədə onun heç bir məlumatı yoxdur. Ona yalnız 2016-cı ildə bildiriş gəlmiş və həmin bildiriş ilə də o, aidiyyəti quruma müraciət etmişdir və ona narahat olmamağını və həmin pulun silinəcəyi bildirilmişdir. Bir daha qeyd edir ki, 2016-cı il yazılmış əsassız pul ondan tələb olunur. Həmin əsassız şəkildə yazılmış pulun silinməsi ilə bağlı o, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Hətta ona izah olunmuşdur ki, bir vətəndaş olaraq narazı olduğu halda məhkəməyə müraciət edə bilər. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin olumasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin ərizə ilə məhkəməyə müraciət edərək, onların iştirakı olmadan məhkəmə baxışının keçirilməsinə və yekun qərar qəbul edilməsinə etiraz etmədiklərini bildirmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdeh şirkətin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş abunə haqqında cədvəldən görünür ki, abonent kodu **********18252 olan sayğac üzrə abonentin məcburi köçkün sərfiyyatına görə xx.xx.2016-cı il tarixinə borcu 1728,03 manat təşkil etmiş və həmin borcun silinməli olan qaçqın borcu olduğu qeyd edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilmişdir ki, iş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş abunə haqqında cədvəldən göründüyü kimi abonent kodu **********18252 olan sayğac üzrə abonentin məcburi köçkün sərfiyyatına görə xx.xx.2016-cı il tarixinə borcu 1728,03 manat təşkil etmiş və həmin borcun silinməli olan qaçqın borcu olduğu qeyd edilmişdir. Məhkəmə hesab edir ki, İddiaçı yaşadığı fərdi yaşayış evinə aid **********18252 saylı abunə koduna hesablanmış 1728,03 manat məbləğində borcun ödənilməsinin iddiaçıdan tələb edilməsi onun hüquqlarının pozulması ilə nəticələnir. Belə ki, cavabdeh təşkilatın nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş və etiraz ərizəsini göndərməmiş, İddiaçı **********18252 saylı abunə koduna xx.xx.2016-cı il tarixinə hesablanmış 1728,03 manat məbləğində borcun ödənilməsinin tələb edilməsi ilə bağlı naməlum səbəbə "xxxx" ASC tərəfindən heç bir aydınlıq gətirilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.14-cü bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerji təchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Məhkəmə, yuxarıda qeyd olunan faktiki hallara və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 saylı qərarına əsaslanaraq hesab edir ki, xx.xx.2016-cı il tarixdə borca görə hesablanmış 1728,03 manat məbləğində borc əsassız olduğundan, "xxxx" ASC tərəfindən **********18252 saylı abunə koduna hesablanmış 1728,03 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən **********18252 saylı abunə koduna hesablanmış 1728,03 manat borc silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar