Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2874/2022 13.10.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Şirinova Nigar Nazim qızının katibliyi ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə ərizəsi üzrə mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, övladı – xx.xx.2003-cü il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2003-cü il təvəllüdlü A.E.Hüseynov onun övladıdır. Oğlu ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, Nəvai küçəsində yerləşən 13 saylı evdə yaşayır. Oğlu Azər anadan gəlmə qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, uşaq serebral iflici ilə əlaqələndirilmiş çox ağır əqli gerilik, nitq qüsuru ilə daimi ciddi qulluq tələb edən davranış pozuntuları ilə İQ 20 xəstəliyindən əziyyət çəkir. Oğluna o qulluq edir və daim onunla birlikdədir. Oğlu onsuz bir saniyə belə ayrı qala bilmir. Onun danışıq qabiliyyəti olmadığı üçün nə istədiyini hərəkətləri ilə bildirir və yalnız o, oğlunu başa düşür. Oğlunun bu ciddi xəstəliyi ilə bağlı ilk öncə Abşeron Rayon İcra Hakimiyyətinə müraciət edərək, xx.xx.2003-cü il təvəllüdlü X2 fəaliyyət qabiliyyətsiz olduğu üçün ona (patronaj) köməkçi təyin olunmağından ötrü sərəncam verilməsini xahiş etmişdir. Abşeron Rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli, 11-33-099 nömrəli məktubu ilə ona imtina cavabı verilmişdir. Bu səbəbdən oğlunun “fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Ərizəçi məhkəməyə ərizə ünvanlayaraq üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının onun iştirakı olmadan keçirilərək ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında Ərizəçi ərizəsində qeyd etdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs Abşeron Rayon İcra Hakimiyyəti məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, səbəbini bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə nümayəndəsini göndərməmişdir. Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, hesab edir ki, ərizə təmin edilməlidir. İşdə olan AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.2003cü il tarixdə anadan olmuşdur. İşdə olan AZ-İ 515903 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2003-cü il tarixdə anadan olmuşdur və anası Ərizəçidır. İşdə olan Səhiyyə Nazirliyi Məhkəmə X1 X5 xx.xx.2022-ci il tarixli, 3370 saylı rəyindən müəyyən edilir ki, xx.xx.2003-cü il təvəllüdlü X3 ağır əqli gerilik uşaq serebral iflici müəyyən edilir. Qeyd edilən psixi patologiya anadangəlmədir. X4 öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik deyil. Buna görə X4 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Mülki Prosessual Məcəllənin 305.1.3-cü maddəsinə əsasən məhkəmə şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, xx.xx.2003-cü il təvəllüdlü X3 uşaq serebral iflicinin qalıq əlamətləri, dərin əqli geriliklə əlaqədar psixi xəstəlik aşkar olunur. Onun daimi qulluğa ehtiyacı var və hərəkətlərinə nəzarət etmək, öz hərəkətlərinin nəticəsini dərk etmək qabiliyyəti yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.2003-cü il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2003-cü il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-2874/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2874/2022
13.10.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver