Məhkəmə qərarları › İş №2(012)-2901/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2901/2023

14.07.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2901/2023 14.07.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC tərəfindən Abşeron rayonu, Hökməli qəsəbəsi, Koroğlu küçəsində yerləşən 169 saylı fərdi yaşayış evinə dair tətbiq edilmiş 200,33 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Hökməli qəsəbəsi, Koroğlu küçəsində yerləşən 169 saylı fərdi yaşayış evinə quraşdırılmış və abonent kodu **********000 olan su sayğacı ona məxsus olmuşdur. Cavabdeh ASC-nin əməkdaşları heç bir xəbərdarlıq etmədən dəfələrlə su sayğacına baxış keçirmişlər və hər dəfə müxtəlif məbləğlərdə qalıq borclar qeyd etmişlər. O, mütəmadi olaraq ödəniş edir, bunu təsdiq edən ödəniş qəbzləri də vardır. Cavabdeh ASC-nin əməkdaşları tərəfindən sayğaclar bəzi qonşuların həyətyanı sahəsinin daxilində, bəzi qonşulara isə həyətyanı sahədən kənarda, məhəllədə quraşdırılmışdır. Artıq xeyli müddətdir ki, Cavabdeh ASC-nin əməkdaşları tərəfindən ona məxsus olan su sayğacı sökülərək aparılmışdır. Bununla bağlı dəfələrlə müraciət etməsinə baxmayaraq, buna heç bir məhəl qoyulmur və xeyli müddətdir ki, onu aldadırlar. Cavabdeh ASC-nin əməkdaşları sayğacı bilərəkdən bərpa etmir, qeyri-qanuni borc tətbiq edərək onu incidirlər. O, xx.xx.2023-cü il tarixdə 26 manat ödəniş edərək, su borcunu tamamilə ödəmişdir. Lakin həmin ilin aprel ayında ona gələn bildirişdə 176,33 manat borc qeyd olunmuşdur. 3 ay ərzində qeyd olunan borcun yazılması qeyri-qanunidir, bu məbləğ qətiyyən həqiqəti əks etdirmir. Yanvar ayında sıfırlanmış borc 3 ay ərzində 176,33 manat ola bilməz. Bu borc Cavabdeh ASC-nin əməkdaşları tərəfindən ya bilərəkdən qeyd olunub, ya da texniki səhv olaraq qeyd olunub. xx.xx.2023-cü il tarixdə isə ona gələn bildirişdə qeyri-qanuni yazılmış borc daha da artırılaraq 200,33 manat qeyd olunmuşdur. Bu borc qanunsuz və əsassızdır. Sayğaca baxış keçirərkən nə ona xəbərdarlıq olunmuş, nə də hər hansı bir akt tərtib edilmişdir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İştirak etdiyi məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə iştirak etdiyi məhkəmə iclasında iddianı qəbul etmədi və onun rədd olunmasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan əhali qrupunda su sayğacının quraşdırılması, dəyişdirilməsi, təmiri və istismara qəbuluna dair 065508 saylı, xx.xx.2014-cü il tarixli aktın surətindən görünür ki, İddiaçı məxsus Abşeron rayonu, Hökməli qəsəbəsi, Koroğlu küçəsində yerləşən 169 saylı fərdi yaşayış evinə 49799208 saylı su sayğacı quraşdırılmışdır. İşdə olan xx.xx.2023-cü, xx.xx.2023-cü, xx.xx.2023-cü və xx.xx.2023-cü tarixli hesab fakturaların surətlərindən görünür ki, abonent İddiaçı su sərfiyyatına görə müvafiq olaraq, 26,33; 183,33; 192,33 və 200 manat borcu yaranmışdır. İşdə olan e-Manat tipli ödəmə qəbzindən görünür ki, **********000 abonent kodu üzrə xx.xx.2023-cü il tarixdə 30 manat ödəniş edilmişdir. İşdə olan Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bğlməsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Abşeron rayonu, Hökməli qəsəbəsi, Koroğlu küçəsində yerləşən 169 saylı fərdi yaşayış evinə quraşdırılmış su sayğacının oğurlanması barədə P.A.Abdullayevin şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İşdə olan **********000 abonent kodu üzrə xx.xx.2023-cü il tarixli ətraflı abonent kartından görünür ki, İddiaçı cəmi 177,33 manat borcu vardır. “Su təchizatı və tullantı suları haqqında” Qanunun 30-cu maddəsinin 1-ci bəndinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qanunun 59-cu maddəsinin 3-cü bəndinə görə su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləği aşağıdakılara əsasən hesablanır: a) suölçən cihazların göstəricilərinə görə verilən suyun həcminin və ya obyektlərdən axıdılan tullantı sularının miqdarının uçotuna; b) müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydalara. Həmin Qanunun 61-ci maddəsinin 1-ci bəndinə əsasən, su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Həmin Qanunun 62-ci maddəsinə əsasən qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “X1nın” 7.4-cü bəndinə əsasən, əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qaydaların 4.1.3-cü bəndinə əsasən, bu Qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçının vəzifəsidir. Azərbaycan Respublikası Tarif Şurasının Cavabdeh ASC-nin sudan istifadə və tullantı sularının axıdılması xidmətləri üzrə istehlakçı qruplarının tariflərinin və təsnifatının təsdiq edilməsi barədə xx.xx.2011-ci il tarixli Qərarına əsasən sayğac quraşdırılmamış mənzillərdə adambaşına su istehlakı norması 5 kub netr müəyyən edilmişdir. Tarif Şurasının xx.xx.2011-ci il tarixli qərarına görə əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 kub metr suyun qiyməti 0,30 manat, həmin miqdarda tullantı sularının axıdılmasına görə xidmətin qiyməti isə 0,06 manat, Tarif Şurasının xx.xx.2016-cı il tarixli qərarına görə əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 kub metr suyun qiyməti 0,35 manat, həmin miqdarda tullantı sularının axıdılmasına görə xidmətin qiyməti isə 0,15 manat və Tarif Şurasının xx.xx.2021-cı il tarixli qərarına görə əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 kub metr suyun qiyməti 0,70 manat, həmin miqdarda tullantı sularının axıdılmasına görə xidmətin qiyməti isə 0,30 manat müəyyən edilmişdir. “X1”na 4 saylı əlavəyə görə 4 nəfər ailə üzvü olan abonentin aylıq su sərfiyyatı 20 kub.metr təşkil edir. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu, gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticəsi üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətisizlik) üçün məsuliyyət daşıyır. İş materiallarından görünür ki, iddiaçının əməkdaşları xx.xx.2023-cü ildə abonentin su xəttinə qeyri-qanuni qoşulma faktını müəyyən etmiş və ona 168 manat cərimə tətbiq edilmişdir. Hazırda İddiaçı Cavabdeh ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC tərəfindən Abşeron rayonu, Hökməli qəsəbəsi, Koroğlu küçəsində yerləşən 169 saylı fərdi yaşayış evinə dair tətbiq edilmiş 200,33 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarından görünür ki, cavabdehin əməkdaşları tərəfindən abonentin su xəttinə qeyri-qanuni qoşulması faktı və beləliklə, sudan dəyəri ödənilməməklə istifadə etməsi müəyyən edilmişdir. Bununla belə, həmin fakt əsasında istifadə edilmiş suyun həcminin hesablanması mexanizmi məqbul deyildir. Belə ki, cavabdeh qurum abonentə qeyri-qanuni qoşulmaya görə bir dəfəyə 168 manat cərimə tətbiq etsə də, bunun hansı kriteriyaya əsasən tətbiq edilməsini əsaslandıra bilməmişdir. Halbuki, yuxarıda da qeyd olunduğu kimi, “X1”na 4 saylı əlavəyə görə 4 nəfər ailə üzvü olan abonentin aylıq su sərfiyyatı 20 kub.metr təşkil edir. Tarif Şurasının xx.xx.2021-ci il tarixli qərarına görə isə əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 kub metr suyun qiyməti 0,70 manat, həmin miqdarda tullantı sularının axıdılmasına görə xidmətin qiyməti isə 0,30 manat müəyyən edilmişdir. Beləliklə, iş materiallarından sayğacdan kənar qoşulma nəticəsində abonentin 20 manat zərər vurması müəyyən olunur. Məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, İddiaçı yaşadığı (abonent kodu: **********000) Abşeron rayonu, Hökməli qəsəbəsi, Koroğlu küçəsində yerləşən 169 saylı fərdi yaşayış evində sayğacdan kənar su xəttinə qoşulma faktı müəyyən edildiyindən və həmin fakt üzrə Cavabdeh ASC tərəfindən istifadə edilmiş suyun dəyərinə görə borc hesablandığından, lakin buna baxmayaraq hərəkətsizlik edilərək borc məbləğinin artmasına şərait yaradıldığından iddia qismən təmin edilməli, hesablanmış 148 (168-20) manat borc abonentin hesabından silinməli, iddia qalan hissədə təmin edilməməlidir. Qalan borc məbləği isə sayğac göstəricilərinə əsasən tətbiq edildiyindən məhkəmə hesab edir ki, abonent tərəfindən ödənilməlidir və bu hissədə borc silinə bilməz. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı yaşadığı (abonent kodu: **********000) Abşeron rayonu, Hökməli qəsəbəsi, Koroğlu küçəsində yerləşən 169 saylı fərdi yaşayış evinə aid su sayğacına Cavabdeh ASC tərəfindən hesablanmış 148 manat borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar