Məhkəmə qərarları › İş №2(012)-2906/2023

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-2906/2023

10.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-2906/2023 10.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlu tərəfindən, Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsini nəzərdən keçirərək, məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, JN-022A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ona məxsus olması və sözügedən şəhadətnamədə qeyd edilmiş “Ərizəçi Tarverdi oğlu” ilə AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsində qeyd edilmiş “Ərizəçi”nun eyni şəxs olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlanacaq) 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Ərizənin məzmunundan göründüyü kimi, Ərizəçi JN-022A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ona məxsus olması faktının müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. Mülki Prosessual Məcəllənin: 149.2.4. maddəsinə əsasən, ərizədə müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat göstərilməlidir. 150.1.6. maddəsinə əsasən, iddia ərizəsinə müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) əlavə edilməlidir. Göründüyü kimi, mülki prosessual qanunvericilik iddia ərizəsinə əlavə edilməli olan sənədlərdən biri kimi tərəflərin mübahisənin məhkəmədən kənar qaydada həlli üsulu olaraq pretenziya qaydasına riayət edilməsinin zəruriliyini qeyd etmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 16.1. maddəsinə əsasən, qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. 16.1-1. maddəsinə əsasən, bu Qanunun 16.1-ci maddəsində nəzərdə tutulmuş ərizə və bildirişin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 16.2. maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Qanunvericiliyin tələblərinə istinad edərək məhkəmə qeyd edir ki, ərizəçi “torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə müvafiq düzəlişin aparılmasına dair aidiyyəti quruma müraciət etməmiş, etdiyi halda isə imtina məktubunu ərizəyə əlavə etməmişdir. Mülki Prosessual Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarılır. Göstərilənlərə əsasən, məhkəmə qanunun qeyd edilən tələblərini rəhbər tutaraq hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Eyni zamanda, məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə qanunvericiliyin tələblərinə istinad edərək qeyd edir ki, ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılmalı, ərizədə göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ərizəçiyə yenidən ümumi əsaslarla məhkəməyə müraciət etmək hüquqlarının olması izah olunur. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 149-153, 306-310, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Ərizəçiyə izah olunsun ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Abşeron rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar