Məhkəmə qərarları › İş №2(012)-2923/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2923/2025

29.07.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2923/2025 29.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Fizuli Məhəmməd Fizuli oğlunun katibliyi ilə, İddiaçı, iddiaçının vəkili-nümayəndəsi Vəkil, həmçinin nümayəndəsi Nümayəndə2, Cavabdeh2 vəkili-nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mənzilə köçürülmə və maneələrin aradan qaldırılması tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mənzilə köçürülmə və maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının övladları - xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X1 ilə birlikdə ünvan 1 ünvanda yerləşən 159 nömrəli, 3 otaqlı mənzilə köçürülməsi, həmin mənzildən maneəsiz istifadə etməyinə (mənzilə sərbəst girib-çıxmaq, yaşamaq) şərait yaradılması, eləcə də mənzildən istifadəsinə mane olan hərəkətlərin cavabdehlərə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Cavabdeh2 ilə xx.xx.2015-ci il tarixdə rəsmi nikaha daxil olmuş, daha sonra cavabdehlərin yaşadığı ünvan 2 ünvanda yerləşən mənzilə köçərək orada yaşamışdır. Birgə nikahdan onların 2 uşağı - xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X1 anadan olmuşdur. Cavabdeh1 iddiaçının qaynanasıdır. Tərəflər qeyd olunan mənzildə yaşadıqdan sonra iddiaçı Cavabdeh2la birlikdə ipoteka yolu ilə özlərinə ayrıca mənzil almaq qərarına gəlmişlər. Bu məqsədlə ailənin ümumi gəlirlərinə qənaət etmək yolu ilə ilkin ödəniş məbləğini toplayaraq Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində "xxxx" MTK-nın inşa etdiyi çoxmənzilli yaşayış binasında 2 otaqlı ayrıca mənzil almış, Cavabdeh2 və uşaqları ilə birlikdə həmin mənzilə köçərək və bütün cehiz əşyalarını həmin mənzilə apararaq orada yaşamağa başlamışlar. Mənzil cavabbeh Cavabdeh2 adına rəsmiləşdirilmişdir. Mənzilə köçüb orada yaşadıqdan sonra tərəflərin övladı X7 şəhərində yerləşən 2 nömrəli tam orta məktəbin şagirdi olmuşdur. Evliliyin ilk vaxtlarında Cavabdeh2 ona “səninlə evlənmək istəmirdim, anamın təkidi ilə səninlə evləndim” desə də, yenə də ilk illəri mehriban bir şəraitdə keçirmiş, lakin sonradan cavabdehin ona qarşı münasibəti kəskin şəkildə dəyişməyə başlamışdır. Belə ki, cavabdeh bəzən gecələr evə gəlmir və ya gec gəlir, bunun səbəbini soruşduqda ona qarşı hörmətsizlik edirdi. Onun bu cür davranışının səbəbi isə çox da gizli qalmadı və o başqa qadınlarla münasibət qurduğunu iddiaçıya açıq-aşkar bildirmişdir. İddiaçı cavabdehə bu hərəkətlərinin düzgün olmadığını, iki azyaşlı övladının olduğunu, bunun ailə xəyanəti olduğunu, yolverilməz əməl olduğunu bildirərək bu cür davranışlarından əl çəkməsini xahiş etmiş, lakin cavabdeh bu cür əməllərindən əl çəkməyərək əksinə, müxtəlif qadınlarla əlaqələrini daha aşkar şəkildə davam etdirmişdir. Ailənin dağılmaması, qorunub-saxlanması üçün əlindən gələni etmişdir. İş üzrə digər cavabdeh olan qaynanası Cavabdeh1 da bu barədə məlumat verib ailənin qorunub saxlanması üçün ondan da oğluna nəsihət etməsini istəmiş, cəhdləri nəticəsiz qalmışdır. Cavabdeh2 iddiaçıya qarşı münasibətinin qeyd etdiyi səbəblə soyuq olduğu vaxtlarda o ailədə isti və hörmət dolu bir mühit yaratmağa çalışmışdır. Bunun üçün də ailə münasibətlərindən irəli gələn bütün vəzifə və öhdəliklərini yerinə yetirir, evin bütün məişət qayğılarını öz üzərinə götürür, uşaqların qayğısına qalır, hər iki cavabdehə hər cür qayğı, hörmət və qulluq göstərir, onların dediklərinə sözsüz əməl edirdi. Belə bir vaxtda Cavabdeh2 ona bildirmişdir ki, aldıqları mənzil iki otaqlı və darısqal olduğu üçün onu satmaq istəyir. O, ailədə yalnız məişət məsələləri ilə (uşaqlara və cavabdehə qulluq) məşğul olduğuna görə bu işlərə qarışmamışdır. Cavabdeh2 bildirmişdir ki, evi satıb anasına məxsus olan Xırdalan şəhərindəki 3 otaqlı mənzilə köçüb orada yaşayacaqlar. Bundan sonra Cavabdeh2 ipoteka krediti ilə alınan həmin mənzili sataraq ilkin ödəniş və aylıq ödəniş kimi ödənilən 15000 manat vəsaiti qəbul etmiş, mənzil satıldıqdan sonra onların bütün əşyalarını (o cümlədən cehiz əşyalarını da) özləri ilə götürərək Cavabdeh1 məxsus olan ünvan 3 ünvandakı 3 otaqlı mənzilə köçmüşlər. Cavabdehlər bildirmişlər ki, yeni 3 otaqlı mənzil iddiaçıya, Cavabdeh2 və uşaqlarına məxsus olacaq. Onlar yeni mənzilə köçsələr də, Cavabdeh2 ona qarşı münasibəti dəyişməmiş, yenə də əvvəlki kimi başqa qadınlarla əlaqələrini davam etdirmişdir. İddiaçı onun ailə həyatı ilə bir araya sığmayan bu cür hörmətsiz davranışlarına etiraz etdikdə isə iddiaçıya böhtan ataraq guya yataq otağını yandırmaq istədiyini, guya iddiaçının əsəblərinin pozulduğunu iddia etməyə başlamışdır. Sonuncu dəfə ona qarşı bu cür haqsızlığı və hörmətsizliyi qəbul etməyib çarəsizlikdən ağladıqda isə qaynanası - Cavabdeh1 və qaynı bir müddət üçün valideynlərinin evinə gedib müvəqqəti olaraq orada qalmağı, beləliklə sakitləşməyi tövsiyə etmişlər. Cavabdehlər valideynlərinin evinə gedib bir müddət orada qalmağına icazə verdikləri üçün o ailəsinin saxlanması naminə buna razılaşıb uşaqları ilə Bakı şəhərindəki mənzilə getmiş, bir həftə həmin mənzildə qaldıqdan sonra uşaqları ilə Xırdalan şəhərindəki mənzillərinə qayıtmış, lakin mənzilin qapısını açmaq istəyəndə qapının kilidinin dəyişdirildiyini görmüşdür. Cavabdehlərin iddiaçı və uşaqlarının həmin mənzilə qayıtmağına maneə yaratdıqlarını başa düşdükdə dərhal qaynanası Cavabdeh1 zəng vuraraq qapını açmağı, mənzilə daxil olmağına şərait yaratmağı xahiş etmişdir. Bu müraciətinə cavab olaraq Cavabdeh1 ona bildirmişdir ki, “səni oğlum üçün mən almışam, mən də boşayıram”. Beləliklə, cavabdehlər iddiaçı və uşaqlarının həmin mənzilə daxil olmağına və orada yaşamağına mane olmuşlar. Artıq müəyyən müddətdir ki, o, uşaqları ilə birlikdə Masallı rayonunda valideynlərinin yanında yaşayır. Cavabdehlər onu uzun müddətdən bəri yaşadığı, bütün cehiz əşyalarının olduğu Xırdalan şəhərindəki 3 otaqlı mənzilə buraxmırlar. Cavabdehlər ona və uşaqlarına qarşı qanunsuz və əsassız hərəkət edərək hüquqlarını pozurlar. Cavabdeh2 bu hadisədən sonra iddiaçıya qarşı Masallı rayon məhkəməsində nikahın pozulması barədə iddia qaldırmışdır. Bu isə ondan xəbər verir ki, cavabdehlər onu dincəlmək adı altında müəyyən müddətə başqa mənzilə göndərməklə əvvəlcədən məqsədli davranmış, onu mənzildən aldatma yolu ilə çıxarmaq niyyətində olmuş və bunu əvvəlcədən planlaşdırmışlar. İddiaçının uşaqları azyaşlı və məktəblidir. Onların uzun müddətdən bəri öyrəşdikləri, vərdiş etdikləri mənzil mühitindən, eləcə də oxuduqları məktəbdən ayrılması onlara da pis təsir edir. Onun bütün əşyaları həmin mənzildədir. Həmin mənzil nikah zamanı alınmış, mənzil satıldıqdan sonra ona və ailəsinə təhvil verilmişdir. Hazırda cavabdehlərin ona qarşı bu cür davranışı onun mənzil qanunvericiliyi ilə qorunan hüquqlarının kobud şəkildə pozulmasıdır. Bu hal qanunla yolverilməzdir. Odur ki, göstərilənlərə əsasən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və əlavə olaraq izahatında bildirmişdir ki, Cavabdeh2 ilə aralarındakı nikah pozulmuşdur. Faktiki olaraq mənzilə köçsələr də, sənəd olaraq rəsmiləşdirməmişlər. 3-4 il qaynanası - Cavabdeh1 adına olan evdə yaşamış, lakin Cavabdeh1 onlardan ayrı yaşamış, sadəcə qonaq kimi evə gəlib getmişdir. Daha sonra Kristalda olan evi karantinə görə satmalı olmuş, keçmiş yoldaşı Cavabdeh2 adına ev almışlar. Cavabdeh1 onlara bildirmişdir ki, ev onlarındır, sonra onların adına keçəcək. Güvəndiyinə görə heç bir sənəd tələb etməmişdir. Ümumiyyətlə, böyük ailə olmuşlar. Heç vaxt aralarında maddiyyat söhbəti olmamışdır. Pul Ayaz adlı şəxsə verilmiş, Ayaz adlı şəxs tərəfindən Kristal Abşerondan ev götürülmüşdür. Hər ay 614 manat pul ödənilirdi. Uşaqları 2 nömrəli məktəbdə oxumuşlar, iddiaçı məcbur olub Masallıya – atasının yanına qayıtmışdır. Məhkəmə iclasında iddiaçının vəkili-nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və əlavə olaraq izahatında bildirmişdir ki, tərəflərin birgə nikahı dövründə ev alınmış, daha sonra ev balaca olduğundan evi sataraq pulu qaynanası - Cavabdeh1 vermişlər. Cavabdeh1 da o pula digər Cavabdeh2 üçün ev alaraq hazırda mübahisələndirilən mənzildə qalmalarını təklif etmişdir. Amma mənzilə dair heç bir rəsmiləşdirmə olmamışdır. İddiaçı çox yaxşı gəlin olmuş, boşanmaları üçün heç bir səbəb olmamışdır. Tərəflər arasında qarşılıqlı hörmət olmuşdur. Əlavə olaraq, ailənin bərpa olunması üçün vaxt verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 izahatında bildirmişdir ki, boşanma səbəbi Cavabdeh2 evə gec gəlməsidir. Cavabdeh1 4 evi var. İddiaçı yaşadıqları evdə bütün əşyalarını qoyaraq azyaşlı uşaqları ilə birlikdə onların yanına köçmüşdür. Məhkəmə iclasında Cavabdeh2 vəkili-nümayəndəsi Nümayəndə1 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddia tələbi qanuni tələblərə uyğun deyil. Belə ki, Cavabdeh2 adına heç bir mülkiyyət yoxdur. Mülkiyyətçi olaraq Cavabdeh1 öz mülkünün üzərində istədiyi kimi sərəncam verə bilər. Əlavə olaraq, tərəflər 2018-ci ildə ipotekaya ev götürmüş, daha sonra 2020-də pandemiya dövrünə təsadüf etdiyinə görə ödəyə bilməmiş, 7000 manat cərimə borcları yaranmış və evi 15000 manata sataraq yaranmış borclarını ödəmiş, qalan 7000 manatı da ailəyə xərcləmişlər. Odur ki, iddiaçı isə sadəcə ipoteka dövründə olunan ödənişi tələb edə bilər. İddiaçı xx.xx.2015-ci ildə həmin evə gəlin gəlmiş, əşyalarını Cavabdeh1 evinə yığmışdır. Hazırda iddiaçının qeyd etdiyi cehiz əşyalarının evdən çıxarılması barədə iddia verilmişdir. Həmçinin iddiaçı ilə aralarında barışıq əldə olunmamışdır. Cavabdeh1 məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən gəlməmişdir. Belə olan halda məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -1 saylı Bakı “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2015ci il tarixli, AZ-İİ 085556 saylı nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh2 xx.xx.2023-cü il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 28 nömrəsi ilə qeyd edilmişdir. -3 saylı Bakı “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2016cı il tarixli, AZ-İİİ 876506 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2016-cı il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 7183 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, anası İddiaçı, atası Cavabdeh2dur. -3 saylı Bakı “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2018ci il tarixli, AZ-İV 072086 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X1 xx.xx.2018-ci il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 599 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, anası İddiaçı, atası Cavabdeh2dur. -“Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə olunmuş məlumatlardan müəyyən olunur ki, İddiaçı ünvan 4 ünvanda qeydiyyatdadır. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-32/2-8254/2025 saylı cavab məktubundan görünür ki, ünvan 5 ünvanı üzərində Cavabdeh1 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2015-ci il tarixdə **********54-05307-093044 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. -Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Seriya RX ******* saylı çıxarışdan müəyyən olunur ki, ümumi sahəsi 74.1 m2 olan Abşeron rayonu, Xırdalan şəhəri, 30-cu məhəllə, ev 7, 159 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2015-ci il tarixdə, ********** qeydiyyat, **********54-05307-093044 reyestr nömrəsi ilə 83 nömrəli reyestr kitabının 59 nömrəli vərəqində qeydiyyata alınmışdır. xx.xx.2015-ci il tarixdə Cavabdeh1 adına texniki pasport əsasında mənzilin planı və ölçüsü tərtib olunmuşdur. -"xxxx" MTK-nın xx.xx.2015-ci il tarixli, 000669 saylı arayışından görünür ki, Cavabdeh1 Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllə, 7 nömrəli evin 159 saylı mənzilində yaşayır. Vətəndaş Cavabdeh1 ailəsi 1 nəfərdən ibarətdir və bu mənzildə daimi qeydiyyatda heç kim yoxdur. İşdən görünür ki, mübahisəli mənzilin sahibi olan Cavabdeh1 gəlini – İddiaçı həmin mənzilin Cavabdeh2 ilə birgə nikahları dövründə əldə edildiyini irəli sürərək azyaşlı uşaqları ilə birlikdə həmin mənzilə köçürülmələrini tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur və heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. İnsan Hüquqlarının və X4 haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 12.1-ci maddəsinə əsasən yaşayış sahələri mənzil hüququnun obyektidir. 13.1.1-ci maddəsinə əsasən yaşayış evi yaşayış sahəsinə aiddir. 14.1-ci maddəsinə əsasən yaşayış sahəsinin əsas təyinatı həmin sahədə insanların yaşamasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.8-ci maddəsinə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 158.1.2-ci maddəsinə əsasən, əmlakdan istifadə hüququ da mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılır. 158.2-ci maddəsinə görə, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. İşin faktiki hallarından da göründüyü kimi, mübahisəli mənzil Cavabdeh1 mülkiyyətində olmaqla, həmçinin istifadəsindədir. Bundan əlavə iddiaçı mənzilə köçürülməsini xahiş etdiyi mənzilin Cavabdeh2 ilə birgə nikah dövründə əldə edildiyini iddia etməsinə baxmayaraq, iddia tələbinin əsası kimi istinad etdiyi halı, yəni mübahisəli mənzilin iddiaçının özü və əri (Cavabdeh2) tərəfindən birgə nikahda olarkən əldə edilməsini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etmədiyindən, həmçinin məhkəmə araşdırması zamanı da bu hal öz təsdiqini tapmadığından iddia tələbi həmin hissədə təmin edilə bilməz. Belə ki, Mülki Prosessual Məcəllənin: 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Göstərilən normaların tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən, iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.. Yuxarıda sadalanan hallara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, İddiaçı tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 77-ci maddəsinə əsasən hazırki mübahisə üzrə sübutetmə yükü onun üzərinə düşürdü. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçının mənzilə köçürülmə tələbi təmin edilmədiyindən bununla əlaqəli olan mənzildən maneəsiz istifadə etməyə şərait yaradılması və mənzildən istifadəyə mane olan hərəkətlərin cavabdehlərə qadağan edilməsinə dair digər tələblərinin təmin edilməsi məqsədəmüvafiq deyildir. Beləliklə, şərh olunanlara məcmu halda qiymət verərək, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mənzilə köçürülmə və maneələrin aradan qaldırılması tələbinə dair iddia tələbi təmin edilməməlidir. Belə ki, iddiaçı mübahisəli əmlaka dair hər hansı hüququnun olmasına dair sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mənzilə köçürülmə və maneələrin aradan qaldırılması tələbinə iddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar