Məhkəmə qərarları › İş №2(012)-2937/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2937/2021

28.09.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2937/2021 28.09.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs Abşeron rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X12 iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, X5 xəstəlik səbəbindən öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxsə çevrilməsi səbəbindən onun fəaliyyət qabiliyyəti olmayan şəxs sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, anası X13 onunla birlikdə yaşayır. Anası 05.12.2019-cu il tarixdə yaşadığı mənzilin qapısının qaynaq edilməsi nəticəsində mənzildə bağlı qapı arxasında tək qalması səbəbindən dərin sarsıdıcı psixoloji vəziyyət keçirmiş və həmin hadisədən sonra anasının ruhi sağlamlıq vəziyyəti pisləşməyə başlamışdır. Həmin fakt üzrə hazırda Abşeron rayon Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.1-ci maddəsi ilə cinayət işinin istintaqı aparılır. Bu hallar sonradan daha da artmağa başlamış, bu vəziyyət onda yaddaş pozğunluğu, çox kəskin aqressiya, fikirlərini ifadə edə bilməmə, öz hərəkətlərinə cavabdeh ola bilməmə kimi vəziyyətlərin yaranmasına səbəb olmuşdur. X5 qeyri-anomal hərəkətləri özünü əsassız yerə qarşısına çıxan hər kəsin üzərinə hücum etməsində, gördüyü əşyaları dağıtmasında, öz hərəkətlərinin mahiyyətini qavramamaqda, özünə heç kimi yaxın buraxmayaraq kiminsə ona toxunacağı təqdirdə başına nəsə gələcəyini düşünməsində və s. bu kimi özünə və ətrafındakı digər şəxslərə zərər yetirə biləcək vəziyyətlərdə büruzə verir. Bütün bu hallara görə anasının səhhətində olan problemlərin mahiyyətini öyrənmək, onları aradan qaldırmaq üçün 1 saylı Respublikası Psixiatriya xəstəxanasına müraciət etmiş və ona “posttravmatik stress pozuntusu” diaqnozu qoyulmuş və anasının səhhəti nəzərə alınaraq həmin diaqnoz üzrə 27.08.2020ci il tarixdən 29.09.2020-ci il tarixədək həmin xəstəxanada stasionar müalicə almışdır. Bundan başqa anası məlum hadisədən sonra Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına aparılmış və 05.12.2019-cu il tarixdən 06.12.2019-cu il tarixə kimi orada “Dissosiativ hərəki pozulmalar. Psixogen isterik hərəki pozulmalar” diaqnozu ilə stasionar müalicədə olmuşdur. Təəssüf ki, həmin stasionar müalicələr də anasının səhhətində müsbət dəyişikliklərə səbəb olmamış və hazırda da yuxarıda qeyd olunan diaqnozlar üzrə səhhətində olan problemlər davam etməkdədir. O, yenə də özünü idarə edə bilmir və xəstəlik səbəbindən öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxsə çevrilmişdir. Həmçinin, anası Abşeron rayon Prokurorluğunda istintaq olunan qeyd etdiyi cinayət işi üzrə X13 barəsində sağlamlıq vəziyyətinin müəyyən edilməsi üçün kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizası təyin edilərək rəy alınmışdır. Belə ki, kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 13.10.2020-ci il tarixli 2028 nömrəli rəyində göstərilmişdir ki, X9 “posttravmatik stress pozuntusu” formasında psixi pozuntu müəyyən edilmişdir ki, həmin psixi pozuntu sonuncunun bağlı qapı arxasında qalması ilə əlaqədar baş verməsi mümkündür. Ona görə də göstərilənlərə əsasən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İş üzrə maraqlı şəxs Abşeron rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X14 məhkəmə iclasında məhkəmə-psixiatrik ekspertizasının rəyi və iş üzrə digər materiallarla tanış olduğunu bildirmiş və ekspert rəyini əsas götürərək ərizənin təmin olunmasına etiraz etməmişdir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan X3 məhkəmə iclasında iştirakına yol vermədiyindən məhkəmə iclasında iştirakı mümkün olmamışdır. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlandırılacaq) 317.2. maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının 12.08.2020-ci il tarixli 9138 saylı məsləhət vərəqəsinin surətindən görünür ki, 1956-cı il təvəllüdlü X13 əsəbi, gərgin, bir yerdə qərar tuta bilməməsindən şikayət etmiş, ona şizofreniya, psixoz epizodları ilə müşayiət olunan diaqnoz qoyulmuş və 05.12.2019-cu il tarixdən 06.12.2019cu il tarixə kimi müayinədə olunması ilə bağlı qeydiyyat aparılmışdır . -Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası X23 tərəfindən verilmiş 30.06.2020-ci il tarixli 447 saylı arayışdan görünür ki, xəstə- 1956-cı il təvəllüdlü X13 05.12.2019-cu il tarixdən 06.12.019-cu il tarixədək xəstəxananın İ sinir xəstəlikləri şöbəsində qeyri-müəyyən mənşəli psixoorqanik sindrom diaqnozu ilə stasionar müalicədə olmuşdur. Hazırda xəstə psixiatrın nəzarətindədir. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası tərəfindən verilmiş 27.07.2020-ci il tarixli arayışdan görünür ki, X10 “blateral alın payında paraventrikulyar sahədə, sol alın-təpə payında şüalı tac proyeksiyasında mm-ik postangiopatik qlioz ocaqları” diaqnozu qoyulmuşdur. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator Kitabçadan (xəstəlik tarixindən) çıxarışın surətindən görünür ki, X13 05.12.2019-cu il tarixdən 06.12.019-cu il tarixədək müalicə olmuş və ona psixoloji baxış olunmuşdur. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator Kitabçadan (xəstəlik tarixindən) 5461/20 saylı çıxarışdan görünür ki, X13 27.08.2020-ci il tarixdən 29.09.2020ci il tarixədək müalicə almış, Posttravmatik stress pozuntusu diaqnozu qoyulmuş, sahə psixiatrının müalicəsinin təyin edilməsi məsləhət görülmüşdür. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator Kitabçadan (xəstəlik tarixindən) 05.08.2021-ci il tarixli çıxarışdan görünür ki, X13 27.07.2021-ci il tarixdən 03.08.2021-ci il tarixədək müalicə almış, baş beyninin üzvi xəstəliyi diaqnozu qoyulmuş, yaşayış yeri üzrə sahə poliklinikasının psixiatr müşahidəsinə göndərilməsi məsləhət görülmüşdür. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X22 13.10.2020-ci il tarixli 2028 saylı rəyindən görünür ki, cinayət işi materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrinin tədqiqi və təhlili əsasında belə nəticəyə gəlinir ki, X9 hazırda Posttravmatik stress pozuntusu formasında psixi pozuntu müəyyən edilir. Bu psixi pozuntunun yoxlanılan şəxsdə qərarın təsviri hissəsində göstərilən hal iləyəni bağlı qapı arxasında qalması ilə əlaqədar baş verməsi mümkündür. Belə ki, qərarın təsviri hissəsində göstərilən baş vermiş hadisə ilə əlaqədar onun psixi vəziyyəti nəzərə alınaraq 05.12.2019-cu il tarixdən 06.12.2019-cu il tarixə kimi “Dissosiativ hərəki pozulmalar. Psixogen isterik hərəki pozulmalar diaqnozu ilə stasionar müalicədə olmuş, qızının deməsinə görə Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müalicədən sonra psixi vəziyyətinin sabitləşməsi, lakin sonralar anasında narahatlıq, gərginlik, qorxu hisləri və yuxu pozuntularının biruzə verməsi, daha sonralar bir yerdə qərar tuta bilməməsi, yersiz hərəkətlərə yol verməsi halları biruzə verdiyi üçün fərdi qaydada, həmçinin AR SN-nın 1 saylı Respublika Psixiatriya Xəstəxanasında stasionar müalicədə olmuş, həmin xəstəxanadan əldə edilmiş xəstəlik tarixindən çıxarışın kserosurətində 27.08.2020-ci il tarixdən 29.09.2020-ci il tarixə kimi “Posttravmatik stress pozuntusu" diaqnozu ilə gündüz stasionarında müalicədə olmuş, hal-hazırda evdə həkimpsixiatrın təyin etdiyi dərman preparatlarını qəbul edir. Təqdim edilmiş tibbi sənədlər və hal-hazırkı psixiatrik müayinənin tədqiqi və təhlili nəticəsində göstərmək olar ki, X13 hadisə baş verməmişdən əvvəl, eləcə də, hadisə zamanı psixi xəstəlikdən əziyyət çəkməmişdir. Onda hazırda yuxarıda göstərildiyi kimi Posttravmatik stress pozuntusu müəyyən edilir. Hazırki psixi vəziyyətinə görə yoxlanılan şəxs öz hərəkətlərini idarə edib qiymətləndirmək iqtidarında deyildir. Lakin göstərmək olar ki, hal-hazırda yoxlanılan şəxsdə təzahür edən Posttravmatik stress pozuntusu diaqnozlu psixi pozuntu müalicəyə tabe olan xəstəliklərə aid olduğu üçün proqnozu pozuntunun gedişi asılıdır, yəni psixi pozuntunun əlamətlərinin ambulator və ya stasionar şəraitdə müalicə nəticəsində yaxşılaşması mümkündür. X9 hazırda müəyyən edilən psixi pozuntunun onun 05.12.2019cu il tarixdə MTK-nın əməkdaşları tərəfindən yaşadığı mənzilin qapısının qaynaq edilməsi nəticəsində bağlı qapı arxasında qalması səbəbi ilə əlaqədar olması istisna edilmir. Məhkəmə-psixoloji ekspertizası üzrə: 4-cü sual üzrə: X8 hazırkı psixi vəziyyətində (reaksiyasının adekvat olmadığı, özünü iradi olaraq tənzimləmənin çatışmazlığı, gərgin və narahatlığı, impulsiv hərəkətlərə meyilliliyi, verbal kontakt yaratmağın mümkünsüzlüyü və s.) müəyyən edilir. Qeyd edilməlidir ki, S.M.Verdiyevanın hazırkı durumu keçirdiyi stress nəticəsində yarandığı mümkündür. Həmin stress vəziyyəti 05.12.2019-cu il tarixdə MTKnın əməkdaşları tərəfindən yaşadığı mənzilin qapısının qaynaq edilərkən bağlı qapı arxasında qalması ilə əlaqədar olması istisna edilmir. Anamnestik məlumatlara əsasən (orta təhsil alması, ticarət və digər fərdi sahədə əmək fəaliyyəti ilə məşğul olması, psixi xəstəliklə əlaqədar hər hansı xəstəxanada qeydiyyatda olmaması, aktiv həyat tərzi sürməsi və s.) S.M.Verdiyevanın əqli inkişafında gerilik əlamətlərinin olmamasına dəlalət edir. 5-ci sual üzrə: X13 hazırkı vəziyyəti ilə əlaqədar baş vermiş hadisə barəsində düzgün izahat vermək qabiliyyətinə malik deyildir. -Abşeron Rayon Məhkəməsinin 17.05.2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəməpsixiatrik ekspertizası təyin edilmiş və həmin ekspertiza üzrə alınmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X17 Hüquqi Şəxsi, Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 10.08.2021-ci il tarixli 1757 saylı rəyindən görünür ki, İ. Motivləşdirici hissə. Yoxlanılan şəxs X9 “Posttravmatik stress pozuntusu ilə ağırlaşmış üzvi psixi və davranış pozuntuları” (F 09) psixi xəstəliyi müəyyən edilir. Bunu anamnestik məlumatlar, tibbi sənədlər (qərardadın təsviri hissəsində qeyd edildiyi kimi bağlı qapı arxasında qalması, bundan sonra onda psixi vəziyyətinin dəyişməsi, qorxu və narahatlıq keçirməsi, yuxusunun pozulması, yersiz hərəkətlərə yol verməsi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “RPX”-da stasionar müalicədə olması və onda “Posttravmatik stress pozuntusu" diaqnozunun qeyd edilməsi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MPEM”-də “Posttravmatik stress pozuntusu”nun müəyyən edilməsi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 saylı “X11”nda stasionar müayinədə olması və onda Baş-beyinin üzvi xəstəliyi (atrofiya mənşəli) nəticəsində yaranan kəskin ifadə olunmuş ağıl zəifliyi, kobud davranış və nitq pozuntuları ilə. Daima kənar şəxslərin himayəsinə ehtiyacı var” diaqnozunun müəyyən edilməsi, baş-beyin MRT müayinəsində “Bilateral alın payında paraventrikulyar sahədə, sol alın-təpə payında şüalı tac proyeksiyasında mm-lik postangiopatik qlioz ocaqlarının qeyd edilməsi), həmçinin hazırki müayinənin nəticələri (bir yerdə qərar tutmaması, davranışının-qeyri adekvat olması, ünsiyyət yaratmağın mümkün olmaması və sair) sübut edir. İİ.Yekun hissəsi. Mülki işi materiallarını və ambulator məhkəmə-psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə- psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sual: Ərizəçi anası-08.12.1956-cı il təvəllüdlü X8 psixi vəziyyəti onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə əsas verirmi? Cavab: 08.12.1956-cı il təvəllüdlü X13 psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas vardır. Kristal Abşeron MTK tərəfindən verilmiş 03.05.2021-ci il tarixli 312 saylı arayışdan görünür ki, Alıyeva X18 rayonu Xırdalan şəhəri H.Əliyev prospekti məhəllə 30 ünvanında tikilən yaşayış binalarının 9-cu bina 5-ci blok 6-cı mərtəbə 129 saylı mənzilində yaşayır. -Tovuz RPŞ tərəfindən verilmiş 22.05.2018-ci il tarixli AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi Tovuz rayonu, Aşağı Öysüzlü kəndində qeydiyyatdadır. -Tovuz RPŞ tərəfindən verilmiş 28.06.2010-cu il tarixli AZE № 07818730 saylı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X6 rayonu, Abulbəyli kəndində qeydiyyatdadır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 28.1. maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. 28.8. maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Beləliklə, işin məhkəmə iclasında araşdırılan hallarından, ərizəçinin izahatından, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının 12.08.2020-ci il tarixli 9138 saylı məsləhət vərəqəsindən, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası X23 tərəfindən verilmiş 30.06.2020-ci il tarixli 447 saylı arayışdan, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası tərəfindən verilmiş 27.07.2020-ci il tarixli arayışdan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator Kitabçadan (xəstəlik tarixindən) çıxarışlardan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X22 13.10.2020-ci il tarixli 2028 saylı rəyindən və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X17 Hüquqi Şəxsi, Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 10.08.2021-ci il tarixli 1757 saylı rəyindən müəyyən olunur ki, X1 pozuntusu ilə ağırlaşmış üzvi psixi və davranış pozuntuları” (F 09) psixi xəstəliyindən əziyyət çəkir. Göstərilənləri nəzərə alaraq məhkəmə tərəfindən psixiatrik ekspertiza təyin edilmiş, psixiatrik ekspertizası üzrə alınmış 10.08.2021-ci il tarixli 1757 saylı rəydə X8 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmadığı, buna görə də fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməli olması nəticəsinə gəlinmişdir. Mülki Prosessual Məcəllənin: 101.3. maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

88. maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə ekspert rəylərini digər sübutlarla paralel şəkildə Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən qiymətləndirərək hesab edir ki, ekspert rəyi digər sübutlarla və işin halları ilə təkzib edilmədiyindən sübut kimi qəbul edilməlidir. Beləliklə, məhkəmə psixiatrik ekspertizanın rəylərini əsas sübut kimi nəzərə alıb, işin yuxarıda tədqiq edilən hallarına və qanunun qeyd edilən tələblərinə əsasən hesab edir ki, ərizəçinin anası 08.12.1956-cı il tarixdə Tovuz rayonu, Abulbəyli kəndində anadan olmuş X8 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə məhkəmə qətnaməsinin çıxarılması qanuni və əsaslıdır. Mülki Prosessual Məcəllənin: 321.2. maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 317 və 320-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

Ərizə təmin edilsin. 08.12.1956-cı il tarixdə Tovuz rayonu, Abulbəyli kəndində anadan olmuş X13 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar