Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2938/2024 20.06.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən ona məxsus olan ünvan 1 ünvanında yerləşən 80 saylı mənzilə quraşdırılmış abonent kodu **********18230 olan sayğaca qanunsuz yazılmış 305,36 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Şəhid anasıdır. X5 1-ci Qarabağ Müharibəsində vətən uğrunda qəhrəmancasına şəhid olmuşdur. Faktiki olaraq yaşadığı Qobu qəsəbəsindəki küçə şəhid olmuş oğlunun adını daşıyır. ünvan 1 ünvanında yerləşən 80 saylı mənzil onun şəxsi mülkiyyətindədir. Sözügedən mənzil mərhum həyat yoldaşı X3 adına olmuş və sonradan vərəsəlik şəhadətnaməsi əsasında onun adına rəsmiləşdirilmişdir. Lakin bugünki günə qədər istifadə etdiyi işıq sayğacı mərhum həyat yoldaşının adında qalmışdır. Hal-hazırda da o, həmin sayğaclardan istifadə edir. Ona məxsus fərdi yaşayış evinə quraşdırılmış işıq sayğacının kodu **********18230-dur. Cavabdeh istifadə etdiyi sayğaca qanunsuz və əsassız olaraq 2019-ci ildə 305,36 manat borc hesablamışdır. O, sözügedən mənzildə ayda bir neçə gün yaşayır və istifadə etdiyi elektrik enerjisinin sərfiyyatına görə hesablanan aylıq ödənişləri vaxtı-vaxtında ödəyir. O, cavabdehə borcun hansı səbəbdən yazıldığını və səbəbsiz yerə yazılan borcun silinməsini tələb etsə də. cavabdeh borcun nə səbəbdən yazıldığını aydınlaşdıra bilməmişdir. Cərimənin silinməsi ilə bağlı isə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Qanunvericiliyin tələbinə görə, mənzildən kənarda quraşdırılan işıq sayğaclarının salamatlığına görə vətəndaşlar məsuliyyət daşımır və bu məsuliyyət "xxxx" ASC-nin üzərinə düşür. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İştirak etdiyi məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X4 məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında оlаn və məhkəmə bахışındа tədqiq оlunmuş: - Abonent kodu **********18230 nömrəli, ünvan 1 ünvanında yerləşən 80 saylı mənzildə yaşayan X1 görünür ki, xx.xx.2015-ci ildən xx.xx.2024-cü ilədək ona borc hesablanmamışdır. O cümlədən, sayğac oxuması 308,51 manat, aktlar üzrə borc -17,51, ödəmələr 365 manat, sayğac quraşdırılma tarixinə borc 414,28 manat, sayğac quraşdırılandan sonra ödəmə 365 manat, karta yüklənən məbləğ 255, borcdan ödəmə 110 manat, borc 0 manatdır. - ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli reyestrdən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 80 saylı mənzil İddiaçı mülkiyyətindədir. - 282845 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə Şəfiqə Bədəl qızı arasında nikah xx.xx.1962-ci il tarixdə qeydə alınmış, nikahdan sonra arvada Qəribova soyadı verilmişdir. - AZ-İ 847849 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2016-cı il tarixdə ölmüşdür. - 003992 saylı vəsiqənin surətindən görünür ki, İddiaçı şəhid ailəsi üzvüdür. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 1.2-ci bəndinə əsasən bu Qaydalar “Enerji resurslarından istifadə haqqında, “Elektroenergetika haqqında, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Qaydaların 4.2-ci bəndinə görə istehlakçılar, elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyən edilmiş elektrik enerjisi istehlakının göstəricilərinə və məhdudiyyət rejimlərinə əməl etməli, elektrik enerjisindən səmərəsiz istifadə olunmasına, israfçılığa və təsərrüfatsızlığa yol verməməlidirlər. Qaydaların 8.14-cü bəndinə görə istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Qaydaların 9.1-ci bəndinə görə istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X2 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, abonent İddiaçı silinməsini xahiş etdiyi borc tələb edilməyən borc kateqoriyasına aiddir. Qaydaların 7.13-cü bəndinə əsasən məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar quraşdırıldığı yerdən asılı olmayaraq, hesablaşma yalnız elektrik sayğacının göstərişinə və bu istehlakçı qrupu üçün müəyyən edilmiş tarifə əsasən aparılır. İşin araşdırılan hallarından müəyyən olunur ki, "xxxx" ASC-nin abonentə hesabladığı 305,36 manat borc tələb edilməyən borc kateqoriyasına aiddir. Belə olan halda isə məhkəmənin qənaətinə görə həmin borc öz növbəsində əsassız hesab edilərək silinməlidir. MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, məhkəmə hesab edir ki, yuxarıda şərh edilən işin hallarına əsasən iddia tələbi əsaslı olduğundan təmin edilməli, iddiaçının abunə kodundan silinməsini xahiş etdiyi məbləğdə, yəni 305,36 manat borc silinməlidir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. **********18230 saylı abonent kodu üzrə İddiaçı "xxxx" ASC tərəfindən hesablanmış 305,36 manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-2938/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2938/2024
20.06.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver