Məhkəmə qərarları › İş №2(012)-2956/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2956/2024

24.07.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2956/2024 24.07.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB-nin əməkdaşları tərəfindən qanunsuz və əsassız olaraq hesablanmış 3110,40 manat məbləğində cərimə borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X6 onun atasıdır. O, 22 avqust 2018-ci il tarixində vəfat etmişdir. Sayğac onun atasının adınadır. Hazırda ailə üzvləri ilə birlikdə sözügedən ünvanda yaşayır. Cavabdeh əməkdaşları tərəfindən 20 aprel 2023-cü il tarixdə ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilmişdir. Həmin aktdan da göründüyü kimi Cavabdeh İB-nin əməkdaşları tərəfindən sayğaca baxış keçirilmiş və qaz sayğacının yoxlanılması barədə 19 aprel 2023-cü il tarixli MSK 29/1710- 04504-1 saylı akta əsasən G-4 markalı 1402AZ**********79 nömrəli sayğacın hesablama mexanizminin qoruyucu örtüyün üzərinə vurulan zavod plastmas plomb yuvasının ətrafının zədələnməsi, sayğacın əsas çap vərəqəsinin üzərində kənar təsir izləri aşkar edilmişdir. Sözügedən akt qanunsuz və əsassızdır. Belə ki, həmin zaman o, pul köçürmək istəyərkən məlum olmuşdur ki, sayğac işləmir və kartda ödəniş etmək mümkün deyil. Buna görə də Cavabdeh İB-nin əməkdaşları ilə əlaqə saxlayaraq vəziyyəti bildirmişdir. Cavabdeh İB-nin əməkdaşları gəlmiş, onun iştirakı olmadan sayğacı çıxararaq aparmış, ünvana yeni sayğac quraşdırmışlar. Sonradan məlum olmuşdur ki, heç bir əsas gətirilmədən 20 aprel 2023-cü il tarixdə “Azəriqaz İB” tərəfindən ******* saylı akt tərtib edilmiş və dəymiş ziyan kimi 3110,40 manat məbləğində borc hesablanmışdır. Heç vaxt qazın istifadəsinə görə borcu olmayıb və sayğaca heç vaxt onun və ya ailə üzvləri tərəfindən heç bir müdaxilə olunmamışdır. Heç bir təqsiri olmadan, sayğacda aşkar edilmiş zərərlər onun tərəfindən törədilmədiyi halda, onu günahlandırmışlar. Cavabdeh İB-nin nümayəndələri tərəfindən akt tərtib edilərkən aktın tərtib edilməs ilə bağlı heç bir məlumatı olmamışdır. "Azəriqaz” İB isə qanunvericiliyin tələblərin pozaraq iştirakını təmin etmədiyi halda, eyni zamanda atası 2018-ci il tarixində vəfat etdiyi halda, aktın yekun hissəsində onun aktı imza etməkdən imtina etdiyini qeyd etmişdir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, onun təmin edilməsini xahiş etdi. O qeyd etdi ki, göstərilən ünvanda 2018-ci ildən yaşayış olmamışdır və oraya 2023-cü ilin oktyabr ayında köçmüşdür. Valideyni vəfat edərkən mərasim zamanı təbii qazdan istifadə edilmişdir. Cavabdehin nümayəndəsi X7 iddia ilə razılaşmadı və onun rədd olunmasını xahiş etdi. O qeyd etdi ki, tətbiq edilən borc əsaslıdır və onun silinməsinə heç bir əsas yoxdur. Eyni zamanda bildirdi ki, iddiaçı orada yaşamadığını bildirsə də, təbii qaz sərfiyyatı olmuşdur. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan Cavabdeh əməkdaşları tərəfindən tərtib və təsdiq olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* saylı aktdan görünür ki, həmin tarixdə abonent X3 yaşadığı Abşeron rayonu, Saray qəsəbəsi, 0B/336 saylı fərdi yaşayış evinə (abonent kodu: **********23360) baxış keçirilən zaman mövcud sayğacın qaz təsərrüfatının layihə-smeta və texniki icra sənədlərinin tələbinə uyğun yeni sayğacla əvəz edilməsi qərara alınmışdır. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən abonent 25920 kub metr təbii qazı istehlak etmişdir. İş materiallarında olan istehlakçı X3 adına tərtib edilmiş Abşeron rayonu, Saray qəsəbəsi, 0B/336 saylı fərdi yaşayış evinə aid abonent kodu **********23360 olan abonentin saldosundan görünür ki, 2023-cü ilin aprel ayında qaz sərfiyyatı “25920 m3” həcmində müəyyən edilmiş və buna müvafiq olaraq abonentə 3110,40 manat məbləğində borc hesablanmışdır. İşdə olan xx.xx.2008-ci il tarixli arayışdan görünür ki, X1 Vüqar Famil oğlunun atasıdır. İşdə olan AZ-İ 960328 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2018-ci il tarixdə ölmüşdür. İşdə olan xx.xx.2024-cü il tarixli, 2046 saylı arayışdan görünür ki, İddiaçı atası X2 22 avqust 2018-ci il tarixdə vəfat etmişdir. X2 vəfat edən günə kimi Saray qəsəbəsi, Rəsul Rza küçəsindəki 2 A saylı evdə qeydiyyatsız yaşamışdır. Mərhum F.Ə.Əzimov vəfat etdiyi gündən 2023-cü ilin noyabr ayına kimi sözü gedən ünvanda heç kim yaşamamışdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 6cı bəndinə əsasən qaz paylayıcısı istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; məhkəmənin qərarı ilə və digər hallarda qazın verilməsini dayandıra bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilən “Qazdan istifadə Qaydaları”nın 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Məhkəmə tərəfindən işin araşdırılan hallarından görünür ki, iddiaçıya 3110,40 manat məbləğində cərimə onun sayğacındakı nasazlığa görə xx.xx.2023-cü il tarixli akta əsasən tətbiq edilmişdir. Yuxarıda qeyd edilən Qaydalara görə bu cür sayğacların işlək vəziyyətdə saxlanılmasına görə abonent məsuliyyət daşımır. Bununla belə, məhkəmə iclasında müəyyən edildi ki, sayğac yararsız hala düşdükdən sonra İddiaçı atasının abonent olduğu ünvanda təbii qazdan dəyərini ödəməməklə istifadə etmişdir. Bu fakt məhkəmə iclasında iddiaçının özü tərəfindən təsdiq edildi. Digər tərəfdən, abonentin saldo məlumatlarından da görünür ki, abonent göstərilən ünvanda qazdan istifadəyə görə 2023-cü il ərzində cəmi 1 dəfə (100 manat) ödəniş etmişdir. Bu hal isə abonentin müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərə lazımi qaydada əməl etməməsi nəticəsinə gəlinməsinə əsasdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilmişdir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsində göstərilmişdir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə tərəfindən işin araşdırılan hallarından görünür ki, itirilmiş qazın həcmi hesablanarkən müəyyən qüsurlara yol verilmişdir. Belə ki, tərtib edilmiş tələbnamədə abonentin gün ərzində 24 saat ərzində qaz işlədicisindən istifadə etməsi müəyyən edilir. Məhkəmə bu halı qəbul etmir və hesab edir ki, abonentin gün ərzində qaz qurğularından orta hesabla yay-yaz fəslində 4-6, qış-payız fəslində isə 10-8 saat istifadə etməsi qəbul olunarsa, İddiaçı (abonentin övladı) Birliyə 60 gün ərzində 259,20 manat (6 x 6 x 60 = 2160 kub.metr x 0,12 manat) məbləğində ziyan vurması məlum olur. Məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, İddiaçı yaşadığı Abşeron rayonu, Saray qəsəbəsi, 0B/336 saylı evdə (abonent kodu: **********00457) sayğac qeydə almadan təbii qazdan dəyəri ödənilmədən istifadə etməsi ilə əlaqədar “Qazdan istifadə qaydaları”nın pozulması faktı müəyyən edildiyindən və həmin fakt üzrə Cavabdeh tərəfindən itirilmiş təbii qazın dəyərinə görə borc hesablandığından, lakin buna baxmayaraq borc məbləğinin artmasına şərait yaradıldığından, eyni zamanda göstərilən dövr ərzində sayğacdan keçən və dəyəri ödənilməyən təbii qaz istehlak edildiyindən 259,20 manat borc İddiaçı düzgün tətbiq edilmişdir. İddianın 3110,40 manat məbləğində qaldırılması nəzərə alındığında onun qismən, yəni 2851,20 (3110,40-259,20) manat hissəsində təmin edilməsi məhkəmənin qənaətinə görə məqbuldur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı yaşadığı fərdi yaşayış evinə aid qaz sayğacına dair xx.xx.2023-cü il tarixli akta əsasən hesablanmış 2851,20 manat borc silinməli, qalan hissədə iddia təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Abşeron rayonu, Saray qəsəbəsi, 0B/336 saylı fərdi yaşayış evinə aid qaz sayğacına (abonent kodu: **********23360) dair xx.xx.2023-cü il tarixli akta əsasən Cavabdeh İB tərəfindən hesablanmış 2851,20 manat məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçının ödəməkdən azad edildiyi 48,51 manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh İB-dən tutularaq dövlət büdcəsinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar