Məhkəmə qərarları › İş №2(012)-2959/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2959/2024

29.10.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2959/2024 29.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, İddiaçı, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, "xxxx" ASC tərəfindən tərtib edilmiş 518.96 manat cərimə pulunun siinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Müşfiqabad qəsəbəsi, Yeni qəsəbə, ev 21-də yerləşən 4 saylı mənzil ona məxsusdur. Həmin mənzilə dair kommunal xidmətlər də onun adınadır. Belə ki, Rl 316918 saylı, 08 dekabr 2023-cü il tarixli akta əsasən onun adına 518.96 manat məbləğində cərimə (abunəçinin kodu: **********00004) yazılmışdır. Cərimənin yazılmasına səbəb "xxxx" ASC-nin əməkdaşları gecə reydi zamanı onun mənzilinə daxil olan qeyri-qanuni işıq xətti aşkar etmişdirlər. Buna görə də yuxarıda qeyd etdiyi akt tərtib edilərək, sayğacın yenisi ilə əvəz edilməsini, kənar xəttin ləğv edilməsi göstərmişdir. O, bildirmək istəyir ki, qəti şəkildə bu qeyd edilənlər ilə razı deyildir. Ona görə ki, mənzildə yaşayış yoxdur və yaşayış olmayan mənzilə qeyri-qanuni xətt çəkilə bilməz. Akt tərkib edilən zaman mənə nə şifahi nə də ki, rəsmi şəkildə heç bir məlumat verilməmişdir. O, abunə haqqında müqaviləni əldə etdikdən sonra cərimə barədə məlumatım olmuşdur. Ekspertiza göndərərək, mənzilinə baxış keçirilə bilər və yaşayış olmayan mənzilə heç vaxt qeyriqanuni xətt çəkilə bilməz. Kommunal xidmətlərdən istifadə olunmadığı halda əsassız və yalan məlumatlı akt tərtib edilərək, ona 500 manat cərimə yazılmışdır. O, Azərbaycan Respublikasının bir vətəndaşı kimi qanunla qorunan hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edir. "xxxx" ASC-nin özbaşına tərtib edilmiş aktı inanır ki, ləğv olunacaqdır. Hətta o, qeyd edir ki, "xxxx" ASC-yə şifahi şəkildə müraciət etdiyi zaman ona şifahi olaraq bildirmişdir ki, məsələ ilə bağlı məhkəməyə iddia qaldıran zaman əsassız şəkildə tərtib edilmiş cərimə silinəcəkdir. Azərbaycan Respublikasının Konstitusiyası hər kəsin öz hüquq və azadlıqlarını məhkəmələrdə müdafiə edilməsinə zəmanət verir. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, o, iddianı qəbul etmir. Belə ki, İddiaçı yaşadığı ünvana baxış keçirilmiş və Rl 316918 saylı, 08 dekabr 2023-cü il tarixli akt tərtib edilmişdir. Akta əsasən, sayğacın yenisi ilə əvəz edilməsi, kənar xəttin ləğv edilməsi qeyd edilmişdir. Bundan əlavə iddiaçı yoxlama barədə ona məlumat verilmədiyini bildirmişdir. Lakin onlar yoxlamanı gün ərzində 24 saat müddətində, hətta gecə yarısında belə edə bilirlər. Ona görə də vətəndaşa hər zaman yoxlama barədə məlumat verilə bilmirlər. Bu barədə qanuna da dəyişiklik edilmişdir. Odur ki, o, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasına şahid qismində cəlb edilmiş X2 ifadəsində bildirmişdir ki, o, "xxxx" ASC-nin Enerji Satış şöbəsində aparıcı mühəndis vəzifəsində işləyir. O, İddiaçı tanımır. Belə ki, o, 2023-cü ilin dekabr ayında iddiaçının yaşadığı evə baxış keçirən və ampermetrlə ölçülmə zamanı zirzəmidən kənar qoşulma aşkar edilmiş, bununla bağlı 08 dekabr 2023-cü il tarixli, Rİ 316918 saylı akt tərtib edilmiş və kənar xətt ləğv edilmişdir. Akt 3 nəfər nümayəndənin iştirakı ilə tərtib edilmişdir. Akt tərtib edilən zaman abonent iştirak etməmişdir. Çünki onlar abonentə məxsus evin qapısını döysələr də, abonent qapını açmamışdır. Məhkəmə tərəflərin izahatını, şahidin ifadəsini dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında оlаn və məhkəmə iclasındа tədqiq оlunmuş: -"xxxx" ASC-nin nümayəndələri tərəfindən tərtib olunmuş 08 dekabr 2023-cü il tarixli, Rİ 316918 saylı aktdan görünür ki, İddiaçı məxsus olan evə quraşdırılmış elektrik sayğacına baxış keçirilən zaman mənzilə daxil olan xətt yüksək gərginlikli lövhəyə birbaşa qoşulmuşdur. Sayğacın yenisi ilə əvəz edilməsi, kənar xəttin ləğv edilməsi barədə qeyd aparılmışdır. -"xxxx" ASC-nin nümayəndələri tərəfindən tərtib olunmuş icra vərəqəsindən görünür ki, İddiaçı məxsus evə (abonent kodu **********000004) baxış zamanı kənar xətt aşkar edilmiş və 3x0,22x24x0,7x360=3992x0,13=518,96 manat cərimə hesablanmışdır. -Məhkəmənin sorğusuna əsasən "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixində məhkəməyə daxil olmuş məktubundan görünür ki, ünvan 1 ünvanında yerləşən İddiaçı məxsus mənzilə gələn (abonent kodu **********000004) elektrik enerjisi abonent tərəfindən kənar xətt vasitəsi ilə dövriyyədən kənarlaşdırılaraq qanunsuz istifadə halı aşkar edilmişdir. Faktla bağlı "xxxx" ASC Abşeron RETSİ-nin əməkdaşları tərəfindən 08 dekabr 2023-cü il tarixində 316918 nömrəli akt tərtib olunmuş və həmin akta əsasən itirilmiş enerjinin bərpası üçün icra vərəqi tərtib edilmişdir. Hazırlanmış icra vərəqinə əsasən, abonent İddiaçı Səhmdar Cəmiyyətə vurduğu zərər 518.96 manat müəyyən edilmişdir. İtirilmiş elektrik enerjisinin hesablama qaydası X1 Qaydalarının 8.17-ci bəndinə əsasən, aşağıdakı kimi olmuşdur: 3 (amper) x 0.22( gərginlik) x 24 (saat) x 0.7(əmsal) x 360 gün = 3992 kvts x 0.13 azn = 518,96 manat -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Nəsirov X3 rayonu, Məmmədbəyli kəndi ünvanında qeydiyyatdadır. Məhkəmə hesab edir ki, tərəflər arasında abunə müqaviləsi bağlanmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq) 386-cı maddəsinə əsasən, həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Azərbaycan Respublikası Konstitusiyasının: 73-cü maddəsinin İ hissəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. 73-cü maddəsinin İİ hissəsinə əsasən, heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın: 1.2-ci bəndinə əsasən, bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. 8.1. bəndinə əsasən, dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Elektrik enerjisinin qiymətləri (tariflər) “Elektroenergetika haqqında”, “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər normativ sənədlərə uyğun olaraq dövlət tərəfindən tənzimlənir. 8.2. bəndinə əsasən, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 8.4. bəndinə əsasən, enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. 8.5. bəndinə əsasən, abonent elektrik enerjisi sərfinə görə subabonentdən aldığı ödənişi elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyən olunmuş müddətdə enerjitəchizatı müəssisəsinin hesabına köçürməlidir və abonent tərəfindən bu ödənişin başqa məqsədlər üçün istifadə edilməsinə icazə verilmir. 8.14. bəndinə əsasən, istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 135.1 maddəsinə əsasən, fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludur. 136.4-cü maddəsinə əsasən, kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. 139.1-ci maddəsinə əsasən, kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. Mülki Məcəllənin: 425.1 və 425.2-ci maddələrinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 430.1-ci maddəsinə əsasən, əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Məhkəmə araşdırması zamanı iddiaçının izahatı, şahid ifadəsi və tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, mübahisəli akt əsasında hesablanmış 518,96 manat pul məbləği abonentə 360 gün ərzində X1 qaydalarının pozulması nəticəsində hesablanmışdır. Məhkəmə qeyd edir ki, iddiaçı X1 Qaydalarının 8.17-ci bəndinə istinad edərək cavabdehin elektrik enerjisindən qeyri-qanuni 360 gün ərzində istifadə edilməsini göstərsədə cavabdehin həqiqətən də həmin günlər ərzində X1 etməsi barədə hər hansı sübutları məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları” nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 8.17-1. maddəsinə əsasən, istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Məhkəmə daxili inamını və məhkəmə gedişatının nəticəsinə əsaslanaraq iddiaçının elektrik enerjisinə kənar xətt yolu ilə qoşulmaqla X1 qaydasını pozması öz təsdiqini tapmış, həmin halı inkar edəcək mötəbər, təkzibolunmaz sübutlar isə cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmamışdır. Lakin iddiaçı cavabdehin elektrik enerjisindən qeyri-qanuni 360 gün istifadə etməsini sübut edə bilmədiyindən, məhkəmə daxili inamını əsasən həmin rəqəmin 180 gün hesablanması qənaətinə gəlir. Bu səbəbdən də, məhkəmə 08 dekabr 2023-cü il tarixli, Rİ 316918 saylı saylı akt əsasında 360 gün müddətində hesablanmış 518,96 manat pul vəsaitinin 180 gün müddətinə hesablayıb sadə riyazi hesablama qaydasına riayət edərək, (6 ay x 30 gün = 180 gün; 3x0,22x24x0,7x180=1995,84x0,13=259,46) 259.46 manat hesab etmişdir. Beləliklə abonentə hesablanmış 518.96 manatdan istifadə edilmiş elektrik enerjisi məbləği olan 259.46 manat çıxılmalı və yerdə qalan 259.5 manat məbləği abonent İddiaçı məxsus abunə hesabından silinməlidir. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə istinad edib tədqiq olunmuş sübutları qiymətləndirərək belə qənaətə gəlir ki, iddia ərizəsi qismən təmin edilməli, abunə kodu **********00004 olan İddiaçı barəsində hesablanmış 259,46 manat pul vəsaiti abonentin hesabından silinməli, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin:

107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə eyni zamanda, Mülki Prosessual Qanunvericiliyin tələblərinə istinad edərək qeyd edir ki, istehlakçı hüquqlarının müdafiəsi üzrə iddiaçı dövlət rüsumunun ödənilməsindən azad olunduğundan iddia tələbinin qiymətinə mütənasib olaraq ödənilməli olan 30 manat dövlət rüsumu "xxxx" ASC-dən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia qismən təmin edilsin. Abunə kodu **********00004 olan İddiaçı barəsində hesablanmış 259,5 manat (iki yüz əlli doqquz manat əlli qəpik) pul vəsaiti abonentin hesabından silinsin. Cavabdeh "xxxx" ASC-dən dövlət rüsumuna görə 30 (otuz) manat pul vəsaiti tutularaq dövlət büdcəsinə ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar