Məhkəmə qərarları › İş №2(012)-2977/2020

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2977/2020

13.11.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2977/2020 13.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən və evdən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə xx xxxxxx 2020-ci il tarixdə Xırdalan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən və evdən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Masazır kəndində yerləşən sahəsi 0.223 ha olan iddiaçıya məxsus torpaq sahəsindən və onun üzərində olan 65.5 m2 fərdi yaşayış evindən cavabdehin və digər şəxslərin çıxarılması, torpaq sahəsini və evi özbaşına zəbt etməyin nəticəsində 6 ay müddətində istifadə etməklərinə görə kirayə haqqı olaraq 1500 manatın, fərdi yaşayış evinin qapısının qıfılının sındırılmasına, yerin döşəməsinin yararsız vəziyyətə gətirilməsinə görə 1200 manatın, 6 ay ərzində istifadə olunan elektrik enerjisinə görə 37,50 manatın, vurulan mənəvi zərərə görə 1500 manatın, cəmi 4337 manat 0.50 qəpik məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0.223 ha olan torpaq sahəsi və onun üzərində olan 65.5 m2 fərdi yaşayış evi cavabdeh və digər şəxslər tərəfindən qanunsuz olaraq zəbt edilmişdir. Onlar qapının qıfılını sındıraraq evə daxil olmuş, 2020-ci ilin martından özbaşına yaşamağa davam etmişlər. İddiaçı onlara yaxınlaşaraq evdən çıxmağı xahiş etsə də, hədə və təhqirlə qarşılaşmışdır. İddiaçı bunla bağlı polisə zəng etsə də, məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənləri təsdiq edərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəməyə gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən edilir ki, Abşeron rayonu, Masazır kəndində yerləşən 0,0423 torpaq sahəsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 99 nömrəli reyestr kitabının 19 nömrəli vərəqində xx.xx.2011-ci il tarixdə qeydiyyata alınmışdır, onun xüsusi mülkiyyətindədir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən edilir ki, ünvan 1 ünvanında, 0.0223 ha torpaq sahəsinin üzərində yerləşən 65.5 kv.m-lik fərdi yaşayış evi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 200 nömrəli reyestr kitabının 9 nömrəli vərəqində xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır. Mülki işin materiallarında olan Abşeron Rayon Məhkəməsinin 1(012)-87/2018 saylı xx xxxxx 2018-ci il tarixli hökmündən müəyyən edilir ki, Cavabdeh qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan Abşeron rayonu Masazır kəndində yerləşən və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində xx xxxx 2011-ci il tarixdə ********** saylı qeydlə qeydiyyata alınmış İddiaçı xüsusi mülkiyyətində olan 0,0423 ha torpaq sahəsini 2011-ci ilin dekabr ayında mişar daşı ilə hasarlayaraq torpaq sahəsini özbaşına tutmaqla, 2015-ci ilin aprel ayında torpaq sahəsinin 0,018 ha hissəsində 63 kv.metr ölçüdə üç otaqlı yaşayış evini inşa etdirməklə İddiaçı torpaq üzərində qanunla müəyyən edilmiş mülkiyyət hüququnu pozduğuna görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə təqsirli bilinərək cərimə növündə cəza təyin edilmişdir. Mülki işin materiallarında olan Cavabdeh Baklı şəhəri 14 saylı notariayt kontorunda təsdiqlənmiş 01 fevral 2018-ci il tarixli ərizəsindən müəyyən edilir ki, o, Abşeron rayonu Masazır kəndində yerləşən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx xxxx 2011-ci il tarixli ******* saylı Çıxarışı ilə İddiaçı məxsus torpaq sahəsinin x xxxxxxx 2014-cü il tarixdə torpaq sahəsinin kimə məxsus olduğunu bilmədən 3 otaqlı yaşayış üçün yararlı, orta təmirli ev inşa etmiş, hazırda həmin mənzildən imtina edir. Gələcəkdə həmin evlə bağlı heç bir iddia və tələbi olmayacaqdır. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələri müəyyən edir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyət hüququ hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İşin araşdırılan hallarından müəyyən edilir ki, mübahisələndirilən ev və torpaq sahəsi iddiaçının mülkiyyətindədir, cavabdehin mübahisəlndirilən evdən və torpaq sahəsindən istifadə hüququ yoxdur. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi evdən və torpaq sahəsindən cavabdehin çıxarılması hissəsində əsaslıdır və təmin edilməlidir.Digər şəxslərin kimliyi müəyyən edilmədiyindən iddia tələbi bu hissədə əsassızdır və təmin edilməməlidir. İddia tələbinin kirayə haqqı, vurulmuş maddi ziyan və mənəvi zərər hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, bunu əsaslandıran hər hansı sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədiyindən həmin hissələrdə iddia tələbləri əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, Abşeron rayonu, Masazır kəndində yerləşən sahəsi 0.223 ha olan iddiaçıya məxsus torpaq sahəsindən və onun üzərində olan 65.5 m2 fərdi yaşayış evindən cavabdeh çıxarılmalı,iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0.223 ha torpaq sahəsindən və onun üzərində olan 65.5 m2 fərdi yaşayış evindən Cavabdeh çıxarılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şıkayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar