Məhkəmə qərarları › İş №2(012)-3020/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3020/2022

20.06.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3020/2022 20.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Sultanov Əlisahib Həbib oğlunun katibliyi, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı qanunsuz və əsassız olaraq hesablanmış cərimə borcunun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə 20 iyun 2022-ci il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı qanunsuz və əsassız olaraq hesablanmış cərimə borcunun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB-nin əməkdaşları tərəfindən qanunsuz və əsassız olaraq hesablanmış 435 manat cərimə borcunun silinməsi, həmin borca görə tutulan 30 manat məbləğin geri qaytarılması həmin borca görə indiyədək ödənilmiş pulun smart karta qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən evdə ailəsi ilə birlikdə yaşayır. Həmin evdə olan sayğaca baxış keçirilən zaman akt tərtib edilmiş,aşkar edilmişdir ki, sayğacın klapanı işlək deyil. Yivli birləşmələrində korroziya izi mövcuddur. Sayğacın çıxışı plastmas borusu deşildi. Xətalar normadan artıqdır. Sayğac nominal və minimal sərfiyyatda 100 faiz nisbi xəta ilə işləyir. Hesablama mexanizmi nominal və minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmir. Buna görə də nəticədə ona 435 manat məbləğində cərimə borcu yazılmışdır. Onun bu hadisədən bir müddət xəbəri olmamışdır. O smart karta etdiyi ödənişlərdən 30 manat hissəsi həmin borca görə pul tutulmuşdur. Smart karta edilən ödənişlərdən pul tutulmasına görə Azəriqaz İB-yə yaxınlaşmış, aydın olmuşdur ki, sayğac dəyişən zaman cərimə yazılmışdır. Sayğac həyətindən kənarda quraşdırılmışdır. İddiaçı məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Cavabdeh nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbinin əsassız olduğundan rədd edilməsini xahiş etdi. Qeyd etdi ki, sayğac laboratoriyaya aparılmış, belə nəticəyə gəlinmişdir ki, sayğaca müdaxilə olunmuşdur. Sayğaca hər ay baxış keçirilir. Ona görə də, zərərlə bağlı tələbnamə tərtib edilmişdir. Abonent istifadə etdiyi sərfiyyata uyğun cərimə müəyyən edilmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarından olan xx.xx.2021-ci il tarixli, ******* saylı aktdan müəyyən edilir ki, Cavabdeh əməkdaşları tərəfindən İddiaçı məxsus ünvanda (abonenti kodu **********00140) təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmış, baxış keçirilən zaman sayğacın klapanı işlək deyil, yivli birləşməsi korroziyaya, çıxış borusu deşilib aşkar olunmuşdur. Dəymiş ziyanın hesablanması tələb edilmişdir. İstehlakçı İddiaçı həmin aktı imzalamaqdan imtina etmişdir. İşin materiallarında olan xx.xx.2020-ci il tarixli abonentin saldo cədvəlindən müəyyən edilir ki, İddiaçı tərəfindən iddiaçı Cavabdehnə 2022-ci il üzrə 432 manat ziyan hesablanmışdır. Mülki işin materiallarında olan xx.xx.2021-ci il tarixli Dəymiş ziyanın bərpasına dair Tələbnamədən müəyyən edilir ki, Qaz sayğacının nominal qaz sərfi 4 m3 orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilsin. (4x12x90=4320 m3 ) Mülki iş materiallarında olan “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2011-ci il tarixli ******* saylı aktdan müəyyən edilir ki, İddiaçı məxsus Abşeron rayonu, Masazır kəndində yerləşən fərdi yaşayış evində İtron G-4 markalı qaz sayğacı çıxış borusu deşildiyindən çıxarılaraq İtron G-4 markalı qaz sayğacı quraşdırılmışdır. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. “Qaz təchizatı haqqında Azərbaycan Respublikası qanununun 13-cü maddəsinin 6-cı bəndində göstərilir ki, qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər: istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; məhkəmənin qərarı ilə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin Qaydaların 4.2-ci maddəsinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin qaydaların Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 6.7-ci maddəsinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna 4 olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından görünür ki, xx.xx.2021-ci il tarixli, ******* saylı aktdan müəyyən edilir ki, İddiaçı məxsus qaz sayğacına baxış keçirilərkən sayğacın klapanı işlək deyil, yivli birləşməsi korroziya, çıxış borusu deşilməsi aşkar olunmuşdur. Dəymiş ziyanın hesablanması tələb edilmişdir. Həmin aktı İddiaçı imzalamaqdan imtina etmişdir. Mülki işin materiallarında olan dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, xx.xx.2021-ci il tarixli, ******* saylı akta əsasən iddiaçıya 4x12x90=4320 m3 ödəniş hesablanmışdır. Mülki işin materiallarında olan xx.xx.2021-ci il tarixli abonentin saldosundan görünür ki, abunə kodu **********00140 olan ünvan üzrə 2022-ci il üçün 432 manat borc hesablanmışdır. İddiaçı iddia ərizəsində 435 manat borcun silinməsini xahiş etmişdir ki, abonent saldosundan da görünüdüyü kimi onun 432 manat cərimə borcu vardır. O halda məhkəmə tərəfindən borcun məbləği 432 müəyyən edilməlidir. , xx.xx.2021-ci il tarixli, ******* saylı akta hüquqi qiymət verərək məhkəmə qeyd edir ki, İddiaçı məxsus qaz sayğacına baxış keçirilərkən sayğacın klapanı işlək deyil, yivli birləşməsi korroziya, çıxış borusu deşilməsi aşkar olunmuşdu ki, sayğac küçədə açıq vəziyyətdə yerləşdiyindən baş vermiş dəyişikliklər atmosfer təsirindən yarana bilər.Bu hal üçün iddiaçıya cərimə hesablanması qanunsuz və əsassızdır.Ona görə də, məhkəmə hesab edir ki, İddiaçı yaşadığı, Abşeron rayonu, Masazır kəndində yerləşən evdə qaz sayğacına (abonent kodu **********00140) dair hesablanmış 432 manat cərimə borcu silinməlidir. İddia tələbini digər hissələrinə münasibətdə məhkəmə qeyd edir ki, borca görə tutulan 30 manatın tutularaq smart karta yüklənməsi tələbi əsaslı deyildir.İddiaçı pul tələbi ilə məhkəməyə müraciət edə bilər.Bu hissə də iddia təmin edilməməlidir. İddia qismən təmin edildiyindən iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumunun 20 manat hissəsi Cavabdeh İB-dən tutulub dövlət büdcəsinə verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı yaşadığı, Abşeron rayonu, Masazır kəndinsə yerləşən evdə qaz sayğacına (abonent kodu **********00140) dair hesablanmış 432 manat cərimə borcu silinsin. Cavabdeh İB-dən dövlət rüsumuna görə 20 manat tutulub dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar