Məhkəmə qərarları › İş №2(012)-3041/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3041/2022

14.09.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3041/2022 14.09.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsi üzrə mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, qardaşı – xx.xx.1982-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1982-ci il təvəllüdlü X8 onun qardaşıdır. O, ahıl yaşlı anası - X5 və qardaşı X1 rayonu, Xırdalan şəhəri, Quşçuluq Y/M, 5-ci küçə, ev 157 ünvanında qeydiyyatdadırlar və orada yaşayırlar. Qardaşı uzun müddətdir ki, psixi xəstəlikdən əziyyət çəkir. O, dəfələrlə Respublika Psixiatriya Xəstəxanasında stasionar müalicələr almışdır və onun müalicələri hazırda da davam etdirilir. Vüqar Kazımov hazırda anasının himayəsində yaşayır, yəni ona anası qulluq edir. O, düçar olduğu xəstəliyə görə İİ qrup əlildir və iş qabiliyyəti yoxdur. Təkbaşına öz ehtiyaclarını ödəyə bilmir. Yalnız onun və anasının yanında özünü sakit və rahat hiss edir. Əgər müalicə gecikərsə, aqressivləşir, həm özünə, həm də ətrafdakı insanlara ziyan yetirə bilir. O, daim qardaşının yanında olur. Əslində qardaşı İ qrup əlil xəstəliyinə aiddir, lakin müəyyən səbəblərlə görə ona İİ qrup əlillik təyin edilmişdir. Qardaşını müayinə edən həkim belə Vüqarın vəziyyətinin daha da pis olduğunu bildirir. Anası təkbaşına qardaşının tələbatlarını ödəyə bilmir. Həm maddi, həm də mənəvi cəhətdən çox əziyyət çəkir. X8 İİ qrup əlil kimi "xxxx" ASC vasitəsi ilə təqaüd alır. Hazırda qardaşının təqaüd kartının vaxtı bitdiyi üçün yenilənməsi vacibdir. Buna görə qardaşı "xxxx" ASC-yə dəvət olunsa da, onun psixi vəziyyəti və özünü idarə edə bilməməsi səbəbindən onun imzası və dediyi sözlər nəzərə alınmayaraq, geri qaytarılmış və təqaüd kartının müddətinin bərpası mümkün olmamışdır. Ona şifahi olaraq şəxsin fəaliyyət qabiliyyətsiz hesab edilməsi ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. X2 xx.xx.2015-ci il tarixində ağciyər artersiyasının tromboemboliyası xəstəliyindən vəfat etmişdir. X14 isə İİ qrup əlildir. Hər ikisinin (qardaşı və anasının) həm maddi, həm mənəvi cəhətdən onun köməyinə ehtiyacları vardır. Göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İştirak etdiyi məhkəmə iclasında Ərizəçi ərizəsində qeyd etdiklərinə uyğun izahat verərək ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. O, teleqram göndərərək sonuncu məhkəmə iclasında iştirak edə bilməyəcəyini göstərmişdir. Maraqlı şəxs Abşeron Rayon İcra Hakimiyyəti məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onun nümayəndəsi səbəbini bildirmədən məhkəməyə gəlməmişdir. Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki, ərizə əsaslıdır və təmin edilməlidir. İşdə olan AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 xx.xx.1982ci il tarixdə anadan olmuşdur. İşdə olan 484778 və 350836 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Ərizəçi və X8 qardaşdırlar. İşdə olan 070144 saylı vəsiqənin surətindən görünür ki, X8 İİ qrup ümumi dərəcəli əlildir. İşdə olan AZ-İ 777118 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2015-ci il tarixdə ölmüşdür. İşdə olan xx.xx.2015-ci il tarixli çıxarışın surətindən görünür ki, X5 İİ dərəcəli əlildir. İşdə olan Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanası PHŞ-nin xx.xx.2022-ci il tarixli, 1228 saylı məktubundan görünür ki, X8 xx.xx.2021-ci il tarixdə stasionar müalicəyə qəbul edilmişdir. Hazırda müalicəsi davam etdirilir. İşdə olan Abşeron rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli, K-19-099 saylı məktubundan görünür ki, X3 oğlu Vüqar Kazımovun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X10 Hüquqi Şəxsinin xx.xx.2022-ci il tarixli, 1947 saylı rəyindən müəyyən edilir ki, təqdim olunmuş tibbi sənədlərə əsasən X8 hazırki müayinə zamanı müəyyən edilən mozaik tip şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalarla əlaqədar öz hərəkətlərinin mənasını anlamaq və onları idarə etmək iqtidarında deyildir. Buna görə də X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. X4 müəyyən mozaik tip şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalarla əlaqədar səhhəti mülki işin məhkəmə baxışında iştirakına yol vermir. Mülki Prosessual Məcəllənin 305.1.3-cü maddəsinə əsasən məhkəmə şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Məhkəmə tərəfindən işin araşdırılan hallarından və məlum ekspert rəyindən müəyyən edilir ki, xx.xx.1982-ci il təvəllüdlü X8 mozaik tip şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalarla əlaqədar öz hərəkətlərinin mənasını anlamaq və onları idarə etmək iqtidarında deyildir. Onun daimi qulluğa ehtiyacı var. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1982-ci il təvəllüdlü X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1982-ci il təvəllüdlü X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar