Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3065/2023 16.08.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Qənbərov Əli Əfqan oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı X5 Cavabdeh İB-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, əsassız olaraq **********00000 istehsalçı hesabına 2010-cu ildə yazılmış 22863.5 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra, İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində yol verilmiş texniki yanlışlığın aradan qaldırılaraq “X5” kimi deyil, “İddiaçı” kimi nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Daha sonra, İddiaçı Mülki Prosessual Məcəllənin 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə yenidən müraciət edərək, əsassız olaraq **********00000 abonent hesabına 2010-cu ildə yazılmış 22863.5 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı X9 üzrə Dövlət Komitəsinin xx.xx.2022-ci il tarixli, 42t saylı əmri əsasında Abşeron rayonu, Müşfiqabad qəsəbə məscidinə imam vəzifəsinə təyin edilmiş, qeyd edilən ünvandakı məsciddə xidmət göstərir. Cavabdeh İB tərəfindən qaz xətti çəkilmiş və iddiaçı ilə “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında alqı-satqısı barədə” müqavilə imzalanmışdır. Qeyd edilən müqavilənin şərtlərinə əsasən, məsciddə qaz sayğacı quraşdırılmış, hər ay mütəmadi olaraq sərf edilən qazın dəyəri ödənilmiş, cavabdehə bununla əlaqədar heç bir məbləğdə borc qalmamış və yaranmamışdır. Lakin cavabdehin əməkdaşları tərəfindən 2010-cu ildən yaranmış borc məbləğinin ödənilməsi tələbi iddiaçının üzərinə qoyulmuşdur. Borc məbləği isə 22864 manat təşkil edir. Məscidin bu qədər borcunun olması absurddur. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, o, məscidə təyin olunandan sonra borcla bağlı ona hər hansı bir rəsmi bildiriş gəlməmiş, sayğac isə kartla işləmişdir. O, sayğaca pul yükləyən zaman kartın bloklandığını görmüşdür. O, sözügedən məsciddə 2022-ci ilin sentyabr ayından fəaliyyət göstərir. Ondan əvvəl məsciddə Gündüz adlı şəxs imam kimi fəaliyyət göstərmişdir. Kommunal xərclərlə bağlı ödənişlər vətəndaşların verdiyi vəsaitlər hesabına ödənilməsi təmin edilir. Məhkəmə iclasında Cavabdeh İB-nin nümayəndəsi Nümayəndə iddia ərizəsinin həllini məhkəmənin mülahizəsinə buraxaraq izahatında göstərmişdir ki, Cavabdeh İB Abşeron rayonu, Müşfiqabad qəsəbə məscidinin sədri X1 ilə xx.xx.2017-ci il tarixdə müqavilə bağlanmış və müqavilə qüvvəyə minmişdir. Tələb olunan borc isə 2010-cu ildə hesablanmışdır. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin İ. bəndinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 60-cı maddəsinin İİ. bəndinə əsasən, hər kəs dövlət orqanlarının, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Mülki Prosessual Məcəllənin: 4.1 maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.1 maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -X9 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 42t saylı əmrdən görünür ki, X5 Bakı şəhəri, Qaradağ rayonu, “Müşfiqabad” qəsəbə məscidinə xx.xx.2022ci il tarixdən imam vəzifəsinə təyin edilmişdir. -»Azəriqaz» İB ilə istehlakçı Müşfiqabad qəsəbə məscidi arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” xx.xx.2022-ci il tarixli, AMX-6135/22 saylı müqavilənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. -»Azəriqaz» İB ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli aktın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, »Azəriqaz» İB ilə Müşfiqabad qəsəbə məscidi (kod: **********00000) müəssisəsi adından həmin məsciddə imam vəzifəsini icra edən İddiaçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyətinin sərhədi müəyyən edilməklə qaz paylayıcısı tərəfindən qazın istehlakçıya çatdırılma məntəqəsində qazın sərfinə görə hesablaşmanın aparılması üçün layihəyə uyğun olaraq sayğac quraşdırılmışdır. -Abonent kodu **********00000 olan, Müşfiqabad qəsəbə məscidinin adına olan abonent saldosundan görünür ki, Abşeron rayonu, Müşfiqabad qəsəbəsi ünvanına xx.xx.2017-ci il tarixdə Smart G-6 İtron Diafraqma tipli, 1605AZ**********1 nömrəli sayğac quraşdırılmış, cihazlar: kombi (1/1). Aktlara əsasən hesablanmış, abonentin 2010-cu ilə aid olan borcu 22863.5 manat göstərilmişdir. -»Azəriqaz» İB ilə istehlakçı Müşfiqabad qəsəbə məscidi dini icmanın sədri X2 arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” xx.xx.2017-ci il tarixli, 2965-10-17 saylı müqavilənin surətindən görünür ki, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, İddiaçı Laçın rayonu, Ağbulaq ərazi dairəsi, Ağbulaq kəndində qeydiyyatdadır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6cı bəndinə əsasən, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»na müvafiq olaraq qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir (4.2). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). Zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir (4.9). Sayğacın smart tipli olduğunu, ona nəzarət edilməsinin qaz idarəsinin vəzifəsi olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, vəziyyətin bu hala gəlib çıxmasına səbəb birbaşa qaz idarəsidir, qaza və qaz qurğularına nəzarət edən işçilərdir. Belə ki, qaz paylayıcı şəbəkə öz vəzifə borclarını dürüst yerinə yetirməyərək Nazirlər Kabinetinin «Qazdan istifadə Qaydaları»nın təsdiq edilməsi haqqında 12 may 2011-ci il tarixli, 80 saylı Qərarının aşağıdakı bəndlərini kobud şəkildə pozmuşdur: - 2.1.3. İstehlakçının istismarda olan qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq, texniki baxış keçirilməsini təmin etmək və nəticələrini 2 (iki) nüsxədən ibarət aktla rəsmiləşdirmək və aktın bir nüsxəsini mütləq İstehlakçıya təqdim etmək; 2.1.5. İstehlakçıya verilən qazın həcminin və dəyərinin, həmçinin istismarda olan qaz qurğularının tam və dəqiq uçotunu aparmaq; 2.1.10. İstehlakçının qaz sayğacını, onun texniki pasportunda göstərilmiş müddətdə ödənişsiz qaydada növbəti dövlət yoxlanılmasından keçirmək; 2.1.12. İstehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, Paylayıcının İstehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı İstehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və Paylayıcı ilə müvafiq müqavilə bağlanmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə İstehlakçıya yazılı bildiriş göndərmək. Mülki iş üzrə tədqiq edilmiş materiallardan və iddiaçının izahatından müəyyən edilir ki, İddiaçı X9 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 42t saylı əmr əsasında “Müşfiqabad” qəsəbə məscidinə xx.xx.2022-ci il tarixdən imam vəzifəsinə təyin edilmiş və həmin məscidə quraşdırılmış qaz sayğacı xx.xx.2017-ci il tarixdə quraşdırılmaqla bu barədə »Azəriqaz» İB ilə istehlakçı Müşfiqabad qəsəbə məscidi dini icmanın sədri X2 arasında xx.xx.2017-ci il tarixli, 2965-10-17 saylı müqavilə bağlanmışdır. Hazırda, iddiaçı xx.xx.2022-ci il tarixdən “Müşfiqabad” qəsəbə məscidinə təyin edildiyi halda, ondan əvvəlki tarixə, yəni 2010-cu ilə yazılmış 22863.5 manat borcun abonent hesabından silinməsini məhkəmədən xahiş etmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında iddiaçının silinməsini xahiş etdiyi 22863.5 manat cərimənin iddiaçının fəaliyyət göstərdiyi “Müşfiqabad” qəsəbə məscidinə təyin olunmazdan əvvəlki tarixə, yəni, 2010-cu ilə aid olması tərəflərin izahatı əsasında öz təsdiqini tapmışdır. Mülki Prosessual Məcəllənin: 52.2. maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 191.3. maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 106.3. maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Beləliklə, məhkəmə 2010-cu ilə aid olan, iddiaçının silinməsini xahiş etdiyi 22863.5 manat cərimənin iddiaçının fəaliyyət göstərdiyi müddətdən əvvəlki tarixə aid olmasına dair cavabdehin etirafını qəbul edərək həmin etirafın qanunazidd olmadığı, başqa şəxslərin hüquqlarının və qanuni mənafeyinin pozulmadığı qənaətinə gəlir, ona görə də iddia ərizəsi təmin edilməli, Cavabdeh İB tərəfindən əsassız olaraq hesablanmış 22863.5 manat borc məbləği abonent kodu **********00000 olan “Müşfiqabad” qəsəbə məscidinə məxsus abunə hesabından silinməlidir. Mülki Prosessual Məcəllənin:
107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə eyni zamanda, Mülki Prosessual Qanunvericiliyin tələblərinə istinad edərək qeyd edir ki, istehlakçı hüquqlarının müdafiəsi üzrə iddiaçı dövlət rüsumunun ödənilməsindən azad olunduğundan iddia tələbinin qiymətinə mütənasib olaraq ödənilməli olan 158.59 manat dövlət rüsumu Cavabdeh İB-dən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4 maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.5 maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 238-252-ci maddələrini rəhbər tutaraq, məhkəmə,
QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh İB tərəfindən əsassız olaraq hesablanmış 22863.5 (iyirmi iki min səkkiz yüz altmış üç manat əlli qəpik) manat borc abonent kodu **********00000 olan İddiaçı fəaliyyət göstərdiyi “Müşfiqabad” qəsəbə məscidinə məxsus abunə hesabından silinsin. Cavabdeh İB-dən dövlət rüsumuna görə 158.59 (yüz əlli səkkiz manat əlli doqquz qəpik) manat pul vəsaiti tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Habil Əhmədov