Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3066/2023 14.08.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı «qanunsuz hesablanmış su borcunun silinməsi» tələbinə dair mülki işə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-nin ona məxsus Abşeron rayon, 28 May qəsəbəsi, ev 100 ünvanında yerləşən daşınmaz əmlaka dair abonent kodu- **********059 olan sayğaca hesablanmış 462,01 manat borcun silinməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, Abşeron rayon, 28 May qəsəbəsi, ev 100 ünvanında yerləşən daşınmaz əmlak ona məxsusdur. Özü isə Qobustan rayon, Nabur kəndində yaşayır. Abşeron rayon, 28 May qəsəbəsi, ev 100 ünvanında yerləşən daşınmaz əmlakda şəraitin olmaması səbəbindən yaşayış yoxdur. Buna baxmayaraq, cavabdeh Azərsu ASC tərəfindən ona məxsus abonent kodu-**********050 olan sayğaca 462,01 manat borc yazılmışdır. Həmin borc qanunsuz olaraq yazılmışdır və heç bir hüquqi əsası yoxdur. Belə ki, evdə yaşayış olmadığından cavabdehin əməkdaşları bu faktdan sui-istifadə edib qanunsuz borc yazmışlar. Bu faktı aydınlaşdırmaq üçün o, Azərsu ASC-yə getmiş və 1 il müddətində həmin ünvanda yaşamadığı barəsindəki qaz və işıq idarələrinin arayışını təqdim etmişdir. Ona qanunsuz yazılan borcun silinəcəyinə dair yalan vədlər verilsə də, sonradan məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Hesab edir ki, bu borc qanunsuzdur və məhkəmə qaydasında silinməlidir. Qeyd edilənlərə əsasən, o, iddianın təmin olumasını xahiş etdi. Cavabdeh ASC-nin nümayəndəsi X2 izahatında bildirdi ki, o, iddianı qəbul etmir. Belə ki, şəxsiyyət vəsiqəsi verilməyibsə və ərizə yazılmasa vətəndaşa abonent kodu açılmır. İddiaçının abonent kodu olmuş və su sərfiyyatı olmuşdur. Həmçinin sayğac olmasa da abonent kodu açıla bilər. İddiaçı ilə Cavabdeh ASC arasında 01 yanvar 2006-cı ildə müqavilə bağlanmışdır. Daha sonra onlar tərəfindən iş əmri yaradılmış və xx.xx.2023-cü ildə iddiaçıya məxsus evə baxış keçirilmişdir. Baxış zamanı ünvanda yaşayışın olmadığı müəyyən olunmuşdur. Lakin iddiaçının su sərfiyyatına görə borcu olmuşdur və abonent bazasında 491,41 manat borcu vardır. Belə ki, 2011-ci ildə iddiaçıya məxsus ünvana sayğac quraşdırılmış və 2011-ci ildən sonra borc hesablanmışdır. İddiaçının 2012ci ildə 18 manat, 2013-cü ildə 51 manat, 2014-cü ildə 66 manat, 2015-ci ildə 72 manat, 2016-cı ildə 74 manat, 2017-ci ildə 80,25 manat, 2018-ci ildə 86,10 manat sərfiyyatı olmuşdur. Göstərilənlər sayğacın göstəriciləri deyil, orta hesabla sərfiyyat yazılmışdır. 06 iyun 2023-cü ildə yeni sayğac quraşdırılmışdır. 06 iyun 2023-cü ildən 06 iyul 2023-cü ilə kimi heç bir sərfiyyat göstərmir. Odur ki, o, iddianın təmin edilməməsini xahiş etdi. İş materiallarında olan Cavabdeh ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş "Sudan istifadə Qaydaları"nın 7.7-ci bəndinə əsasən elektron abonent bazasında (kod-**********059) müraciətdə qeyd edilən ünvanın hesabında 114,80 manat məbləğində düzəliş edilmişdir. Hazırda su təchizatından istifadəyə görə abonent hesabında 462,01 manat borc var. Qeyd edilən borc normativə uyğun olaraq ailə tərkibinə əsasən hesablanmış məbləğin ödənilməmiş hissəsidir. Müraciətlə bağlı bildirilir ki, mənzilin su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə hesabatının dəqiq müəyyənləşdirilməsi üçün ünvana sayğacın quraşdırılması zərurəti yaranmışdır. Bu məqsədilə əməkdaşları dəfələrlə sözügedən ünvanda olmasına baxmayaraq qapı bağlı olması səbəbindən sayğacın quraşdırılması mümkün olmamışdır. Odur ki, su təchizatı və kanalizasiya müəssisəsinin əməkdaşlarına müvafiq şərait yaradılması xahiş olunur. Həmçinin bildirilir ki, Cavabdeh ASC-nin “Elektron su” portalında (www.e-su.az) qeydiyyatdan keçərək abonent hesabda yaranmış qalıq borcu öyrənə və ödəyə, hesab fakturalara və ödənişlərə nəzarət edə, "Elektron müraciət" bölməsindən isə "xxxx" ASC-nə müraciət etməklə müraciətin statusunu və icra mərhələsi izlənə bilər. Eyni zamanda bildirilir ki, "Sudan istifadə Qaydalarının 7.15-ci bəndinə uyğun olaraq göndərilmiş (təqdim edilmiş) hesab üzrə gecikdirilmiş ödənişləri (qalıq borclarını) STKM ile qarşılıqlı razılaşma əsasında hissə-hissə ödənilə bilər. Bunun üçün Abşeron Sukanal İdarəsinə yaxınlaşıb razılıq protokolu imzalanması tövsiyyə olunur. Yaranmış borcun ödənilməsi xahiş olunur. Əks təqdirdə "Sudan istifadə Qaydalarının 8.1.8ci yarımbəndinə əsasən su təchizatı müvafiq qaydada dayandırılacaq və məsələnin hüquqi müstəvidə həlli üçün aidiyyəti üzrə məhkəməyə müraciət ediləcəkdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş abunə haqqında cədvəldən və “Azəriqaz” İB tərəfindən verilmiş GASREP-dən görünür ki, İddiaçı məxsus ünvanda elektrik və qaz sərfiyyatına görə borcu yoxdur. İş materiallarında olan Cavabdeh ASC tərəfindən xx.xx.2023-cü il tarixində tərtib edilmiş abonentin yoxlanılması haqqında sənəddən görünür ki, iş əmri təkrar yaradılmışdır. İş əmrini icra etmək üçün abonent İddiaçı ilə əlaqə saxladıqda rayonda yaşadığı üçün sayğaca baxış keçirməyə şərait yaratmamışdır. xx.xx.2023-cü ildə iş əmrini icra etmək üçün Abşeron rayon, 28 May qəsəbəsi, ev 100 ünvanında yerləşən evə baxış keçirilmişdir. Ünvanda yaşayış yoxdur, sudan istifadə olunmur. Ünvanın fotoşəkilləri və iş əmrinin nəticəsi Cavabdeh ASC-yə göndərilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. “Su təchizatı və tullantı suları haqqında” Qanunun 61-ci maddəsinin 1-ci bəndinə əsasən, “Su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır”. “Su təchizatı və tullantı suları haqqında” Qanunun 62-ci maddəsinə əsasən,Qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydalarının” 7.4-cü bəndinə əsasən, əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qaydaların 4.1.3-cü bəndinə əsasən, bu Qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçının vəzifəsidir. Azərbaycan Respublikası Tarif Şurasının Cavabdeh ASC-nin sudan istifadə və tullantı sularının axıdılması xidmətləri üzrə istehlakçı qruplarının tariflərinin və təsnifatının təsdiq edilməsi barədə xx.xx.2011-ci il tarixli Qərarına əsasən sayğac quraşdırılmamış mənzillərdə adambaşına su istehlakı norması 5 m3 müəyyən edilmişdir. Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının xx.xx.2011 -ci il tarixli Qərarına əsasən əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 m3 suyun qiyməti 0,30 manat, həmin miqdarda tullantı sularının axıdılmasına görə xidmətin qiyməti isə 0,06 manat, Tarif Şurasının xx.xx.2016-cı il tarixli Qərarına əsasən əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 m3 suyun qiyməti 0,35 manat, həmin miqdarda tullantı sularının axıdılmasına görə xidmətin qiyməti isə 0,15 manat və Tarif Şurasının xx.xx.2021 -cı il tarixli Qərarına əsasən əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 m3 suyun qiyməti 0,70 manat, həmin miqdarda tullantı sularının axıdılmasına görə xidmətin qiyməti isə 0,30 manat müəyyən edilmişdir. Cavabdeh ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktuba əsasən, su təchizatından istifadəyə görə abonent İddiaçı hesabında 462,01 manat borcunun olduğu qeyd edilmişdir. Lakin iş materiallarında olan Cavabdeh ASC tərəfindən xx.xx.2023-cü il tarixində tərtib edilmiş abonentin yoxlanılması haqqında sənəddən göründüyü kimi xx.xx.2023-cü ildə iş əmrini icra etmək üçün ünvan 2 ünvanda yaşayış olmadığı və sudan istifadə olunmadığı müəyyən edilmişdir. Qeyd olunan evdə yaşayışın olmaması iş materiallarına əlavə edilmiş abonentə məxsus işıq saldosu il də təstiq olunur.Belə ki,həmin saldodan son illərin işıq sərfiyyatının sıfır olması müəyyən edilir.Məhkəmə iclasında sübutların tədqiqatı zamanı Cavabdeh ASC-in nümayəndəsi İddiaçı məxsus Abşeron rayon, 28 May qəsəbəsi, ev 100 ünvanında yerləşən evə quraşdırılmış abonent kodu-**********059 olan sayğaca görə hesablanmış 462,01 manat borcun hansı dövrləri əhatə etməsi, həmin məbləğin hesablanma qaydası və əsasları haqında özünün izahatından başqa hər hansı bir mötəbər sübuta istinad ertməmiş və iddianı təkzib edəcək sübutları məhkəməyə təqdim etməmişdir.Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh ASC tərəfindən hesablanmış 462,01 manat borc silinməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində deyilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh ASC tərəfindən İddiaçı məxsus Abşeron rayon, 28 May qəsəbəsi, ev 100 ünvanında yerləşən evə quraşdırılmış abonent kodu-**********059 olan sayğaca qanunsuz hesablanmış 462,01 manat borc silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV
Məhkəmə qərarları › İş №2(012)-3066/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3066/2023
14.08.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver