Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3071/2023 07.09.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı, Cavabdeh İB-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, cavabdeh Azəriqaz İB-nin ona məxsus Abşeron rayon, Hökməli qəsəbəsi, Babək küçəsində yerləşən 32A saylı evə aid **********09210 saylı sayğaca yazılmış 4450,54 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayon, Hökməli qəsəbəsi, Babək küçəsində yerləşən 32A saylı fərdi yaşayış evi ona məxsusdur. Həmin evə 2023-cü ilin aprel ayının 16-da köçmüşdür. Ödəniş etmək üçün müraciət edəndə ona məlum olmuşdur ki, yaşayış olmamasına rəğmən, yəni onlar evə köçməmişdən əvvəl oradakı qaz sayğacına 4450,54 manat borc yazılmışdır. Sayğac əvvəl smart tipli olmuş, onların xəbəri olmadan dəyişdirilmiş və mexaniki sayğacla əvəz edilmişdir. Tətbiq edilən borc qanunsuzdur və heç bir hüquqi əsası yoxdur. Belə ki, evdə yaşayış olmadığından cavabdehin əməkdaşları bu faktdan sui-istifadə edib qanunsuz borc yazmışlar. Akta əlavə edilmiş şəkillərdə əks etdirilmiş sayğac onlara məxsus deyil. Cavabdeh həmin qəsəbədə kiminsə sayğacının şəklini çəkib, ucdan tutma hər kəsə həmin şəkillə cərimə yazmışdır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə gedişatında İddiaçı MPM-nin 53-cü maddəsinə istinadən iddia ərizəsinə dəqiqləşdirmə barədə ərizə ilə məhkəməyə müraciət edərək 2018-2021-ci illər ərzində tərtib edilmiş aktlara əsasən ona hesablanmış 4449 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh İB-nin nümayəndəsi Nümayəndə bildirdi ki, mübahisəli əraziyə baxış keçirilmiş və aktların başqa abonentə münasibətdə tərtib edildiyi müəyyən edilmişdir. Məhkəmə tərəfləri dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İşdə olan istehlakçı İddiaçı adına tərtib edilmiş Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən evə aid abonent kodu **********09210 olan Abonentin saldosundan görünür ki, 2018-ci ilin yanvar ayından 2021-ci ilin may ayınadək abonentə 10 akt əsasında cəmi 4449 manat məbləğində borc hesablanmışdır. İşdə olan xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, İddiaçı Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən evində təbii qaz xəttinə qeyri-qanuni qoşulma faktı aşkar olunmamışdır. Fotoşəkillər həmin ünvana aid deyildir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 6cı bəndinə əsasən qaz paylayıcısı istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; məhkəmənin qərarı ilə və digər hallarda qazın verilməsini dayandıra bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilən “Qazdan istifadə Qaydaları”nın 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Məhkəmə tərəfindən işin araşdırılan hallarından görünür ki, iddiaçıya 4449 manat məbləğində cərimə onun sayğacdan kənar qaz xəttinə qoşulmasına görə müxtəlif tarixli aktlara əsasən tətbiq edilmişdir. Halbuki mübahisə araşdırılarkən abonentin qaz xəttinə qeyri-qanuni qoşulması faktı öz təsdiqini tapmamışdır. Bu hal Cavabdeh İB tərəfindən xx.xx.2023-cü il tarixli aktla da təsdiq edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı yaşadığı fərdi yaşayış evinə aid qaz sayğacına dair müxtəlif tarixli aktlara əsasən hesablanmış 4449 manat borc silinməli, iddia təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı məxsus Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evinə aid qaz sayğacına (abonent kodu: **********09210) dair Cavabdeh İB tərəfindən hesablanmış 4449 manat məbləğində borc silinsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-3071/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3071/2023
07.09.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver