Məhkəmə qərarları › İş №2(012)-3089/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3089/2024

08.10.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3089/2024 08.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, Ərizəçi, Maraqlı şəxs Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında X1 İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın nümayəndəsi X2 iştirakları ilə, Ərizəçi (maraqlı şəxs Abşeron Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik şöbəsi) şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (maraqlı şəxs Abşeron Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik şöbəsi) şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2001-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında bildirmişdir ki, oğlu xx.xx.2001-ci il təvəllüdlü X7 "Çox ağır əqli gerilik, daima ciddi qulluq və müalicə tələb edən davranış pozuntuları ilə (İQ 20 əqli inkişaf 3 yaşa uyğundur) qeyri-üzvi mənşəli enkoprez, enurez reseptiv nitq pozuntusu, nitq qüsuru” diaqnozu qoyulmuşdur. xx.xx.2019-cu il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspertiza Komissiyası tərəfindən müayinəyə dair məlumat verilmişdir. Oğluna 1 dərəcəli müddətsiz əlillik təyin olunmuşdur. Qeyd edilən xəstəliyi ilə əlaqədar oğlu özünü normal idarə edə bilmir. Buna görə də oğluna o qulluq və nəzarət edir. Həmçinin, övladının fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi haqqında məhkəmə qətnaməsi olmadığından, qəyyumu təyin edilmədiyindən o, oğlunun adından hərəkət edə bilmir və bu əlilliklə bağlı müavinət kartının yenilənməsinə də maneələr yaradır. Bu səbəbdən də, oğlunun "fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə” məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bundan əlavə o, ekspert rəyi ilə razıdır. Odur ki, o, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Mülki iş üzrə maraqlı şəxs Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında X1 İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın nümayəndəsi X3 məhkəmə iclasında məhkəmə-psixiatrik ekspertizasının rəyi və iş üzrə digər materiallarla tanış olduğunu bildirmiş və ekspert rəyini əsas götürərək ərizənin təmin olunmasına etiraz etməmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, mülki iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 317.2. maddəsinə əsasən, məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Abşeron rayon VVAQ şöbəsi tərəfindən verilmiş 10 mart 2001-ci il tarixli AZ-İ № 004333 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X8 xx.xx.2001-ci il tarixdə Abşeron rayonu, Mehdiabad qəsəbəsində anadan olmuş, atası X4, anası Ərizəçidır. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X11 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2024-cü il tarixli, 3570 saylı rəyindən görünür ki, İ Motivləşdirici hissə. Yuxarıda göstərilənlərə əsasən belə qərara gəlirəm ki, X6 Ağır dərəcəli əqli gerilik müəyyən edilir. Bunu anamnestik məlumatlar, təqdim edilmiş tibbi sənəd və hal-hazırki psixiatrik müayinənin nəticələri (anamnestik məlumatlara görə yoxlanılan şəxs doğuş zədəsi ilə anadan olması, erkən psixi inkişafda yaşıdlarına nəzərən geri qalması, qıcolma tutmaları biruzə verməsi, nitqi zəif inkişaf etməklə tək-bir sözlərdən ibarət olması biruzə verməsi, psixi vəziyyəti ilə əlaqədar Sumqayıt Psixiatriya Xəstəxanasında müalicələrdə olması, əqli gerilik və davranış pozuntularının biruzə verməsi, ara-sıra narahatlığı, əsəbiliyi, fizioloji ifrazatları ilə natəmiz olması, AR ƏƏSMN TSEK tərəfindən təqdim xx.xx.2019-cu il tarixdə müayinə edilərək “Çox ağır əqli gerilik, daim ciddi qulluq və müalicə tələb edən davranış pozuntuları ilə (İQ -20 əqli inkişaf 3 yaşa uyğundur) Qeyri-üzvi mənşəli enurez. Reseptiv nitq pozuntusu, nitq qüsuru” diaqnozu ilə ona müddətsiz İ qrup əlillik təyin edilməsi, göstərilənlərlə əlaqədar yaşayış yeri üzrə poliklinikanın psixiatrik kabinetində qeydiyyatda olmaqla evdə ona təyin edilmiş sakitləşdirici və qıcolma əleyhinə dərmanları qəbul etməsi, bununla əlaqədar daim kənar şəxsin himayəsi və nəzarətinə ehtiyacının olması, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər: nitqinin zəif inkişaf etməsi, kəskin nəzərə çarpan ağıl zəifliyi əlamətlərinin biruzə verməsi və s.) sübut edir. İİ Yekun hissəsi: Mülki iş materiallarını və ambulator məhkəmə - psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sual: xx.xx.2001-ci il təvəllüdlü X5 öz hərəkətlərini ölçübbiçmək, onları idarə etmək iqtidarında olub-olmamasına dair psixi vəziyyəti müəyyən edilsin. 2-ci sual: xx.xx.2001-ci il təvəllüdlü X5 xəstəliyi onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə əsas verirmi? 1-ci və 2-ci suallara cavab: X6 Ağır dərəcəli əqli gerilik müəyyən edilir. X8 öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Buna görə də X8 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. X8 onda müəyyən ağır dərəcəli əqli gerilik ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 28.1. maddəsinə əsasən, fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. 28.8. maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. İşin məhkəmə iclasında araşdırılan hallarından, ərizəçinin izahatından, Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2024-cü il tarixli, 3570 saylı rəyindən müəyyən olunur ki, X8 “ağır dərəcəli əqli gerilik” xəstəliyindən əziyyət çəkir. Beləliklə məhkəmə tərəfindən psixiatrik ekspertiza təyin edilmiş, psixiatrik ekspertiza üzrə alınmış xx.xx.2024-cü il tarixli, 3570 saylı rəydə X5 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmadığı, buna görə də fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməli olması nəticəsinə gəlinmişdir. Mülki Prosessual Məcəllənin:

88. maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3. maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə ekspert rəyini digər sübutlarla paralel şəkildə Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən qiymətləndirərək hesab edir ki, ekspert rəyi digər sübutlarla və işin halları ilə təkzib edilmədiyindən əsas sübut növü kimi qəbul edilməlidir. Beləliklə, məhkəmə psixiatrik ekspertizanın rəyini əsas sübut kimi nəzərə alıb işin yuxarıda tədqiq edilən hallarına və qanunun qeyd edilən tələblərinə əsasən, hesab edir ki, ərizəçinin oğlu - xx.xx.2001-ci il tarixdə Abşeron rayonu, Mehdiabad qəsəbəsində anadan olmuş X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə məhkəmə qətnaməsinin çıxarılması qanuni və əsaslıdır. Mülki Prosessual Məcəllənin: 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 321.2. maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 317 və 320-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2001-ci il tarixdə Abşeron rayonu, Mehdiabad qəsəbəsində anadan olmuş X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar