Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3145/2022 06.07.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Abiyev Elvin Elman oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı cərimə borcunun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı cərimə borcunun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əməkdaşları tərəfindən qanunsuz və əsassız olaraq hesablanmış 380,16 manat cərimə borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, o, Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. Həmin evdə olan sayğaca baxış keçirilən zaman akt tərtib edilmiş, akta əsasən sayğacın qoruyucu şüşəsinin deşildiyinin aşkar edildiyi göstərilmişdir. Buna görə də, ona 380,16 manat məbləğində cərimə borcu yazılmışdır. Onun bu hadisədən bir müddət xəbəri olmamış, sonradan həmin aktdan və cərimədən xəbəri olmuşdur. Belə ki, o, akt tərtib edilərkən dəvət edilməmiş və aktın tərtibində iştirak etməmişdir. Əksinə o, özü zəng etmişdir ki, sayğacın qoruyucu şüşəsi deşilib, gəlib baxsınlar. Həmin sayğac həyətindən kənarda, həyətinə daxil olmaq üçün nəzərdə tutulan darvaza qapısından təqribən 25-30 metr məsafədə quraşdırılmışdır. Sayğacın qoruyucu şüşəsi onun tərəfindən deşilməmişdir. Sayğacı aparsalar belə onun xəbəri olmayacaqdır. Göstərilənlərə əsasən Cavabdeh əməkdaşları tərəfindən qanunsuz və əsassız olaraq hesablanmış 380,16 manat cərimə borcunun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, Cavabdeh istehlakçı İddiaçı Abşeron rayonu, Qobu qəsəbəsində yaşadığı evi təbii qazla təmin edir. Birliyin nümayəndələri tərəfindən İddiaçı yaşadığı evin qaz sayğacına baxış keçirilmiş və məlum olmuşdur ki, sayğacın qoruyucu şüşəsi deşilmişdir. Bununla bağlı xx.xx.2022-ci il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması barədə akt tərtib olunmuş, 3.168 m3 dəymiş ziyan hesablanmış və abonentə dəymiş zərərə görə 380,16 manat məbləği yazılmışdır. Lakin sayğacın qoruyucu şüşəsinin iddiaçı tərəfindən deşilməsi barədə sübutları yoxdur. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib və məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna hüquqi qiymət verib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: 28 dekabr 2021-ci il tarixli, ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktın surətindən görünür ki, Cavabdeh mühəndisi R.Əhmədov və çilingər C.Rzayev tərəfindən istehlakçı İddiaçı Abşeron rayonu, Qobu qəsəbəsində yaşadığı evin qaz sayğacına baxış keçirilən zaman “Zenner G4” markalı, **********8 nömrəli sayğacın hesablama mexanizminin deşilməsi və zədələnməsi aşkar olunmuşdur. xx.xx.2022-ci il tarixli, MSK-29/1710-00167-1 nömrəli “Qaz sayğacının yoxlanılması barədə” aktın surətindən görünür ki, Cavabdeh X1 Departamenti, Sayğacların müayinəsi laboratoriyasının rəis müavini T.Məmmədov, Sayğacların ekspertizası şöbəsinin rəis müavini C.Məmmədov və Sayğacların ekspertizası şöbəsinin böyük mühəndisi A.Şahverənov tərəfindən istehlakçı İddiaçı Abşeron rayonunda yaşadığı evin qaz sayğacına baxış keçirilən zaman G-4 markalı, **********8 zavod nömrəli sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin deşilməsi aşkar olunmuşdur. xx.xx.2022-ci il tarixli, ******* saylı aktın surətindən görünür ki, 31 yanvar 2022-ci il tarixdə Cavabdeh əməkdaşları tərəfindən İddiaçı məxsus ünvanda (abonent kodu: **********08940) təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmış, MSK rəyinə əsasən sayğacın qoruyucu şüşəsinin deşildiyi aşkar olunmuş, bununla əlaqədar olaraq xx.xx.2022-ci il tarixli, ******* saylı akt tərtib olunmuşdur. Dəymiş ziyanın hesablanması tələb edilmiş və istehlakçı İddiaçı həmin aktı imzalamaqdan imtina etmişdir. Dəymiş ziyanın bərpasına dair xx.xx.2022-ci il tarixli tələbnamənin surətindən görünür ki, xx.xx.2022-ci il tarixli, ******* nömrəli akta əsasən İddiaçı 4x12x66=3168 m3, cəmi 3168 m3 (380,16 manat) əlavə ödəniş hesablanmışdır. 01 iyun 2022-ci il tarixli abonentin saldosunun surətindən görünür ki, abunə kodu **********08940 olan ünvan üzrə yanvar 2022-ci il tarixli akt əsasında 380,16 manat borc hesablanmışdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. “Qaz təchizatı haqqında Azərbaycan Respublikası qanununun 13-cü maddəsinin 6-cı bəndində göstərilir ki, qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər: istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; məhkəmənin qərarı ilə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin Qaydaların 4.2-ci maddəsinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 6.7-ci maddəsinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna 4 olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Məhkəmə tərəfindən işin araşdırılan hallarından görünür ki, iddiaçı barəsində tərtib olunan akt birtərəfli tərtib olunmuş, istehlakçının iştirakı təmin edilməmiş, tərtib edilmiş aktda iddiaçının imzası yoxdur. Tərtib olunan aktın həqiqiliyini iddiaçı mübahisələndirir, cavabdeh isə aktın mötəbərliyini təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı yaşadığı Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən evə qaz sayğacına (abonent kodu: **********08940) dair yanvar 2022-ci il tarix üçün hesablanmış 380,16 manat cərimə borcu əsassız hesab edilib silinməli, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda gösrərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı yaşadığı Abşeron rayonu, Qobu qəsəbəsi ünvanında yerləşən evə qaz sayğacına (abonenet kodu: **********08940) dair hesablanmış 380,16 (üç yüz səksən manat, on altı qəpik) manat cərimə borcu silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: E.Kazımov
Məhkəmə qərarları › İş №2(012)-3145/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3145/2022
06.07.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver