Məhkəmə qərarları › İş №2(012)-315/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-315/2022

26.05.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-315/2022 26.05.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi ilə, Məhkəmə iclasının katibi Abiyev Elvin Elman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdeh iştirakı ilə, İddiaçı Heydər Əliyev adına X15 Cavabdeh qarşı tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Heydər Əliyev adına X19 Cavabdeh qarşı tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyi adlanan ərazidə yerləşən tikilinin özbaşına (qanunsuz) tikili hesab edilməsi və tikilinin sökülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən Heydər Əliyev adına X17 məxsus neft məhsulu nəql olunan Dş-300 mm. (reaktiv mühərrik yanacağı) neft boru kəmərinin mühafizə zonasının 48 metrlik məsafəsində torpaq zəbt edilməklə Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyi adlanan ərazidə mişar daşından tamamlanmamış fərdi yaşayış evi inşa edilmişdir. Bundan başqa həmin Dş-300 mm. neft boru kəmərinə paralel Dş-300 mm. (quru qaz), Dş-250 mm. (nafta) və Dş-500 mm. (dizel) neft boru kəmərləri keçir. İddiaçıya məxsus neft boru kəmərinin mühafizə zonasında yerləşən torpaq sahəsi faktiki olaraq cavabdeh tərəfindən zəbt edilmişdir ki, bu da həmin kəmərə qulluq edilməsinə, onun istismar edilməsinə maneçilik yaratmaqla yanaşı insanların həyatı üçün də təhlükə yaradır. Zavodun fəaliyyətinin təmin edilməsi üçün müxtəlif istehsalat və sahələrdə ayrı-ayrı texnoloji əməliyyatlar həyata keçirildiyindən, həmin istehsalat və sahələrin bir-birindən xeyli aralı məsafədə yerləşdiyini nəzərə alaraq, aralarında boru kəmərləri çəkilmişdir. Həmçinin hazır məhsulların anbarlara yığılması üçün boru kəmərləri çəkilmişdir. Bu neft boru kəmərləri qanunvericiliyə əsasən magistral boru kəmərləri hesab olunur. Normativ sənədlərə əsasən boru kəmərinin təyinatı, diametri və kəmərdə olan təzyiqə görə boru kəmərləri ətrafında mühafizə zonası müəyyən olunmuşdur. Mühafizə zonalarının müəyyən edilməsi bir neçə amillə bağlıdır. İlk olaraq, boru kəmərləri və neft məhsulları anbarları dövlət əhəmiyyətli obyektlər hesab edilir. Bu obyektlərdə hər hansı bir qəza nəticəsində yanğın və partlayış baş verdiyi halda ətrafda olan şəxslər üçün böyük təhlükə yarada bilər. Digər tərəfdən, bu obyektlərin mühafizəsinin effektli təşkilinə həmin ərazidə inşa edilmiş tikililər maneçilik törədir. Bütün bunları nəzərə alaraq, mühafizə zonasının mövcudluğu olduqca zəruridir. Bu səbəbdən də özbaşına aparılmış tikili sökülməlidir. Göstərilənlərə əsasən Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyi adlanan ərazidə yerləşən tikilinin özbaşına (qanunsuz) tikili hesab edilməsi və tikilinin sökülməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Daha sonra məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi X7 iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyi adlanan ərazidə yerləşən mişar daşından inşa edilmiş 10 metr uzunluğunda, 1,60 metr hündürlüyündə olan daş hasarın özbaşına (qanunsuz) tikili hesab edilməsi və həmin tikilinin cavabdehin hesabına sökülməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi X7 iddia tələbini müdafiə edərək iddia ərizəsində və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə yazılanlara uyğun izahat verdi və əlavə olaraq izahatında bildirdi ki, təqdim edilmiş fotoşəkillərdə neft boru kəmərinin mühafizə zonasına düşən obyektlər öz əksini tapır. Bu səbəbdən də tərəfindən məhkəməyə təqdim edilmiş fotoşəkillərdə cavabdeh tərəfindən neft boru kəmərinin mühafizə zonasında inşa edilmiş fərdi yaşayış evinin fotoşəkilləri düşmüşdür. İddiaçı təşkilatın əməkdaşları hazırki mübahisə predmeti olan məsələ ilə bağlı dəfələrlə cavabdehlə danışıqlar aparmış və xəbərdarlıqlar etmişlər. Lakin heç bir nəticəsi olmamışdır. Həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyi ilə razıdır. Göstərilənlərə əsasən Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyi adlanan ərazidə yerləşən mişar daşından inşa edilmiş 10 metr uzunluğunda, 1,60 metr hündürlüyündə olan daş hasarın özbaşına (qanunsuz) tikili hesab edilməsi və həmin tikilinin cavabdehin hesabına sökülməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, sözügedən ərazidə 2017-ci il tarixdən yaşayır. Qeyd edilən ərazidə ona məxsus 0,04 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsinə dair yalnız Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinin torpaq sahəsinin satılması ilə bağlı sənədləri mövcuddur. Onun qeyd edilən torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edəcək hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışı yoxdur. Torpaq sahəsində yerləşən evi tikəndə Abşeron Rayon İcra Hakimiyyətindən fərdi yaşayış evinin tikintisi ilə bağlı müvafiq icazə almamışdır. Abşeron Rayon İcra Hakimiyyəti başçısının fərdi yaşayış evinin tikintisi ilə bağlı müvafiq sərəncamı yoxdur. Ona məxsus torpaq sahəsinin ərazisi əvvəllər Binəqədi rayonu inzibati ərazi vahidi tərkibində olmuşdur. Daha sonra isə Abşeron rayon inzibati ərazi vahidinin tərkibinə verilmişdir. Verilmiş suallara cavabında bildirdi ki, torpaq sahəsini etibarnamə əsasında ucuz qiymətə almışdır. İddiaçı təşkilatın əməkdaşları tərəfindən xəbərdarlıq edilməsi faktını təsdiq edir. O, da edilmiş xəbərdarlıqdan sonra tikilini - hasarı söküb 3 metr enliyində geri həyətinə doğru çəkmişdir. Hazırda ona məxsus həyətin tikilisi, yəni tikilmiş fərdi yaşayış evi ilə neft boru kəmərinin arasında 51 metr məsafə vardır. Artıq ona məxsus tikili neft boru kəmərinin mühafizə zonasına düşmür. Göründüyü kimi o tikili tikərkən neft boru kəmərinin mühafizə zonası ilə arada olan məsafəni gözləmişdir. Bu səbəbdən də iddianı qəbul etmir. Göstərilənlərə əsasən iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyi ilə qismən razıdır. Belə ki, ona məxsus evin həyətini əhatə edən daş hasarın uzunluğu 14 metr deyil, 10 metr və hündürlüyü 1,60 metrdir. Həmin hissədə daş hasarın sökülməsinə isə etirazı yoxdur. Göstərilənlərə əsasən iddianın qismən təmin edilməsinə etiraz etmir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan arayışdan görünür ki, Heydər Əliyev adına X12 10 saylı sahəyə (Güzdək) neft məhsulları nəql olunan Dş=500 mm. (dizel yanacağı) və Dş=300 mm. (reaktiv mühərrik yanacağı) neft boru kəmərləri 1993-cü ildə, “Azərikimya” İB-nin Etilen-Polietilen Zavoduna neft məhsulları nəql olunan Dş=200 mm. (quru qaz), Dş=250 mm. (nafta) neft boru kəmərləri isə 2011-ci ildə çəkilmiş və zavodun balansındadır. Mülki işin materiallarında olan komanda rəis müavini X8, qarovul rəisi X5 və atıcı X4 tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktdan görünür ki, xx.xx.2021-ci il tarixində 6 saylı qarovul İ-ci iş növbəsi xidmətində olduqları zaman 35 saylı postun ərazisində saat 11:40-da Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi ünvanında X17 məxsus Dş=300 mm. reaktiv yanacaq xəttinin 18-ci km-də xətdən 48 metr aralıda kəmərə paralel 1-ci sırada, köhnədən inşa edilmiş içərisində yaşayış olan evin həyətində köhnədən 9x2 metr ölçüsündə mövcud olan hasarın arxasında 9x10x1,2 metr ölçüsündə yeni ev tikintisi aşkar olunmuşdur. Tikintinin sahibi Cavabdeh mühafizə zonası daxilində aparılan tikinti işlərinin qanunazidd olduğu izah edilərək tikintinin mühafizə zonasına düşən hissəsini sökmək tələb olunsa da, o sökməkdən imtina etmiş və münaqişə yaratmağa çalışmışdır. Əraziyə X15 mühafizə polisləri dəvət olunaraq iş saxlanılmış, vətəndaşa şifahi xəbərdarlıq olunmuşdur. Ərazinin fotoşəkilləri çəkilərək X15 11 saylı sahənin rəisi Alı Xəlilova, X15 növbətçisinə və növbə rəisinə bu barədə məlumat verilmişdir. Mülki işin materiallarına əlavə olunan Bakı şəhəri Binəqədi rayonu Binəqədi bələdiyyəsinin torpaq sahəsinin sahiblik və ondan istifadə hüquqlarının keçməsi qaydasında vətəndaş X2 adına və istifadəsinə verilməsi haqqında 25 fevral 2009-cu il tarixli 111 nömrəli qərarının surətindən görünür ki, Binəqədi qəsəbə bələdiyyəsinin ərazi hüdudlarında Bakı şəhər sakinləri X6 və X2 razılıq ərizələri və müraciətləri nəzərə alınaraq birincinin istifadəsinə ayrılmış ünvanı cizgidə göstərilən sahibkarlıq fəaliyyəti tikintisi üçün nəzərdə tutulmuş 4200 kv.m torpaq sahəsinin 200 kv.m-ni fərdi yaşayış evi tikintisi üçün sahiblik və ondan istifadə hüquqları Bakı şəhər sakini X2 adına keçirilməsinə qərar verilmişdir. Mülki işin materiallarına əlavə olunan Bakı şəhəri Binəqədi rayonu Binəqədi bələdiyyəsinin torpaq sahəsinin sahiblik və ondan istifadə hüquqlarının keçməsi qaydasında vətəndaş X1 adına və istifadəsinə verilməsi haqqında 25 fevral 2009-cu il tarixli 112 nömrəli qərarının surətindən görünür ki, Binəqədi qəsəbə bələdiyyəsinin ərazi hüdudlarında Bakı şəhər sakinləri X6 və X1 razılıq ərizələri və müraciətləri nəzərə alınaraq birincinin istifadəsinə ayrılmış ünvanı cizgidə göstərilən sahibkarlıq fəaliyyəti tikintisi üçün nəzərdə tutulmuş 4200 kv.m torpaq sahəsinin 200 kv.m-ni fərdi yaşayış evi tikintisi üçün sahiblik və ondan istifadə hüquqları Bakı şəhər sakini X1 adına keçirilməsinə qərar verilmişdir. Mülki işin materiallarına əlavə olunan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilən mütəxəssis rəyindən görünür ki, Dövlət Neft Şirkətinin Heydər Əliyev adına X15 yerüstü neft boru kəməri ilə Cavabdeh tərəfindən daş hasara alınmış torpaq sahəsi şimal-şərq hissəsində yerləşən döngə nöqtəsindən 46.49, şimal-qərb hissəsində yerləşən döngə nöqtəsindən 47.94 metr, tikili (yaşayış evi) ilə ara məsafəsi isə tikilinin şimal-şərq hissəsində yerləşən döngə nöqtəsindən 50.13 metr təşkil edir. Mülki işin materiallarına əlavə olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilən 08 aprel 2022-ci il tarixli, 10/1956 nömrəli rəydən görünür ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC Bakı LTİ-nin mütəxəssis rəyinə və Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyinin 18 dekabr 2002-ci il tarixli 45 nömrəli əmri ilə təsdiqlənmiş Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik qaydalarının Magistral neft boru kəmərlərinin mühafizə zonaları və istismarı bölməsinin (Vİ bölmə) 6.3 bəndinə əsasən, Cavabdeh tərəfindən daş hasara alınmış torpaq sahəsinin bir hissəsinin (50 metrə qədər olan hissəsi) Heydər Əliyev adına X15 neft boru kəmərinin 50 metrlik mühafizə zonasına düşdüyü, cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin isə həmin neft kəmərinin 50 metrlik mühafizə zonasına düşmədiyi müəyyən olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, “Gənclər” şəhərciyi adlanan ərazidə Cavabdeh tərəfindən 10 metr uzunluğunda və 1,60 metr hündürlüyündə daş hasar inşa edilmişdir. Magistral neft kəmərinin mühafizə zonasında yerləşdiyi üçün iddiaçı həmin daş hasarın qanunsuz tikili hesab edilməsini və həmin tikilinin cavabdehin hesabına sökülməsini tələb edir, cavabdeh isə həmin daş hasarın sökülməsinə etiraz etmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180-cı maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi sürətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya daşınmaz əmlak özbaşına tikili sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Torpaq Məcəlləsinin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Torpaq Məcəlləsinin 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılır. Torpaq Məcəlləsinin 111.3-cü maddəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 46-cı və “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddələrinə əsasən Dövlət mülkiyyətində olan torpaqlara daxildir: dövlət obyektlərinin-dağ mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, maqistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm zolaqlarının, mühüm meliorasiya və su təsərüffatı obyektlərinin yerləşdiyi torpaqları və sair. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli Qanununun 2-ci maddəsinin 1-ci hissəsinə əsasən Əhali və ətraf mühit üçün təhlükə yaradan partlayış-yanğın, radioaktiv və ionlaşdırıcı şüa mənbələrinin, zəhərləyici maddələrin əldə olunması, hazırlanması, emalı, daşınması, istifadə edilməsi və ləğvi ilə məşğul olan istehsal, təchizat, nəqliyyat və sosial təyinatlı obyektlər təhlükə potensiallı obyektlər hesab edilir. Həmin qanunun əlavəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 may 2001-ci il tarixli 94 nömrəli qərarına əsasən neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. Heydər Əliyev adına X17 məxsus magistral boru kəmərlərinin mühafizə zonası yəni borulardan sağa və sola normativ sənədinə əsasən (AR NK-nin xx.xx.2004-cü il tarixli 167 N-li Qərarı) azı 50 metr olmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, Heydər Əliyev adına X17 məxsus neft məhsulu nəql olunan Dş-300 mm. neft boru kəmərinin mühafizə zonasında, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, “Gənclər” şəhərciyi adlanan ərazidə Cavabdeh tərəfindən heç bir qanuni əsas olmadan özbaşına inşa edilmiş 10 metr uzunluğunda və 1,60 metr hündürlüyündə daş hasar sökülməli, iddia bu hissədə təmin edilməlidir. Məhkəmə iddia tələbinin “tikilinin özbaşına (qanunsuz) hesab edilməsi” hissəsinə münasibətdə isə qeyd edir ki, sözügedən daş hasarın yerləşdiyi torpaq sahəsinin Cavabdeh mülkiyyətində olduğunu təsdiq edən çıxarış iş materialları arasında mövcud olmadığına görə həmin daş hasar özbaşına tikilidir və bununla bağlı iddia tələbi digər hissədə təmin edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, bu hissədə iddia tələbi təkrarçılığa yol verdiyindən təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşin materiallarından olan ödəniş tapşırığından görünür ki, iddia ərizəsini verilməsinə görə 20 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 20 manat məbləğindəki dövlət rüsumunun 5 manat məbləğindəki hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilən olan məbləğlər daxildir. Həmin Məcəllənin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin edildiyindən aparılmış tədqiqatın dəyəri olan 50 manat məbləğində ekspertiza xərci tərəflərdən bərabər şəkildə, Heydər Əliyev adına X12 25 manat və Cavabdeh 25 manat olaraq tutulub Məhkəmə Ekspertizası Mərkəzinin Dövlət xəzinədarlığı Agentliyinin AZ34CTRE******************** saylı hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Heydər Əliyev adına X17 məxsus neft məhsulu nəql olunan Dş-300 mm. neft boru kəmərinin mühafizə zonasında, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, “Gənclər” şəhərciyi adlanan ərazidə yerləşən Cavabdeh tərəfindən inşa edilmiş 10 metr uzunluğunda və 1,60 metr hündürlüyündə daş hasar sökülsün. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun 5 manat məbləğindəki hissəsi Cavabdeh alınaraq Heydər Əliyev adına X17 ödənilsin. Heydər Əliyev adına X12 25 manat və Cavabdeh 25 manat ekspertiza xərci tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Dövlət xəzinədarlığı Agentliyinin AZ34CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: E.Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar