Məhkəmə qərarları › İş №2(012)-3171/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3171/2021

21.12.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3171/2021 21.12.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron rayon məhkəməsi, Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı qanunsuz hesablanmış cərimə məbləğinin silinməsi tələbinə dair mülki işə 21 dekabr 2021-ci il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı qanunsuz hesablanmış cərimə məbləğinin silinməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən qanunsuz olaraq onun adına hesablanmış 486.96 (dörd yüz səksən altı manat 96 qəpik) manat cərimə pulunun ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, Abşeron rayonu, Yeni Hökməli, Nübar yaşayış massivində yerləşən fərdi yaşayış evində təkbaşına yaşayır. Tələbatlarını oğlu ödəyir. Uzun müddətdir ki, həmin evdə o, təkbaşına qalır. Belə ki, 2019-cu ildə səhhətində yaranmış problemlərə görə məcbur olub qızının yanına getmişdir. Çünki təkbaşına xəstə halı ilə özünə qulluq edə və tələbatlarını ödəyə bilmir. Sağalandan sonra 2019-cu ilin əvvəllərində evinə qayıtmışdır. Evinə gəldiyi bir ay olmamışdır ki, onun evinə faktura gələrək 11.04.2019-cu il tarixinə 486.96 manat borcunun olduğu bildirilmişdir. Bu borc necə və haradan yarandığı barədə ona heç bir məlumat verilməmişdir. O, bu barədə oğluna məlumat vermiş, oğlu son 10 ayın toplam fakturasını çıxartmış, evdə olmadığı aylar aylıq ödənişi 0 göstərilmiş, evinə gəlib yaşamağa başaldığı cəmi 1 ay olmuş və ona 11.04.2019-cu il tarixə 486,96 manat borcunun olduğu göstərilmişdir. Oğlu bunu xəbər tutduqdan sonra "xxxx" ASC-nin Abşeron ərazisində yerləşən idarəsinə yaxınlaşmış və ona cərimə edildiyi deyilmiş, lakin hansı əsasla və həmin cərimə barədə yazılı sənəd, akt və sair, heç bir sənəd təqdim edilməmişdir. O, ahıl yaşlı qoca bir aya 486,96 manat məbləğində işıq enerjisi sərf edə bilməz. Üstəlik çox vaxt evində olmur. Yeməyini, içməyini və hər bir işini övladları hazır vəziyyətdə ona gətirirlər. O, bu qədər işıq enerjisi sərf edəcək heç nə işlətmir. O, məsələnin məhkəmə qaydasında həllindən ötrü və bu pulun necə və hansı səbəblə yaranmasından ötrü hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Hesab edir ki, "xxxx" ASC tərəfindən müəyyən edilmiş ümumillikdə 486,96 manat cərimə pulu əsassız olduğu üçün silinməlidir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 məhkəmə iclasında maliyyə arayışı təqdim edərək abonent kodu **********1975 olan İddiaçı elektrik enerjisindən istifadə etməsi nəticəsində 2015-ci il tarixdən hazırki günədək 485.85 manat məbləğində "xxxx" ASC qarşısında borcu yaranmışdır.İddia olunan məbləğ cərimə borcu yox, debitor borcudur. Odur ki, qeyd olunanların nəzərə alınmasını xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Mülki işin materiallarında olan Abşeron İHB-nın Hökməli qəsəbə İƏD üzrə Nümayəndəliyi tərəfindən 16.04.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı Abşeron rayonu, Hökməli qəsəbəsi, Nübar yaşayış massivində məskunlaşmışdır. Mülki iş materiallarında olan Fakturanın surətindən görünür ki, son 10 ay toplam faktura 593.96 manat təşkil edir. Abşeron rayon Məhkəməsinin 05.07.2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə fiziki-texniki ekspertiza təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 12.11.2021-ci il tarixli 10/4775-9/6725 nömrəli ekspert rəyindən görünür ki, Baxış zamanı Abşeron rayonu, Atyalı yaşayış massivində yerləşən fərdi yaşayış evini elektrik enerjisi ilə təmin edən elektrik xəttinin sayğaca qədər olan hissəsində hər hansı qeyri leqal müdaxilə halları (izolyasiya örtüyünün pozulması, əlavə qoşulmalar) müəyyən edilmədi. İş materiallarında olan saldo vərəqəsindən göründüyü kimi, abunəçi İddiaçı istifadəsində olan elektrik sayğacı üzrə 10.08.2015-ci il tarixdən 02.06.2021-ci il tarixədək ümumilikdə 2.832,91 manat məbləğində elektrik enerjisindən sərfiyyat, 31.08.2015-ci il tarixdən 02.05.2021-ci il tarixədək ayrılmış qaçqın limiti üzrə 497,84 manat məbləğində limitdən artıq sərfiyyat və 18.02.2017-ci il tarixdən 04.06.2021-ci il tarixədək cəmi 1.849,13 manat məbləğində abunəçi tərəfindən aparılmış ödənişlər müəyyən olunur. Mülki iş materiallarında olan 21.12.2021-ci il tarixli 01-490/21 nömrəli Maliyyə arayışından görünür ki, abonent kodu **********1975 olan İddiaçı elektrik enerjisindən istifadə etməsi nəticəsində 2015-ci il tarixdən hazırki günədək 485.85 manat məbləğində "xxxx" ASC qarşısında borcu yaranmışdır. İşin məhkəmə tərəfindən araşdırılan hallarından görünür ki,təbii qazdan istifadəyə görə iddiaçı barəsində cərimə borcu hesablanmamışdır, iddia olunan məbləğ isə ödənilməmiş qalan debitor borcudur. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 1.2-ci bəndinə əsasən bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenegetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericlik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyənləşdirir. Bu qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. “Qaydaların” 5.3.2-ci bəndinə əsasən cərəyan kabellə daxil olduqda enerjitəchizatı müəssisəsi ilə abonent arasında gərginliyi 1000 V-a qədər olan elektrik qurğularının texniki vəziyyətinə və onlara xidmətə görə məsuliyyət sərhədi binanın, xüsusi yaşayış evinin və ya mənzilin girişindəki qidalandırıcı kabelin uclarında müəyyən edilib. Yaşayış binalarının, yaxud xüsusi yaşayış evlərinin mülkiyyətçilərinə, idarələr və başqa qeyri-istehsalat istehlakçılarına məxsus olan binalarda, həmçinin məişət abonentlərinin mənzillərində balans mənsubiyyəti sərhədindəki birləşmələrin texniki vəziyyətinə görə məsuliyyət enerji təchizatı müəssisəsinin üzərinə düşür. “Qaydalar”ın 7.10-cu bəndinə əsasən yeni yaşayış binalarında mənzillər üzrə məişət abonentlərilə hesablaşma elektrik sayğacları yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmalıdır. Bu hesablaşma elektrik sayğacları kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. “Qaydalar”ın 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə enerji təchizatı müəssisəsi məsuliyyət daşıyır. “Qaydalar”ın 7.13-cü bəndinə əsasən məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar quraşdırıldığı yerdən asılı olmayaraq, hesablaşma yalnız elektrik sayğacının göstərişinə və bu istehlakçı qrupu üçün müəyyən edilmiş tarifə əsasən aparılır. “Qaydalar”ın 8.32-ci “a” bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma məişət abonentində şəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. “Qaydalar”ın 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Beləliklə məhkəmə, iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçının cərimə borcu kimi mübahisələndirdiyi, 486.96 (dörd yüz səksən altı manat 96 qəpik) manat, əslində cərimə borcu olmayıb, İddiaçı 07.06.2021-ci il tarixinə elektrik enerjisinə görə borcudur. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı qanunsuz hesablanmış cərimə məbləğinin silinməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar