Məhkəmə qərarları › İş №2(012)-3250/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3250/2024

14.08.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3250/2024 14.08.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «borcun silinməsi» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-nin ona məxsus ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka aid **********02605 saylı sayğaca qanunsuz yazdığı 1107,43 manat işıq borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, o, Kəlbəcər rayonundan olan məcburi köçkündür. Onun yaşadığı fərdi yaşayış evi ünvan 2 ünvanında yerləşir. Ona məxsus işıq sayğacının kodu **********02605-dir. Cavabdeh ona qanunsuz və əsassız olaraq işıq borcu hesablamışdır. Qanunsuz olaraq ona yazılmış işıq borcunun məbləği 1107,43 manatdır. Belə ki, onlar işığı çox az istifadə edirlər, məcburi köçkünlər üçün ayrılmış limitləri var idi. Belə olduğu halda həmin borcun ona nə vaxt, necə yazıldığını bilmir. Hesab edir ki, bu borc ona heç bir səbəb olmadan, yanlışlıq səbəbindən əsassız olaraq hesablanmışdır və "xxxx" ASC həmin borcu donduraraq onun balansında saxlamışdır. Hazırda o, Smart kart tipli sayğacdan istifadə edir. Qeyd edir ki, o, cavabdehə dondurulmuş borcun hardan yaranması ilə bağlı müraciət etsə də tərəf ona yazılan bu borc məbləğinin yaranma səbəbini əsaslandıra bilmir və buna görə də ona məhkəməyə müraciət etməyini tövsiyə etmişdirlər. O, evini oğlunun adına sənədləşdirmək istədikdə, məlum oldu ki, cavabdeh orqan adına gizlicə bu qədər borc yazıb dondurmuşdur. Qanunvericiliyin tələbinə görə isə mənzildən kənarda quraşdırılan işıq sayğaclarının salamatlılığına görə vətəndaşlar məsuliyyət daşımır və bu məsuliyyət "xxxx" ASC-nin üzərinə düşür. Cavabdeh orqan əhalinin hüquqi məlumatsızlığından istifadə edir və o, hesab edir ki, artıq bu özbaşınalığa son qoyulmalıdır. Cavabdeh tərəfindən qeyd edilən məbləğdə hesablanmış borc 2008-ci il üzrə yaranmış, yəni sayğacın quraşdırılmasına qədər yaranmış borcdur. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin olumasını məhkəmədən xahiş etdi. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia tələbində göstərilmiş borc məbləği 2016-cı ilə qədər sərfiyyatla bağlı yaranmış debitor borcdur və bu borc məbləği tələb edilməyən borc hesab edilmişdir. Sadəcə olaraq elektron sistemdə məcburi köçkün borcunun silindiyi qeyd edilmişdir. Odur ki, o, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş abunə haqqında cədvəldən görünür ki, abonent kodu **********02605 olan sayğac üzrə abonentin xx.xx.2016-ci il tarixinə borcu 1107,43 manat təşkil etmiş, həmin borc məbləği qaçqın borcu hesab edildiyindən silinməsi nəzərdə tutulmuşdur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş abunə haqqında cədvəldən görünür ki, abonent kodu **********02605 olan sayğac üzrə abonentin xx.xx.2016-ci il tarixinə borcu 1107,43 manat təşkil etmiş, həmin borc məbləği qaçqın borcu hesab edildiyindən silinməsi nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, İddiaçı fərdi yaşayış evinə aid **********02605 saylı abunə koduna hesablanmış 1107,43 manat məbləğində cərimə pulu "xxxx" ASC tərəfindən ödənişləri tələb olunmayan borclar qrafasına daxil edildiyindən, həmin məbləğin ödənilməsinin iddiaçıdan tələb edilməsi onun hüquqlarının pozulması ilə nəticələnir. Həmçinin cavabdehin nümayəndəsi məhkəmədə **********02605 saylı abunə koduna hesablanmış 1107,43 manat cərimə məbləğinin ödənişləri tələb olunmayan borclar qrafasına daxil edildiyini bildirmiş, İddiaçı **********02605 saylı abunə koduna xx.xx.2016-ci il tarixinə hesablanmış 1107,43 manat məbləğində cərimə pulu ödənilməsinin tələb edilməsi ilə bağlı naməlum səbəbə "xxxx" ASC tərəfindən heç bir aydınlıq gətirilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.14-cü bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerji təchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Məhkəmə, yuxarıda qeyd olunan faktiki hallara və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 saylı qərarına əsaslanaraq hesab edir ki, xx.xx.2016-ci il tarixdə borca görə hesablanmış 1107,43 manat məbləğində "xxxx" ASC tərəfindən **********02605 saylı abunə koduna hesablanmış 1107,43 manat borc silinməlidir. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə görə istehlakçı kimi pozulmuş hüquqlarının bərpası barədə iddia tələbi üzrə İddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə əsasən 31,07 (otuz bir manat, yeddi qəpik) manat dövlət rüsumu cavabdeh "xxxx" İstehsalat Birliyindən tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında“ Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə görə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən **********02605 saylı abunə koduna hesablanmış 1107,43 manat cərimə pulu silinsin. Cavabdeh "xxxx" İstehsalat Birliyindən 31,07 (otuz bir manat, yeddi qəpik) manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar