Məhkəmə qərarları › İş №2(012)-3269/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3269/2022

19.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3269/2022 19.09.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, İsmayılova Nərmin Allahverdi qızının katibliyi ilə, Ərizəçi nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Abşeron rayonu Novxanı kəndində yerləşən sahəsi 0.10 ha olan torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN-1252A saylı şəhadətnamənin ona məxsus olması faktının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi Nümayəndə ərizəni müdafiə edərək izahatında göstərmişdir ki, Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.10 ha torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN-1252A nömrəli şəhadətnaməyə (Kod ********) əsasən, həmin şəhadətnamədə yanlış olaraq ərizəçinin adı Ərizəçi olduğu halda, “X8” kimi qeyd edilmişdir. Həmin torpaq sahəsinin üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasına dair 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət edilmiş, müraciətə cavab olaraq araşdırma zamanı həmin şəhadətnamədə hüquq sahibinin adı “X8” göstərildiyi halda, şəxsiyyəti təsdiq edən sənəddə “Ərizəçi” kimi qeyd edildiyi müəyyən olunmuş və ona görə də müraciətin təmin edilməsindən imtina edilmişdir. Həmçinin, qeyd edilmişdir ki, həmin nöqsanların aradan qaldırılması idarənin səlahiyyətləri xaricindədir. Ərizəçi həmin sənədlərdə olan yanlışlıqların aradan qaldırılması barədə müvafiq orqanlara müraciət etsə də müraciətin təmin olunmasından imtina edilərək məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Ona görə də göstərilənlərə əsasən, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlandırılacaq) 185.5 maddəsinə əsasən, maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin: 62.1. maddəsinə əsasən, məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. 76.1 və 76.2. maddələrinə əsasən, işdə iştirak edən şəxslərin izahatları, eləcə də şahidlərin ifadələri sübutların bir növü kimi qəbul edilir. 106.1. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, Ərizəçi onun həyat yoldaşı, Nümayəndə isə onun oğludur. Onların ailə üzvlərinin soyadı “Məcidov” olaraq adlanır. Onun qızlıq soyadı isə “Süleymanova” olmuşdur. Vəfat etmiş qaynatasının adı Yusif olmuş, çox güman ki, sənəddə də soyad olaraq da qaynatasının adı götürülmüşdür. Qaynatası 1961-ci ildə vəfat etmişdir. O, Abşeron rayonu Novxanı kəndinə 1988-ci ildə gəlin köçmüş, həmin tarixdən etibarən də ailə üzvləri ilə orada yaşayır. Komissiya nümayəndələri gələn zaman onun məlumatı olmamış, yalnız sənəd təqdim edilən zaman soyadda yanlışlıq olduğunu görmüşlər. Hətta qonşuluqda belə “Yusifov” soyadlı kimsə yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, Ərizəçi onun doğma qardaşıdır. Onun da qızlıq soyadı “Məcidova” olmuş, ailə üzvlərinin də soyadı “Məcidov”dur. Atasının adı isə Yusif olmuşdur. Ailə üzvlərində də hər hansı bir soyad dəyişikliyi olmamış, yalnız torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə soyad yalnış olaraq “Yusifov” olaraq geyd edilmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını və şahid ifadələrini dinləyib, mülki iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin: 4.1. maddəsinə əsasən, bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2. maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

88. maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə, iş materiallarına əlavə olunmuş sənədlərin məhkəmə iclasında tədqiqi zamanı aşağıdakıları müəyyən etmişdir: -xx.xx.2006-cı il tarixli “Torpağın mülkiyyətə verilməsi”nə dair JN-1252A saylı 30800118 kod nömrəli şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 28 nömrəli qərarı ilə verilmiş Abşeron rayonu Novxanı kəndində yerləşən 0.10 ha torpaq sahəsi Abşeron rayon Novxanı kənd sakini X4 mülkiyyətinə verilmiş və bu barədə 1183 nömrə ilə qeydiyyat aparılmışdır. -Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli AZ-İV № 670357 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx.xx.1959-cu il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 60 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Nümayəndə, anası X1r. -4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən Nümayəndə ünvanlanmış xx.xx.2022-ci il tarixli **********82 saylı məktubdan görünür ki, aparılan araşdırma zamanı sözügedən torpaq sahəsinin 0.10 ha hissəsinə dair X4 adına ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən JN-1252A nömrəli şəhadətnamə tərtib olunduğu aşkar edilmişdir. Müraciət üzrə əlavə edilmiş JN-1252A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən hüquq sahibinin soyadı ilə şəxsiyyəti təsdiq edən sənəddə göstərilən soyad arasında fərq olduğu aşkar edilmişdir. Belə ki, JN-1252A nömrəli şəhadətnamədə hüquq sahibi “X8” göstərildiyi halda, şəxsiyyəti təsdiq edən sənəddə “Ərizəçi” kimi qeyd edildiyi aşkar edilmişdir. Bundan təsərrüfatbaşına kitabın vərəqinin təsdiq olunmuş surətində hüquq sahiblərinin soyadına münasibətdə uyğunsuzluq olduğu müəyyən edilmişdir. Belə ki, kitabın vərəqinin təsdiq olunmuş surətində hüquq sahibi “X5”, “Ərizəçi” kimi göstərilsə də, “X3”, “Ərizəçi” kimi qeyd olunduğu müəyyən edilmişdir. Hüquq sahibinin ad, soyad və ata adına dəyişiklik və düzəlişlərin aparılması idarənin səlahiyyətləri xaricindədir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.4-cü maddəsinə əsasən, daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, ərizənin icrasından imtina edilməsi məqsədəmüvafiq hesab edilmişdir. -"xxxx" MMC tərəfindən Nümayəndə ünvanlanmış xx.xx.2022-ci il tarixli **********23 saylı məktubdan görünür ki, JN-1252A nömrəli (kod ********) “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”də texniki səhv olaraq yanlış qeyd olunmuş adlara düzəliş olunmasına və yeni sənədin verilməsinə köməklik göstərilməsi barədə müraciətə baxılmışdır. Hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri qanunla müəyyən edilmiş qaydada aradan qaldırmaq "xxxx" MMC-nin səlahiyyətləri xaricindədir. Müraciətdə qaldırılan məsələ ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. -Abşeron RPŞ tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş AZE № 0******* seriyalı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Məcidov X6 rayonu, Novxanı kəndində qeydiyyatdadır. Məhkəmə, ərizəçinin nümayəndəsinin izahatını, şahid ifadələrini, eyni zamanda, məhkəmə iclasında tədqiq olunmuş Ərizəçi adına verilmiş doğum haqqında şəhadətnaməni, şəxsiyyət vəsiqəsini və digər sənədləri qiymətləndirərək belə nəticəyə gəlir ki, ərizəçinin göstərdiyi və təqdim olunmuş sənədlər bir-birini tamamlayır və təsdiq olunur ki, xx.xx.2006-cı il tarixli Torpağın mülkiyyətə verilməsinə dair JN-1252A saylı 30800118 kod nömrəli şəhadətnaməyə əsasən, Abşeron rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 28 nömrəli qərarı ilə 0.10 ha torpaq sahəsinin mülkiyyətçisi qismində Abşeron rayon Novxanı kənd sakini “X8” qeyd edildiyi halda, həmin şəxsin adı xx.xx.2011-ci il tarixli AZE № 0******* seriyalı şəxsiyyət vəsiqəsinə əsasən, “Ərizəçi” kimi qeyd edilmişdir. Bu isə “X8”nun “Ərizəçi” ilə eyni şəxs olması faktını tam olaraq təsdiqləyir. Bu fakt eyni zamanda, şahid ifadələri ilə və məhkəmə iclasında tədqiq edilən digər sənədlərlə də bir daha sübuta yetirilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Abşeron rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 28 nömrəli qərarı ilə Torpağın mülkiyyətə verilməsinə dair JN-1252A saylı 30800118 kod nömrəli xx.xx.2006-cı il tarixli şəhadətnamədə göstərilən “X8”nun “Ərizəçi” ilə eyni şəxs olması öz təsdiqini tapdığından, həmin şəhadətnamənin Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Belə ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarına əsasən, 6.3. Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Mülki Prosessual Məcəllənin:

76. maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların müvcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 307.2.11. maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir.

308. maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə,

QƏT ETDİ: Ərizə təmin edilsin. Abşeron rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 28 nömrəli qərarı ilə verilmiş “Torpağın mülkiyyətə verilməsi”nə dair JN-1252A saylı 30800118 kod nömrəli xx.xx.2006-cı il tarixli şəhadətnamənin Abşeron RPŞ tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş AZE № 0******* seriyalı şəxsiyyət vəsiqəsinə əsasən, Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar