Məhkəmə qərarları › İş №2(012)-327/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-327/2022

13.01.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-327/2022 13.01.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «dəymiş zərərin əvəzinin ödənilməsi» tələbi barədə iddia ərizəsi üzrə mülki işə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «dəymiş zərərin əvəzinin ödənilməsi» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 583,20 manat məbləğində dəymiş zərərin əvəzini, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 389,40 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 902,50 manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X: Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi məhkməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, Cavabdeh tərəfindən təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 583,20 manat məbləğində dəymiş zərərin əvəzini, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 297,50 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 910,70 manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X: Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi X2 iddia tələbini onunla əsaslandırdı ki, "Azəriqaz” İstehsalat Birliyi ilə abonent Cavabdeh arasında 27 aprel 2020-ci il tarixində 14/1661 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonent Cavabdeh məxsus ev təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00037 nömrəli abonent kodu verilmiş və fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində Natek Enerji G-4 mexanika markalı 40011770 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X3” nın tələblərinə əməl etmək) və “X3”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamış, qaz sayğacından kənar təbii qazdan istifadə etmiş, habelə faktiki istehlak olunmuş qaz sərfiyyatına görə debitor borcu ödəməmişdir. İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş 31.05.2020-ci il otarixli, ******* saylı akt əsasında 583,20 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Həmçinin cavabdehin göstərilən akt üzrə hesablanmış borc məbləğindən əlavə olaraq 05/2020-ci il tarixindən 09/2021-ci il tarixinə kimi faktiki istehlak olunmuş qaz sərfiyyatına görə ödənilməmiş ümumilikdə 297,50 manat məbləğində debitor borcu da yaranmışdır. Cavabdeh tərəfindən İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda AGİS üzrə sistemdən çıxarılmış abonent saldosu üzrə ümumi olaraq 880,70 manat təşkil etməkdədir. Qeyd olunanlara əsasən, o, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, 2009-cu ildən ünvan 2 ünvanında ailəsiylə birgə yaşayır. Azərqaz İB-nin barəsində iddia qaldırdığı sözügedən evi gələcəkdə oğlunun yaşaması üçün tikmişdir və təmir işləri hələ də davam edir. 05/2020-ci il tarixindən 09/2021-ci il tarixinə kimi faktiki istehlak olunmuş qaz sərfiyyatına görə ödənilməmiş ümumilikdə 297,50 manat məbləğində debitor borcu qəbul edir, lakin 31.05.2020-ci il tarixli, ******* saylı akt əsasında hsablanmış 583,20 manat cərimə borcunu qəbul etmir.Tutulan ******* saylı akta sübut olaraq əlavə edilmiş ev şəkili isə onun sayğac kodu 40011770, abunə kodu **********00037 olan evinin şəkli deyildir. Yəni başqasının evinin şəkli güya onun evi kimi akta əlavə edilmişdir. Bununla da demək olar ki, Azəriqaz İB saxtakarlıqla məşğuldur. Azəriqaz İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş ******* aktda güya onun aktı imzalamaqdan imtina etdiyi qeyd edilmişdir. Bu yalandır. Ona Azəriqaz İB-nin əməkdaşları tərəfindən imzalamaq üçün heç bir akt təqdim edilməmişdir. İddiaçı İB bunula Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən "X3nın 5.2-ci maddəsini pozmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən "X3nın 5.2-ci maddəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir) və qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazm dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. AR MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçıİB-nin ona qarşı iddasının sübutu yoxdur. Çünki o, 2009-cu ildən Bakı şəhərində yaşayır, Hökməlidə yeni tikdiyi ev hələ təmirsizdir, vdə heç kəs yaşamır və Azəriqaz İB tərətindən tərtib edilmiş akta əlavə edilmiş şəkil başqa bir evə məxsusdur. Abşeron rayon Hökməli qəsəbəsi inzibati ərazi üzrə nümayəndəliyinin artıq 2009-cu ildən Bakı şəhərində yaşadığı və sözü gedən evdə yaşayışın olmaması haqqında arayış da mövcuddur. Ödədədiyi qaz pullarının çekləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Azərbaycan Respublikasmm Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısmda hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən “Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərqazın sübut kimi məhkəməyə təqdim etdiyi aktların heç bir hüquqi əsası yoxdur. AR MPM-nin 164-cü maddəsinə görə etirazda və ya mülahizədə digər məlumatlar,həmçinin cavabdehdə olan vəsatətlər də göstərilə bilər. Bütün bunlar göstərir ki, iddiaçının iddia tələbinin predmetində ciddi nöqsanlar və qeyri dəqiqlik var. Yəni iddia əsassızdır. Qeyd olunanlara əsasən iddianın qismən təmin olunması barədə t qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarında olan İddiaçı dəymiş ziyanın bərpasına dair 31.05.2020-ci tarixli tələbnamədən görünür ki, istehlakçı Cavabdeh itirilmiş qazın bərpası üçün 583,20 manat məbləğində dəymiş zərərin əvəzi hesablanmışdır. İş materiallarında olan abonentin saldosundan görünür ki, Cavabdeh 05/2020-ci il tarixindən 09/2021-ci il tarixinə kimi faktiki istehlak olunmuş qaz sərfiyyatına görə ödənilməmiş ümumilikdə 297,50 manat məbləğində debitor borcu vardır. İş materiallarında olan X4 Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş arayışdan görünür ki, Abşeron rayonu, Hökməli qəsəbəsi, R.Rza, ev 10-da qeydiyyatda olan Cavabdeh məxsus Hökməli qəsəbəsi, 20 yanvar küçəsində yerləşən yeni tikilən fərdi yaşayış evində yaşayış yoxdur. Məhkəmə iddiaçı şirkətin nümayəndəsini və cavabdehi dinləyib, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı «dəymiş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası qismən təmin edilməlidir. Cavabdeh 05/2020-ci il tarixindən 09/2021-ci il tarixinə kimi faktiki istehlak olunmuş qaz sərfiyyatına görə ödənilməmiş 297,50 manat məbləğində debitor borcu məhkəmə iclasında iddiaçı təşkilatın nümayəndəsinin izahatı ilə yanaşı, cavabdehin özünun izahatı və iş materiallarında olan abonentin saldosu ilə təstiq olunduğundan məhkəmə hesaab edir ki,iddia tələbi bu hissədə təmin ounmalıdır. Belə ki, iş materiallarında olan tərəflər arasında imzalanmış, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə cavabdeh) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki vəzifələrin əmələ gəlməsi əsaslarından hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən «X3»nın 2.2.2-ci bəndinə əsasən, istehlakçı tərəfindən istifadə olunmuş qazın qaz sayğacının göstəricisinə əsasən dəyərinin tam ödənilməsini ondan tələb etmək paylayıcının hüququdur. Həmin Qaydaların 2.3.1-ci bəndinə görə, qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesabat üzrə qazın dəyərini tam ödəmək istehlakçının vəzifəsidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 10 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmədə idia tələbinin Cavabdeh tərəfindən təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 583,20 manat məbləğində dəymiş zərərin əvəzinin ödənilməsi hissəsi ilə razılaşmır.Belə ki,iddiaçı təşkilat sübut kimi 31.05.2020-ci il tarixli, ******* saylı akta və iş materialarında olan idiaçı təşkilat tərəfindən təqdim edilmiş yalnız bir fotoşəkilə istinad etmiş,lakin məhkəmədə sübutların tədqiqatı zamanı 31.05.2020-ci il tarixli, ******* saylı akt müəyyən edilməmiş və 18.05.2020-ci il tarixli akt mövcdur.Digər tərəfgdən cavabdeh tərəfindən də məhkəməyə fotoşəkillər təqdim edilmiş, həmin fotoşəkillərlə iddiaçı tərəfindən təqdim edilmiş fotoşəkil arasında ilk baxışdan şübhələr müəyyən edilmiş,lakin iddiaçı təşkilat tərəfindən həmin şübhələri aradan qaldıran digər sübutlar təqdim edilmədiyindən məhkəmə iddiaçı təşkilatın bu sübutuna tənqidi yanaşmışdır.Ona görə də məhkəmə qeyd edi ki,iddianın bu hissədə təmin olunması üçün idiaçı təşkilatın nümayəndəsinin izahatı bir neçə sübutlarla təstiq olunmalı,həmin sübutlar heç bir sübhə yaratmamalı,sübutlar biri-birini tamamlamalı olduğu halda iddiaçı təşkilat bunlarə edə bilməmiş, kifayət qədər sübutları məhkəməyə təqdim edə bilməmişlər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 297,50 manat pulun və 10 manat ödənilmiş dövlət rüsumunun əvəzi, ümumilikdə 307,50 manat pul məcburi qaydada tutularaq İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X: Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilsin. İddia tələbi Cavabdeh tərəfindən İddiaçınə vurulmuş 583,20 manat məbləğində zərərin cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi hissəsində rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar