Məhkəmə qərarları › İş №2(012)-3337/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3337/2023

26.09.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3337/2023 26.09.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Abiyev Elvin Elman oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı əsassız olaraq borc kimi yazılmış məbləğin silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı əsassız olaraq borc kimi yazılmış məbləğin silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1i, ev 0, mənzil 319-a (abonent kodu **********03190) əsassız olaraq borc kimi yazılmış olan 4.147 manatın Cavabdeh tərəfindən silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1ində yerləşən 319 saylı mənzil faktiki olaraq İddiaçı və ailə üzvlərinin istifadəsindədir. Həmin ünvanda abonent kodu **********03190 olmaqla Cavabdeh tərəfindən qazla təmin olunmaqdadır. İddiaçı tərəfindən vaxtaşırı ödənilməklə həmin ünvan qazla təmin olunmuşdur. xx.xx.2023-cü il tarixində iddiaçının iştirakı olmadan Cavabdeh tərəfindən mənzildə olan qaz sayğacı dəyişdirilərək yenisi ilə əvəz edilmişdir. Köhnə sayğac aparıldıqdan sonra iddiaçıya zəng edilərək onun tərəfindən sayğaca kənar təsirlər olduğu və ona 4.147 manat borc yazıldığı bildirilmişdir. Əgər sayğacın plombu qırılmayıbsa ona necə kənar təsir etmək olar?! Bu da Cavabdeh vətəndaşların maddi yükləmək metodudur. 28 aprel 2023-cü il tarixində iddiaçı Metrologiya departamentinə dəvət almış, yanında sayğacın plombu kəsilmiş və yaddaş arxivini oxudaraq sayğacın alarm verdiyi tarixlər - xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixində sayğacın elektronik hissələrinə kənar təsir etdiyini ona demişlər. Sayğac quraşdırılıb təhvil veriləndə xarici plombun olmasını təqdim edirlər. Lakin daxilində elektronik hissələrdə vəziyyətin və yaxud plombun olub-olmamasını təqdim etmirlər. Ona görə də əsassız olaraq borc kimi yazılmış olan 4.147 manatın Cavabdeh tərəfindən silinməsi barədə qətnamə qəbul edilməlidir. Həmçinin iddiaçı və ya ailə üzvləri tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda ona əlavə pul hesablanması yolverilməzdir. İddiaçının müdaxilə etdiyi qeyd edilən sayğacın iddiaçının faktiki mülkiyyətində olan ərazidə yox, kənarda quraşdırmış olması səbəbindən iddiaçının sayğacı kənar müdaxilələrdən güdməsi qeyri-mümkündür. Müdaxilənin məhz iddiaçı və ya onun ailə üzvləri tərəfindən edilməsi işin hər hansı halı ilə sübuta yetirilmədiyindən, sayğac çıxarılan zaman müdaxilə qaz istismar sahəsinin əməkdaşları tərəfindən aşkar olunmadığından və həmin müdaxilə təhvil-təslim aktında öz əksini tapmadığından, ümumiyyətlə bundan sonra sayğacın hansı şəraitdə saxlanılması müəyyən olunmadığından, habelə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin aktı əsasında sayğaca müdaxilə olunması sonradan aşkar olunduğundan və həmin rəy əsasında da ziyan hesablandığından, sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən müdaxilə olunub-olunmaması müəyyən edilmədiyindən və bu hal qeyd edilən aktdan da görünmədiyindən hesablanmış borc qanunsuz və əsassız olmuşdur. Göstərilənlərə əsasən ünvan 1i, ev 0, mənzil 319-a (abonent kodu **********03190) əsassız olaraq borc kimi yazılmış olan 4.147 manatın Cavabdeh tərəfindən silinməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, o, qeyd olunan məsələ ilə bağlı Cavabdeh Xırdalan şöbəsinə yaxınlaşmış və bu zaman ona sayğaca müdaxilə olunduğu bildirilmişdir. Sayğaca onun tərəfindən müdaxilə olunmamışdır. Sayğac dəyişdirilərkən o, aktın tərtib edilməsində iştirak etməmişdir. Oğlu iştirak etmişdir. Göstərilənlərə əsasən əsassız olaraq borc kimi yazılmış 4.147 manatın silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh əməkdaşları İddiaçı evdə olmayanda gəlib sayğacı aparıb dəyişmişlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən istehlakçı kənarda yerləşən sayğaca müdaxiləyə görə məsuliyyət daşımır. Sayğaca müdaxilənin iddiaçıya heç bir aidiyyəti yoxdur. Həmçinin sayğaca qeyd olunan müdaxilənin iddiaçı tərəfindən edilməsi və 4.147 manat dəyərində ziyan barədə konkret sübut yoxdur. Cavabdeh əməkdaşları kənarda yerləşən sayğaca özü nəzarət etməli idilər. Göstərilənlərə əsasən ünvan 1i, ev 0, mənzil 319-a (abonent kodu **********03190) əsassız olaraq borc kimi yazılmış 4.147 manatın silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, Cavabdeh istehlakçı İddiaçı ünvan 1ində yaşadığı evi təbii qazla təmin edir. Birliyin işçi qrupu tərəfindən İddiaçı yaşadığı evin qaz sayğacına baxış keçirilmiş və vizual müdaxilə video çəkilişlə təsdiq olunmuşdur. Sayğacın dişli çarxlarına müdaxilə edilmiş, nəticədə sayğacdan keçən qaz sərfinin qeyd edilmədiyi məlum olmuşdur. Bununla bağlı 17 aprel 2023-cü il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması barədə akt tərtib olunmuş, 34.560 m3 dəymiş ziyan hesablanmış və abonentə dəymiş zərərə görə 4.147,20 manat məbləği yazılmışdır. Həmçinin sayğaca keçirilmiş baxışla bağlı tərtib edilmiş laboratoriya rəyini əsaslı hesab edirlər. 4.147,20 manat məbləğində ziyan sayğaca müdaxilə nəticəsində yaranmışdır. Həmçinin hesab edilər ki, abonentin sayğaca müdaxilədə marağı vardır. Verilmiş suallara cavabında qeyd edir ki, İddiaçı faydalanan şəxsdir. Rəyə əsasən sayğaca müdaxil olunduğu müəyyən edilmişdir. Hesab edirlər ki, müdaxilə məhz iddiaçı tərəfindən edilmişdir. Bu səbəbdən də akt və yazılmış borc məbləği əsaslıdır. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna hüquqi qiymət verib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin İ-ci bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; 60-cı maddəsinin İİ-ci bəndinə əsasən hər kəs dövlət orqanlarının, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: 17 aprel 2023-cü il tarixli, ******* saylı aktın surətindən görünür ki, 17 aprel 2023-cü il tarixdə Cavabdeh əməkdaşları tərəfindən İddiaçı məxsus ünvanda (abonent kodu: **********3190) təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmış, işçi qrupu tərəfindən vizual müdaxilə video çəkilişlə təsdiq olunmuşdur. Sayğacın dişli çarxlarına müdaxilə edildiyi, nəticədə sayğacda keçən qaz sərfi qeyd edilmədiyi aşkar olunmuş, bununla əlaqədar olaraq xx.xx.2023-cü il tarixli, ******* saylı akt tərtib olunmuşdur. Dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edilmiş, istehlakçı X2 nümayəndəsi həmin aktı imzalamaqdan imtina etmişdir. 20 aprel 2023-cü il tarixli, ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktın surətindən görünür ki, Cavabdeh nümayəndələri Rahib Həsənov, Emin Lələşov və Xəyal İbadzadə tərəfindən istehlakçı İddiaçı ünvan 1ində yaşadığı fərdi evin qaz sayğacına baxış keçirilən zaman “İtron G4” markalı, 1402AZ**********99 nömrəli sayğacın mexaniki tablosunda qırmızı rəqəmlər sıfırlandıqda qara beşrəqəmli rəqəmin düzgün işləmədiyi aşkar olunmuşdur. Sayğacların ekspertiza şöbəsinin rəis müavini Anar Rəhimov, Sayğacların müayinəsi laboratoriyasının böyük mühəndisi Nüsrət Səmədov, abonent İddiaçı tərəfindən tərtib edilmiş 28 aprel 2023-cü il tarixli, 042/04-23 nömrəli aktın surətindən görünür ki, BRQSDdən Metrologiya departamentinə gətirdiyi G-4 markalı 1402AZ**********99 nömrəli smart tipli qaz sayğacına birlikdə baxış keçirmişlər. 20492158 №-li plomb kəsilərək G-4 SM 55 /65 saylı qutu açılmışdır. Sayğaca baxış keçirilmişdir. Sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan zavod plomblarında və plomb yuvalarının ətrafında kənar təsir izləri vardır. Sayğacın yaddaş arxivi oxunmuşdur. Sayğacda xx.xx.2021, xx.xx.2022, xx.xx.2022 və xx.xx.2023-cü il tarixində ALARM-1 rejimi aşkar olunmuşdur. Sayğac istismara yararsızdır. Qalıq 282m. Toplam 17668m. Mexanika 17386m. Elektron 17386m. Müdaxilə qaz itgisidir. Dəymiş ziyanın bərpasına dair 30 aprel 2023-cü il tarixli tələbnamənin surətindən görünür ki, xx.xx.2023-cü il tarixli, ******* nömrəli akta əsasən İddiaçı 4x24x360=34560 m3, cəmi 34560 m3 (4.147,20 manat) əlavə ödəniş hesablanmışdır. 03 iyul 2023-cü il tarixli abonentin saldosunun surətindən görünür ki, abunə kodu **********03190 olan ünvan üzrə aprel 2023-cü il tarixli akt əsasında 4.147,20 manat borc hesablanmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. “Qaz təchizatı haqqında Azərbaycan Respublikası qanununun 13-cü maddəsinin 6-cı bəndində göstərilir ki, qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər: istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; məhkəmənin qərarı ilə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin Qaydaların 4.2-ci maddəsinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 6.7-ci maddəsinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna 4 olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Məhkəmə tərəfindən işin araşdırılan hallarından görünür ki, iddiaçı barəsində tərtib olunan akt birtərəfli tərtib olunmuş, istehlakçının iştirakı təmin edilməmiş, tərtib edilmiş aktda iddiaçının imzası yoxdur. Tərtib olunan aktın həqiqiliyini iddiaçı mübahisələndirir, cavabdeh isə aktın mötəbərliyini təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda işin müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğaca müdaxilənin müəyyən edilmədiyi halda, iddiaçıya əlavə pul hesablanması yolverilməzdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, İddiaçı fiziki şəxs qismində istehlakçı olaraq qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi daşımadığından, sayğacın dişli çarxlarına müdaxilənin, nəticədə sayğacda keçən qaz sərfinin qeyd edilməməsində iddiaçının təqsiri sübuta yetirilmədiyindən İddiaçı yaşadığı ünvan 1i ünvanında yerləşən evə qaz sayğacına (abonent kodu: **********03190) dair hesablanmış 4.147 (dörd min yüz qırx yeddi) manat cərimə borcu silinməli, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda gösrərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı yaşadığı ünvan 1i ünvanında yerləşən evə qaz sayğacına (abonent kodu: **********03190) dair hesablanmış 4.147 (dörd min yüz qırx yeddi) manat cərimə borcu silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: E.Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar