Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3365/2025 30.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «borcun silinməsi» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, A.Şəmşir küçəsində yerləşən 26 saylı evə (abonent kodu: **********10046) yazılmış 402,16 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, onlar 1993-cü ildən məlum səbəblərdən məcburi köçkün ailəsi kimi Xırdalan şəhərində tərəflərindən tikilməyə başlayan evdə məskunlaşmışdırlar. "xxxx" ASC-nin əməkdaşları işıq sayğacı qoyulan zaman özləri tərəfindən 402 manat məbləğində borc yazılmışdır. Ancaq bu borcdan onun xəbəri olmamışdır. Belə ki, o, sonralar “ASAN xidmət” mərkəzində olarkən borcun mövcudluğunu öyrənmişdir. Kommunal xərcləri əvvəllər mərhum həyat yoldaşı X1 adından ödənilmişdir. Həyat yoldaşı Zahir Quliyev xx.xx.2024-cü il tarixdə vəfat etmiş və vəfat etdikdən sonra sayğac onun adına keçirilmişdir. Lakin əsassız şəkildə yazılmış borc hələ də onun adına qalmışdır və ondan tələb olunur. Həmin adında olan borcun silinməsi ilə bağlı məcbur qalıb məhkəməyə müraciət etmişdir. Çünki həmin pulu ödəmək üçün onun maddi imkanı yoxdur. Həmçinin "xxxx" ASC-nin əməkdaşları tərəfindən ona borcun silinməsi ilə bağlı məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Onların 2015-ci ilə kimi borcu olmamışdır, belə ki, sayğac qoyulduğu vaxtdan onlara cərimə yazılmışdır və sayğac qoyularkən artıq borc mövcud olmuşdur. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin olumasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdeh şirkətin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan Qayalı kənd XDS İcraiyyə Komitəsi tərəfindən verilmiş İİİ-ЖГ № 401216 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X2 ilə İddiaçı 26 dekabr 1984-cü il tarixdə nikahlarını bağlamışdırlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında müvafiq nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ № 384279 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 12 mart 2024-cü ildə vəfat etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Qubadlı rayon İcra Hakimiyyəti başçısının Qubadlı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 22 aprel 2025-ci il tarixli, 5-01/02-194/2025 nömrəli arayışın surətindən görünür ki, İddiaçı 1993-cü ildən məcburi köçkün gəlmiş və hal-hazırda ünvan 1 ünvanında müvəqqəti məskunlaşmışdır. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş abunə haqqında cədvəldən görünür ki, abonent kodu **********10046 olan sayğac üzrə abonentin məcburi köçkün sərfiyyatına görə xx.xx.2017-ci il tarixinə borcu 402,16 manat təşkil edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilmişdir ki, iş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş abunə haqqında cədvəldən göründüyü kimi abonent kodu **********10046 olan sayğac üzrə abonentin məcburi köçkün sərfiyyatına görə xx.xx.2017-ci il tarixinə borcu 402,16 manat təşkil edir. Məhkəmə hesab edir ki, İddiaçı yaşadığı fərdi yaşayış evinə aid **********10046 saylı abunə koduna hesablanmış 402,16 manat məbləğində borcun ödənilməsinin iddiaçıdan tələb edilməsi onun hüquqlarının pozulması ilə nəticələnir. Belə ki, cavabdeh təşkilatın nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş və etiraz ərizəsini göndərməmiş, İddiaçı **********10046 saylı abunə koduna xx.xx.2017-ci il tarixinə hesablanmış 402,16 manat məbləğində borcun ödənilməsinin tələb edilməsi ilə bağlı naməlum səbəbə "xxxx" ASC tərəfindən heç bir aydınlıq gətirilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.14-cü bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerji təchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Məhkəmə, yuxarıda qeyd olunan faktiki hallara və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 saylı qərarına əsaslanaraq hesab edir ki, xx.xx.2017-ci il tarixdə borca görə hesablanmış 402,16 manat məbləğində borc əsassız olduğundan, "xxxx" ASC tərəfindən **********10046 saylı abunə koduna hesablanmış 402,16 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən **********10046 saylı abunə koduna hesablanmış 402,16 manat borc silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-3365/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3365/2025
30.06.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver