Məhkəmə qərarları › İş №2(012)-3370/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3370/2024

10.10.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3370/2024 10.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı aktın ləğv edilməsi və əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-yə qarşı aktın ləğv edilməsi və əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən barəsində əsassız tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* saylı aktın ləğv olunması və 2400 (iki min dörd yüz) manat cərimə borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1ində yerləşən fərdi yaşayış evinə quraşdırılmış və abonent kodu **********24690 olan qaz sayğacı ona məxsusdur. Ailə üzvləriylə birgə həmin fərdi yaşayış evində yaşayırlar. Qeyd edir ki, "Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə ona məxsus mənzilin qaz sayğacına baxış keçirilmiş, guya sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasının Qaz sayğacının yoxlanılması barədə xx.xx.2023-cü il tarixli 14-2-2/3-5-6004/Q001 №-li aktına əsasən, G-4 markalı **********83 №-li sayğacın LCD ekranı zədəli, heç bir informasiyanın olmaması aşkar edilmişdir. Bununla bağlı mövcud sayğac qaz təsərrüfatının layihə-smeta və texniki icra sənədlərinin tələbinə uyğun yeni sayğacla əvəz edilməsi və itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün xx.xx.2023-cü il tarixli tələbnamə də tərtib olunmuşdur. Qeyd edir ki, sayğaca baxış keçirilərkən və akt tərtib olunarkən ona və ailə üzvlərinə heç bir xəbərdarlıq edilməmiş, nə rəsmi nə də şifahi olaraq heç bir rəsmi məlumat verilməmişdir. Ona və ailə üzvlərinə heç bir xəbərdarlıq etmədən xx.xx.2023-cü il tarixli. ******* saylı akt tərtib edilmiş və mütəmadi olaraq, hər ay kartdan pul tutulur. Onu da qeyd edir ki, o, üç azyaşlı övladıyla bütün qış fəslini və hələ də soyuq evdə əziyyət çəkmişlər, evdə soyuq şəraitdə yaşanması mümkün olmadığına görə bacının evində qalmışlar. Hesab edir ki, sayğaca baxış keçirilərkən Cavabdeh əməkdaşları tərəfindən sayğaca müdaxilə olunmuşdur, sayğacı açarkən nöqsanlarla bağlı hər-hansı bir çəkilişləri yaxud sübutları varsa bunu da təqdim etmələrini tələb edir. Bildirmək istəyir ki, həmin aktda göstərilən nöqsanlar tamamilə əsassızdır, heç bir həqiqəti əks etdirmir. Sayğaca o yaxud ailə üzvləri heç vaxt müdaxilə etməmiş, ümumiyyətlə toxunmamışlar. Sayğac həyətyanı sahədən tamamilə kənarda, xeyli uzaq məsafədə quraşdırılmışdır. Hər gün ətrafından yüzlərlə insan keçir, sayğaca onun yaxud ailə üzvlərinin müdaxilə etməsi mümkün deyil. Barəsində əsassız olaraq tərtib edilmiş akta əsasən itirilmiş 17280 m3 qaza görə ümumilikdə 2400 (iki min dörd yüz) manat məbləğində cərimənin ödənilməsi öhdəsinə qoyulmuşdur. O, azyaşlı övladlarıyla birlikdə soyuq şəraitdə çox əziyyət çəkir, çarəsizdir, maddi imkanı heç də ürək açan deyil. Cavabdeh tərəfindən qeyd edilmiş nöqsan, tərtib edilmiş akt və yazılmış cərimə tamamilə əsassızdır. Göstərilənlərə əsasən, o, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli hazırlıq iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi X1 izahatında bildirmişdir ki, o, iddia tələbini qəbul etmir. Belə ki, sübut qismində abonentin saldosunu elektron sistemə əlavə etmişdir. Odur ki, o, iddia tələbini qəbul etmir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini bildirmiş və iclasın onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Belə olan halda, məhkəmə Mülki Prosessual Məcəllənin 185.5. maddəsinə əsasən, işə cavabdeh şirkətin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin İ. bəndinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 60-cı maddəsinin İİ. bəndinə əsasən, hər kəs dövlət orqanlarının, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq): 4.1 maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.1 maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -“Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2024-cü il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus evin yerləşdiyi əraziyə baxış keçirilən zaman sayğacın ekranının zədəli olduğu və informasiyanın oxunmadığı aşkarlanmış, dəymiş ziyanın hesablanaraq ödənilməsi qərara alınmışdır. -Cavabdeh İB-nin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, qaz sayğacının nominal saatlıq qaz sərfi 4 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğ ödənilməsi qərara alınmışdır. Əsas olaraq xx.xx.2024-cü il tarixli, ******* saylı akt olmuşdur. -Abonent kodu **********24690 olan İddiaçı adına olan abonent saldosundan görünür ki, ünvan 1i ünvanına xx.xx.2023-cü il tarixdə Zenner G4T Mexaniki tipli, **********24690 nömrəli sayğac quraşdırılmış, cihazlar: 4 gözlü qaz plitələri (PQ-4)(1/1). Akta əsasən hesablanmış, abonentin 2023-cü ilin may aid olan borcu 0 manat, 2023-cü ilin iyun aid olan borcu 2073,60 manat, 2023-cü ilin iyul aid olan borcu 0 manat, 2023-cü ilin avqust aid olan borcu 0 manat, 2023-cü ilin sentyabr aid olan borcu 0 manat, 2023-cü ilin oktyabr aid olan borcu 0 manat, 2023-cü ilin noyabr aid olan borcu 0 manat, 2023-cü ilin dekabr aid olan borcu 0 manat olmaqla, cəmi 2073,60 manat göstərilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 135.1 maddəsinə əsasən, fiziki və hüquqi şəxslər, həmçinin, belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludur. 136.4-cü maddəsinə əsasən, kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. 139.1-ci maddəsinə əsasən, kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 425.1 və 425.2-ci maddələrinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 430.1-ci maddəsinə əsasən, əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. İşin faktiki hallarına qiymət verib və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, Cavabdeh İB-nin Bakı Regional Qazın Satışı Departamentinin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2024-cü il tarixli, ******* saylı akta əsasən, istehlakçıya məxsus yaşayış sahəsində təbii qazın uçotu və təbii qazdan istifadə qaydalarına riayət olunması yoxlanılmış və təbii qazdan qeyriqanuni istifadə etməsi müəyyən edilmişdir. Beləliklə, abonent onunla bağlanmış müqavilənin müvafiq bəndlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və mülki iş materiallarına əlavə olunmuş abonent saldosuna əsasən, cəmi 2358.72 manat borc yaranmışdır. Həmin borc hesablanarkən vurulmuş ziyan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 14 mart 2011-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması Qaydaları” əsas götürülmüşdür. Məhkəmə həmçinin, iddia tələbi ilə bağlı qeyd edir ki: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»na müvafiq olaraq qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir (4.2). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). Zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir (4.9). Belə ki, qaz paylayıcı şəbəkə öz vəzifə borclarını dürüst yerinə yetirməyərək Nazirlər Kabinetinin «Qazdan istifadə Qaydaları»nın təsdiq edilməsi haqqında 12 may 2011-ci il tarixli, 80 saylı Qərarının aşağıdakı bəndlərini kobud şəkildə pozmuşdur: 2.1.3. İstehlakçının istismarda olan qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq, texniki baxış keçirilməsini təmin etmək və nəticələrini 2 (iki) nüsxədən ibarət aktla rəsmiləşdirmək və aktın bir nüsxəsini mütləq İstehlakçıya təqdim etmək; 2.1.5. İstehlakçıya verilən qazın həcminin və dəyərinin, həmçinin istismarda olan qaz qurğularının tam və dəqiq uçotunu aparmaq; 2.1.10. İstehlakçının qaz sayğacını, onun texniki pasportunda göstərilmiş müddətdə ödənişsiz qaydada növbəti dövlət yoxlanılmasından keçirmək; 2.1.12. İstehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, Paylayıcının İstehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı İstehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və Paylayıcı ilə müvafiq müqavilə bağlanmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə İstehlakçıya yazılı bildiriş göndərmək. Məhkəmə xx.xx.2024-cü il tarixli, ******* saylı aktla bağlı qeyd edir ki, iddiaçıdan ödənilməsi tələb olunan borc məbləği eyni zamanda, yuxarıda qeyd olunan akt əsasında təbii qazdan istifadə qaydalarının pozulması nəticəsi kimi hesablansa da, məhkəmə iddiaçı tərəfindən təqdim olunmuş aktı sübut növü kimi qiymətləndirərək nəzərə almışdır. Belə ki, xx.xx.2024-cü il tarixli, ******* saylı akt hüquqmüəyyənedici sənəd olmadığından prosessual sənəd kimi qəbul edilir, həmin akt tərəflər üçün hər hansı bir hüquq və vəzifələr yaratmamaqla yalnız abonentə məxsus qaz sayğacında olan qüsurun mövcud olmasını təsdiqləyən sənəddir. Ona görə də iddia tələbinin “aktın ləğv edilməsi” hissəsi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə araşdırması zamanı həmçinin, müəyyən olunmuşdur ki, iddiaçının “Qazdan istifadə Qaydaları”nın tələblərinə zidd olaraq, təbii qazdan qeyri-qanuni istifadə etməsi mülki iş materiallarına əlavə olunmuş fotoşəkillər və inventar aktı əsasında öz təsdiqini tapmış və bu barədə abonentə təbii qazdan istifadə qaydalarının pozulması barədə tələbnamə tərtib edilərək xx.xx.2024-cü il tarixli, ******* saylı akta əsasən 180 gün (6 ay) müddəti üçün cərimə hesablanmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, təbii qazdan istifadə qaydalarının tələblərinə uyğun olaraq həmin qaydalara riayət etmək abonent olaraq vətəndaşın vəzifəsi olsa da, sayğacın işlək vəziyyətdə olmasına nəzarət etmək isə qazpaylayıcısının birbaşa vəzifəsi olmaqla həmin vəzifənin icrasını 30 gündən bir həyata keçirməlidir. Lakin göründüyü kimi, Cavabdeh İB-nin nümayəndələri tərəfindən abonentin mənzilinə quraşdırılmış qaz sayğacına vaxtında nəzarət edilməməsi nəticə olaraq, abonentin də qaz sayğacından qeyri-qanuni istifadə etməklə təbii qazı talaması halını istisna etməmişdir. Bununla belə, abonentin təbii qazdan qeyri-qanuni istifadə etməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından məhkəmə sadə riyazi hesablama üsulu ilə xx.xx.2024-cü il tarixli, ******* saylı akta əsasən tərtib olunmuş xx.xx.2024-cü il tarixli tələbnaməyə uyğun olaraq, 1900,80 manat (4x12x30=1440 m3, 1440x0,12=172,80; 2073,60-172,80=1900,80) manat pul vəsaitinin abonent İddiaçı məxsus abunə hesabından silinməsi qənaətinə gəlir. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərini, tərəflərin izahatlarını və mülki iş materiallarını paralel şəkildə qiymətləndirib belə qənaətə gəlir ki, iddia ərizəsi əsaslı hesab edilməklə qismən təmin edilməli, Cavabdeh İB tərəfindən əsassız olaraq hesablanmış 1900,80 manat borc məbləği abonent kodu **********24690 olan İddiaçı məxsus abunə hesabından silinməli, iddia qalan hissələrdə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4 maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.5 maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 238-252-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh İB tərəfindən əsassız olaraq hesablanmış 1900,80 (min doqquz yüz manat səksən qəpik) manat borc abonent kodu **********24690 olan İddiaçı məxsus abunə hesabından silinsin. İddia qalan hissələrdə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar