Məhkəmə qərarları › İş №2(012)-3393/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3393/2021

02.06.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3393/2021 02.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Abaszadə Sevda Nizami qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ona məxsus olan qızıl boyunbağı, mobil telefon və 1400 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onunla əsaslandırmışdır ki, Cavabdeh ona öz evində tibbi yardım göstərmiş, özünü olduqca normal biri kimi ona təqdim etmişdir. Cavabdeh ona məxsus olan qızıl boyunbağı, təmir edilməsi üçün mobil telefon və 1400 manat məbləğində pulu yaşadığı evdən aparmışdır. Dəfələrlə zəng etməyinə baxmayaraq ona məxsus olan əmlakları geri qaytarmamışdır. Həmin əşyaları satmış və 1400 manat məbləğində pulu ələ keçirmişdir. Bundan sonra o, Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinə müraciət etmiş, cavabdeh bütün əməllərini etiraf edərək ondan bir həftə möhlət istəmiş, lakin həmin müddətdən uzun müddət keçməsinə baxmayaraq yenə pulu qaytarmaqdan imtina etmişdir. Odur ki, göstərilənlərə əsasən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Ərizə ilə məhkəməyə müraciət edən Cavabdeh səhhətində problemin olması səbəbindən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirib işə onun iştirakı olmadan qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Аzərbаycаn Rеspublikаsının Mülki Prоsеssuаl Məcəlləsinin; 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis şöbəsinin 17.01.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. -Qərardan müəyyən olunur ki, İddiaçı Nemət qızı 07.01.2021-ci il tarixdə Sabunçu RPİ-nin 12-ci PŞ-nə müraciət edərək Nəzakət adlı şəxsin yaşadığı evdə 1400 azn borc pul, yoxlatması üçün qızıl boyunbağı və təmir etdirməsi üçün mobil telefon verdiyini, lakin qarşı tərəfin telefon zənglərinə cavab vermədiyini bildirmişdir. Material üzrə izahatı alınmış 1973-cü il təvəllüdlü Cəbrayıl rayonunda anadan olmuş, ünvan 1 ünvanında yaşayan İddiaçı Nemət qızı bildirmişdir ki, 15.12.2020-ci il tarixdə təxminən 1 aydır ki, tanıdığı, qudasının sinif yoldaşı olan Nəzakət adlı şəxsin öz yaşadığı evdə 1400 azn nağd pul olaraq borc vermişdir. Bunun müqabilində Cavabdeh adına olan Kapital banka məxsus kart vermiş və hər ayın 25-30 aralığında həmin karta pul köçəcəyini və borcunu bu üsulla ödəyəcəyi barədə razılaşmışlar. Lakin İddiaçı dekabr ayında karta pul köçürülmədiyini bildirmişdir. Bundan əlavə çəkisini yoxlatdırmaq üçün qızıl boyunbağı və təmir etdirmək üçün işlək vəziyyətdə olmayan 1 ədəd mobil telefon vermişdir. Lakin həmin gündən sonra Nəzakətin vədinə əməl etmədiyini və telefon zənglərinə cavab vermədiyini bildirmişdir. İddiaçı ümumilikdə 2500 azn maddi ziyan çəkdiyini bildirmişdir. Material üzrə Sabunçu RPİ-nin 12-ci PŞ-nin müvafiq əməkdaşlarına əməliyyat tapşırığı verilmişdir. Material üzrə izahatı alınmış 1973-cü il təvəllüdlü Bakı şəhərində anadan olmuş Xırdalan şəhəri 22-ci məhəllə ünvanında qeydiyyatda olmaqla ünvan 3 Cavabdeh Məmmədli qızı İddiaçı izahatında bildirdiyi xüsusatları təsdiq edərək başqa bir şəxsə borcu olduğu üçün İddiaçı borc aldığını, yanvar ayının 10-dək ödəniş edəcəyini, ödəniş edə bilmədiyi üçün isə aralarında mübahisə yarandığını bildirmişdir, telefon zənglərinə isə işdə olduğu üçün cavab verə bilmədiyini bildirmişdir. Mövcud qanunvericiliyin tələblərinə görə İddiaçı Nemət qızı ilə Cavabdeh arasında mübahisəli məsələ müvafiq olaraq mülki qanunvericilik əsasında tənzimlənməlidir və tərəflər arasında olan mübahisə mülki xarakterli olmaqla məhkəmə yolu ilə öz həllini tapmalıdır. -Bakı şəhəri Baş Polis İdarəsi Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin İddiaçı ünvanlandığı 17.01.2021-ci il tarixli məktubundan görünür ki, müraciət əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd olunması qərarının surəti göndərilərək qəbul olunmuş qərardan şikayət etmək hüququ izah olunmuşdur. -Expresspay ödəniş sistemindən 26.04.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir. -X1 çıxarışdan görünür ki, xx.xx.1972-ci il təvəllüdlü İddiaçı Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi Mədən-2 96A saylı evdə qeydiyyatdadır. -X1 çıxarışdan görünür ki, xx.xx.1973-cü il təvəllüdlü Ağayeva X2 rayonu, Xırdalan şəhərində qeydiyyatdadır. Beləliklə, aparılmış məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh arasında borc münasibətləri yaranmış, Cavabdeh iddiaçıya məxsus olan qızıl boyunbağı, təmir edilməsi üçün mobil telefon və 1400 manat məbləğində pulu iddiaçıdan almış və geri qaytarmamışdır. Odur ki, iddiaçı göstərilənlərə əsasən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 135.1-ci maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və qiymətli kağızlar da əşyadır. 135.2-ci maddəsinə əsasən əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. 739.1. maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1. maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2. maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. İşin araşdırılan hallarından və məhkəmə iclasında tədqiq edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis şöbəsinin qərarından görünür ki, tərəflər araşaında şifahi razılaşma olan əldi bağlanmış və həmin razılaşma əsasında onlar bir-birlərinin qarşısında öhdəlik götürmüşlər. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olunanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərinin məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil. Varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədəuyğun olmadıqda verdiyini geri tələb edə bilər. Beləliklə Məhkəmə, qanunun qeyd edilən normalarını nəzərə alaraq, işin məhkəmə iclasında tədqiq edilən hallarını qiymətləndirərək belə nəticəyə gəlir ki, Cavabdeh İddiaçı Nemət qızına məxsus qızıl boyunbağı, mobil telefon, 1400 manat dəyərində olan pul vəsaiti alınaraq İddiaçı Nemət qızına verilməlidir. Məhkəmə xatırladır ki, Mülki Prosessual Məcəllənin: 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Eyni zamanda iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Mülki Prosessual Məcəllənin 119.1. maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsində dövlət rüsumunu tələb etmədiyindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəlləsinin; 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh qızıl boyunbağı, mobil telefon və 1400 (min dörd yüz) manat məbləğində olan pul vəsaiti alınaraq İddiaçı verilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar