Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-34/2023 18.09.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «Qaz İxrac» İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «Qaz İxrac» İdarəsinin Cavabdeh qarşı tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Dövlət Neft Şirkətinin «Qaz İxrac» İdarəsi Cavabdeh qarşı tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Dövlət Neft Şirkəti “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X4 balans və istismarında olan 530 mm diametrli “Qaradağ-Sumqayıt” yüksək təzyiqli (25 atmosfer) yerüstü magistral qaz kəmərinin Abşeron rayonu, Bakı-Şamaxı avtomobil yolunun 9.5-ci km-dən keçən hissəsində, qaz kəmərinin mühafizə zonasında, kəmərdən 25 metr məsafədə cavabdeh tərəfindən qeyri-qanuni inşa edilmiş ikimərtəbəli yaşayış evinin onun hesabına sökülməsi, tikinti mal-materiallarının qaz kəmərinin mühafizə zonasından çıxarılması və dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı «Qaz İxrac» İdarəsinin nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş «Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları»nın tələbləri pozularaq “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X4 balans və istismarında olan 530 mm diametrli «Qaradağ-Sumqayıt» yüksək təzyiqli (25 atmosfer) yerüstü magistral qaz kəmərinin Abşeron rayonu, Bakı-Şamaxı avtomobil yolunun 9.5-ci km-dən keçən hissəsində, qaz kəmərinin mühafizə zonasında, daha dəqiqliklə, qaz kəmərindən 25 m məsafədə (39 T 385501; ******* koordinatı üzrə) qanunsuz olaraq ikimərtəbəli yaşayış evi inşa edilmişdir. Tikintinin qarşısının alınması və mühafizə zonasında yerləşən tikilinin sökülərək ləğv edilməsi istiqamətində müvafiq tədbirlərin görülməsi üçün xx.xx.2020-ci tarixli, MV-01/903 saylı məktubla Abşeron Rayon İcra Hakimiyyəti başçısına və xx.xx.2020-ci il tarixli, MV-01/902 saylı məktubla Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə “yüksək təzyiqli magistral qaz kəmərinin mühafizə zonasında yaranmış təhlükəli vəziyyət barədə” rəsmi məlumat verilmişdir. Abşeron Rayon İcra Hakimiyyəti öz növbəsində, xx.xx.2020-ci il tarixli, 6/X/1634 saylı cavab məktubunda məsələyə münasibət bildirərək göstərmişdir ki, Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən müraciətdə göstərilən tikinti işinin inşasına heç bir icazə sənədi verilməmişdir. Eyni zamanda, sözügedən tikili ilə bağlı qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinə müraciət edilmişdir. xx.xx.2020-ci il tarixdə Abşeron rayonu, Bakı-Şamaxı avtomobil yolunun 9.5-ci km-də, 530 mm diametrli «Qaradağ-Sumqayıt» yüksək təzyiqli (25 atmosfer) yerüstü magistral qaz kəmərinin mühafizə zonasında Cavabdeh tərəfindən qaz kəmərinin 25 m-də qanunsuz olaraq fərdi yaşayış evinin inşa edilməsi barədə 5 saylı Xətti İstismar Xidmətinin əməkdaşları tərəfindən akt tərtib edilmişdir. Abşeron rayonu, Bakı-Şamaxı avtomobil yolunun 9.5-ci kmdə, 530 mm diametrli «Qaradağ-Sumqayıt» yüksək təzyiqli (25 atmosfer) yerüstü magistral qaz kəmərinin mühafizə zonasında qanunsuz olaraq yaşayış evi inşa etmiş Cavabdeh onun tərəfindən inşa edilmiş yaşayış evinin sökülərək magistral qaz kəmərindən 50 m məsafədə kənarlaşdırılması barədə xəbərdarlıq məktubu təqdim edilmiş və cavabdeh məktubu qəbul etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı Qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”na əsasən, magistral qaz kəmərlərinin mühafizə zonalarında hər hansı bir tikinti-quraşdırma işlərinin aparılması qəti qadağandır. Beləliklə, tikili birbaşa kəmərin mühafizə zonasında yerləşir və həmin magistral qaz kəmərində baş verə biləcək kiçik bir qaz sızması insanların həyat və sağlamlığına təhlükə yaradan partlayışa, yanğına və digər növ qəzalara, habelə, kütləvi insan tələfatına səbəb ola bilər. Bu səbəbdən də, mülki iş üzrə məhkəməyə daxil olmuş Məhkəmə Ekspertiza Mərkəzinin rəyi ilə razıdır. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki iş materiallarını və ona əlavə edilmiş sübutları nəzərdən keçirərək, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -5 saylı XİX-nin rəisi İ.Nuriyev, mühəndisi M.Mirzəyev, çilingəri T.Əbdülrəhimov tərəfindən imza edilməklə tərtib olunmuş xx.xx.2020-ci il tarixli aktdan görünür ki, Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı Qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın və Azərbaycan Dövlət Tikinti Normativləri 2.9-2 X3 Lahiyələndirmə Normalarının tələbləri pozularaq Abşeron rayonu, Bakı-Şamaxı yolunun 9.5 km-də (koordinat 385501, 4479988) yaşayan Cavabdeh tərəfindən d530 mm-lik, 25 bar təzyiqli «Qaradağ-Sumqayıt» magistral qaz kəmərinin mühafizə zonasında kəmərdən 25 metr məsafədə ikimərtəbəli yarımtikili ev inşa olunmuşdur. -«Qaz İxrac» İdarəsinin Cavabdeh ünvanladığı xx.xx.2020-ci il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh X5 kəmərləri sahəsinə məxsus 530 mm-lik, 25 kq/sm2 yüksək təzyiqli Qaradağ-Sumqayıt magistral qaz kəmərinin mühafizə zonasında tikilən ikimərtəbəli yarımtikilinin təcili olaraq ləğv edilərək magistral qaz kəmərindən 50 metr kənarlaşdırması barədə xəbərdarlıq olunmuşdur. -Mülki iş materiallarına əlavə olunmuş fotoşəkillərdən görünür ki, həyətyanı sahədə tikili inşa edilmişdir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/2324 saylı rəyindən görünür ki, baxış zamanı təqdim olunan Abşeron rayonu, Bakı-Şamaxı avtomobil yolunun kənarında yerləşən fərdi yaşayış evinin Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X4 balans və istismarında olan 530 mm diametrli “Qaradağ-Sumqayıt” yüksək təzyiqli (25 atmosfer) yerüstü magistral qaz kəmərindən 25 metr məsafədə yerləşdiyini nəzərə alaraq həmin fərdi yaşayış evinin bütövlükdə “Qaz Təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli, 103 saylı Qərarının 2.7. bəndinin tələblərinə əsasən, yerüstü magistral qaz xəttinin mühafizə zonasında inşa edildiyi müəyyən olunmuşdur. Rəydən daha sonra görünür ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X4 balans və istismarında olan 530 mm diametrli «Qaradağ-Sumqayıt» yüksək təzyiqli (25 atmosfer) yerüstü magistral qaz kəmərinin Abşeron rayonu, Bakı-Şamaxı avtomobil yolunun 9.5-ci km-dən keçən hissəsində, qaz kəmərinin mühafizə zonasında, daha dəqiqliklə, qaz kəmərindən 25 m məsafədə (39 T 385501; ******* koordinatı üzrə) qanunsuz olaraq ikimərtəbəli yaşayış evi inşa edilmişdir Mülki Prosessual Məcəllənin: 97.1. maddəsinə əsasən, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. 103.1. maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Mülki iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasına əsasən, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/2324 saylı rəyi ilə fərdi yaşayış evinin Abşeron Magistral X4 balans və istismarında olan 530 mm diametrli “Qaradağ-Sumqayıt” yüksək təzyiqli (25 atmosfer) yerüstü magistral qaz kəmərindən 25 metr məsafədə yerləşdiyi nəzərə alınaraq həmin evin bütövlükdə yerüstü magistral qaz xəttinin mühafizə zonasında inşa edildiyi müəyyən edilmişdir. Bu səbəbdən də, məhkəmə ekspert rəyini Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, digər sübutlarla paralel şəkildə qiymətləndirib məhkəmə tərəfindən mübahisəli tikilinin həqiqətən də magistral qaz kəmərinin mühafizə zonasında yerləşməsini təsdiq edən sübut kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, iddia tələbinə münasibət bildirilməmişdən öncə iddiaçının həmin tələbin qaldırılması üçün subyektiv hüquqa malik olub-olmaması yoxlanılmalıdır. Belə ki, “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarında qeyd edilir ki, ...mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni, başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz...”. Lakin bununla yanaşı, məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçı Socar «Qaz İxrac» İdarəsinin balansında olan mühafizə zonasında aparılmış qanunsuz tikilinin sökülməsi tələbi ilə məhkəməyə müraciət etməkdə idarənin maraqlı tərəf qismində subyektiv hüququ mübahisə olunmazdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2003-cü il tarixli, 844 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nizamnaməsi”nin: 2.1-ci bəndinə əsasən, şirkətin əsas məqsədi Azərbaycan Respublikası ərazisində və onun hüdudlarından kənarda, quru və dəniz sahələrində neft və qaz yataqlarının axtarışını, kəşfiyyatını, hazırlanmasını, işlənməsini, neftin, qazın, kondensatın hasilatını, nəqlini, emalını, neft-kimya sənayesinin inkişaf etdirilməsini, neft, neft-kimya və qaz məhsullarının paylanmasını, satışını, habelə, istehlakçıların müvafiq enerji daşıyıcılarına olan tələbatının sabit və dayanıqlı ödənilməsi sahəsində müasir tələblərə cavab verən rəqabətə davamlı malların, işlərin və xidmətlərin təqdim olunmasını təmin etməkdən və gəlir əldə etməkdən ibarətdir. 2.4-cü bəndinə əsasən, şirkət fəaliyyət növlərinin səmərəli həyata keçirilməsini təmin etmək üçün qanunazidd olmadan, aşağıdakılar barədə müstəqil qərar qəbul etmək səlahiyyətinə malikdir: şirkətin və onun strukturuna daxil olan qurumların istifadəsi üçün ayrılmış torpaqların təyinatı üzrə istifadə edilməsi, bu torpaqlardan istifadə hüquqlarının strukturuna daxil olan qurumlara ötürülməsi və həmin torpaqların mülkiyyətçiyə geri qaytarılmasına müvafiq qaydada razılıq verilməsi. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 95.3-cü maddəsinə əsasən, bu Məcəllənin 95.1.3-1, 95.1.4 və 95.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla digər hallarda müvafiq icra hakimiyyəti orqanı tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir. “Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının xx.xx.2012-ci il tarixli, 392-İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli, 695 nömrəli Fərmanının 4.10-cü bəndinə əsasən, həmin Məcəllənin 95.3-cü.maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi həyata keçirir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3-cü maddəsinə əsasən, özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 180.4-cü maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Müəyyən edildiyi kimi, xüsusi şərtlərlə istifadə olunan ərazi zonasında, yəni, mühafizə zonasında inşa edilmiş tikili öz mahiyyət etibarilə qanuni tikili hesab edilə bilməz. Belə ki, ilk növbədə qeyd edilməlidir ki, bu və ya digər tikilinin qanuni tikili hesab edilməsi üçün ilkin olaraq tikilinin yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ tanınmalıdır, lakin sözsüz ki, hazırki iş üzrə cavabdehin istifadəsində olan torpaq sahəsinin müəyyən hissəsi xüsusi şərtlərlə istifadə olunan zonaya düşdüyündən həmin hissədə torpaq sahəsinə fiziki şəxsin mülkiyyət hüququnun tanınması mümkün deyildir. Bununla yanaşı, cavabdeh istifadəsində olan, lakin tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində nəinki, lazımi icazələr almadan, üstəlik də şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla bina və qurğular inşa etmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 9-cu maddəsinə əsasən, məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqların kateqoriyasında kənd təsərrüfatı təyinatlı torpaqlar, yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar, xüsusi qorunan ərazilərin torpaqları, meşə fondu torpaqları, su fondu torpaqları, ehtiyat fondu torpaqlarının bölgüsü aparılmışdır. 22.2-ci maddəsinə əsasən, əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Göründüyü kimi, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqların tərkibində formalaşan mühafizə zonalarının məqsədi məhz əhalinin təhlükəsizliyinin təmin olunması məqsədi daşıyır. Bu kateqoriya torpaqların təyinatı yaşayış üçün sahələrin salınmasını nəzərdə tutmur və müəyyən edilən mühafizə zonasında yaşayış evinin tikintisi mühafizə zonasının əhəmiyyətini sıfıra endirir. Bu isə məhz əhalinin təhlükəsizliyinin təmin edilməsi baxımından yolverilməzdir. Beləliklə, məhkəmə qanunvericiliyin qeyd edilən normalarını rəhbər tutub hesab edir ki, iddia ərizəsi əsaslı olduğundan təmin edilməli, Dövlət Neft Şirkəti “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X4 balans və istismarında olan 530 mm diametrli “Qaradağ-Sumqayıt” yüksək təzyiqli (25 atmosfer) yerüstü magistral qaz kəmərinin Abşeron rayonu, Bakı- Şamaxı avtomobil yolunun 9.5-ci km-dən keçən hissəsində, qaz kəmərinin mühafizə zonasında, kəmərdən 25 metr məsafədə Cavabdeh tərəfindən qeyri-qanuni inşa edilmiş ikimərtəbəli yaşayış evi onun hesabına sökülməli, tikinti mal-materialları qaz kəmərinin mühafizə zonasından çıxarılmalıdır. Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə, ekspertiza tədqiqatının dəyərinə görə 50 manat dövlət rüsumu məbləği isə cavabdehdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 4, 7, 14, 36, 88, 150ci və 216-236-cı maddələrinin tələblərinə əsaslanaraq, məhkəmə, QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X4 balans və istismarında olan 530 mm diametrli “Qaradağ-Sumqayıt” yüksək təzyiqli (25 atmosfer) yerüstü magistral qaz kəmərinin Abşeron rayonu, Bakı-Şamaxı avtomobil yolunun 9.5-ci km-dən keçən hissəsində, qaz kəmərinin mühafizə zonasında, kəmərdən 25 metr məsafədə Cavabdeh tərəfindən qeyri-qanuni inşa edilmiş ikimərtəbəli yaşayış evi cavabdehin hesabına sökülsün və tikinti mal-materialları qaz kəmərinin mühafizə zonasından çıxarılsın. Cavabdeh ödənilmiş dövlət rüsumuna görə 10 (on) manat pul vəsaiti alınaraq «Qaz İxrac» İdarəsinin xeyrinə, aparılmış ekspertiza tədqiqatına görə isə 50 (əlli) manat pul vəsaiti alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-34/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-34/2023
18.09.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver