Məhkəmə qərarları › İş №2(012)-3418/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3418/2023

18.12.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3418/2023 18.12.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, Ərizəçi, Maraqlı şəxs Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın nümayəndəsi Nümayəndə1 iştirakları ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2004-cü il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2004-cü il təvəllüdlü oğlu X7 xx.xx.2009-cu ildə yaşadıqları Xırdalan şəhəri Heydər Əliyev prospekti ev 56A, mənzil 10 ünvanın qarşısında tikilən yüksəkmərtəbəli yaşayış binasının tikintisi üçün qazılan quyuya yıxılaraq başından ağır xəsarət almış və beyni əzilmişdir. Ona ilkin olaraq “qapalı kəllə beyin travması, beyin daxili hemotoma, baş beynin əzilməsi, sağ tərəfli hemoparez, koma İ” diaqnozu qoyulmuşdur. Həmin vaxtdan hazırkı vaxta kimi onun üzərində dəfələrlə cərrahiyyə əməliyyatı aparılmışdır. Hazırkı vaxta kimi müalicəsi davam edir. Bakı şəhəri X5 xx.xx.2020-ci ildə ambulator müayinədən keçmiş və “Qapalı kəllə beyin travmasından sonrakı vəziyyət. Sağ tərəfli spastik hemiparez G81.1. simtomatik epilepsiya (G40.2) diaqnozu qoyulmuşdur. xx.xx.2022-ci il tarixdə EKQ müayinəsindən keçirilmiş və ona "baş beyinin bioelektrik aktivliyinin diffuz pozuntuları üzərində alın paylarında epileptik forma aktivliklər” olması müəyyən edilmişdir. Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli B00059365YDY nömrəli rəyi ilə oğlu X7 “Spastik hemiplegiya, sağ tərəfli spastik hemiparez (əzələ gücü sağ yuxarı ətrafda 2 bal, sağ aşağı əşrafda 3 bal) kopleks parsial qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) simtomatik epilepsiya və epileptik sindromlar, simtomatik epilepsiya” diaqnozu qoyulmaqla, müddətsiz olaraq ikinci dərəcəli əlillik təyin edilmişdir. Oğlu sərbəst hərəkət edə bilmir, onun əvəzindən hər hansı bir idarəyə təşkilata gedəndə ondan etibarnamə tələb edilir. Oğlu notariusa aparıb etibarnamə almaq istəsə də, notarius onun vəziyyətini qiymətləndirərək etibarnamə verməkdən imtina edir. Oğlunun kənar şəxsin daimi qulluğuna ehtiyacı var. O, xəstəliyin nəticəsində öz hərəkətlərin mənasını anlaya və idarə bilmir. Bu səbəbdən oğlunun hüquq və mənafelərinin müdafiəsi üçün üzərində qəyyum təyin edilməsinə zərurət yaranmışdır. Hesab edir ki, oğlunun xəstəliyi ilə bağlı onun üzərində qəyyum təyin edilməlidir. Bundan ötrü X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə zərurət yaranmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında Məhkəmə Psixiatrik Ekspertizasının rəyi ilə razı olduğunu bildirmişdir. Mülki iş üzrə maraqlı şəxs Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında məhkəmə-psixiatrik ekspertizasının rəyi və iş üzrə digər materiallarla tanış olduğunu bildirmiş və ekspert rəyini əsas götürərək ərizənin təmin olunmasına etiraz etməmişdir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan X1 məhkəmə iclasında iştirakına yol vermədiyindən məhkəmə iclasında onun iştirakı mümkün olmamışdır. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, mülki iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 317.2. maddəsinə əsasən, məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli sonuncu müayinəyə dair məlumatdan görünür ki, X4 “Spastik hemiplegiya, sağ tərəfli spastik hemiparez (əzələ gücü sağ yuxarı ətrafda 2 bal sağ aşağı ətrafda 3 bal) Kompleks parsial qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) simptomatik epilepsiya və epileptik sindromlar, simptomatik epilepsiya” diaqnozu qoyulmuşdur. -Səhiyyə Nazirliyi Məhkəmə X6 X10 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2023-cü il tarixli, 2154 saylı rəyindən görünür ki, İ Motivləşdirici hissə. X3 “üzvi (epilepsiya nəticəsində) kəskin ifadə olunmuş şəxsiyyət pozuntusu yaddaş və intellektin enməsi ilə (F07.0)” müəyyən edilir. Bunu anamnestik məlumatlar- X9, Abşeron Rayon Mərkəzi Xəstəxanasında, Akad Mirqasımov adına Respublika Kliniki Xəstəxanasında müalicə olunması, xəstəliyi ilə əlaqədar İİ dərəcəli əlil hesab edilməsi, həmçinin hazırkı müayinə zamanı aşkar olan əlamətləri-zamana görə bələdliyinin tam həcmdə olmaması, təfəkkürünün konkretliyi, abstraklaşdırma qabiliyyətinin olmaması, əhvali-ruhiyyəsinin dayanıqsızlığı, maraq dairəsinin məhdudluğu, davranışının və emosiyalarının qeyriadekvatlığı, yaddaş və intellekt funksiyalarının zəif inkişaf etməsi, öz vəziyyətinə qarşı tənqidinin olmaması və sair sübut edir. X7 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. İİ Yekun hissəsi: X7 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Ona görə də X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 28.1. maddəsinə əsasən, fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. 28.8. maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Beləliklə, işin məhkəmə iclasında araşdırılan hallarından, ərizəçinin izahatından, mülki iş materiallarına əlavə edilmiş arayışdan, Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2023-cü il tarixli, 2154 saylı rəyindən müəyyən olunur ki, X7 “üzvi (epilepsiya nəticəsində) kəskin ifadə olunmuş şəxsiyyət pozuntusu yaddaş və intellektin enməsi ilə (F07.0)” psixi xəstəliyindən əziyyət çəkir. Göstərilənləri nəzərə alaraq, məhkəmə tərəfindən psixiatrik ekspertiza təyin edilmiş, psixiatrik ekspertiza üzrə alınmış xx.xx.2023-cü il tarixli, 2154 saylı rəydə X2 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmadığı, buna görə də fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməli olması nəticəsinə gəlinmişdir. Mülki Prosessual Məcəllənin:

88. maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3. maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə ekspert rəyini digər sübutlarla paralel şəkildə Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən qiymətləndirərək hesab edir ki, ekspert rəyi digər sübutlarla və işin halları ilə təkzib edilmədiyindən əsas sübut növü kimi qəbul edilməlidir. Beləliklə, məhkəmə psixiatrik ekspertizanın rəyini əsas sübut kimi nəzərə alıb işin yuxarıda tədqiq edilən hallarına və qanunun qeyd edilən tələblərinə əsasən, hesab edir ki, ərizəçinin oğlu-xx.xx.2004-cü il tarixdə Abşeron rayonu Xırdalan şəhərində anadan olmuş X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə məhkəmə qətnaməsinin çıxarılması qanuni və əsaslıdır. Mülki Prosessual Məcəllənin: 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 321.2. maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 317 və 320-ci maddələrini rəhbər tutaraq, məhkəmə,

QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2004-cü il tarixdə Abşeron rayonu Xırdalan şəhərində anadan olmuş X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar