Məhkəmə qərarları › İş №2(012)-3419/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3419/2024

25.09.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3419/2024 25.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «borcun silinməsi» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh İB tərəfindən ona (abonent kodu: **********06060) itirilmiş təbii qazın dəyərinin ödənilməsi üçün yazılmış aktın ləğv olunması və 6306,66 manat məbləğində cərimənin silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun X2 vərəsəsi olan iddiaçı kimi qeyd edilməsi və X1nun adına olan **********06060 saylı abonent koduna əsassız hesablanmış 6306,66 manat məbləğində cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, o, faktiki olaraq Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Yeni yaşayış massivi ünvanında yerləşən mərhum X1na məxsus fərdi yaşayış evində yaşayır. Cavabdeh İB ilə mərhum X1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən fərdi yaşayış evinə İtron tipli, G4 markalı, 1702AZ**********30 zavod nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh İB-nin əməkdaşları onun yaşadığı evə quraşdırılmış qaz sayğacına onun müraciəti əsasında baxış keçirmiş, xx.xx.2023-cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı aktdan göründüyü kimi sayğacdan kənar qazdan istifadə olunduğu aşkar edildiyi barədə akt tərtib etmiş, şifahi olaraq isə onun cərimə olunacağını bildirmişdirlər. O, həmin əməkdaşların tərtib etdiyi aktın düzgün tərtib olunmadığını, plombun əməkdaşlar tərəfindən həmin vaxt qırılaraq aktda qeyd olunduğunu, belə olduğu halda sayğacda hər hansı çatışmazlığın onun təqsiri ucbatından olmadığını bildirərək etiraz etmişdir. Lakin karta pul yükləyərkən məlum olmuşdur ki, onun hazırda istifadəsində olan Smart kart sayğacı ilə bağlı akt tərtib olunmuşdur. Bu barədə Cavabdeh İB ilə əlaqə yaratmış, həmin qurumdan ona şifahi olaraq bildirmişdirlər ki, köhnə sayğaca müdaxilə vardır və bu səbəbdən də 6306,66 manat cərimə ödəməlidir. Cavabdeh İB-nin ******* №-li, 30 aprel 2023-cü il tarixli itirilmiş təbii qazın hesablanması komissiyasının vermiş olduğu aktda itirilmiş təbii qaza görə hesabatda orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün qəbul edilməklə hesablanmış və itirilmiş təbii qaza görə məbləğin ödənilməsi öz əksini tapmışdır. İtirilmiş təbii qazın hesablanması haqqında 16 dekabr 2017-ci il tarixli SOCAR və Neft qaz elmi tədqiqat İnstitutu tərəfindən hazırlanmış SOCAR-ın vitse-prezidenti Qurbanov tərəfindən təsdiqlənmiş, ARDNŞ-nin Nazirlər Kabineti ilə razılaşdırılmış sayğacsız istifadəyə görə qaz sərfinin hesablanması haqqında 1.4.4 saylı metodiki təlimata əsasən hesablanmalıdır. Həmin təlimata əsasən abonentə 3 aylıq qaz sərfinin miqdarı qədər cərimə yazıla bilər. Göründüyü kimi burada da Cavabdeh İB aktların tərtibində qanunsuzluğa yol vermişdir. Cavabdeh İB-nin Qaz sayğaclarına nəzarət komissiyasının və məişət qaz sayğaclarının yoxlaması labarotoriyasının 30 aprel 2023-cü il tarixli dövlət laborator yoxlaması haqqında tərtib olunmuş aktda ona aid olan hissədə qeyd olunub ki, sayğacdan kənar xətt ləğv olunsun. Hesab edir ki, sayğacın aşağı təzyiqdə keçən qazın həcmini qeydə almamasında yaxud sayğacın klapanının deşik olmasında, yivli birləşmələrin korroziyaya uğramasında vətəndaşın günahı yoxdur. Əksinə olaraq Cavabdeh İB vətəndaşla bağladığı müqavilə şərtlərinə əməl etməyərək qazı aşağı təzyiqlə verməklə vətəndaşa xeyli miqdarda maddi ziyan vurmuşdur. Həmçinin də o, eyni orqanın tabeçiliyində olan laborator yoxlamanın nəticələrinə şübhə ilə yanaşır. Bundan əlavə abonent kodu X1nun adına olduğundan borc atasının adına olan kod hesabına yazılmışdır. X1 vəfat etmişdir və o, atasının vərəsəsidir. Hazırda o, sözügedən evdə yaşayır. Bildirir ki, əvvəllər həmin evdə başqa şəxs yaşamışdır və onun tərəfindən sayğaca müdaxilə olunmasa da etiraf edir ki, sayğacdan kənar xətdən istifadə etmişdir, lakin hesab edir ki, Cavabdeh əməkdaşları tərəfindən ona yazılmış cərimə normadan artıq hesablanmışdır. Qeyd edilənləri nəzərə alaraq o, Cavabdeh tərəfindən əsassız olaraq hesablanmış cərimə məbləğinin azaldılmasını xahiş etdi. Cavabdeh nümayəndəsi X6 məhkəmə iclasında izahatında bildirdi ki, iddia tələbini qəbul etmirlər. Belə ki, 23 aprel 2024-cü il tarixdə İddiaçı yaşadığı evə baxış keçirilərkən sayğacdan kənar xətt aşkar olunmuş, Cavabdeh əməkdaşları həmin xətti kəsmiş və təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* saylı akta əsasən iddiaçıya təqribən 6000 manat məbləğində cərimə hesablanmışdır. Bildirir ki, iddiaçının əlavə qaz xəttindən istifadə etdiyini təsdiq edən fotoşəkillər də mövcuddur. Bundan başqa qeyd edir ki, əlavə qaz xətti aşkar edilməzdən əvvəl iddiaçının təbii qaz sərfiyyatına görə müvafiq olaraq 5 manat, 4 manat, 20 manat kimi az məbləğ hesablansa da sayğac dəyişdikdən sonra təbii qaz sərfiyyatına görə məbləğ artaraq 50 manat, 60 manat, 70 manat hesablanmışdır. Odur ki, göstərilənlərə əsasən o, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Biləsuvar rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ № 256714 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 31 mart 2022-ci ildə Biləsuvar rayonunda ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 160 № ilə qeyd edilmişdir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 28 aprel 2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, X3 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən evə quraşdırılmış (abonent kodu: **********06060) sayğaca baxış keçirilən zaman sayğacdan kənar qazdan istifadə edildiyi aşkar olunmuşdur. İş materiallarında olan 11 sentyabr 2024-cü il tarixli abonentin saldosundan görünür ki, X3 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən evə (abonent kodu: **********06060) 6428,16 manat məbləğində borc hesablanmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, İddiaçı Cavabdehnə qarşı «borcun silinməsi» tələbinə dair iddiası qismən təmin edilməlidir. Belə ki, məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilmişdir ki, İddiaçı mərhum X1nun adına olan **********06060 saylı abonent koduna əsassız hesablanmış 6306,66 manat məbləğində cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etsə də X3 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən evdə abonent kodu **********06060 olan sayğac üzrə Cavabdeh tərəfindən “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında xx.xx.2023-cü il tarixli dəymiş ziyan hesabatı tərtib edilmiş, dəymiş ziyan hesabatına görə istehlakçının nominal qaz sərfi 3,5 m3, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq abonent 6428,16 manat məbləğində cərimə edilmişdir. Cavabdeh təşkilatın nümayəndəsi xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında 6428,16 manat məbləğində cərimənin hesabat müddətinin 360 gün qəbul edilməklə hesablanmasını məhkəmədə əsaslandıra bilmədiyindən və abonentlərin ünvanına mütəmadi baxışların keçirilməsi Cavabdeh vəzifəsi olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında 6428,16 manat məbləğində cərimənin 90 gün müddət götürülməklə hesablanması işin faktiki hallarına uyğun gəlir (6428,16 manat : 360 gün = 17,856 manat; 17,856 manat x 90 gün = 1607,04 manat). Odur ki, Cavabdeh tərəfindən İddiaçı yaşadığı Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən evə quraşdırılmış qaz sayğacına görə xx.xx.2023-cü il tarixli, ******* saylı akt üzrə hesablanmış 6428,16 manat borcdan 1607,04 manat saxlanılmaqla, qalan 4821,12 manat borc silinməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalıdır. "Qazdan istifadə Qaydaları"nın 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. "Qazdan istifadə Qaydaları"nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə görə istehlakçı kimi pozulmuş hüquqlarının bərpası barədə iddia tələbi üzrə İddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə əsasən 84,28 (səksən dörd manat, iyirmi səkkiz qəpik) manat dövlət rüsumu Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında“ Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə görə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı yaşadığı (abonent kodu: **********06060) Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən evə quraşdırılmış qaz sayğacına görə 28 aprel 2023-cü il tarixli, ******* saylı akt üzrə hesablanmış 6428.16 manatdan 4821,12 manat cərimə silinməklə 1607.04 manat saxlanılsın. Cavabdehndən 84,28 (səksən dörd manat, iyirmi səkkiz qəpik) manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar