Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-345/2021 16.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ X2 Kazımovun sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1984,20 manat məbləğində dəymiş ziyanın, 30 manat dövlət rüsumu olmaqla, cəmi 2014,20 manat məbləğində pulun tutularaq İddiaçı ABB İddiaçı şöbəsi üzrə, Kod: 805153, VÖEN **********, M/H: AZ03NABZ********************, SWİFT İBAZAZ2X, İddiaçı İB, VÖEN **********, İBAN: AZ50İBAZ******************** bank hesabına ödənilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında 12.06.2013-cü il tarixli, 34168 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” Müqavilə (bundan sonra Müqavilə) imzalanmış, həmin müqavilə əsasında İddiaçı İB abonent Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Həmin ünvana İddiaçı İB-nin Bakı Regional qazın satış Departamenti tərəfindən **********04570 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh Müqavilənin 2.3.2-ci yarımbəndinin (bu Müqavilənin və “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-in işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni, qeyri-qanuni şəkildə təbii qazı talaması faktı aşkar olunmuş, aktlaşdırılmış və bu halı təsdiqləyən foto şəkillər çəkilmişdir. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlar tərtib edilmişdir. Belə ki, 31.01.2018-ci il tarixli, ******* saylı akt üzrə 863,40 manat, 27.02.2018-ci il tarixli, ******* saylı akt üzrə 201,60 manat, 30.04.2018-ci il tarixli, ******* saylı akt üzrə 878,40 manat, 16.09.2018-ci il tarixli, ******* saylı akt üzrə 64,80 manat olmaqla, cəmi 2008,20 manat dəymiş ziyan məbləği hesablanmışdır. Qeyd edilən borc məbləğindən 3 E proqramına keçirildiyi üçün 24 manat tutulmuşdur. Nəticədə, cavabdehin birliyə 1984,20 manat borcu qalmışdır. İddiaçı nümayəndələri tərəfindən vurulmuş maddi zərərin könüllü ödənilməsi ilə bağlı cavabdehə təklif edilsə də, heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Əvvəlki məhkəmə iclasında çıxış etmiş iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, Cavabdeh 1984,20 manat məbləğində dəymiş ziyanın, 30 manat dövlət rüsumu olmaqla, cəmi 2014,20 manat pulun tutularaq İddiaçı ABB İddiaçı şöbəsi üzrə, Kod: 805153, VÖEN **********, M/H: AZ03NABZ********************, SWİFT İBAZAZ2X, İddiaçı İB, VÖEN **********, İBAN: AZ50İBAZ******************** bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı tərəfindən tərtib edilmiş aktlardan məlumatı olmamışdır. Ailəsi və o, həmin mənzildə yaşamamış, ara-sıra gəlib mənzillərinə baş çəkmişlər. Onlar tərəfindən özbaşına olaraq qaz xəttinə qoşulma, müdaxilə halı olmamışdır və qanunsuz heç bir hərəkət etməmişlər. İddia ərizəsinə əlavə edilmiş foto şəkillər yaşadığı mənzilə aid deyildir. Çünki, yaşadığı mənzildə qaz xəttinin qoşulma forması foto şəkildəki forma ilə tamamilə fərqlidir. O, iddianı qəbul etmir və iddia tələbinin tamamilə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, artıq hazırki iş üzrə ekspertiza rəyi verilmiş, lakin İddiaçı nümayəndəsi məhkəmə iclasında iştirak etmir. Onun himayəsində 3 azyaşlı uşaqları vardır və o, hər dəfə uşaqlarını tək başına qoyaraq məhkəmə iclasına gələ bilmir. Odur ki, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılıb qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə görə, işdə iştirak edən şəxsin nümayəndəsinin, yaxud vəkilinin gəlməməsi işə baxılmasına mane olmur. Şərh olunan prosessual hüquq normasına əsaslanaraq və cavabdehin rəyini nəzərə alaraq məhkəmə, işə İddiaçı nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: Cavabdeh ilə bağlanmış 12.06.2013-cü il tarixli, 34168 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” Müqavilə bağlanmışdır. Həmin müqavilənin 2.3.2, 2.3.3 və 2.3.4-cü bəndində göstərilmişdir ki, bu Müqavilənin və “Qazdan istifadə Qaydaları”nın, qaz qurğularına dair lahiyə və istismar sənədlərinin tələblərinə, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində “payçı”ya dəymiş zərərin əvəzini ödəmək “istehlakçı”nın vəzifəsidir. İddiaçı Bakı RQSQ-nin nümayəndələri tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 31.01.2018-ci il tarixli, ******* saylı, 27.02.2018-ci il tarixli, ******* saylı, 30.04.2018-ci il tarixli, ******* saylı və 16.09.2018-ci il tarixli, ******* saylı aktlardan müəyyən edilir ki, Abşeron rayonu Hökməli qəsəbəsində (abonent kodu: **********04570) yaşayan istehlakçı Cavabdeh sayğacdan kənar xətlə təbii qazdan qeyriqanuni istifadə etməsi müəyyən edilmişdir. Mülki işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması üçün, Məhkəmənin 03 mart 2021-ci il tarixli, 2(012)-345/2021 saylı qərardadına əsasən iş üzrə təkrar məhkəmə inşaat-texniki ekspertizası təyin edilmiş və mülki iş üzrə ekspertizanın aparılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 08 may 2021-ci il tarixli, 10/984 saylı məhkəmə mühəndis-texniki ekspertizasına dair rəyin nəticə hissəsindən görünür ki, baxış zamanı Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evini təbii qaz ilə təmin edən qaz xəttinin sayğaca qədər olan hissəsində hər hansı qeyri leqal müdaxilə halları (qaynaq yeri, əlavə qoşulmalar) müəyyən edilmədi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə tərəfindən tədqiq edilmiş; 31.01.2018-ci il tarixli, ******* saylı, 27.02.2018-ci il tarixli, ******* saylı, 30.04.2018-ci il tarixli, ******* saylı və 16.09.2018-ci il tarixli, ******* saylı aktların surətindən məlum olur ki, İddiaçı İB-nin nümayəndələri tərəfindən Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən istehlakçı Cavabdeh evə quraşdırılmış qaz sayğacına baxış keçirilən zaman, sayğacdan kənar xətlə təbii qazdan qeyri-qanuni istifadə etməsi müəyyən edilmişdir. Lakin, mülki iş üzrə aparılmış mühəndis-texniki ekspertizası hal-hazırkı iş üzrə Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evini təbii qaz ilə təmin edən qaz xəttinin sayğaca qədər olan hissəsində hər hansı qeyri leqal müdaxilə hallarının (qaynaq yeri, əlavə qoşulmalar) aparılmadığı müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, istehlakçı Cavabdeh yaşadığı fərdi yaşayış evində sayğacdan kənar xətlə təbii qazdan qeyri-qanuni istifadə etməsi və müdaxilə hallarının olduğu ekspert rəyi ilə sübüt olunmur. Məhkəmə iddia tələbi ilə bağlı gəldiyi nəticəsini aşağıdakı hüquq normalarına görə əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1 və 5.1-ci maddələrinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 18-ci maddəsinin tələblərinə əsasən dövlət istehlakçıların mənafeylərinin müdafiəsinə təminat verir. Həmin maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə görə isə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. İstehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir (MM-in 560.3 və 560.3.5.2-ci maddələri). İşin müəyyən edilmiş hаllаrındаn göründüyü kimi, cavabdeh tərəfindən qaz sаyğаcına hər hаnsı müdаxilə edilməsi, iddiaçının hərəkət və hərəkətsizliyi nəticəsində müəyyən edilmədiyi halda, iddiaçıya pul hesablanmışdır ki, bu da yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğuna görə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. İddia təmin edilmədiyindən məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilməli, məhkəmə mühəndis-texniki ekspertizasının keçirilməsinə xərclənmiş 102 manat pul vəsaiti iddiaçıdan tutularaq dövlət nəfinə keçirilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220,227-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. İş üzrə məhkəmə mühəndis-texniki ekspertizasının keçirilməsinə xərclənmiş 102 (yüz iki) manat pul vəsaiti İddiaçındən tutularaq, dövlət nəfinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: E.Kazımov
Məhkəmə qərarları › İş №2(012)-345/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-345/2021
16.06.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver