Məhkəmə qərarları › İş №2(012)-3452/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3452/2024

22.10.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3452/2024 22.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Teymurov Ayaz Yunus oğlunun katibliyi, Maraqlı şəxsin nümayəndəsi Abşeron Rayon İcra Hakimiyyəti başçısı Aparatının Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi” barədə ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2005-cı il təvəllüdlü hal hazırda ünvan 1 ünvanda yerləşən evdə onunla birlikdə yaşayan birinci dərəcəli əlil X1 fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2005-cı il təvəllüdlü hal hazırda Abşeron rayonu, Novxanı kəndi, Abuzərov küçəsi ,15 saylı evdə yaşayan X3 onun oğludur. X3 ağır dərəcədə əqli qüsurlu xəstəsidir, müddətsiz birinci dərəcəli əlildir və subaydır. O, öz etdiyi hərəkətlərini anlamır. O, daima onun himayəsində yaşayır. Bununla belə o ömürlük əlildir, işləyə bilmir, daima kənar şəxsin yardımına ehtiyacı vardır. Son illər oğlunun vəziyyəti daha da ağırlaşmışdır. O, öz hərəkətlərinin mənasını anlaya bilmir və öz hərəkətlərinin idarə edə bilmir. Oğlu onun köməyi olmadan həkimə müraciət edə bilmir. Müstəqil olaraq nəqliyyat vasitələrindən istifadə edə bilmir. Özünü ərzaq və yeməklə təmin edə bilmir. Ona görə də oğlunun qəyyuma ehtiyacı vardır. Abşeron Rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasına xəstə oğluna qəyyum təyin edilməyi barədə müraciət etmişdir. Abşeron Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası müraciətinin onlar tərəfindən həll edilməsinin mümkünsüz olduğunu, xəstə oğlunun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə məhkəmə qətnaməsi olduğu halda müraciətinə yenidən baxılmasının mümkün olduğu bildirilmişdir. Göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi Abşeron Rayon İcra Hakimiyyəti başçısı Aparatının Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın nümayəndəsi Nümayəndə ərizənin təmin edilməsinə etiraz etmədi. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-İ 673605 saylı “Doğum haqqında şəhadətnamə”nin təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2005-ci il tarixdə anadan olan X1 valideynləri haqqında olan qeydlərə əsasən onun atası X4, anası isə Ərizəçidır. - Azərbaycan Respunlikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinə dair xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, X3 müddətsiz birinci dərəcəli əlildir, f72 ağır dərəcəli əqli gerilik, ağır kəmağıllıq, kəskin imbesillik, kobud davranış və nitq pozuntuları ilə, daima kənan şəxsin himayəsinə ehtiyacı var. Uşaq autizmi, kanner sindromu, anamnezində qıcolma tutmaları, İQ-23 statusunu daşıyır. Orqanizmin funksiyalarının pozulması 90 % təşkil edir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X7 xx.xx.2024-cü il tarixli, 4090 saylı rəyindən görünür ki, X2 ağır dərəcəli əqli gerilik (İmbesillik dərəcəsində) aşkar olunur. X3 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X1 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas vardır. Məhkəmədə müəyyən edildi ki, öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmayan X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, onunla birlikdə yaşayan anası Ərizəçi ərizəsi üzrə qaldırılmış və fəaliyyət qabiliyyəti olmayan hesab edilməli olan şəxsin yaşayış yeri üzrə məhkəməyə verilmişdir. Şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduğundan onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş və ekspertiza tərəfindən X1 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmaması barədə müvafiq rəy verilmişdir. Ona görə ərizənin təmin edilməsi üçün kifayət qədər qanuni əsas vardır. Azərbaycan Respublikası Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də, məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonar MPM): 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.2005-ci il tarixdə anadan olan X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Hazırkı qətnamə X1 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2005-ci il tarixdə anadan olan X3 fəaliyyət qabiliyyətli olmayan hesab edilsin. Hazırkı qətnamə X1 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Məhkəmə xərcləri Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar