Məhkəmə qərarları › İş №2(012)-3460/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3460/2021

07.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3460/2021 07.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulmasına dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, 27.05.2019-cu il tarixli RPF-00038-16/19A saylı kredit müqaviləsinin ləğv edilməsi, kredit müqaviləsi üzrə 27.04.2021-ci il tarixə ödənilməmiş əsas borca görə 4582.9 manat, faiz borcuna görə 36.16 manat olmaqla cəmi 4619.06 manat borcun və ödənilmiş dövlət rüsumuna görə 30,40 manatın tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Bank BTB ASC-nin Həzi Aslanov filialı ilə Cavabdeh arasında bağlanmış 27.05.2019-cu il tarixli RPF-00038-16/19A saylı kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə istehlak məqsədilə 12 ay güzəşt müddəti tətbiq edilməklə 60 ay müddətinə qaytarmaq, illik 1% ödəmək şərtilə 4786.78 manat kredit verilmişdir. Cavabdeh həmin kreditdən iddiaçı ilə 22.01.2015-ci il tarixdə bağlanmış FM-01330-17/15U saylı kredit müqaviləsinə əsasən kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədilə istifadə etməyi, krediti 27.05.2024-cü il tarixədək faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı Bank BTB ASC-nin Həzi Aslanov filialı ilə Cavabdeh arasında Problemli kreditləri restrukturizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtləri barəsində 27.05.2019-cu il tarixli RPF-00038-16/19A saylı kredit müqaviləsinə 2 saylı əlavə bağlanmışdır. Cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətini dəfələrlə ötürmüş, kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmişdir. Borclunun kredit müqaviləsi üzrə 27.04.2021-ci il tarixə əsas borca görə 4582.9 manat, faiz borcuna görə 36.16 manat olmaqla cəmi 4619.06 manat borcu vardır. Cavabdehə dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlərlə edilən xəbərdarlıqlara baxmayaraq kredit müqaviləsi üzrə öhdəliklərinin icrasında gecikmələri yaranmışdır. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul edərək izahatında göstərmişdir ki, iddiaçı Bank BTB ASC-nin Həzi Aslanov filialı ilə bağladığı 27.05.2019-cu il tarixli RPF- 00038-16/19A saylı kredit müqaviləsinə əsasən bank tərəfindən ona istehlak məqsədilə 12 ay güzəşt müddəti tətbiq edilməklə 60 ay müddətinə qaytarmaq, illik 1% ödəmək şərtilə 4786.78 manat kredit verilmişdir. Əvvəllər kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında icra etmişdir. Metro stansiyasında çalışmış, sonradan işsiz qalmış, hazırda yenidən əmək fəaliyyətinə başlamışdır. Həmçinin himayəsində sağlamlıq imkanları məhdud olan iki uşağı vardır ki, bu səbəbdən maddi çətinlikləri də mövcuddur. Lakin bununla belə, banka olan borcunu ödəməyə başlamışdır. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı "xxxx" ASC məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Belə olan halda məhkəmə iddiaçı "xxxx" ASC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, aşağıdakılara görə iddia ərizəsi təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - Borcverən Bank BTB ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 27.05.2019cu il tarixli RPF-00038-16/19A saylı kredit müqaviləsindən müəyyən olunur ki, borcverən 4786.78 manat krediti illik 1 faizlə 12 ay müddətinə güzəşt müddəti tətbiq edilməklə 60 ay müddətinə borcalanın mülkiyyətinə verməyi, borcalan isə həmin kreditdən bank arasında bağlanmış FM-01330/17/15U saylı 22.01.2015-ci il tarixli kredit müqaviləsi üzrə kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədilə istifadə etməyi və onu 27.05.2024-cü il tarixədək faizi ilə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. - Borcverən Bank BTB ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 27.05.2019cu il tarixli RPF-00038-16/19A saylı kredit müqaviləsinə Problemli kreditlərin restrukturizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtlərinə dair 2 saylı əlavədən görünür ki, bu şərtlər Azərbaycan Respublikasında fəaliyyət göstərən kommersiya bankları tərəfindən Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli 551 saylı Fərmanına və Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının 27.03.2019-cu il tarixli **********9 nömrəli qərarı ilə təsdiq edilmiş Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalivasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydasına uyğun olaraq kreditlərin restrukturizasiya edilməsi üzrə vahid şərtləri müəyyən edir və müvafiq bankla müştəri arasında müştərinin vaxtı keçmiş kredit borclarının reskturizasiyası məqsədilə bağlanan güzəştli kredit müqaviləsinin tərkib hissəsi hesab edilir. - Bank BTB ASC-nin 27.05.2019-cu il tarixli RPF-00038-16/19A saylı kredit müqaviləsi üzrə ödəniş cədvəlindən müəyyən olunur ki, borcalan Cavabdeh 27.11.2019-cu il tarixdən 25.08.2023-cü il tarixə qədər olan dövr ərzində 4786.78 manat kredit borcunu hər ay 101.78 manat olmaqla hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. - Bank BTB ASC-nin 28.04.2021-ci il tarixli 2021/2383 saylı maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh 27.05.2019-cu il tarixli RPF-00038-16/19A saylı kredit müqaviləsi üzrə əsas borca görə 4582.9 manat, faiz borcuna görə 36.16 manat olmaqla cəmi 4619.06 manat borcu vardır. - Bank BTB ASC-nin Cavabdeh ünvanladığı 05.02.2021-ci il tarixli HASF-2021/00185 saylı bildirişdən müəyyən olunur ki, bank borcalana kredit müqaviləsi üzrə borc qısa müddət ərzində ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, cavabdehin "xxxx" ASC ilə bağladığı müqavilədən irəli gələn öhdəliklərini icra etməməsi tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından iddiaçının iddia tələbləri əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddiaçının çəkdiyi məhkəmə xərcləri cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 27.05.2019-cu il tarixli RPF-00038- 16/19A saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 27.05.2019-cu il tarixli RPF-00038-16/19A saylı kredit müqaviləsi üzrə 27.04.2021-ci il tarixə ödənilməmiş əsas borca görə 4582,9 manat, faiz borcuna görə 36,16 manat olmaqla, cəmi 4619,06 manat borc və ödənilmiş dövlət rüsumuna görə 30,40 manat "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar