Məhkəmə qərarları › İş №2(012)-3466/2020

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3466/2020

05.11.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3466/2020 05.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi ilə, İddiaçı, onun vəkili X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «daşınmaz əmlakın alqı-satqısı müqaviləsinin və mülkiyyət sənədini etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «daşınmaz əmlakın alqı-satqısı müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, Emin Sabitoğlu küçəsi 15 saylı fərdi yaşayış evinə dair Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş RX seriyalı, ******* savlı çıxarışın və ******* saylı torpağın alqı-satqı müqaviləsinin etibarsız hesab olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayonu, Xırdalan şəhəri. Emin Sabitoğlu 15 saylı fərdi yaşayış evi mərhum atası X5 məxsus olmuşdur. Daha sonra atası evi satmaq istədiyini bildirdikdə, 2 ildən çox tanıdığı, dostluq münasibəti qurduğu Cavabdeh evi almaq istədiyini, lakin nağd pulu olmadığını bildirmiş və təklif etmişdir ki, evə mülkiyyət hüququnu təsdiq edən sənəd (kupça) alsın, bundan sonra evi banka girov qoyaraq pul götürüb atasına versin. Atası təbii oİaraq uzun müddətdir tanıdığı cavabdehə etibar etmiş və heç bir məbləğ almadan evin onun adına sənədləşdirilməsinə razılaşmışdır. Belə ki, hal-hazırda yaşadığı mübahisəli ev onlara atasının biznes şəriki Əbdül adlı vətəndaşla razılaşması nəticəsində qalmışdır. Onlar birlikdə pul ilə ev tikib satmaqla məşğul olmuşlar. Daha sonra bu biznesi davam etdirməmişlər və ayrıldıqda bir ev, torpaq payı və onların yaşadıqları ev və arxa hissəsində torpaq payı ikisi arasında bölünmüşdür. Evlərinin sənədləri Əbdül vəfat etdiyinə görə arvadı Əsli xanımın adına keçmişdir. Buna görə də, 2015-ci ildə atası Əslinin oğlu Mehmanı çağıraraq onların paylarına düşən torpaq sahəsini cavabdeh Qurbanın adına keçirtməsini xahiş etmişdir. Mehman torpaq və ev atasının adına olduğuna görə, atasının tələbi ilə cavabdehin adına alqı-satqı müqaviləsi əsasında 4800 manat məbləğində keçirtmişdir. Bununla bağlı xx xxxx 2015-ci il tarixdə X14 və cavabdeh Qurban Ələmşad oğlu arasında 0.052 ha olan torpaq sahəsinin alqı-satqı müqaviləsi bağlanmışdır. Torpağın alqı-satqı müqaviləsi olsa da, evə dair alqı-satqı müqaviləsi bağlanmamışdır. Demək ki, cavabdeh həmin torpaq sahəsini adına özəlləşdirdikdən sonra, həmin torpaq sahəsi üzərində 2005-ci ildə inşa edilmiş fərdi yaşayış evini özü inşa edib adı ilə çıxarış əldə etmişdir. Əgər mübahisəli fərdi yaşayış evi cavabdeh tərəfindən tikilibsə, bu zaman həmin tikilinin inşa edilməsinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icazə alınmalı idi. Bütün bunlardan sonra xx.xx.2019-cu il tarixdə cavabeh yaşadığı ərazi üzrə polis sahə müvəkkilinə, daha sonra Abşeron rayon Məhkəməsinə müraciət edərək, guya onun evində kirayə yaşadığını, uzun müddətdir ki, kirayə haqqı ödəmədiyini əsas gətirərək, öz adına sənədləşdirilən Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş RX seriyalı, ******* savlı çıxarışa əsasən evdən çıxarılmağı barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş hazırda Sumqayıt Apellyasiya Məhkəməsinin icraatındadır. Cavabdeh mərhum atasının ona olan etibarından sui-etmiş, atası vəfat etdikdən sonra isə onları yalnış əsaslarla evdən çıxartmağa çalışmışdır. Bütün qonşular mübahisəli fərdi yaşayış evinin atsından qalmasına, onların uzun illərdir ailəvi orada yaşamaqlarına, qaz və digər kommunal müqavilələrin onun adına olmasına şahiddirlər. Nəticə etibarilə mərhum atası aldanmış və cavabdeh öz öhdəliyini yerinə yetirməmiş, evin satın alınması qarşılığında nəzərdə tutulan məbləği ödəməmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı vəkili X7 məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbinə verdiyi etiraz müdafiə edərək bildirdi ki, iddia tələbi maddi və prosessual baxımdan mülki qanunvericiliyin tələblərinə cavab vermir. İddiaçı çox ciddi şəkildə hüquqdan sui-istifadə hallarına yol verərək onun və digər ailə üzvlərinin qnunla qorunan konstitusion hüquqlarını pozur və məhkəmə süründürməçiliyinə vadar edir. İddiaçının iddia ərizəsində göstərdiyi xüsusatlar iddia tələbinin əsaslandırılmasına, iddianın sübuta yetirilməsinə yox sadəcə nə alınar-alınar devizi altında məhkəməyə təqdim edilmişdir. İddiaçı elə ifadələr işlədirki guya rəhmətlik atasına nə qədər pul verməyimi görüb və s. İddiaçı reqres hüququndan istifadə etməyə çalışsa da qanunvericilik mövcud vəziyyətdə bunun iddianın sübut edilməsinə əsas vermir. Burada müvafiq icra hakimiyyəti tərəfindən icazənin verilib verilməməsi birmənalı şəkildə mübahisə predmetinə aid deyildir. Bundan başqa iddiaçı qeyd edir ki, guya belə razılaşmışdırlar ki, evin və torpağın qeydiyyat vəsiqəsi onun adına rəsmləşdikdən sonra banka girov qoyub pul götürb satıcıya ödəməliydi. Xüsusi mülkiyyətində olan əmlakı necə istəyərsə elədə idarə edə bilər. İstəsə satar, bağışlayar, girov qoyar. O, kredit götürmüşsə şəxsi ehtiyacları üçün götürmüşdür. Bu o demək deyilki iddiaçı düz danışır. 2015-ci ildə mübahisəli mülkü almış, krediti isə 2018-ci ildə götürmüşdür. Onun iddaçının atası ilə dostuq münasibəti olduğu üçün onlara yazığı gəlmiş, həmin vaxtlar özlərinə ev almaqları üçün evdən çıxarmamışlar. Son bir neçə ay bundan qabaq iddiaçının və digər ailə üzvlərinin evdən çıxarılması, xüsusi mülkiyyətini qanunsuz olaraq ələ keçirmələri, ona hədə qorxu gəlmələri barədə Abşeron rayonu polis idarəsinə müraciət etmişdir. Lakin adı çəkilən qurum rəsmi olaraq bu işin mülki iş olduğunu qeyd edərək məhkəməyə müraciət etməyini tövsiyə etmişdir. İşin məhkəmə müstəvisində tam hərtərəfli araşdırılıb obyektiv hüquqi qiymət verilməsi üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşə mahiyyəti üzrə baxılmış, iş üzrə mövcud qətnamə qəbul edilmişdir. Həmin iş üzrə cavabdehlər qətnamədən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermişlər. Hazırda həmin iş apellyasiya məhkəməsinin icratındadır. Maraqlıdır ki, evdən çıxarılma barədə işə baxılarkən nə üçün hazırkı mübahisə predmeti üzrə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməmişdir. Evin pulundan bu iddiaçıyada vermişdir. Eyni zamanda bütün pulların verilməsində kifayət qədər şahidləri də varki onlar iddiaçının atasına verdiyi pulları təstiq edə bilər. Hesab edirəm ki, iddiaçının vərəsəlik baxımından iddia vermək hüququ da yoxdur. Bunun üçün iddiaçı və ailə üzvləri atası dünyasını dəyişdikdən sonra vərəsəlik üzrə şəhadətnamə almalıdır, əks halda onun atasından qalan mirasa görə hər hansı mübahisə predmeti ilə çıxış edə bilməz. Həmçinin iddiaçının digər ailə üzvlərindən istər iddiaçı qismində, istərsə də müstəqil tələb irəli sürən şəxs kimi mövcud mübahisə predmeti üzrə mülki məhkəmə icraatına qoşulmamışdır. Eyni zamanda iddiaçının nəzərinə çatdırıram ki, ev istər 2005-ci ildə tikilsin istərdə 18 əsrdə onun sonradan dövlət qeydiyyatından keçirilməsi buraxdıqları səhvlərin, nöqsanların aradan qaldırılması kimi qiymətləndirilməlidir. Kommunal xidmətlərdən istifadə etmək isə mülkiyyət hüququ vermir. İddiaçı həm etiraf edir ki, bankdan kredit götürülüb atasına verməli idi, həm də başqa sözlərlə təkzib edir. İddia tələbi bir-birini tamamlamayan, bir- birini təkzib edən ifadələrdən ibarətdir. İddiaçı mübahisələndirilən mülkiyyət hüququnu təsdiq edən sənədin guya hüquq normalarının pozulması nəticəsində həyata keçirilməsini əsas gətirərək etibarsızlıqla bağlı iddiya irəli sürmüşdür. İddianı təhrif edilmiş şəkildə qanunvericiliyin tələblərinə uyğunlaşdırmağa çalışan iddiaçı səhv mövqedədir. Şər və böhtan ataraq başqasının əmlakını ələ keçirmək istəyir. Qanunla mülkiyyət toxunulmazdır. Dəfələrlə mülkiyyət hüquqları iddiaçı tərəfindən kobud şəkildə pozulmuşdur. Odur ki, məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını və ona əlavə edilmiş sübutları nəzərdən keçirərək, iş üzrə toplanılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -xx.xx.2019-cu il tarixli aktdan görünür ki, aktı tərtib edirik onda ötəri ki, ABşeron rayonu, Xırdalan şəhəri, E.Sabitoğlu küçəsində ev 15 ünvanında yaşayan X8 qonşuları Əsgərov Elçin, Abbasov Vəzir, Səfərov Səhhət, Əliyev Nazim aktı ondan ötəri tərtib etdilər ki, ünvan 1 ünvanında yerləşən evi mərhum X9 2005-ci il tarixdə öz şəxsi vəsaiti ilə tikdirmiş və həmin ildən mərhum həyat yoldaşı X12 və övladları İddiaçı , Qədimov Fərahim və Qədimov Saleh ilə birlikdə yaşamışdır. Daha sonra X12 2013-cü ildə vəfat etmiş və bundan sonra həmin evdə öz övladilrı ilə yaşamışdır. İddiaçı xx.xx.2017-ci il tarixdə X15 ilə ailə həyatı quraraq həmin evdə yaşamağa davam etmişdir. X9 xx.xx.2018ci il tarixdə vəfat etmişdir. Bundan sonra İddiaçı həyat yoldaşı X13, övladı Qədimova Pərvanə və qardaşı Qədimov Salehlə birlikdə həmin evdə bu günə qədər yaşayırlar. -“Azəriqaz” İB ilə İddiaçı arasında xx.xx.2018-ci il tarixli, 78800 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə”dən görünür ki, tərəflər arasında öhdəlikləri və vəzifələri, istifadə şərtlərini müəyyən edən müqavilə bağlanmışdır. -X14 və Cavabdeh arasında xx.xx.2015-ci il tarixdə bağlanmış AN-İ № ******* seriyalı alqı-satqı müqaviləsinin surətindən görünür ki, X2 rayonu, Xıralan şəhəri ünvanında yerləşən ümumi sahəsi 0.052 ha olan torpaq sahəsini mülkiyyət üzrə 4800 (dörd min səkkiz yüz) manata Cavabdeh satmışdır. -Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(012)-308/2020 nömrəli qətnaməsinin surətindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, İddiaçı, X13 və X1 Qurban Ələmşad oğlunun mülkiyyətində olan ünvan 3 saylı ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılmalar, İddiaçı, X13 və X6 müştərək qaydada mənzildən istifadəyə görə kirayə haqqı kimi vurduqları ziyana görə 8000 manat, kommunal xidmətlərdən yaranan borca görə 3346,83 manat və 20 manat dövlət rüsumuna görə, cəmi 11,366,83 manat məbləğində pul alınaraq Cavabdeh ödənilməsi qət edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, iddiaçı izahatında iddia ərizəsində göstərdiklərinin əsalı olması barədə hər hansı bir sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, o izahatında Abşeron rayonu, Xırdalan şəhəri. Emin Sabitoğlu 15 saylı fərdi yaşayış evinin mərhum atası X5 aid olmasını bildirsə də həmin evin atasına məxsus olması barədə hüquqmüəyyənedici sənədləri məhkəməyə təqdim edə bilməmişdir. Yalnız həmin evə aid -“Azəriqaz” İB ilə İddiaçı arasında xx.xx.2018-ci il tarixli, 78800 nömrəli alqı-satqı müqaviləsi, X4 və ailəsinin mübahisəli evin tikilməsi və yaşamaları haqqında xx.xx.2019-cu il tarixli qonşular tərəfindən tərtib olunmuş akt təqdim olunmuşdur ki, bu isə həmin eviə münasibətdə hüquqmüəyyənedici sənəd deyildir. Təqdim olunmuş Aktın özü qonşular tərəfindən imzalanmış lakin notariat qaydasında həmin imzaların həqiqiliyi təsdiq olunmamışdır ki, məhkəmə də hesab edir ki akt sübut növü kimi qəbul olunmamalıdır. Məhkəmə iclasında tədqiq edilmiş X14 və Cavabdeh arasında xx.xx.2015-ci il tarixdə bağlanmış AN-İ № ******* seriyalı alqı-satqı müqaviləsinin surətindən görünür ki, X2 rayonu, Xıralan şəhəri ünvanında yerləşən ümumi sahəsi 0.052 ha olan torpaq sahəsini mülkiyyət üzrə 4800 (dörd min səkkiz yüz) manata Cavabdeh satmışdır. Alqı-satqı müqaviləsindən göründüyü kimi iddiaçının iddia etdiyi torpaq sahəsi mülkiyyət hüququ ilə X10 adına olmuş həmin hüququndan istifadə edərək torpağı Cavabdeh satmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır; 646.1. maddəsinə sasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Cavabdeh həmin mübahisəli torpağı satıcının iradəsinə uyğun əldə etmiş və həmin alqı-satqı müqaviləsinə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, Emin Sabitoğlu küçəsi 15 saylı fərdi yaşayış evinə dair Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş RX seriyalı, ******* savlı çıxarış almışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1.maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Qeydə alınmış Çıxarışa əsasən mübahisəli torpaq cavabdehin mülkiyyətindədir. İddiaçının iddia tələbinin əsaslığını sübut etmədiyindən və həmin torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədi olmadığından tələbetmə ilə bağlı subyektiv hüquqa malik deyildir və ona görə də onun cavabdehə qarşı alqı-satqının etibarsızdığına dair tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyi üçün məhkəmə xərclərinə aid olan, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 4-cü, 7-ci, 14-cü, 36cı, 77-ci, 88-ci, 149-cu, 150-ci və 216-236-cı maddələrinə əsaslanaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «daşınmaz əmlakın alqı-satqısı müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərclərinə aid olan, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 10 manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar