Məhkəmə qərarları › İş №2(012)-3518/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3518/2022

06.09.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3518/2022 06.09.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə2, Cavabdeh Azəriqaz İB-nin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı cavabdeh X1rşı istehlakçı hüququnun müdafiəsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X1rşı istehlakçı hüququnun müdafiəsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Abşeron rayonu, Nübar-At Yalı yeni yaşayış massivi qəsəbəsi ünvanında yerləşən fərdi evə aid, abonent kodu **********01230 nömrəli olan “N” saylı qaz sayğacına yazılmış 403.20 manat cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı məxsus olan, 2015-ci ildən Abşeron rayonu Nübar-At Yalı yeni yaşayış massivində yerləşən bağ evinə abonent kodu **********01230 olan sayğac qoyulmuşdur. Sözügedən bağ sahəsindən yalnız yay aylarında istifadə olunur və bununla da, müntəzəm şəkildə qaz sayğacından istifadə olunmur. Sözügedən sayğaca ümumiyyətlə, plomb qoyulub-qoyulmamasından belə məlumatları olmamışdır. Lakin xx.xx.2018-ci il tarixdə Cavabdeh İB-nin Abşeron rayon Qaz idarəsinin işçiləri tərəfindən **********01230 saylı sayğaca plombun qırılması səbəbindən qazın itkisinə görə 403.20 manat cərimə yazılmışdır. Bu vaxta qədər kommunal xərclər, onların ödənilməsi və məbləği ilə bağlı Azərsu ASC, Azərişıq ASC, Azəriqaz İB ilə hər hansı problem olmamışdır. Lakin təxminən 2018-ci ilin mart ayının əvvəllərində bağ evinin **********01230 saylı qaz sayğacının plombunun qırılması səbəbindən 58/0737 saylı akt tərtib edilmiş və həmin akt əsasında yazılmış cərimə qanunsuz və əsassız olmasına görə məhkəmə tərəfindən silinməlidir. Belə ki, qaz, su, elektrik sayğacları mənzildən kənarda quraşdırılır və onların qorunması üçün abonentlər məsuliyyət daşımır, bununla da, həmin sayğacın plombunu istənilən bir şəxs qıra bilər. Sayğacdan heç bir qaz itkisi olmamış, iddiaçının və ailə üzvlərinin burada hər hansı bir təqsiri yoxdur. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə2 iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, 2015-ci ildə Abşeron rayonu At Yalı qəsəbəsində fərdi yaşayış evi inşa edilmiş, həmin evə qaz sayğacı quraşdırılmışdır. 2022-ci ilə qədər həmin ünvanda daimi yaşayış olmasa da, müntəzəm olaraq həmin evə baş çəkilmişdir. 4-5 ay bundan əvvəl o, qaz sayğacına pul yükləyən zaman qazın həcmi az miqdarda yüklənmişdir. Göstərilən halla bağlı məlumat aldıqda Azəriqaz İB-nin nümayəndələri tərəfindən ona akt təqdim edilmiş və həmin akt əsasında cərimənin yazıldığı müəyyən olunmuşdur. 2018-ci ildə tərtib olunmuş aktdan onun məlumatı olmamış, 4 il müddət keçəndən sonra hər dəfə qaz sayğacına pul yükləyən zaman az-az miqdarda pul məbləği çıxılmışdır. Qaz sayğacına onun tərəfindən müdaxilə olunmamışdır. Sayğac smart kart tipli sayğac olmuşdur. Akt tərtib olunduqdan hazırki müddətə qədər qaz xəttinin kəsilməsi, xəbərdarlıq edilməsi kimi hər hansı bir problem yaranmamışdır. Evə quraşdırılmış sayğac mənzildən kənarda yerləşir, plombun qırılması barədə maraqlanmamışdır. Məhkəmə iclasında cavabdeh Azəriqaz İB-nin nümayəndəsi Nümayəndə1 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, dəymiş ziyanın hesablanmasına əsas Azəriqaz İB-nin əməkdaşları tərəfindən qaz sayğacına baxış keçirilən zaman plombun qırılması əsas olmuşdur ki, bu barədə akt tərtib olunmuş və 403.20 manat dəymiş ziyan hesablanmışdır. Sözügedən sayğac smart kart tipli sayğac olduğundan abonent ödəniş etdikdə müəyyən məbləğdə tutulmalar olmuşdur. Gasrep proqramdan çıxarışdan göründüyü kimi, dəymiş ziyanla bağlı tutulmalar baş vermişdir. Hesab edir ki, abonentin 2019-cu ildən etibarən məlumatı olmuşdur. Bu səbəbdən də, abonentin məlumatlı olmasını əsas gətirərək iddia ərizəsinin əsaslı olmadığını hesab edir. Abonentin də bildirdiyi kimi, qaz sayğacı evin kənarında quraşdırılmışdır. Aktdan göründüyü kimi, cərimə sayğacın plombunun sındırılmasına görə tərtib olunmuşdur. Onda olan məlumata görə sayğac laborator şəkildə yoxlanılmamış, bu barədə tərtib olunmuş tələbnamə mövcuddur. Sənədlərdən də göründüyü kimi, müdaxilə olunmamışdır. Həmçinin, laborator rəyi yoxdursa, sayğaca müdaxilə olunmasından söhbət gedə bilməz. Sayğac abonentə məxsusdur, sayğacın qaz sərfiyyatını düzgün hesablanmasında yalnız abonent özü maraqlı ola bilər. Bu səbəbdən də, ehtimal edir ki, qaz sayğacının plombunun sındırılması da abonent tərəfindən edilə bilər, lakin bu barədə hər hansı bir rəsmi sübutu yoxdur. Sayğac smart kart tipli olduğundan, başqa sözlə, “öncədən ödənişli”dir. Abonent nə qədər karta pul yükləyəcəksə, həmin miqdarda da qaz alacaqdır. Gasrepdən çıxarış əsasında da 403.20 manat cərimə məbləği abonentin hesabına otuzdurularaq, proqramlaşdırılmış və bununla da abonent tərəfindən ödənişlər edilən zaman borca görə tutulmalar olmuşdur. Beləliklə də, qaz xəttinin kəsilməsinə ehtiyac qalmamışdır. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ. bəndinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İİ. bəndinə əsasən, hər kəs dövlət orqanlarının, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq): 4.1 maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.1 maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2018-ci tarixli 58/0737 saylı aktdan görünür ki, İddiaçı məxsus evə quraşdırılmış sayğaca baxış keçirilən zaman sayğacın floyans plombunun sındırılması aşkar olunduğundan dəymiş ziyanın hesablanması qərara alınmışdır. -Azəriqaz İB-nin xx.xx.2018-ci il tarixli tələbnaməsindən görünür ki, Qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 60 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi 8 saat və hesabat müddəti 60 gün, Radiatorun maksimal saatlıq qaz sərfi 0.8 m3/saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 60 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin cəmi 2016 m3 ödənilməsi, itirilmiş qazın dəyərinin ödənilməsi üçün qanuna müvafiq tədbirlərin görülməsi qərara alınmışdır. Əsas olaraq xx.xx.2018-ci tarixli 58/0737 saylı akt olmuşdur. -Abonent kodu **********01230 olan, İddiaçı adına olan abonent saldosundan görünür ki, Abşeron rayonu At Yalı yaşayış massivi – 0030 - 1230 ünvanına xx.xx.2015-ci il tarixdə Smart G-4 İtron Diafraqma tipli 1402AZ**********81 nömrəli sayğac quraşdırılmış, cihazlar: 4 gözlü qaz plitələri (PQ-4)(1/1). Aktlara əsasən hesablanmış abonentin 2018-ci ilə aid olan borcu 403.20 manat göstərilmişdir. -Gasrep smart sayğaclı abonentə məxsus çıxarışdan görünür ki, İddiaçı məxsus Abşeron rayonu At Yalı yaşayış massivi ünvanında yerləşən evə quraşdırılmış sayğaca xx.xx.2015-ci il tarixdən karta yükləmələr olmuş və borca görə tutulmalar xx.xx.2017-ci il tarixdən etibarən hesablanmışdır. -Asan1 tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Bakı şəhəri Nərimanov rayonu M.K.Atatürk prospekti 37 saylı evin 76 saylı mənzilində qeydiyyatdadır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6cı bəndinə əsasən, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»na (bundan sonra – Qaydalar) müvafiq olaraq qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir (4.2). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). Zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir (4.9). Sayğacın smart kart tipli olduğunu, ona nəzarət edilməsi qaz idarəsinin vəzifəsi olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, vəziyyətin bu hala gəlib çıxmasma səbəb birbaşa qaz idarəsidir və qaza və qaz qurğularına nəzarət edən işçilərdir. Belə ki, qaz paylayıcı şəbəkə öz vəzifə borclarını dürüst yerinə yetirməyərək Azərbaycan Respublikasının Nazirlər Kabinetinin «Qazdan istifadə Qaydaları»nın təsdiq edilməsi haqqında 12 may 2011-ci il 80 saylı Qərarının aşağıdakı bəndlərini kobud şəkildə pozmuşdur:- 2.1.3. İstehlakçının istismarda olan qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq, texniki baxış keçirilməsini təmin etmək və nəticələrini 2 (iki) nüsxədən ibarət aktla rəsmiləşdirmək və aktın bir nüsxəsini mütləq İstehlakçıya təqdim etmək; 2.1.5. İstehlakçıya verilən qazın həcminin və dəyərinin, həmçinin istismarda olan qaz qurğularının tam və dəqiq uçotunu aparmaq; 2.1.10. İstehlakçının qaz sayğacını, onun texniki pasportunda göstərilmiş müddətdə ödənişsiz qaydada növbəti dövlət yoxlanılmasından keçirmək; 2.1.12. İstehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, Paylayıcının İstehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı İstehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və Paylayıcı ilə müvafiq müqavilə bağlanmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə İstehlakçıya yazılı bildiriş göndərmək; Məhkəmə belə qənaətə gəlir ki, qaz paylayıcı şəbəkə istismarda olan qaz sayğacını qanunun tələb etdiyi müddətdə yoxlasaydı, bu hal ortaya çıxmazdı. Yoxlanmadığı və vəzifə səlahiyyətlərinə soyuq yanaşıldığı üçün sayğacda yaranan nasazlıq vaxtında aşkar edilməmişdir. Mülki iş üzrə tədqiq edilmiş materiallardan və iddiaçının izahatından müəyyən edilir ki, iddiaçıya məxsus sayğac onun mənzilindən kənarda quraşdırılmışdır. Göründüyü kimi, sayğacın abonentə aid mənzilin bayır hissəsində quraşdırılması həmin sayğacın abonent tərəfindən mühafizə edilərək qorunmasını qeyri-mümkün edir. Məhkəmə xx.xx.2018-ci tarixli 58/0737 saylı akt ilə bağlı qeyd edir ki, iddiaçıdan ödənilməsi tələb olunan 403.20 manat borc məbləği yuxarıda qeyd olunan akt əsasında təbii qazdan istifadə qaydalarının pozulması nəticəsi kimi hesablansa da, məhkəmə iddiaçı tərəfindən təqdim olunmuş xx.xx.2018-ci tarixli 58/0737 saylı aktı sübut növü kimi qiymətləndirərək nəzərə almışdır. Belə ki, sözügedən akt hüquqmüəyyənedici sənəd olmadığından prosessual sənəd kimi qəbul edilir, tərəflər üçün hər hansı bir hüquq və vəzifələr yaratmamaqla, yalnız abonentə məxsus qaz sayğacında olan qüsurun mövcud olmasını təsdiqləyən sənəddir. Mülki Prosessual Məcəllənin 13.4. maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 39.1. maddəsinə əsasən, hal şahidi iştirak etdiyi icra hərəkətləri faktını, bu hərəkətlərin məzmun və nəticələrini müvafiq icra hərəkəti aktında öz imzası ilə təsdiq etməlidir. Hal şahidinin hansı icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək üçün dəvət olunduğunu, bu hərəkətlərin hansı icra sənədi əsasında həyata keçirildiyini bilmək, habelə həyata keçirilən icra hərəkətlərinə dair iradlarını bildirmək hüququ vardır. Hal şahidinin iradları onun özü və ya icra məmuru tərəfindən müvafiq icra hərəkətləri aktında qeyd olunur. İddia tələbindən göründüyü kimi, X2 nümayəndələri tərəfindən istehlakçı barəsində xx.xx.2018-ci tarixli 58/0737 saylı akt tərtib edilərək həmin akt əsasında sonuncuya cərimə hesablanmışdır. Məhkəmə, həmin akta hüquqi qiymət verib belə qənaətə gəlir ki, tədqiq olunmuş akt tərəflər üçün hər hansı bir hüquq və vəzifələr yaratmamaqla, yalnız abonentə məxsus qaz sayğacına dair tərtib olunmuş sənəddir. Lakin göründüyü kimi, xx.xx.2018-ci tarixli 58/0737 saylı aktın tərtib olunması zamanı qanunvericiliyin tələblərinə riayət edilməyərək istehlakçının və hal şahidlərinin iştirakı təmin edilmədən tərtib olunmuş, aktda istehlakçı tərəfindən “İmtina etdi” barədə qeyd aparılmış, lakin həqiqətən də həmin aktın istehlakçının iştirakı təmin olunmaqla sonuncunun aktı qəbul etməkdən imtina etməsinin nəticəsi kimi tərtib olunması sübuta yetirilməmiş, nə də Azəriqaz İB-nin nümayəndəsi tərəfindən imtina etməsi barədə səbəblər həmin akta əlavə olunmamışdır. Göründüyü kimi, tərtib olunmuş akt natamam olmaqla doğruluğu şübhə doğurur. Bu isə həmin aktın qüsurlu tərtib edilməsinin göstəricisidir. Həmin sənədin bitərəf olan hal şahidlərinin iştirakı ilə imzalanması isə aktın doğruluğuna şübhə olunmaması üçün nəzərdə tutulmuşdur. Göründüyü kimi, mülki iş materiallarına əlavə olunmuş Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2018-ci tarixli 58/0737 saylı akt qüsurlu olduğundan sübut kimi qəbul edilməməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§ 93). Mülki Prosessual Məcəllənin: 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə də, məhkəmə qeyd olunanlara əsasən iddia ərizəsinin əsaslı olduğu qənaətinə gələrək hesab edir ki, iddia ərizəsi təmin edilməli, X4 tərəfindən əsassız olaraq hesablanmış 403.20 manat borc məbləği abonent kodu **********01230 olan İddiaçı məxsus abunə hesabından silinməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4 maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.5 maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 238-252-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. X4 tərəfindən əsassız olaraq hesablanmış 403.20 (dörd yüz üç manat iyirmi qəpik) manat borc abonent kodu **********01230 olan İddiaçı məxsus abunə hesabından silinsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar