Məhkəmə qərarları › İş №2(012)-3528/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3528/2021

31.08.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3528/2021 31.08.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçının vəkili-nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair mülki işə 31 avqust 2021-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC və Cavabdeh arasında Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 1181-ci məhəllədə tikiləcək, E blokunun 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 80 kv.m təşkil edən 68 saylı mənzillə bağlı bağlanmış 30 aprel 2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC Bakı şəhər İcra Hakimiyyətinin 23.10.2015-ci il tarixli, 443 saylı sərəncamı ilə ona verilmiş hüquq əsasında, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 1181-ci məhəllə ünvanında yüksəkmərtəbəli binaların tikintisi ilə məşğul olur. Şirkətin tanışı olan X5 Cavabdeh sahibkar kimi təqdim edərək onlarla tanış etmiş, sonuncu maraqlı biznes təklifləri irəli sürdükdən sonra onlarla əməkdaşlıq etməyi planlaşdırmışdır. Cavabdeh borcu olduğu üçün ona bir neçə mənzil lazım olduğunu bildirmiş, əvəzində isə şirkəti mütəmadi olaraq ucuz və keyfiyyətli tikinti materialları ilə təmin edəcəyi vədini vermişdir. Bu şəkildə onların etibarını qazanmış, habelə X5 da ona zamin durmuşdur. Tərəflər arasında olan razılaşmaya görə cavabdeh onlara tikinti materialları verməli, əvəzində isə MMC tikiləcək binadan 1 kv.metri 800 manata ona mənzil verməliydi. Cavabdeh isə həmin mənzilləri istədiyi qiymətə özünün tapdığı müştərilərə satacaq, şirkət də öz növbəsində həmin müqavilələri şəxsin adına rəsmiləşdirəcəkdi. 30 aprel 2019-cu il tarixdə İddiaçı MMC və Cavabdeh arasında müqavilə imzalanmışdır. Həmin müqavilə əsasında cavabdeh 30.04.2019-cu il tarixli müqavilə üzrə X1 adına verilmiş, şirkət tərəfindən tikiləcək binanın E blokunun, 14-cü mərtəbəsində yerləşəcək sahəsi 80 kv.m təşkil edən 68 saylı mənzilin dəyərinin də ödənilməsini üzərinə öhdəlik kimi götürmüşdür. Buna baxmayaraq cavabdeh şirkətə heç bir ödəniş etməmişdir. Müqavilə qanunun tələblərinə zidd olaraq bağlandığından, tərəflər arasında olan tikinti materiallarının nisyə alqı-satqısını pərdələdiyindən, həmin müqavilənin etibarsız hesab edilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında iddiaçının vəkili-nümayəndəsi X4 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bakı İstintaq Təcridxanasında saxlanılan Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq iddia tələbini qəbul etmədiyini bildirdi. Məhkəmə iddiaçının vəkili-nümayəndəsinin izahatını dinləyib, işin materiallarını araşdırıb hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. Mülki işin materiallarından olan 30 aprel 2019-cu il tarixli müqavilədən müəyyən edilir ki, Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 1181-ci məhəllədə yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra 30.04.2019-cu il tarixli müqaviləyə əsasən X1 adına verilmiş E blokunun 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 80 kv.m təşkil edən 68 saylı yaşayış sahəsinin dəyərini (64000 manat) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır, etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Həmin məcəllənin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 350-ci maddəsinə əsasən əgər şəxsin əqd bağlamaq səlahiyyətləri müqavilə ilə və ya hüquqi şəxsin orqanının səlahiyyətləri onun nizamnaməsi ilə etibarnamədə, bu Məcəllədə müəyyənləşdiriiənə və ya əqdin bağlandığı şəraitə görə aşkar sayıla bilənə nisbətən məhdudlaşdırılarsa və əqd bağlanarkən həmin şəxs və ya orqan bu məhdudiyyətlərdən kənara çıxarsa, əqd yalnız onda iştirak edən digər tərəfin göstərilən məhdudiyyətləri bildiyinin və ya bilməli olduğunun sübuta yetirildiyi hallarda, mənafeləri üçün məhdudiyyətlər qoyulmuş şəxs tərəfindən mübahisələndirilə bilər. Məhkəmə iddia tələbi ilə əlaqədar qeyd edir ki, iddiaçı müqavilənin etibarsız hesab edilməsini tələb etsə də, tələbinin hüquqi əsaslarını sübut edə bilməmiş, müqavilənin etibarsız hesab edilməsi üçün əqdin etibarsız hesab edilməsinin əsaslarından hər hansı birinin mövcud olması barədə sübutları məhkəməyə təqdim edə bilməmiş və məhkəmə araşdırması zamanı da belə bir əsas müəyyən edilməmişdir. Belə olan halda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı müqavilənin etibarsız hesab edilməsi barədə iddia tələbi təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı müqavilənin etibarsız hesab edilməsi barədə iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar